Liviyada yeni keçid hökumət və geosiyasi proseslər
Ötən cümə günü BMT-nin vasitəçiliyi Liviyanın siyasi elitası və qəbilə rəhbərlərinin səsverməsi əsasında yeni keçid hökuməti seçilib. Nəticələr son dərəcə sürpriz hesab edilə bilər: Keçid hökuməti prezidentliyinə Məhəmməd əl-Mənfi, baş nazirliyinə isə Əbdülhəmid Dibeybe seçilib. Liviya prosesinin ən öndə gələn fiqurlarından olan Türkiyə dəstəkli Fəthi Başağa və Paris-Qahirə ikilisinin dəstəklədiyi Akila Salih isə kənarda qalıb.
Bir çoxları Türkiyənin son prosesdən qazanclı çıxdığını bildirir. “Müsəlman qardaşları” ilə biznes əlaqələrinin olduğu bildirilən yeni baş nazir Dibeybe ilk açıqlamasında Türkiyə dost və qardaş kimi, ən böyük ortaq kimi qeyd edib. Digər maraqlı məqam Dibeybenin Türkiyənin nəzarətində olan Misrata bölgəsindən olmasıdır.
Lakin hələ ki, ciddi bir nəticə çıxarmaq tezdir. Yeni hökumət 3 günə kabinet formalaşdırmalı, həmin kabinetə də 3 həftə sonra Həftərin himayəsində olan Nümayəndələr Məclisi etimad göstərməlidir. Keçid hökumətinin 10 ay sonra, dekabrda ümumxalq seçkilərin keçirilməsini təmin etməlidir.
Ona görə də, deyə bilərik ki, əslində hələ ki, heç kimin udmağı və uduzmadığı bir situasiyada BMT-nin vasitəçiliyi və Liviyanın daxili aktorları tərəfindən seçilən hökumətə bütün xarici aktorlar müsbət reaksiya göstərir. Ancaq son proses Liviyada maraqlı olan xarici qüvvələr arasında orta yol qurulduğu mənasına gəlmir.