Nə üçün İsrail dünyada ən yüksək Covid-19 vaksinasiya səviyyəsinə sahibdir?
İsrail hazırda adambaşına düşən peyvəndləşmə (vaksinasiya) nisbətinə görə dünyada liderdirlik edir. Rəsmi statistikaya istinadən, İsrail ümumi əhali üzrə hər 100 nəfərə 30,14 doza tətbiq edir (hesablama tək dozalıq aparılır və peyvənd vurulan insanların sayına bərabər olmaya bilər). Vaksinasiya bu səviyyədə davam edərsə, İsrail kütləvi immunitet qazanan ilk ölkə ola bilər. Kütləvi immunetitin artıq mart ayına qədər formalaşacağına dair bəzi ümidlər var.
Bu fenomenin bir çox səbəbi var. Birincisi, İsrail artıq mövcud olan yüksək texnoloji səhiyyə infrastrukturundan faydalanır. İnsanlar sadə şəkildə sağlamlıq mərkəzlərindən birindən peyvənd olunmaq üçün lazımi təlimatları mətn mesajı ilə ala bilirlər. İlk dozadan sonra, ikincisi üç həftə sonra eyni vaxtda və eyni məkandan tətbiq olunur. İnfrastruktur da sonrakı təsirləri izləməklə yanaşı, əhalinin peyvənd olunmuş və olunmamış hissələrini izləmək üçün faydalı üsullar təmin edir.
İkinci səbəb, vaksinasiyaya yanaşmanın səmərəliliyi və çevikliyi ilə əlaqəlidir. İsrail, artıq qalan dozaları müəyyən edilmiş prioritet qruplarına daxil olmayan insanlara verilməsi imkanı yaradıb. Müvafiq olaraq, hər kəsin öncədən təyinat götürmədən yerli peyvənd mərkəzinə yaxınlaşaraq əks halda xarab olmaq və ya atılmaq üçün nəzərdə tutulan bir peyvəndi qəbul etmə ümidi var. Üstəlik, İsrail səhiyyə işçilərinə tək şüşədən əlavə dozada peyvənd çıxarmaq üçün icazə verib. Bu ABŞ Qida və Dərman İdarəsinin, bəzi vaksin şüşələrinin “Pfizer / BioNtech” peyvəndi ilə artıq doldurulduğunu və nəzərdə tutulan beş əvəzinə yeddi nəfərə kifayət edəcək dozada olduğunu təsdiqlədiyi üçün vacibdir.
Üçüncü səbəb, coğrafi və demoqrafik üstünlüklərə əlavə olaraq yüksək logistika dəstəyidir. İsrail bir çox ictimai yerləri - kinoteatrları, stadionları, teatrları, mədəniyyət mərkəzlərini və digər əraziləri vaksinasiya sahələrinə çevirməyi bacarıb. Üstəlik, nisbətən böyük əhali sıxlığı insanların peyvənd qəbulu üçün uzun məsafə qət etməməsi deməkdir. Həmçinin, əhali sayının nisbətən kiçik olmasının da öz köməyi var.
Bununla belə ən önəmli amil İsrail xalqının mentaliteti ilə də əlaqəli ola bilər. Anlamaq lazımdır ki, İsrail daima böhran vəziyyətində mövcud olub və koronavirus pandemiyası həll edilməli olan başqa bir problem kimi qəbul edilir. Bu vəziyyətdə, israillilər keçmişdə də dəfələrlə etdikləri kimi, lazım olduqda səfərbər olma istəklərini bir daha göstərdilər. Görünür ki, israillilər alimlərin və aparıcı mütəxəssislərin fikirlərinə etibar etməkdə istəklidirlər. Bu, dezinformasiya və konspirasiya nəzəriyyələrinin, İsraildə güclü olmasına baxmayaraq sonda üstünlük qazana bilməmə səbəblərindən biri ola bilər.