Dağlıq Qarabağ və Britaniyanın mövqeyi
Azərbaycanın işğal edilmiş ərazilərindəki hərbi toqquşmalar başlayandan bəri, Böyük Britaniya bu məsələdə nəzərəçarpan dərəcədə sakitlik sərgiləyirdi. Rəsmi Londonun Bakı ilə əlaqələrə verdiyi ənənəvi önəm nəzərə alınsa, bu sükut gözlənilməz idi. Lakin oktyabrın 19-da “BP”-nin Azərbaycandakı Regional Direktoru Qari Cons şirkət adından Azərbaycana de-fakto dəstəyini bildirdi və Azərbaycan enerji kommunikasiyalarının Böyük Britaniya üçün strateji əhəmiyyətini vurğuladı. Maraqlıdır ki, bir gün sonra Britaniya Xarici İşlər Naziri Dominik Raab Britaniya-Türkiyə münasibətlərinin strateji xarakterini vurğulamış, Ankaranı “müttəfiq və dost” adlandıraraq sanki Qərbi Türkiyə ilə mövqeyini yenidən dəyərləndirməyə çağırmış və bir növ bəzi Avropa ölkələrinin (məsələn Fransa və ya Avstriya) cəhdlərini tənbeh etmişdir.
Bəs bu açıqlamalar nəyi ifadə edir? Qeyd etmək lazımdır ki, Londonun Azərbaycana diqqəti ənənəvi olaraq Britaniya neft və qaz sənayesinin maraqlarına möhkəm şəkildə bağlıdır: “BP” uzun müddət Azərbaycanda ən böyük və hazırda de-fakto yeganə qərb əməliyyatçı şirkətidir. Bu amil Britaniyanın həssas Cənubi Qafqaz regionunda sabitliyi və təhlükəsizliyi təmin etməyə olan marağına güclü təməl qoymuşdur. Eyni zamanda, erməni lobbisi heç vaxt Britaniyada siyasi rol oynamamış və bu səbəbdən Britaniya, bəzi Qərb ölkələri və ya Rusiyadan fərqli olaraq, Dağlıq Qarabağ münaqişəsinə tam praqmatik mövqe sərgiləyə bilir. Bu yanaşma Londona Bakı tərəfindən önəmli etibar qazanmağa kömək etmişdir. Həmçinin, Brekzitdən sonra Birləşmiş Krallıq siyasi çevikliyə tez-tez əngəl törədən çoxtərəfli yanaşmaya əsaslanan ümumavropa siyasi xəttini izləməyə artıq məcbur olmadığı üçün öz xarici siyasətində artıq Avropa Birliyindən tam müstəqildir.
Raabın Türkiyə ilə bağlı ifadəsi müasir Britaniya xarici siyasəti ilə üst-üstə düşür. Hazırki Konservativ hakim elita iqtidara “qlobal Britaniya’ vədi ilə gəlmişdir; bu xətt mürəkkəb Avropa qanunvericiliyi və standartlarının ticarət qurma və hərbi müttəfiqlik məsələlərindəki qadağaları əvəz edərək özlərinin inandığı kimi Britaniyanın regional yox, qlobal rolunu bərpa etməyini vəd edir. Bu strategiya güclü ikitərəfli münasibətlər qurmağı, o cümlədən Yaponiya, Hindistan, Çin, Braziliya və digər regional güc mərkəzləri ilə azad ticarət razılıqlar bağlamağı və dayanıqlı əməkdaşlıq qurmağı tələb edir. Türkiyə həm iqtisadi, həm də geosiyasi nəzərdən bu qəbildən olan əhəmiyyətli dövlət hesab olunur. Öz gəlirli bazarından əlavə olaraq Türkiyə “Yaxın Şərqin qapısı” kimi qəbul edilir və Ankaranın regiondakı aktiv mövqeyi Londona uzun müddət öz oyun meydançası hesab etdiyi bu regiondakı siyasi proseslərə təsir etmək üçün kömək edə bilər.
Türkiyə ilə möhkəm əməkdaşlıq Londonun xarici siyasətindəki əhəmiyyətli istiqamətə – bütün mümkün üsullarla Russiyanın qarşısının alınmasına xidmət edir. London və Ankaranın eyni vaxtda Ukrayna ilə hərbi əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə çıxarması heç də təsadüfi deyil. Bununla belə Azərbaycanın Dağlıq Qarabağda qələbəsinin müxtəlif tərəflərdən Britaniya maraqlarına uyğun gəlməsi anlaşılandır. Ankaraya dəstək verməklə eyni zamanda Bakıya da dəstəyini göstərən Britaniya hazırkı münaqişədən istifadə edərək Türkiyəni təcrid etməyə və Ankaranın “imperiya ambisiyalarının” Qərbin maraqlarına zidd olduğunu göstərməyə çalışan ölkələrə (ən əsas da Fransaya) vacib siqnal göndərir. Bu, həmçinin post-Brekzit dövründə London və Brüssel arasındakı münasibətlər çərçivəsində də izah edilə bilər. Artıq aydındır ki, London açıq şəkildə öz xarici siyasətini AB ilə koordinasiya etməyə həvəssizdir və əksinə strateji mövzularda oxşar mövqeləri olan İtaliya, Polşa və ehtimal ki, Almaniya kimi ölkələrlə yaxınlıq etmək niyyətindədir.