Bağla

Ekspert Rəyi

Müharibədən sonrakı nəqliyyat konfiqurasiyaları kontekstində Şuşa Bəyannaməsi

16-06-2021, 07:02   3600
Müharibədən sonrakı nəqliyyat konfiqurasiyaları kontekstində Şuşa Bəyannaməsi

15 iyun tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Prezident İlham Əliyevin Qarabağın ürəyində - Şuşada imzaladıqları birgə bəyannamə həm ikitərəfli münasibətlərdə, həm də müharibədən sonrakı regional konfiqurasiyalar kontekstində yeni mərhələnin başlanğıcı deməkdir. Bu, Ankara ilə Bakı arasında strateji münasibətlərin parametrlərini əks etdirən tarixi sənəddir. Sənədin önəmini vurğulayan Prezident İlham Əliyev birgə bəyannamənin ölkələr arasında olan münasibətləri ən yüksək nöqtəyə qaldırdığını vurğuladı və əlavə etdi ki, Türkiyə və Azərbaycan bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcəkdir. Bəyannamədə təsdiq edilir ki, üçüncü dövlət tərəfindən hədə-qorxu və ya təcavüz olacağı təqdirdə, Bakı və Ankara bir-birini dəstəkləyəcək, birgə məsləhətləşmələr aparacaq və BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun addımlar atacaqlar. 

Şuşa Bəyannaməsi Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün qurulmasında həlledici rol oynayacaq, çünki o, müharibədən sonrakı status-kvonu möhkəmləndirir və Ermənistandan gələn hər hansı revanşist avantürizmin və ya yeni müharibə arzularının həyata keçirilməsini mümkünsüz edir ki, bütün geosiyasi mərkəzlər də bunda maraqlı olmalıdır. Cənubi Qafqazda sülh yolu ilə inkişaf üçün möhkəm əsasların yaradılması prioritetdir, Şuşa bəyannaməsinin tarixi Qars müqaviləsinə (1921) birbaşa istinad etməsi və Şuşada konsulluğun açılması planları da məhz bu məqsədə xidmət edir. Bu addımlar müharibədən sonrakı sülh prosesini şiddət, təxribat və ya faktları dəyişdirmə cəhdləri ilə pozmağı mümkünsüz hala gətirərək gücləndirir. 

Şuşa Bəyannaməsinin daha bir vacib məqamı İkinci Qarabağ müharibəsindən sonra regionda yeni nəqliyyat marşrutlarının, xüsusilə də Zəngəzur dəhlizinin yaradılması planlarıdır. Zəngəzur dəhlizi Azərbaycanı Ermənistanın Cənub Zəngəzur (Sünik) vilayəti vasitəsilə öz eksklavı olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək. Birinci Qarabağ müharibəsindən bəri fəaliyyət göstərməyən bu dəhlizin bərpası bir neçə geoiqtisadi səbəbdən vacibdir. Naxçıvandan keçən Zəngəzur dəhlizi Azərbaycan ilə Türkiyə arasında tranzit vaxtını xeyli azaldacaq. Bakı və Ankara artıq Naxçıvanla Qars arasında dəmir yolu xəttinin yaradılması üzərində işləyirlər. Türkiyə və Azərbaycan artıq Gürcüstandan keçən Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlı olmasına baxmayaraq, Zəngəzur dəhlizi ikitərəfli iqtisadi münasibətlərə əlavə təkan verəcəkdir. 

Bu dəhliz türk dövlətlərinin birləşməsində də həlledici rol oynaya bilər. Martın 31-də Türk Şurasının qeyri-rəsmi sammiti zamanı Prezident İlham Əliyev bu dəhlizin türk dünyasının birləşməsi üçün əhəmiyyətini vurğuladı. "Zəngəzuru Azərbaycandan ayırmaq və Ermənistana birləşdirmək qərarı türk dünyasının coğrafi bölgüsünə gətirib çıxardı. Xəritəyə baxsaq görərik ki, bizim bədənimizə xəncər vurub türk dünyasını ayırıblar. Çünki Zəngəzur vasitəsilə nəqliyyat, kommunikasiya və infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək və Ermənistan da daxil olmaqla, digər ölkələr üçün əlavə imkanlar yaradacaq", - deyə prezident qeyd edib. Zəngəzur dəhlizi Qars-Naxçıvan, Bakı-Tbilisi-Qars dəmir yolu xətləri və Qarsın Logistika Mərkəzi ilə yanaşı, Orta Dəhlizi Asiyanı Avropa ilə birləşdirən rəqabət qabiliyyətli marşrut edəcək. Zəngəzur dəhlizi regionda yeni super magistral yaradacaq və Avrasiyanın mərkəzində iqtisadi və ticarət münasibətlərinə müsbət təsir göstərəcək. Bu, Türkiyə üçün Mərkəzi Asiyaya qapı rolunu oynayacaq və Mərkəzi Asiya ölkələrinə Azərbaycan və Türkiyə vasitəsilə Avropa və bəlkə də Yaxın Şərq bazarlarına çox vacib çıxış əldə etməyə imkan verəcəkdir.