İki seçim: qondarma rejimin davam edən populizmi və ya yeganə çıxış yolu
Bu gün “Dağlıq Qarabağ Respublikasının” “prezidenti” Arayik Arutyunyan ön cəbhədə döyüşdüyünü elan edərək, bütün erməniləri “vətən”in qorunması üçün cəbhəyə səsləyib. Bir neçə gündür ki, hər şeyin nəzarətdə olduğunu və qondarma rejim güclərinin xeyli üstünlük qazandığını iddia edən Arutyunyan, bu dəqiqələrdə döyüşlər üçün canlı qüvvə tələb edir.
Arutyunyan, bu populist şou və çıxışlarla özünün tarixdə “Dağlıq Qarabağı uduzan” “lider” kimi qalmaması üçün bütün erməni gənclərini ölümə göndərməyə hazır olduğunu göstərir. Halbuki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün “Əl-Cəzirə” telekanalına verdiyi açıqlamasında Dağlıq Qarabağda yaşayan erməni mülki əhalinin də Azərbaycan ərazisində yaşayan Azərbaycan vətəndaşları olduğunu və qondarma rejimin işğal olunmuş əraziləri tərk etməsindən sonra mülki əhalinin bütün hüquqlarının təmin ediləcəyini bəyan edib. Arutyunyan isə hazırda davam edən əməliyyatların qondarma rejimə qarşı olduğu reallığını qəbul etmək əvəzinə, prosesə erməni-azərbaycanlı etnik münaqişəsi donunu geyindirməyə çalışır. Əslində bu faktın özü, illər boyunca sülh içində birlikdə yaşayan xalqların arasına nifaq toxumlarını salanların elə Arutyunyan kimilər olduğunu sübut edir.
Hazırkı situasiyada humanitar cəhətdən ən doğru addım qondarma rejimin və onun hərbi gücünü silahı yerə qoyaraq, təslim olmasıdır. Bu gün səhər saatlarında yayımlanan görüntülərdə Azərbaycan Ordusunun təslim olan rejim əsgərlərinə qarşı beynəlxalq konvensiyaların bütün tələblərinə uyğun davrandığını əks olunub. Fikrimcə, bu görüntülər sonra qondarma rejimin irrasional xəyalları uğrunda döyüşməyə davam edən bütün şəxslərə yeganə çıxış yolunu göstərir.