Polşadan görünən Belarus

Belarusda baş verən hadisələr qonşu Polşa tərəfindən yaxından izlənilir. 20-ci əsrin ortalarından başlayaraq Varşava Yeji Gedroyts (Jerzy Giedroyc) tərəfindən əsası qoyulmuş, vaxtilə Reç Pospolitaya daxil olmuş Litva, Belarus və Ukrayna kimi ölkələrin milli suverenliyinin tam tanınmasını ehtiva edən xarici siyasət yürütməkdədir. Adi qonşuluq əlaqələrindən daha böyük olan və zəngin tarixə əsaslanan bu siyasi xətt maddi və qeyri-maddi mədəni irsə dəstək, tarixi hadisələrlə bağlı konsensusun tapılması və xüsusilə də, 1989-cu ildən sonra Polşadakı uğurlu transformasiyaya əsaslanan demokratik yardımı əhatə edir. Belarus ilə münasibətlər bu sahələrdə idealdan xeyli uzaqdır. Ona görə də Polşa gələcəkdə Belarus xalqı ilə yaxşı münasibətləri təmin etmək üçün daha çox investisiya yatırmağa həvəslidir. 

Belarus Polşa üçün 7 qonşu ölkədən biri, Rusiya və Ukrayna ilə birlikdə isə Avropa Birliyi ilə sərhədlərə malik üç ölkədən biridir. 9 milyonluq əhaliyə malik Belarusda mövcud hökumətin rəsmi rəqəmlərinə görə 300 min və qeyri-rəsmi məlumatlara əsasən isə 500 mindən 1 milyona qədərini təşkil edən polyak etnik azlığı yaşayır. Hazırkı lider Aleksandr Lukaşenko diktator hesab olunsa da Varşava onunla konfrontasiyaya getməməyə, əksinə AB ilə münasibətlərdə daha çox əməkdaşlığa təşviq etməyə çalışmışdır. Senat spikeri daxil olmaqla Polşanın yüksək səlahiyyətli nümayəndələri 2020-ci ilin avqust seçkilərinə qədər Lukaşenko ilə bir sıra görüşlər keçirmişdir. Belarusun Rusiyanın təzyiqlərinə məruz qaldığı dövrdə də Polşa Belarusu dəniz vasitəsilə idxal edilən xam neftlə təmin etməyə hazır olmuşdur. Lakin etirazçılar üzərində ölkə tarixində görünməmiş şiddətli zorakılıqlardan dərhal sonra Polşa Belarusun vətəndaş cəmiyyətinə öz yardım əlini uzatmış, həm Baltikyanı ölkələr, həm də Veymar Üçbucağı (Fransa, Almaniya və Polşa) çərçivəsində AB-ni ən qısa zamanda proseslərə reaksiya verməyə və Lukaşenkonun növbəti hakimiyyət dövrünü tanımamağa çağırmışdır. 

Daha geniş şəkildə Varşava Polşada sığınacaq əldə etməyə çalışan müxalifət nümayəndələrinə, siyasi və vətəndaş cəmiyyəti fəallarını dəstəkləməklə Belarusda milli kimliyin qurulmasına uzunmüddətli yardım göstərmiş, həmçinin, Belsat TV layihələrə köməyini əsirgəməmişdir; məhz bu cür layihələr belaruslular üçün xəbər mənbələrinin diversifikasiyasından başqa Polşada belarusluların vətəndaş cəmiyyətinin mütəşəkkil fəaliyyətinə kömək etmişdir. Həmçinin qeyd etmək lazımdır ki, AB-nin “Şərq Tərəfdaşlığı” proqramı Belarusu da əhatə edir və Varşava onun reallaşdırılmasına Beynəlxalq Viseqrad Fondu kimi vasitələrlə dəstək verir.