Körfəz öz gümanına qalanda
Ər-Riyad artıq Vaşinqtonun yolunu gözləmir. Hələlik isə tapdığı arxa yox, yol yoldaşıdır.
2026-cı il Oktyabrın 10-u gecəsi Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanının daxili reyslər terminallarına raket düşdü. On üç nəfər həlak oldu, 308 nəfər yaralandı; onların çoxu minik qapılarının yaxınlığında olan sərnişinlər və hava limanı işçiləri idi. Ölənlər arasında səudiyyəlilər, banqladeşlilər, bir amerikalı, bir misirli, bir iordaniyalı, bir suriyalı, bir fələstinli və bir sudanlı var idi. Səudiyyə rəsmiləri görüntülərin paylaşılmamasını xahiş etdi. Buna baxmayaraq, 3 nömrəli terminalın müşahidə kamerasının çəkdiyi görüntülər bir gün keçmədən yayılmışdı.
Bu, son on ildən artıq müddətdə krallığa qarşı törədilən ən qanlı hücum və həmin həftə eyni hava limanına edilən üçüncü hücum idi. 2026-cı il oktyabrın 21-dək husilərin Səudiyyə hava limanlarına qarşı kampaniyası Ər-Riyad, Əbha və Dəmmamda 22 nəfərin ölümünə, 380-dən çox insanın yaralanmasına səbəb olmuşdu.
Həmin həftəsonu ABŞ-nin husilərə qarşı Səudiyyə zərbələrinə qoşulub-qoşulmayacağı soruşulanda Donald Tramp belə cavab verdi: “Ola bilər. Buna baxacağıq.” O, jurnalistlərə həmçinin səudiyyəlilərin yaxşı döyüşçü olduğunu söylədi. Aradan on yeddi gün keçib və bu müddətdə Vaşinqtonun göndərdikləri səfər xəbərdarlıqları, kəşfiyyat müşavirləri, bir də Ər-Riyaddakı səfirlikdən zəruri olmayan işçilərin çıxarılması barədə əmr olub. Hərbi təyyarə isə göndərməyib.
Beləliklə, Ər-Riyad üzünü başqa tərəflərə tutdu. Birincisi, əsgərləri onsuz da krallıq territoriyasında olan Pakistana. İkincisi, avqustda Məkkədə imzalanmış müdafiə paktını hələ parlamentdə müzakirə edən Türkiyəyə. Digərləri isə Misirə və Britaniyaya, oktyabrın 26-da isə, bir qədər qəribə görünsə də, Tehrana. Şərhçilər bunu “post-Amerika” Körfəzinin başlanğıcı adlandırmağa başlayıblar. Bu ad ad istiqaməti düz göstərsə də, ünvanı səhv adlandırır. Körfəz, Amerikanın vədi olmadan yeni təhlükəsizlik sistemi qurmağa çalışır.
Amerikanın tutucu raketləri olmadan keçinməyi isə hələ öyrənməyib və Məkkədə imzalanan heç bir sənəd bunu dəyişmir.
Şərtli vəd
ABŞ-nin Körfəzin neft dövlətləri uğrunda vuruşacağına dair inamın kökü 1980-ci ilin Karter doktrinasına gedib çıxır və bu inam uzun müddət özünü doğrultdu. Bu inamın sarsılmasının ilk mərhələsi 2019-cu ilin sentyabrında, dronlar və qanadlı raketlər Əbqeyq və Xureysdə Səudiyyənin xam neft hasilatının yarısını sıradan çıxaranda yaşandı. Tramp o vaxt sözünü dolamadan demişdi: bu, ABŞ-a deyil, Səudiyyə Ərəbistanına qarşı hücum idi. Ər-Riyad bundan öz nəticəsini çıxardı. 2023-cü ildə İranla yaxınlaşma da, 2025-ci ilin sentyabrında Pakistanla imzalanan qarşılıqlı müdafiə paktı da müəyyən mənada bunun təkrarlanmasına qarşı sığorta idi.
Məhəmməd bin Salmanın 2025-ci ilin noyabrında Ağ Evdə imzaladığı Strateji Müdafiə Sazişi bu boşluğu doldurmalı idi. Amma doldurmadı. Tramp sənədi müqavilə kimi Senata göndərmək üçün heç bir addım atmadı, Ağ Ev isə sazişi əsasən Səudiyyə bazarını Amerika silah şirkətlərinə açmaq və Səudiyyədən “yükün bölüşdürülməsi” adı altında pul almaq vasitəsi kimi təqdim etdi. Sənəddə NATO-nun 5-ci maddəsinin qarşılığı yox idi. Marko Rubio bu ay ABŞ-ın saziş çərçivəsindəki öhdəliklərinə əməl edəcəyini deyəndə həqiqəti deyirdi. Sadəcə, həmin öhdəliklər çox cılızdır.
Son yeddi həftənin xronikası mənzərəni tamamlayır. CNN-in mənbələrinə görə, vəliəhd şahzadə sentyabrda Trampdan iki dəfə husiləri vurmağı xahiş edib; Vaşinqtondakı Ərəb Mərkəzi isə ilk imtinanı sentyabrın 11-nə aid edir, yəni husilərin Qırmızı dəniz sahilindəki Moxanı ələ keçirməsindən bir gün sonraya. Əvəzində gələn yardım kəşfiyyat üzərində işləyən yüzdən çox amerikalı müşavirin çalışdığı birgə komandanlıq oldu. O vaxtdan bəri Dövlət Departamentinin atdığı addımlar amerikalıların təhlükəsizliyinə hesablanıb: əvvəlcə on iki ölkəni əhatə edən xəbərdarlıqlar, sonra isə oktyabrın 21-də işçi heyətinin azaldılması.
Səbəblər aydındır. ABŞ İranla müharibə yekunlaşmamış ikinci cəbhə açmaq istəmir, apardığı planlaşdırma isə Tehranı hədəfləyir və addımların noyabrın 3-dəki aralıq seçkilərindən sonra atılacağı gözlənilir. Fortune-a danışan bir analitik yaxşı variantların az olduğunu, eskalasiyanın isə husilərin hesablamalarını dəyişməyəcəyini deyib. Tramp özü də sentyabrda bildirmişdi ki, husilər zəng edib Amerika ilə vuruşmaq istəmədiklərini deyiblər. Səudiyyə hava limanlarını vuran, Amerika gəmilərinə isə toxunmayan Yəmən müharibəsi Ağ Evdən baxanda özgəsinin davası kimi görünür.
Bu məsələnin Səudiyyə tərəfi də var və ona layiq olduğundan az diqqət yetirilir. May ayında Tramp Körfəz ölkələri ilə məsləhətləşmədən tankerləri müşayiətlə Körfəzdən çıxarmaq üçün “Azadlıq Layihəsi”ni elan edəndə Ər-Riyad və Küveyt bazalarını və hava məkanlarını əməliyyatın üzünə bağladılar və əməliyyat təxminən bir gün yarım içində dayandırıldı. Bu, başqasının təyin etdiyi zamanda eskalasiyaya daxil olmaq istəməyən dövlətin ağlabatan qərarı idi. Eyni zamanda bu addımla Vaşinqtona çatdırıldı ki, müttəfiqliyin ondan nə tələb etdiyinə krallıq hər dəfə ayrıca qərar verəcək. İndi Vaşinqton da eynisini edir.
Münasibətlər hər iki tərəfdən sövdələşməyə çevrilib, sövdələşmədə isə xilasetmə bəndi (rescue clause) olmur.
Məkkə paktı nəyi edə bilər
Avqustun 7-də Məhəmməd bin Salman, Rəcəb Tayyib Ərdoğan və Şahbaz Şərifin imzaladığı Məkkə Birgə Müdafiə Sazişini həm onu alqışlayanlar, həm də ondan ehtiyat edənlər “Müsəlman NATO-su” adlandırırlar. Hazırda Türkiyə parlamentinin müzakirəsində olan mətn isə hər iki düşərgənin düşündüyündən daha az şey ehtiva edir.
Sazişin əsas müddəasına görə, tərəflərdən birinə qarşı edilən silahlı hücum hər üç tərəfə qarşı hücum sayılır. Ondan sonrakı cümlə isə daha önəmlidir. Yardım, hücuma məruz qalan tərəfin müraciəti əsasında göstərilir, digər tərəflərin hər biri isə ehtiyacın “obyektiv qiymətləndirilməsindən” sonra, BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququ çərçivəsində öz töhfəsinin həcmini və xarakterini özü müəyyən edir. Bu bənd NATO-nun 5-ci maddəsindən o qədər də yumşaq deyil, çünki orada da cavabın formasını hər müttəfiq özü seçir. Əsl fərq bu müddəanın ətrafında qurulan strukturdadır. Pakt xarici işlər və müdafiə nazirlərindən, baş qərargah rəislərindən ibarət komitə, Ər-Riyadda katiblik və pakistanlı baş katib nəzərdə tutur. Onun nə vahid komandanlığı, nə ortaq hava vəziyyəti mənzərəsi, nə də adı çəkilən düşməni var. Sonuncu boşluq qəsdən qoyulub, çünki hər paytaxt başqa bir düşmənin adını çəkərdi: Ər-Riyad üçün İran və husilər, Ankara üçün İsrail, İslamabad üçün Hindistan.
Pakt imzalandıqdan iki ay sonra, oktyabrın 5-də işə salınmağa başlandı: həmin gün komitə Ər-Riyadda fövqəladə iclas keçirdi və krallığa qüvvələrin təcili yerləşdirilməsi barədə razılığa gəldi. Üç həftə sonra krallığın həm paktın içindən, həm də ondan kənardan əldə etdikləri bunlardır.
Burada iki məqam diqqəti çəkir. Pakistan silahlı qüvvələrinin böyük hissəsi Məkkədə hələ heç nə imzalanmamışdan əvvəl Səudiyyədə idi idi. Pakistan Xarici İşlər Nazirliyi bildirir ki, ölkənin qüvvələri 1982-ci ildən bəri bu və ya digər formada orada olub. Pakt, artıq mövcud olan yerləşdirməyə sadəcə yeni ad verdi. Türkiyənin töhfəsi isə hələlik əsasən parlament prosedurundan ibarətdir. AKP təmsilçilərinə əsasən, ilk olaraq texniki mütəxəssislər göndəriləcək və heç bir türk əsgəri hücum əməliyyatlarında iştirak etməyəcək. Konstitusiyaya görə, həm sazişin təsdiqi, həm də hər hansı qoşun göndərilməsi üçün iki ayrı səsvermə lazımdır; iyirmi deputat tələb etsə, ikinci səsvermə açıq keçirilir. Məhz belə açıq səsvermə 2003-cü ildə hökumətin İraq tezkərəsinin rədd edilməsinə təsir göstərmişdi. Özgür Özəlin rəhbərlik etdiyi Yeni Parti başda olmaqla müxalifət sazişi dəstəkləməkdən imtina edib və türk əsgərlərinin Yəmən səhralarına yollanıb-yollanmayacağını açıq şəkildə soruşur.
Oktyabrın 27-də komissiyada keçən müzakirə hökumətin paktın necə şərh edilməsini istədiyini göstərir. TBMM-in Xarici Əlaqələr Komissiyasının AKP-li sədri Fuad Oktay paktı özünün “regiona sahib çıxma” (bölgesel sahiplenme) adlandırdığı yanaşmanın konkret nümunəsi kimi təqdim etdi və qarşılıqlı müdafiə müddəalarının avtomatik tətbiq olunmayacağını, yalnız hər bir üzvün konstitusiya prosedurları vasitəsilə işə düşəcəyini bildirdi. Xarici işlər nazirinin müavini Levent Gümrükçü komissiya üzvlərinə paktın heç bir ölkəni hədəf almadığını və NATO-nu əvəz etməyəcəyini, onu tamamlayacağını dedi; bu, Hakan Fidanın avqustdan bəri işlətdiyi formuladır. Oktay həmçinin xüsusilə vurğuladı ki, hər hansı yeni üzvün qəbulu üçün Türkiyənin razılığı tələb olunacaq. Müxalifət mətnin daha ətraflı araşdırılması üçün Milli Müdafiə Komissiyasına və ya alt komissiyaya göndərilməsini istədi. Oktay cavabında Milli Müdafiə Komissiyasının hesabat hazırlamaqdan imtina etdiyini bildirdi, AKP və MHP bu təklifi səsvermə ilə rədd etdi, ardınca saziş səs çoxluğu ilə qəbul olundu. Parlamentin öz müdafiə komissiyasının rəyi olmadan ümumi iclasa çıxarılan qarşılıqlı müdafiə müqaviləsi Ankaranın nə dərəcədə nəzarətə açıq olmaq istədiyi barədə müəyyən təsəvvür yaradır.
Əbdülməlik əl-Husi zəif nöqtəni yaxşı başa düşmüş kimi görünür. Oktyabrın əvvəlində, Ər-Riyadı, Ankara və İslamabadı öz müharibəsinə sürükləməyə çalışmaqda ittiham etdi və hər iki ölkədə buna qarşı çıxan “azad səslərə” təşəkkür etdi. O, Səudiyyə sarayına deyil, türk və pakistanlı seçicilərə müraciət edirdi.
Bütün bunlar paktı mənasız etmir. Pakt, krallığa hücumun siyasi qiymətini artırır. Müdafiə naziri Xalid bin Salman oktyabrın 26-da Pakistan ordusunun komandanı feldmarşal Asim Munir və Türkiyənin kəşfiyyat rəhbəri İbrahim Kalınla birlikdə Tehrana səfər etdi. Səfərin nəticəsi yalnız danışıqları davam etdirmək barədə razılaşma oldu, amma birgə nümayəndə heyətinin verdiyi mesaj tək Səudiyyə heyətinin mesajından fərqlidir. Üstəlik, bu, Ər-Riyadın himayədardan xahiş etmək əvəzinə özünün yazdığı ilk belə kollektiv müdafiə çərçivəsidir.
Paktın etdiyi şey hücum edənin vəziyyətini siyasi baxımdan çətinləşdirməkdir. Onun raketlərinin vuruş qabiliyyətini artırmır.
Tutucu raketlərin hesabı
Kral Xalid hava limanı oktyabrın əvvəlindən bəri təxminən iyirmi dəfə hədəfə alınıb. Husilər 1000 km-dən artıq məsafədən ballistik raketlər, qanadlı raketlər və dronlardan ibarət qarışıq zərbələr endirirlər. Onların ən təsirli silahlarını, yəni Fələstin-2-ni və İranın “Qədr” raketinin adı dəyişdirilmiş variantı olduğu güman edilən Tufanı dayandırmaq çətindir. Dayandırılan hər raket ən azı bir tutucu raketə başa gəlir, bir Patriot tutucu raketinin qiyməti isə 4 milyon dollara qədər çatır.
Səudiyyənin ən zəif yeri də məhz buradır. Reuters-in məlumatına görə, İran müharibəsinin ilk 38 günündə krallıq 2800 PAC-3 tutucu raketindən təxminən 2400-nü işlədib. Ehtiyatlar yalnız qismən bərpa olunub; The Wall Street Journal indi onların sayının 1000-dən az olduğunu yazır. Ehtiyatı uzatmaq üçün Səudiyyə heyətləri hər hədəfə buraxılan raketlərin sayını beş-yeddidən ikiyə endiriblər. Bu, raketlərə qənaət edir, amma daha çox hədəfin keçib getməsinə imkan verir. Ər-Riyad Yaponiyadan, Cənubi Koreyadan, Fransadan, Britaniyadan, Pakistandan və Misirdən hava hücumundan müdafiə üçün yardım istəyib. ABŞ öz Patriotlarını öz bazaları üçün saxlayır, Britaniya və Fransa rəsmiləri isə Rusiyaya qarşı çəkindirməni zəiflətmədən sistemləri Baltikyanı regiondan çıxara bilməyəcəklərini deyirlər.
İndi Məkkə paktına bu prizmadan baxaq. Onun üzvlərindən heç biri Patriot sinifli tutucu raketləri kifayət qədər istehsal etmir və ehtiyatında saxlamır. Pakistanın krallıqdakı uzaqmənzilli batareyası Çin istehsalı olan HQ-9-dur. Türkiyə özü hələ də altı F-35-in təhvil verilməsi ilə bağlı Vaşinqtonla danışıqlar aparır.
Pakt krallığa əsgər, qırıcı patrulları və texniki mütəxəssis verə bilər. Krallıqda tükənməkdə olan o yeganə şeyi isə verə bilməz.
Təhlükə yalnız Yəməndən də gəlmir. İran fevralda Hörmüz boğazını bağlayandan bəri Səudiyyənin ixracı xam nefti yarımadanı kəsib keçərək Qırmızı dəniz sahilindəki Yanbuya çatdıran Şərq-Qərb neft kəmərindən asılı qalıb. Sentyabrın 10-da İraqdan buraxılan dronlar bu kəməri vurdu, həmin gün husilər Qırmızı dənizin girişindəki Moxa limanını və Perim adasını ələ keçirdi; beləliklə, Hörmüzdən yan keçən marşrutun hər iki ucu bir neçə saat ərzində atəş altına düşdü. Bağdad dronların haradan buraxıldığını etiraf etdi və Meysan vilayətindəki komandiri vəzifəsindən azad etdi; Ər-Riyad isə cavab zərbəsi endirməməyi seçdi. Oktyabrın 26-da husilər eyni xətt boyunca nasos stansiyalarına dron zərbələri endirdiklərini bəyan etdilər. Aşağıdakı xəritə krallığın indi nəyi və kimlərlə birlikdə qorumağa çalışdığını göstərir.
Səudiyyə Ərəbistanına hücumlar və tərəfdaşların qüvvə yerləşdirməsi, sentyabr–oktyabr 2026
Bu rəqəmlərdən çıxarılan dərs “post-Amerika” arqumentinə o qədər də yaxın deyil. Öz gücünə arxalanma (self-heıp) strateji qərar kimi səslənir.
2026-cı ilin oktyabrında Səudiyyə Ərəbistanı üçün isə bu, ilk növbədə təchizat problemidir və onu lazımi miqyasda həll edə biləcək yeganə ölkə döyüşməkdən imtina edən ölkədir.
İki Körfəz
“Post-Amerika” Körfəzi barədə irəli sürülən digər arqument isə regionun bir araya gəldiyidir.
Səudiyyə Ərəbistanı ətrafında bir qrup formalaşıb. Məkkə paktından başqa, buraya iyulun 30-da Qırmızı dəniz üçün yaradılmış 14 ölkəlik dəniz koalisiyası da daxildir: Türkiyə, Pakistan, Misir, Qətər, Küveyt və Bəhreyn onun üzvləridir, BƏƏ və Oman isə kənarda qalıb. Misir parlamentinin verdiyi səlahiyyət paktdan kənarda daha bir faktor əlavə edir. Qətər Məkkə sazişini xoş qarşılasa da, ona qoşulmaq barədə danışmaq üçün hələ tez olduğunu bildirib. İyulda Körfəz ölkələrindən birinin rəsmisi Foreign Policy-yə bildirib ki, regionda artıq iki düşərgə var: biri İsrailyönümlü, digəri isə “İsraildən ehtiyat edən”.
İkinci düşərgə daha kiçik olsa da, daha çox silahlanıb. Bu yaz İran, Birləşmiş Əmirliklərə təxminən 550 ballistik və qanadlı raket, 2200-dən çox dron atandan sonra İsrail öz heyəti ilə birlikdə BƏƏ-yə “Dəmir Günbəz” batareyası göndərdi; bu, baterayaların ölkə xaricindəki döyüş şəraitində ilk dəfə işlədilməsi idi. ABŞ-ın İsraildəki səfiri sonradan bunu açıq şəkildə təsdiqlədi. O vaxta qədər Səudiyyə ilə Əmirliklər arasındakı ayrılıq artıq üzə çıxmışdı. Dekabrın sonu və yanvarın əvvəlində Səudiyyə aviasiyası Mükəllada Ər-Riyadın cənub separatçıları üçün nəzərdə tutulmuş Əmirlik silah yükü adlandırdığı hədəfi vurdu, BƏƏ isə Yəməndə qalan ordularını çıxardı. Bu çıxış Bab əl-Məndəb ətrafındakı sahili zəif qorunan vəziyyətə saldı və husilər sentyabrda bundan yararlandılar. Aprel ayında Əbu-Dabi Ər-Riyadın başçılıq etdiyi kartel olan OPEC-dən çıxdığını da elan etdi. Körfəzin iki ən böyük iqtisadiyyatı indi öz təhlükəsizliyi uğrunda fərqli yollarla vuruşur, onu fərqli mənbələrdən maliyyələşdirir və ona fərqli qiymət biçir.
İki düşərgə arasındakı sürtüşmənin baş verdiyi yer Türkiyədir. Avqustda İsrail Suriyanın şimalındakı Əbu əd-Duhur hava bazasını bombaladı və bununla oraya türk qoşunlarının yerləşdirilməsinin qarşısını aldığını bildirdi, Benyamin Netanyahu isə sonradan Ankaranın əvvəlcədən xəbərdar edildiyini dedi. İsrailin yüksək vəzifəli rəsmilərindən biri Məkkə paktını İsrailə qarşı yönəlmiş sənəd kimi səciyyələndirib. Tel-Əvivdəki INSS-in tədqiqatçıları daha təmkinlidirlər və sazişin real məzmuna malik olub-olmadığını, yoxsa sadəcə niyyətdən ibarət qaldığını soruşurlar. Hər halda, Türkiyənin Körfəzdəki ağırlığı onun eyni vaxtda Suriyada nə qədər risk götürməyə hazır olmasından asılı olacaq.
İranın da regionun özünə arxalanmasına (self-help) dair öz versiyası var: İran rəsmiləri bunu “yerli (endogen) təhlükəsizlik”, yəni regionun xarici qüvvələr olmadan özünü qoruması adlandırırlar. Tehran Məkkə nümayəndə heyətini mehribanlıqla qarşıladı, müsəlman birliyindən danışdı, sonra isə Amerikanın dəniz blokadasının ləğvindən sanksiyalardan güzəştlərə və təxminən 12 milyard dollarlıq dondurulmuş aktivlərə qədər bütün konkret tələblərini Vaşinqtona ünvanladı. Xarici işlər naziri Abbas Əraqçi həmin həftəsonu Hörmüzün müharibədən əvvəlki qaydalara qayıtmayacağını bildirdi. Körfəz neftində ən çox marağı olan kənar güc, yəni Çin, husiləri cilovlaması üçün Tehrana pərdəarxası təzyiq edib, amma onların adını açıq şəkildə çəkməkdən yayınıb.
Oktyabrın 26-da Tehrana edilən birgə səfər bu regional diplomatiyanın nəyə qadir olduğunun indiyədək ən aydın sınağı oldu. Xalid bin Salman, Munir və Kalın əvvəlcə prezident Məsud Pezeşkianla, sonra isə təhlükəsizlik üzrə rəhbər Möhsün Rzai ilə görüşdülər. Gündəmdə əsasən hərbi husilərin kampaniyası dururdu (Al Jazeera). Beynəlxalq Böhran Qrupundan Əli Vaez bu səfəri döyüşlər yenidən başlamazdan əvvəl Tehranda kompromisə hazır olanların mövqeyini gücləndirmək üçün son anda edilən cəhd kimi dəyərləndirdi. Əlavə olaraq bildirdi ki,ABŞ ilə İran arasındakı uçurumu aradan qaldıracaq formul olmasa, qonaqlar xoş niyyətdən başqa heç nə əldə etmədən qayıda bilərlər. King's College London-dan Ayşa Siddiqa bildirib ki, nə Türkiyənin, nə də Pakistanın Yəmənə quru qoşunu göndərməyə imkanı var; Ümər Kərim isə üç ölkənin İranın strateji hesablamalarını dəyişmək üçün lazımi təsir imkanlarına malik olmadığı qənaətindədir. Səfər, Munirin bir həftə əvvəl Ər-Riyad və Tehrana etdiyi səfərlərin ardınca baş tutdu və Pakistanın İranla quru yolu ilə ticarəti məhdudlaşdırmasından bir neçə gün sonraya təsadüf etdi. Ankara üçün regiona sahib çıxma NATO ilə yanaşı mövcuddur, Tehran üçün isə amerikalıların bölgəni tərk etməsi deməkdir.
Bütün bunlar birlikdə nəzərə alındıqda, mənzərə, təhlükəsizliyini öz əlinə alan regiona bənzəmir.
Bu, daha çox üç rəqib nizam təsəvvürünü xatırladır: ABŞ onlardan ikisini hələ də silahlandırır, amma heç birinə zəmanət vermir.
Körfəzdə üç rəqib təhlükəsizlik nizamı, oktyabr 2026
Növbəti iki ayda üç faktor Səudiyyənin öz gücünə arxalanmasının real bir şeyə çevriləcəyini, yoxsa jestlər toplusu olaraq qalacağını göstərəcək.
Birinci faktor Ankaradır. Saziş parlamentin ümumi iclasından keçsə və ardınca hərbi qoşun tezkərəsi açıq səsvermədə səs çoxluğu ilə qəbul olunsa, pakt ikinci işlək üzvünü qazanacaq. Hökumət açıq səsvermədən yayınsa və ya tezkərəni bir neçə radar mütəxəssislərini əhatə edəcək qədər dar tərtib etsə, bu, Türkiyənin, üzvlüyün gətirdiyi nüfuzu istədiyini, amma riskə girmək istəmədiyini göstərəcək. Hər iki ssenari mümkündür və onlar tamamilə fərqli paktlara aparır.
İkinci faktor noyabrın 3-dən sonrakı Vaşinqtondur. Tramp türk və pakistanlı qüvvələrin yerləşdirilməsini əla bir şey kimi dəyərləndirdi: yükü başqasının çiyninə ötürmək siyasəti (burden-shifting). Amerikanın hazırda müzakirə olunan İrana qarşı yeni hərbi kampaniyası başlasa, ən ağır zərbəni ABŞ bazalarına ev sahibliyi edən və ən az tutucu raketi qalan Körfəz ölkələri alacaq. Ər-Riyad üçün əsas sual ABŞ-ın İranın cavab zərbəsinin ağırlığını çəkməyə kömək edib-etməyəcəyidir.
Üçüncü məsələ Pakistandır, yəni paktın artıq yerləşdirilmiş hərbi qüvvəsi olan yeganə üzvü. Pakistan həm də İranla təxminən 900 kilometrlik sərhədi olan qonşudur və yazdan bəri Vaşinqtonla Tehran arasında vasitəçilik edir. İran müharibəsi yenidən başlasa, İslamabaddan Səudiyyə Ərəbistanını ona hücum edən qrupun himayədarına qarşı müdafiə etmək tələb olunacaq, halbuki ölkənin öz qərb sərhədi də onsuz da narahatdır. Paktın ilk real sınağı, çox güman ki, hansısa husi raketi deyil, məhz bu ziddiyyət olacaq.
Yol yoldaşı var, dayaq isə yoxdur
Avropalılar 2025-ci ili Amerikanın təhlükəsizlik zəmanətinin iqtisadi qəbzə (invoice) çevrilə biləcəyini öyrənməklə keçirdilər. Körfəz isə eyni dərsi müharibə şəraitində alır: əsas hava limanı atəş altındadır, arxalana biləcəyi NATO-ya bənzər komanda strukturu isə yoxdur. Səudiyyənin bu şəraitə qarşı təyin etdiyi siyasət isə bunlar oldu: riski bölüşdürmək, tərəfdaş toplamaq, Tehranla əlaqə kanalını açıq saxlamaq və Amerikadan alış-verişi davam etdirmək. Tutucu raketi az olan varlı bir dövlət üçün öz gücünə arxalanma budur.
Bunu ABŞ-dən tam müstəqillik kimi oxumaq səhv olardı. Məkkə paktı, regionun daxilində yazılmış təhlükəsizlik nizamının ilk cızma-qarasıdır və bunun da öz önəmi var. Amma bu cızma-qaralamanın daha böyül bir şeyə çevrilib-çevrilməyəcəyi Ərdoğanla Şərifin imzalarından çox Amerikanın istehsal xətlərindən və Trampın seçkidən sonraya saxladığı qərardan asılı olacaq.
Ər-Riyadın indi yol yoldaşları var. Amma hələ də dayağı yoxdur.