Britaniyanın yeni kimlik və ittifaqlar axtarışı və NATO-da liderlik məsələsi
Noyabrın 21-də Böyük Britaniyanın Baş naziri Boris Conson gələn 4 il üçün hərbi büdcəni əlavə olaraq 22 milyard dollar artıracağını elan etdi. Bu, Soyuq Müharibədən sonra Britaniyanın hərbi xərclərində ən böyük artımdır. Əlavə xərclərin böyük hissəsinin kosmik qüvvələr komandanlığının və süni intellekt agentliyinin yaradılmasına yönləndiriləcəyi elan edildi. Britaniya ABŞ hərbi sənaye modelini tətbiq etməyi hədəfləyərək, hərbi sahədə texnoloji inkişafın iqtisadiyyatda rəqabətədavamlılığı artıracağı və digər sənaye sahələrinə də təsir edəcəyi ümidindədir. Bununla yanaşı, post-Brekzit dövründə özünə Avro-Atlantik məkanda yeni rol müəyyənləşdirməyə çalışan Britaniya bununla NATO-nun ABŞ-dan sonra təbii lideri statusunu möhkəmləndirməyə çalışır.
ABŞ getdikcə daha çox diqqətini və resurslarını Çinə və Asiya-Sakit okean regionuna yönəldəcək. Britaniyanın Asiya geosiyasi məkanında ciddi strateji rol oynamaq üçün yetərincə resursu yoxdur. Məsələn, Britaniya ilə müqayisədə Fransanın Asiyada ciddi bir geosiyasi rol oynaması üçün həm hərbi bazalar, həm aktivlər cəhətdən daha çox imkanları var. Britaniya Avro-Atlantik məkanda ABŞ-dan sonra yaranacaq boşluğu doldurmağa çalışması daha effektiv və praqmatik addım olacaq. Bir tərəfdən, NATO strategiyası çərçivəsində Baltik ölkələrinin müdafiəsində Britaniya onsuz da təməl rol oynayır. Digər tərəfdən, son zamanlar Niderland və Şimal ölkələrinin iştirakı ilə Britaniya ətrafında Arktika ilə bağlı yeni təhlükəsizlik arxitekturasının inşa edildiyini də görmək olar. Niderlandın oktyabr ayında qəbul etdiyi “Müdafiə üzrə Baxış - 2035” gələn 15 ildə müdafiə büdcəsinin ən azı 2 dəfə artırılmasını nəzərdə tutur. İsveç oktyabr ayında müdafiə xərclərini 40% artıracağını elan edib. Norveç də hərbi büdcəsini böyüdəcək. Bu ölkələrin əsas məqsədi ondan ibarətdir ki, buzlar əridikcə və Arktikanın geosiyasi əhəmiyyəti artdıqca elə bir təhlükəsizlik sistemi qura bilsinlər ki, bu Rusiya-Çin potential ittifaqını burada möhkənlənməkdən çəkindirsin və beləliklə də ABŞ-ın Rusiyaya cavab olaraq Arktik regionuna daxil olmasına bəhanə verməsin. Bunun üçün onlar Britaniya ətrafında birləşməyi ən optimal variant kimi görürlər. Qeyd etmək lazımdır ki, Polşa da bu sistemin daxilində önəmli parça olmaq və öz dəyərini artırmağa çalışır.
Əgər Britaniya Şimalda Skandinaviya ölkələri ilə birlikdə təhlükəsizlik sistemi qurmağa çalışırsa, Orta Asiyada ABŞ-ın getdikcə geri çəkilməsindən yaranan boşluğu Türkiyə ilə ittifaqla doldura bilər. Belə ittifaq Dumanlı Albiona Şərqi Aralıq regionunda da daha qəti rol oynamağa imkan verir. Məhz buna görə, Şərqi Aralıq dənizi problemində Britaniya açıq şəkildə Türkiyəyə qarşı çıxmır və hətta sentyabr ayında regionda birgə dəniz təlimləri keçirib. Türkiyə Müdafiə Naziri Hülusi Akarın da bu yaxınlarda bildirdiyi kimi, Britaniya və Türkiyə hal-hazırda bir-birinə çox bənzəyir: hər ikisi Avropa Birliyi xaricində NATO üzrə müttəfiqdirlər.