Meqan Markl və trans-atlantik şkafdakı skelet

Meqan Markl və trans-atlantik şkafdakı skelet

 

Şahzadə Harri və həyat yoldaşı Meqan Marklın yaxın günlərdə Opra Uinfriyə verdiyi qalmaqallı müsahibə dünya mediasında bomba effekti yaratsa da, bu daha çox özündə irq və cins kimi sosial mövzuları ehtiva edən və məhşurlara aid olan bir məsələ kimi qəbul edildi. Müsahibənin nadir hallarda danışılan dərin mövzulara toxunmasına və əks-səda doğurmasına baxmayaraq, bu məsələ beynəlxalq siyasət şərhçilərinin əsas müzakirə mövzusuna çevrilmədi.

Atlantik okeanının müxtəlif tərəflərində müsahibəyə reaksiya da müxtəlif oldu. Amerika ictimaiyyəti açıq şəkildə üsyankar cütlüyə rəğbət bəsləməyə və azadlığı saray imtiyazlarından üstün tutmaqlarını vurğulamağa meylli olsa da, ümumiyyətlə, kral ailəsi “qaçaq”larını riyakar və vicdansız olaraq xarakterizə edən Birləşmiş Krallıqda cütlüyün populyarlığı rekord həddə aşağı düşdü. Bu məsələyə hətta yüksək səviyyədə də reaksiya verildi: ABŞ prezidenti Bayden saray həyatının mənfi tərəflərini açıqlayaraq “cəsarətli” mövqe göstərdiyinə görə Meqan Marklı təriflədi.

Bu təzad Anqlo-Sakson dünyasının özünəməxsusluqları arasındakı ilkin ziddiyyəti canlandırır: üsyankar və fərdiyyatçı Amerikaya qarşı ənənəvi və mühafizəkar Britaniya. İkinci Dünya Müharibəsindən sonrakı dövrdə Britaniya post-imperiya dövrünə rahat keçidi təmin etmək və sosialist Şərqə qarşı birləşmiş Qərb cəbhəsini möhkəmləndirmək üçün Vaşinqtonla sıx ittifaq yolunu seçdiyinə görə son 75 ildə bu ziddiyyət faktiki olaraq siyasət sahəsindən sosial-mədəni sferaya sövq edildi. Bu ittifaqın uzunömürlülüyü və onu dəstəkləyən mədəni və iqtisadi bağlar liberal dövr qlobal siyasətinin “olmazsa olmaz”ı kimi qiymətləndirilməyə başlandı. Lakin biz aksiomların məhv olduğu və dünyanın yenidən formalaşdığı dövrdə yaşayırıq. Yəni “Sasseks məsələsi” daha böyük proseslərin gedişatının göstəricisi deyilmi? 

Unutmaq olmaz ki, Vaşinqtona şübhə ilə yanaşma meyli britaniyalıların siyasi müzakirə çevrəsində həmişə müəyyən dərəcədə mövcud olub. Qeyd etmək yerinə düşər ki, Amerika bəzən 1956-cı ildə Süveyş böhranı dövründə olduğu kimi birbaşa olaraq müstəmləkə əleyhinə liberal çağırışları yayaraq aktiv şəkildə Britaniya imperiyasının çöküşünə yardım edib. Eyni zamanda məhsuldar yazıçı olan indiki Baş Nazir Conson da Çörçilin siyasətini müzakirə edərkən bunu açıq şəkildə qeyd etmişdi. Buna görə də, Britaniyanın zəifləyən Amerika liderliyi və ortaya çıxan xaotik, zəif quruluşlu dünya nizamı fonunda 1945-ci ildən bəri bağlı olduğu strateji partnyorluğa sadiq qalacağı şübhə doğurur.

Brekzit ayrılıqda nəzərə alınmalı bir məsələ deyil: Mühafizəkar elitalar bu məsələni daha cəsarətli və daha müstəqil bir qlobal strategiya aparmaq üçün başlanğıc nöqtəsi olaraq istifadə etmək istəyirlər. Son dövrlərdə Londonun Türkiyə ilə strateji tərəfdaşlığını intensivləşdirməsi, Çinlə artan toqquşmalar, Cənub-Şərqi Asiya bölgəsində mövcudluğunu artırmaq cəhdləri, NATO daxilində daha böyük rol oynama ambisiyaları və dövlətin müdafiə təhlükəsizliyinə xərcləri artırmaq kimi bəzi addımları çarxların bu fərziyyə ətrafında hərəkət etdiyini göstərir. Ittifaqların getdikcə daha müvəqqəti olduğu və problemlərin həllinə əsaslanaraq qurulduğu bir dünyada ingilis və amerikan qlobal strategiyaları arasında əhəmiyyətli bir ayrım görə bilərik. Beləliklə, Meqan Markl mövzusu gələcəkdə Trans-Atlantik münasibətlərdə yeni dövrün simvolu kimi qəbul edilə bilər.