İran AİB-də, yoxsa yanlış anlaşılma?
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf 10 fevralda Moskvaya rəsmi səfərdən geri dönərkən jurnalistlərə verdiyi müsahibəsində İranın Avrasiya İqtisadi Birliyinə daimi üzvlüyü barədə danışıqlara başlandığını və bununla əlaqədar hazırlıq işlərinin iki həftəyə yekunlaşdırılacağını qeyd edib. Gözlənildiyi kimi qonşu dövlətlərin geniş Xəzər regionunda böyük dəyişikliklərə səbəb olacaq belə önəmli hadisə haqqında rəy bildirməmələri regional müşahidəçilərin çaşqınlığına səbəb oldu. Aİİ rəsmilərinin reaksiyası və İran liderlərinin Avrasiyaya inteqrasiya ilə bağlı əvvəlki çıxışları göstərir ki, cənab Qalibaf İranın təşkilata tamhüquqlu üzv kimi qoşulmasını deyil, mövcud müvəqqəti azad ticarət müqaviləsinin (ATM) daimi əsasda yenilənməsini nəzərdə tutub. Qeyd olunmalıdır ki, İran və AİB arasında azad ticarət zonası haqqında üç illik müvəqqəti razılaşma 17 may 2018-ci ildə imzalanmış və 27 oktyabr 2019-cu il tarixində qüvvəyə minmişdir.
Ali Avrasiya İqtisadi Şurasının (AİB-nin ən yüksək orqanı) 11 dekabr 2020-ci il tarixli son iclasında üzv dövlətlərin başçıları İranla daimi azad ticarət razılaşması barədə danışıqlara başlamaq üçün razılığa gəlmişdilər. Eynilə, Avrasiya İqtisadi Komissiyası İdarə Heyətinin sədri Mixail Myasnikoviç (Qalibaf da daxil olmaqla) İran təmsilçiləri ilə görüşündə İranla azad ticarət razılaşması üzrə danışıqların tərəflər arasında gələcək əməkdaşlıq üçün vacibliyini vurğulamışdı. Bundan əlavə, AİK sədrinin köməkçisi İya Malkina Avrasiya İqtisadi Birliyi Müqaviləsinin 108-ci maddəsinə əsaslanaraq Birliyə qoşulmaqda maraqlı olan dövlətlərin namizəd dövlət statusu almaq üçün Ali Şuranın sədrinə müraciət göndərməli olduqlarını və İrandan hələ ki, belə bir tələb olmadığını qeyd etmişdi.
Maraqlıdır ki, İran rəsmilərinin Avrasiya inteqrasiyası ilə bağlı oxşar ritorikadan istifadə etməsi ilk dəfə deyil. Təşkilat 2015-ci ildə rəsmi olaraq işə başladıqda İran AİB-yə daimi üzv olmaqda maraqlı olduğunu elan etmişdi. Bir müddət sonra məlum olmuşdu ki, “AİB-yə qoşulmaq” ifadəsi ilə İran liderləri təşkilatla daha iddialı gömrük birliyini deyil sadəcə azad ticarət müqaviləsini nəzərdə tuturdular. Bunu, xüsusilə də Prezident Həsən Ruhaninin müxtəlif platformalarda bu məsələ ilə bağlı fikir bildirərkən seçdiyi ifadələrdə sezmək mümkündür. 2019-cu ilin Sentyabr ayında AİB sammitində iştirak etmək üçün Ermənistana səfərdən bir gün əvvəl çıxış edərkən Ruhani İranın oktyabr ayından AİB-yə üzv olacağını və ölkəsinin ilk dəfə bir regional iqtisadi birliyə qoşulacağını söyləmişdi. Nəticə etibarilə, 27 oktyabrdan başlayaraq İran müvəqqəti azad ticarət müqaviləsinin təmin etdiyi imtiyazlı giriş sayəsində AİB bazarına ixrac etdiyi malların həcmini və çeşidini artırmağa başlamışdı.
Son iki ilin statistikası Tehranın AİB ölkələri ilə qarşılıqlı ticarətdən faydalandığını göstərir. Cənab Qalibafın qeyd etdiyi kimi hətta koronavirus pandemiyası da İranın Rusiyaya ixracatında 40 faiz artımın qarşısını ala bilmədi. Tehran Ticarət Palatasının hesabatına görə neft daşınmasından əldə olunan gəlirlər istisna olmaqla AİB ilə ticarət İranın ümumi xarici ticarətinin 3 faizini təşkil edir və İran rəhbərliyi ortaq ticarət standartlarının artırılması sayəsində bu payı genişləndirməkdə maraqlıdır. Nəticədə, hər iki tərəfin ticarət əlaqələrini yeni mərhələyə qaldırmaqda maraqlı olduğuna görə qarşıdakı həftələrdə daimi azad ticarət müqaviləsinin imzalanmasının şahidi ola bilərik.