Suriya və Liviyadan sonra Qarabağ meydanı: Rusiya Türkiyə ilə hərbi sənaye rəqabətinin növbəti raundundan çəkinirmi?
Azərbaycanın Türkiyədən “Bayraktar TB-2” pilotsuz uçan aparatları (PUA) almaq istədiyi dövrlərdə, təcili olaraq rus mütəxəssisləri anti-PUA təlimlər keçməyə dəvət edən ermənilər, təlimlə bağlı mətbuata foto ötürmüşdü. Həmin fotoda rus mütəxəssislərin “Bayraktar TB-2” ilə bağlı təlim keçdiyi xüsusilə göstərilməyə çalışılırdı. Ancaq Dağlıq Qarabağda savaşın kəskinləşdiyi bu günlərdə “Bayraktar TB-2”-lərin döyüş meydanında nümayiş etdirdikləri müvəffəqiyyətə baxdıqda, belə görünür ki, ya rus mütəxəssislər yetərsiz təlimlər keçiblər, ya da ermənilər öz dərslərinə yaxşı hazırlaşmayıblar. Bəlkə də, elə hər ikisi.
Suriya və Liviyadan özünü doğruldan “Bayraktar TB-2”lərdən Azərbaycan Ordusunun da effektiv istifadə etməsi, türk mənşəli PUA-ların beynəlxalq imicini daha da artıracaq. Bununla yanaşı, “Bayraktar TB-2”-lər vasitəsilə, xeyli sayda rus mənşəli havadan müdafiə sisteminin sıradan çıxardılması bu silahlara müştəri olmaq istəyən ölkələrin gələcəkdəki planlarına mənfi təsir edə bilər. Əslində elə bu məqamın özü, Rusiyanın son hərbi prosesdə çox da maraqlı olmamasının göstəricilərindən biridir.