Qarabağ konflikti ərzində və sonrasında Fransanın təxribatçı siyasəti

Münaqişədən sonrakı ilkin qiymətləndirməyə görə İkinci Qarabağ müharibəsində Ermənistandan sonra ikinci ən böyük məğlub tərəf kimi Avropa Birliyi görünür. Yaxın keçmişdə həm Gürcüstan, həm də Ukraynada Rusiyanın iddialı siyasətinə qarşı dayana bilməyən Birlik öz şərq qonşuluğunda bir daha uğursuzluğa düçar oldu. Sərt gücünün olmaması və dərin daxili çatlarla üzləşən AB təkcə Ermənistanın Azərbaycana məğlubiyyətinin deyil, həmçinin Türkiyə və Rusiyanın Cənubi Qafqazda öz geosiyasi ambisiyalarını  bərkitməsinə şahidlik edən kənar müşahidəçi durumunda qaldı.

AB-nin liderlərindən biri Fransa regionda qurulan yeni reallıqları asanlıqla qəbul edəcək kimi görünmür. Erməni lobbi qruplarının ağır təsiri altında olan Fransa Senatı noyabrın 25-də hökuməti qondarma “Dağlıq Qarabağ Respublikasını” tanımağa çağıran və məcburiyyət gücü olmayan bəyannamə qəbul etdi.

Qarabağ sülh müqaviləsində bitərəf vasitəçilik səylərini təmin etmək üçün yaradılmış Minsk Qrupunun həmsədrlərindən biri kimi Fransa 25 ildən artıq müddətdə danışıqlar prosesində ortaya əhəmiyyətli heç nə qoya bilmədi. Prezident Emmanuel Makronun rəhbərliyi altında Fransa son vaxtlar həmsədrlik mövqeyinin daha bir vacib elementini itirdi: bitərəflik. Ermənistanı açıq şəkildə dəstəkləyən və Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək əzmindən narazı görünən Makron müharibə zamanı dəfələrlə ziddiyyətli bəyanatlar səsləndirdi və tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırdı.

Bununla belə, Fransa konflikt boyunca olduğu kimi, konfliktin başa çatmasından da narazı qaldı. Münaqişədən sonrakı mexanizmlərdən kənarlaşdırılan Fransa hazırda bölgədəki və Qarabağ sülh prosesindəki rolunu bərpa etməyə çalışır. Fransa parlamentindəki son müzakirələr və qərar da bu çərçivədə izah edilməlidir. Fransa Senatının Dağlıq Qarabağda qurulmuş separatçı rejimin tanınması ilə bağlı təxribat xarakterli və əsassız təklifi sülh prosesinə heç bir töhfə vermir, əksinə, digər dövlətlərin söndürməyə cəhd göstərdikləri münaqişəni daha da alovlandıra bilər.