GUAM: Artım, ya azalma?

GUAM: Artım, ya azalma?

ABŞ-da Bayden administrasiyasının Rusiya əleyhinə siyasət yürüdəcəyi ilə bağlı proqnozlar fonunda Gürcüstan, Ukrayna və Moldova (xüsusilə Qərbpərəst Maya Sandunun hakimiyyətə gəlməsindən sonra) daha da yaxınlaşmış və bu yaxınlarda Avropa Birliyinə birgə müraciətdə ittifaqla əlaqələrinin dərinləşdirilməsini xahiş etmişlər. Belə görünür ki, bu 3 ölkə bundan sonra Avro-atlantik məkana inteqrasiyada fəaliyyətlərini koordinasiyalı şəkildə aparacaq və Qərbdən daha preferensial siyasət əldə etməyə cəhd göstərəcəklər. Bu isə, GUAM platformasının Azərbaycansız faktiki olaraq aktivləşməsi deməkdir. 

Ümumiyyətlə, hakimiyyətə gəldikdən dərhal sonra Ukrayna prezidenti Vladimir Zelenskinin GUAM-ın canlandırılmasına cəhdləri müşahidə olunur. Eyni zamanda, Ukrayna hələ Qarabağ müharibəsindən bir qədər əvvəl, sentyabrın ortalarında qəbul etdiyi milli təhlükəsizlik doktrinasında 5 strateji tərəfdaş arasına Azərbaycan və Türkiyəni də daxil edib (digər 3 ölkə - Gürcüstan, Litva və Polşadır). 

Qarabağ müharibəsində Azərbaycan və Türkiyənin uğurunun Ukraynanı da ilhamlandırdığı və bu səbəbdən Kiyevin Ankara ilə yaxınlaşması, xüsusilə müdafiə sahəsində əməkdaşlığının artması nəzərə çarpır. 

Ola bilsin ki, Qərbin dəstəyi ilə GUAM-ın "GUAM+" formatları əmələ gəlsin: GUAM+Türkiyə (NATO üzvü), GUAM+Polşa (NATO üzvü) və s. Bu isə, birbaşa NATO-ya daxil ola bilməyən Gürcüstan və Ukrayna  üçün NATO üzvlərinin çətiri altında paralel alyans deməkdir. 

Odur ki, GUAM-ın hələ ki proseslərdən kənarda qalan yeganə üzvü Azərbaycan da bu hadisələri diqqətlə izləməli və öz mövqeyini müəyyənləşdirməlidir.