Bağla

Ekspert Rəyi

Tayvan da türk dronlarına maraq göstərir

29-04-2021, 04:46   3452
Tayvan da türk dronlarına maraq göstərir

Türk dronları dünyada tanınmağa başlayır. 23 martda Tayvanın ana müxalifət partiyası Homindanı təmsil edən prezidentliyə namizəd Cau Şou-Konq Tayvanın xarici təhdidlərə qarşı təhlükəsizliyini qorumaq üçün türk insansız hava vasitələrinin alınmasını təklif etdi.

2016-cı ildə Tayvanın mərkəzi seçkilərində siyasi partiyaların yerdəyişməsindən bəri qərbyönümlü Demokratik Proqressiv Partiya (DPP) tam iqtidarı ələ keçirib. Pekinin isə Taybeyə qarşı yürütdüyü siyasəti getdikcə daha da sərtləşdirir. 2020-ci ilin sonuna qədər Çin Ordusuna məxsus təyyarələr Tayvan ətrafında 380 uçuş həyata keçirib. Eyni zamanda Tayvanın cənub-qərb hava məkanında HMMB (Hava Müdafiə Müəyyənləşdirmə Bölgəsi) pozuntuları artmaqdadır. Bundan əlavə Hərbi Hava Qüvvələrinin aktivliyi 1996-cı ildə Tayvan boğazındakı raket böhranından bəri öz pik həddini yaşayır.

Türk dronları Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ müharibəsi zamanı çox əhəmiyyətli rol oynayaraq Azərbaycanın zəfərində önəmli pay sahibi oldu. Azərbaycan Prezidenti İlham Əliyev “France 24” telekanalına müsahibəsində Azərbaycan hərbçilərinin Türkiyə istehsalı olan PUA-lar vasitəsilə Ermənistana məxsus ümumi dəyəri 1 milyard dollardan çox olan döyüş sursatının məhv etdiyini bildirmişdi.

Bu nümunə yeni müharibə tərzini formalaşdırdırmaqla bərabər taktika və hərbi strategiyada dəyişikliklərə yol açdı və bir sıra ölkələrin PUA-lara marağını artırdı. “TB-2 Bayraktar” Tayvan hərbi dairələrinin də diqqətini cəlb etdi və bu ölkənin milli müdafiəsinin gələcək istiqamətinin yenidən müzakirəsinə yol açdı. Bütün bunlar həm də gələcək müharibələrdə pilotsuz uçan aparatların döyüş meydanında dəyərini müəyyənləşdirir.

Türk PUA-larının Tayvan müdafiə sisteminə uyğunluğu hələ də sual altındadır. Qarabağ müharibəsindən sonra bir çox Tayvan hərbi jurnalı və jurnalisti Tayvanın müdafiə qabiliyyətindəki boşluğu aydınlaşdırmaq və araşdırmaqla məşğuldur. Bunların arasında Tayvanın əsas müxalifət partiyası Homindanı təmsil edən prezidentliyə namizəd Cau Şou-Konq qeyd edir ki, Tayvan Türkiyənin PUA sənayesinin inkişafı strategiyasını tədqiq etməlidir: “Ölkəmiz təcili şəkildə Türkiyədən lazımi sayda PUA almalıdır.”

Bununla birlikdə, bəzi tayvanlı mütəxəssislər Türkiyənin TB-2-sinin Tayvanın ehtiyacları üçün uyğun olmadığı qənaətindədirlər. Tayvanlı mütəxəssislərin ən böyük narahatlığı anti-PUA üsulları arasında “sərt öldürmə” və “yumşaq öldürmə” kimi anti-radar sistemlərinin yer almasıdır. Məlumdur ki, TB-2 şifrəli yerüstü simsiz uzaqdan idarəetmə texnologiyası, kəşfiyyat kamerasının ötürmə məlumatları, təsirli hücum və izləmə sistemləri ilə təchiz edilir. Üstəlik TB-2-nin yüksək intensivli anti-radar əməliyyatları qarşısında boşluqlarının olduğuna dair rəsmi heç bir açıqlama mövcud deyil. Məsələyə digər tərəfdən baxsaq, anlamaq olar ki, Ankara “Vahid Çin” siyasəti çərçivəsində Pekin ilə sabit olan münasibətlərini riskə atmaq istəmir. 

Türk dronlarına istinad edən amerikalı politoloq Frensis Fukuyama belə qənaətə gəlir ki, Türkiyə istehsal etdiyi dronlarla Rusiya, Çin və ya ABŞ ilə müqayisədə daha çox mövcud status-kvonu dəyişdirə bilən regional gücə çevrilib. Qarabağ, Liviya və Suriya əməliyyatlarındakı uğurlar türk PUA-lar üçün əsl reklam olmuşdur. Təsadüfi deyil ki, bu nailiyyətlərdən sonra Türkiyə Ukrayna, Mərakeş, Qətər kimi ölkələrdən sifarişlər qəbul etdi, Serbiya Qazaxıstan isə türk dronlarının potensial müştərisinə çevrildi.