Belarus seçkilərdən 6 ay sonra
Belarusda xalqın böyük qəzəbinə səbəb olan prezident seçkilərindən artıq yarım il keçib. Qəzəblə birlikdə geniş vüsət alan etiraz dalğaları isə polis və xüsusi təyinatlıların aqressiv üsulları ilə yatırılır. Sözügedən hadisələr nəticəsində Belarusun beynəlxalq nüfuzu xeyli pisləşmiş və daxili birliyi sarsılmışdır. Lukaşenko hələ ki hakimiyyətdə qalmağı bacarmış və çoxsaylı proqnozların əksinə olaraq Belarus suverenliyinin itirilməsi anlamına gələn İttifaq Dövləti layihəsinə qoşulmamışdır. Bəs 10 avqustda başlanmış daxili təlatümlərin Belarus üçün ciddi nəticələri nə olmuşdur?
Ümumilikdə, Moskvanın bu hadisələrdən qazanclı çıxma ehtimalı yüksəkdir. Kreml Qərbin maliyyələşdirdiyi “Meydan” hərəkatı imici yaradaraq Lukaşenkonun nümayişçilərə qarşı daha sərt xətt nümayiş etdirməsinə nail oldu. Lakin bu addım əvvəlki illərdə həyata keçirilən və Lukaşenkonun imicini xeyli yaxşılaşdıran strateji diversifikasiya və Qərblə yaxınlaşma siyasətinə də son qoydu. Məsələn, ABŞ Dövlət Katibi Mayk Pompeonun 2020-ci ildə Belarusa səfəri məhz bu siyasətin nəticələrindəndi.
Etirazlardan sonra Lukaşenko hökuməti Moskvadakı siyasi dairələri qıcıqlandıran cəsarətli və müstəqil xarici siyasət yeritmək gücünü də itirdi. Qərbin Tixanovskayaya dəstəyi (ən azı ritorik olaraq) Lukaşenkonun imkanlarını məhdudlaşdıraraq Minsklə tammiqyaslı normallaşmanı qeyri-mümkün hala gətirdi. Belarusun Rusiya ilə möhkəm ittifaq dövrünə qayıtması isə sadəcə zaman məsələsidir.
Bundan əlavə, Minsk özünü barışıq platforması kimi təqdim edərək yeni dostlar qazanmaq üçün istifadə etdiyi Rusiya-Ukrayna münaqişəsindəki böyük siyasi kapitalını da itirdi. Donbas münaqişəsinin gərginləşdiyi dövrdə Qərbin Lukaşenkoya olan münasibəti sərt tənqid olunduğuna görə Minsk, çətin ki, əvvəlki effektivliklə həm Moskvanın, həm də Kiyevin dostu rolunu oynayacaq.