Xocalı əməliyyatı (Çanaqçı – Sığnax cəbhəsi) (2-ci hissə)

Xocalı əməliyyatı (Çanaqçı – Sığnax cəbhəsi) (2-ci hissə)

Birinci hissəni buradan oxuya bilərsiniz.


Çanaqçı döyüşləri

Xankəndidən 23 km məsafədə yerləşən Çanaqçı kəndinin sahəsi 2433,58 hektardır. Kəndin 1407,71 hektarını kənd təsərrüfatı, 894,91 hektarını meşə torpaqları təşkil edir (Ghahramanyan, 2015:35). Çanaqçı yaşayış məntəqəsi kimi 1720-ci ildə formalaşıb. Buranın Azərbaycan tarixində xüsusi rolu var. Qarabağ xanlığının formalaşmasından sonra Vərəndə məliki Şahnəzər digər 4 məliklərlə münasibətinin pozulmasından sonra Çanaqçıya sığınmışdı. Məhz burda baş verən döyüşdə Xaçın, Dizaq, Gülüstan və Çiləbörd məlikləri Şahnəzərə məğlub olmuşdu. Şahnəzərin Pənahəli xanla ittifaqı Qarabağ xanlığının digər 4 erməni məliklərinə nəzarətini asanlaşdırmışdı (Voskanyan, 2002:38). Çar Rusiyası dövründə Çanaqçı kəndi general Valerian Mədətovun doğulduğu ərazi kimi məşhur idi. 1826-1828-ci illərdə İranla baş verən müharibədə roluna görə Mədətova Çanaqçı kəndi, eləcə də Mədətkənd, Dəmirçilər, Qarabulaq kəndləri mülk kimi verilmişdi. Çanaqçı 1918-1920-ci illərdə Ermənistan və Azərbaycan arasında baş verən şiddətli döyüşlərin məkanına çevrilmişdi. 1920-ci ildə Sovet hakimiyyəti qurulduqdan sonra ərazi tamamilə Azərbaycanın nəzarətinə keçdi. Çanaqçı kəndi 1923-cü ildə qurulan Muxtar Vilayət Dağlıq Qarabağın (MVDQ) tərkibinə verildi. Kəndin adı Sovet dövründə dəyişdirilərək Leninakert adlandırıldı (Koçaryan, 1925:50). Qısa müddət sonra isə bu dəyişiklik ləğv edildi və kəndin köhnə adı ona geri qaytarıldı. 1988-ci ildə Çanaqçı kəndi Qarabağ hərəkatının əsas ideoloji mərkəzlərindən biri olub. Separatçıların Çanaqçıdakı lideri Artaşes Hovannesyan idi. 1988-1991-ci illərdə kənddə Hamlet Stepanyanın rəhbərliyi altında silahlı dəstə fəaliyyət göstərirdi (Balayan, 2020:49). Bu dəstə daha sonra Şuşanın işğal edilməsi ilə nəticələnən əməliyyatda iştirak etdi. Birinci Qarabağ müharibəsindən sonra regionda aparılan toponimlərin erməniləşdirilməsi prosesi Çanaqçıdan da yan keçmədi. Kəndin adı 1995-ci ildə Avetaranots adlandırıldı (Balayan, 2020:50). 2001-ci ildə Xocalı rayonunda yaradılan yeni kənd – Uxtasarın sakinləri Çanaqçıdan köçənlər təşkil edirdi. Ümumi 254 təsərrüfatın mövcud olduğu kənddə müharibə ərəfəsində 1121 nəfər yaşayırdı (Ghahramanyan, 2015:35).

İkinci Qarabağ müharibəsinin başlanmasından sonra Azərbaycan bölmələri iki həftəlik döyüşlərdən sonra Xocalı rayonu ərazisinə çatdılar. Azərbaycan Ordusuna müqavimət göstərmək üçün oktyabrın 10-da Moşxmaat-Çanaqçı hissəsində müdafiə dəstəsi formalaşdırılmışdı. Bu dəstəyə “Şahen Meqryan” batalyonunun lideri, Kəlbəcərin əvvəlki “icra başçısı” olmuş Roland Aydinyan rəhbərlik edirdi. Ümumi komandanlığı isə Vrej Bağdasaryan həyata keçirirdi. Təxminən 80 nəfərlik qrup kənd sakinlərindən təşkil olunmuşdu. Bu dəstə Çanaqçıdan Kirs dağına qədər ərazidə 5 döyüş postu formalaşdırdı. Eyni zamanda həmin əraziyə “DQR” Müdafiə Ordusu hərbçilərindən ibarət batalyon gətirildi. Lakin oktyabrın 17-də bu batalyon ərazidən çıxarılaraq Ağdərə cəbhəsində Arakəsər dağının geri alınması əməliyyatına göndərildi. Oktyabrın 21-də Vitali Balasanyan Çanaqçı kənd icra nümayəndəsi Sevak Bağdasaryana zəng edərək Azərbaycan Ordusuna məxsus zirehli texnikaların qarşısını almaq məqsədi ilə kəndə gedən bütün yolları ağaclarla bağlamağı əmr etdi. Həmin gün kənddəki dəstəyə daha 19 nəfər qoşuldu. Oktyabrın 23-də günortadan sonra 85 nəfərdən ibarət bu dəstənin üzvləri Çanaqçıdan Qarabulağa yola düşdü.

Həmin gün Qarabulaq kəndindəki məktəbdə “DQR” lideri Arayik Harutyunyan, Müdafiə Ordusu komandanı Cəlal Harutyunyan, “DQR” MTX rəisi Kamo Ağacanyanın iştirakı ilə müşavirə keçirildi. Görüşün məqsədi döyüşlərdə iştirak edən qüvvələrin koordinasiyası idi. Regiona Madagizdəki hərbi hissənin keçmiş komandiri Karen Matevosyanın rəhbərliyi altında iki qumbaraatan batareyası və “DQR” MTX-nin xüsusi təyinatlıları gətirildi. Əsas hücumu bu qüvvələr saxlamalı idi.

Oktyabrın 23-də Çanaqçı ilk dəfə bombalandı. Həmin gün Moşxmaat istiqamətindən Çanaqçıya hücum edən 22 nəfərlik Azərbaycan xüsusi təyinatlıları “Şahen Meqryan” batalyonu ilə döyüşə girdi. Roland Aydinyan xatırlayır: “Onların başı açıq idi, qara paltar geyinmişdilər və üzərlərində bronjilet var idi. Ermənicə danışa-danışa bizə yaxınlaşdılar. Lakin onlardan biri yaxınlıqdakı erməni əsgərin avtomatını əlindən almaq istəyəndə atışma başladı. Onların əksəriyyəti öldürüldü, digərləri isə meşələrdə gözdən itdilər.”[1] Oktyabrın 24-də Azərbaycan Ordusu böyük qüvvə ilə Çanaqçı istiqamətində hücuma keçdi. Erməni əsgərlərin mövqeləndiyi ərazilər bombardman edildikdən sonra 6 “pikap” və 1 “KAMAZ” markalı yük maşını 1 gün əvvəlki döyüş baş verən əraziyə hücuma keçdi. Erməni hərbçilər drondan istifadə edərək hücuma keçən qüvvələri görsə də müqavimət göstərmədən geri çəkildilər. Özbaşına geri çəkilən bölmə Çanaqçı kəndindəki əhalidən formalaşmış dəstə idi. Məhz burda Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyev Çanaqçıdakı qüvvələrə Şuşa şəhərini tutmaq əmrini verdi. Azərbaycan bölmələrinin Çanaqçı ətrafında manevr etməsi təkcə bu ərazidə deyil, ətrafdakı bütün bölgədə güclü panika formalaşdırdı. Bununla belə, Xocalının cənub hissəsində ən güclü qorunan kənd elə bura idi və ərazidə hələ də böyük qüvvə qalmışdı. Kənddəki müqaviməti qırmaq üçün oktyabrın 26-da ərazi aviasiya ilə bombalandı.[2] Zərbələr nəticəsində kənd sakini Gevork Hambartsumyan həlak oldu, Henrix Adamyan və Andrey Hambartsumyan yaralandı.

Həmin gün Azərbaycan xüsusi təyinatlıları və daxili qoşun bölmələrinin bir hissəsi cənub-qərb istiqamətdən Çanaqçı kəndinə yaxınlaşdı. Sığnaq istiqamətindən Çanaqçıya kömək gəlməməsi üçün Azərbaycan HHQ-nə məxsus dronlar havada nəzarəti ələ aldı. Oktyabrın 27-də Çanaqçı ilə Qarabulaq arasında əlaqəni qıran Azərbaycan bölmələri Çanaqçı-Sığnax yoluna yaxınlaşdı. Kənddəki bütün qüvvənin mühasirəyə alınması təhlükəsi olduğu üçün “Şahen Meqryan” batalyonu, “DQR” xüsusi təyinatlıları, Çanaqçı kəndinin ərazidə qalan sakinləri bölgəni minik maşınları ilə tərk etdilər. Lakin bu geri çəkilmə zamanı erməni bölmələri basqına məruz qaldılar. Kəndin ətrafında bir “Niva” avtomobili pusquya salınaraq vuruldu, içərisində olan erməni komandir və sürücü öldürüldü. Həmin döyüşdə baş əsgər Kamran Fərəcov həlak oldu, bir neçə nəfər isə yaralandı (“Əsgər” qəzeti, 01.12.2022:3).

Geri çəkilən erməni qüvvələri Çanaqçı-Sığnax yolundakı körpüdə mövqelənərək 8 nəfərdən ibarət qruplar yaratdılar. Lakin onlar da qısa müddət sonra hücumu dayandıra bilməyəcəyini yəqin etdikdən sonra dərələrə geri çəkildilər. Oktyabrın 27-də axşam saatlarında Azərbaycan hərbçiləri Çanaqçıya daxil oldular. Burada kəndi tərk etməyən 7 mülki vətəndaşdan biri Boris Bağdasaryan müqavimət göstərdiyi üçün öldürüldü. Əsir düşənlər arasında azərbaycanca danışa bilən Bakı ermənisi Valeri Poqosyan var idi. O, hadisəni belə xatırlayır: “Kəndin küçələrinin birində Boris Bağdasaryanın meyitini gördükdən sonra başa düşdüm ki, azərbaycanlılar artıq kəndə giriblər. Kənddə heç kimin qalmadığını anladığım üçün meşəyə qaçmaq qərarına gəldim. Kəndin sonuna 100-150 metr qalmışdı. Arxamda heç kimin olmadığına əmin olmaq üçün geriyə baxdım. Hər dəfə geriyə baxanda mənə doğru pulemyotu tuşlayan adam görürdüm. Öz-özümə bunun xəyal olduğuna inandırmağa çalışırdım. Kəndin qurtaracağına çatanda qarşıma bir neçə nəfər çıxdı, artıq qaçmağa yer yox idi. Onlara məni vurmalarını istədim. Azərbaycanlılar dedilər ki, qadınlara, qocalara, uşaqlara toxunmurlar.” Azərbaycan hərbçiləri həmin gün Valeri Poqosyandan başqa Maksim Qriqoryan, Karen Petrosyan, Sedrak Petrosyan, Areqa Şahgəldiyan və Eduard Şahgəldiyanı əsir götürdülər.[3] 

Azərbaycan Ordusunun Çanaqçını azad etməsinə baxmayaraq, kəndin qarşısındakı dərədəki ermənilər əks-hücum üçün əlverişli üstünlüyə malik idi. Oktyabrın 28-də Roland Aydinyanın bölməsi ilə Azərbaycan xüsusi təyinatlıları arasında Çanaqçı-Sığnax yolu üzərindəki amansız döyüş baş tutdu. Əməliyyat zamanı 1 “SandCat” və 1 yük maşını yolun kənarına aşdı. Erməni bölməsinin sol qrupu Azərbaycan xüsusi təyinatlılarını sıxışdırdı. İtkilər çox olduğu üçün Azərbaycan XTQ-si geri çəkildi. Azərbaycan bölmələri Çanaqçının Bostan adlanan hissəsini bazaya çevirmişdi. Onlar Çanaqçıdan taktiki geri çəkilərək düşmənin həmin əraziyə gəlməsini gözlədilər. Atəş mövqeyinə gəldikdən sonra erməni hərbçilərin ikisi vuruldu. Daha sonra xüsusi təyinatlılar frontal hücum yerinə meşə istiqamətindən dərədəki erməni bölmələrini mühasirəyə alma əməliyyatına başladılar. Çanaqçıya arxa cəbhədən əlavə qüvvələrin gəlməsindən sonra müqavimətin faydasız olduğunu görən Roland Aydinyanın qrupu Sığnax kəndinə doğru geri çəkildi. Bununla da intensiv döyüşlərdən sonra Çanaqçı tamamilə nəzarətə alındı. Kəndin Azərbaycan Ordusunun nəzarətində olması ilə bağlı ilk görüntü noyabrın 5-də yayımlandı. Bu kadrlardan 4 gün sonra Azərbaycan Prezidenti İlham Əliyev Çanaqçı kəndinin azad edildiyini elan etdi.


Sığnax döyüşləri

Xankəndidən 19 km aralıda yerləşən Sığnax kəndinin ümumi sahəsi 821,4 hektardır. Yaşayış məntəqəsinin 491,38 hektarını kənd təsərrüfatı, 261,43 hektarını isə meşə torpaqları təşkil edir (Ghahramanyan, 2015:89). Sığnax kəndi Qarabağın qədim kəndlərindən biridir. Kəndin adı azərbaycanca sıxmaq sözündən yaranıb (Ulubabyan, 2006:270). Bura yaşayış məntəqəsi kimi 14-cü əsrdə formalaşıb. Lakin ilkin qurulan ərazidəki kənd müharibələr nəticəsində dağıldığı üçün sakinlər 17-ci əsrdə hazırki yerdə yeni bir yaşayış məntəqəsinin əsasını qoydular (Balayan, 2020:139). 18-19-cu əsrlərdə regionda baş verən İran-Rusiya qarşıdurması zamanı Sığnax əhalisi Rusiya meylli idi. Bu səbəbdən 1826-cı ildə İran qoşunları kəndi ələ keçirərək yandırmışdı. Bölgə tamamilə Rusiyanın nəzarətinə keçdikdən sonra Sığnax kəndi mülk olaraq general Mədətova verildi. Bu dövrdə Sığnax əhalisinin bir qismi kəndi tərk edərək Zaqatalaya yerləşdi (Balayan, 2020:140). Çar Rusiyasının dağılmasından sonra Sığnaxda Dağlıq Qarabağ Milli Şurası (DQMŞ) tərkibində komitə formalaşdırılmışdı. 1918-1919-cu illərdə Azərbaycan və Ermənistan arasında baş verən döyüşlərdən sonra DQMŞ Azərbaycan tərkibində qalmağa razılaşdı. Bu ərazidə Sovet hakimiyyətinin qurulması ərəfəsində böyük üsyan baş vermişdi. Lakin Azərbaycan Qırmızı Ordusu XI Qızıl Ordu ilə birlikdə bu üsyanı yatızdırdı. Sığnax kəndi 1923-cü ildə Xaçın rayonuna daxil olan Krasnoselsk dairəsinin tərkibində Muxtar Vilayət Dağlıq Qarabağa daxil oldu (Koçaryan, 1925:50). Sovet dövründə burda əhalinin sayında ciddi artım baş vermədi. Sığnax kəndi Çanaqçının kölgəsində qaldı və iqtisadi olaraq ondan asılı vəziyyətə düşdü. İkinci Qarabağ müharibəsi ərəfəsində Sığnaxda 59 təsərrüfatda ümumi 292 nəfər yaşayırdı (Ghahramanyan, 2015:89). 

Sentyabrın 27-də başlayan müharibənin ilk günlərində Sığnaxda səfərbərlik elan edildi. Azərbaycan Ordusunun Hadruta daxil olmasından sonra Sığnax kəndində müdafiə dəstəsi formalaşdırıldı. Həmin dəstəyə kənd icra nümayəndəsi Yeqişe Qəhrəmanyan rəhbərlik edirdi. Oktyabrın 12-də Şuşaya irəliləməyin qarşısı almaq üçün Sığnaxdakı dəstə Laçının Köhnəkənd ərazisinə köçürüldü. Qarabağdakı erməni bölmələrinin bütün regionda müdafiə xətti quracaq insani resursu yoxdu. Azərbaycan xüsusi təyinatlıları hiss edilmədən dağlarda sızma əməliyyatı həyata keçirərək şimala doğru irəliləməyə başladılar. Oktyabrın 23-də Böyük Kirs dağından yan keçən azərbaycanlı xüsusi təyinatlılar Sığnax kəndinin cənubuna yaxınlaşdı. Bu səbəbdən Qəhrəmanyanın dəstəsi tez bir müddətdə Sığnax ətrafına geri çəkildi. Oktyabrın 25-də Qəhrəmanyan həmkəndlilərindən biri Spartak Hakobcanyanla birlikdə Moşxmaat kəndinə yola düşərək döyüş mövqelərini yoxladı. Vəziyyəti yerində görən kənd icma nümayəndəsi Sığnaxdakı əhalinin dərhal təxliyə edilməsini tapşırdı. Oktyabrın 26-da Azərbaycan xüsusi təyinatlıları meşə istiqamətindən Sığnaxı atəşə tutmağa başladı. 1 gün sonra Çanaqçıdakı erməni bölməsinin Sığnaxa geri çəkilməsi ilə ərazidəki müdafiə mövqeləri xeyli gücləndi. 45 nəfər kənd özünümüdafiə dəstəsi, Əsgəran müdafiə dairəsinin 25 hərbi qulluqçusu, 15 polis, 15 “DQR” MTX xüsusi təyinatlıları 12 post qurdular. Bundan başqa, onlara Hadrutdan, Gorusdan gələn könüllü dəstələr, “DQR” lideri Arayik Harutyunyanın şəxsi mühafizə qrupunun üzvləri yardım göstərirdi. Kəndin müdafiəsini gücləndirmək məqsədilə meşələrə mina basdırıldı, kəndin yüksəkliklərində snayperlər yerləşdirildi, zirehli texnikanın qarşısını almaq üçün isə Çanaqçı-Sığnaq yolu istiqamətində “AGS” tipli avtomatik qumbaraatanlar, tank əleyhinə “Faqot” raket kompleksi quraşdırıldı.

Azərbaycan xüsusi təyinatlıların mövqeləri əlverişsizdi. Oktyabrın 28-də saat 08:30 radələrində qərbdən meşə istiqamətində hücuma keçən Azərbaycan xüsusi təyinatlıların bir neçə nəfəri minaya düşdü, ərazinin snayperlərlə aktiv müşahidəsi həyata keçirildiyi üçün bölmə geri çəkildi. Saat 11:00-da Azərbaycan XTQ-si yenidən hücum təşkil etdi. Lakin bu həmlə dəf edildi. Kənddəki erməni hərbçilərdə hücumun qarşısının alınması təəssüratı yarandı. Saat 13:30-da Azərbaycan Ordusu tərəfindən bu dəfə daha güclü hücuma start verildi. Xüsusi təyinatlılar Sığnaxın şərq istiqamətində qəbiristanlıq tərəfdə əsas qüvvələri cəmləşdirmişdi. Bu qrup “DQR” xüsusi təyinatlılarının və kənd müdafiə dəstəsinin qoruduğu 4 postu ələ keçirib Kiçik Kirs (2346,4 metr) zirvəsinə gedən yolu kəsmək niyyətində idi. Şiddətli döyüş zamanı xüsusi təyinatlılar itkilər bahasına da olsa verilən tapşırığı yerinə yetirdi. Döyüş zamanı kənd dəstəsindən Spartak Hakobcanyan, Hamlet HayriyanQarnik Sərkisyan, Əsgəran hərbi hissəsindən çağırışçı Arman Qulyan, polis polkovnik-leytenantı Qaqik Petrosyan həlak oldu. Həmin döyüş zamanı eləcə də “DQR” xüsusi təyinatlıların 3 üzvü öldürüldü.

Kəndi iki hissəyə bölən Azərbaycan xüsusi təyinatlıları Sığnaxın qərbi boyunca irəliləməyə başladı. Burada isə onlarla kəndin içindəki erməni dəstəsi arasında güclü döyüş baş verdi. Saat 18:00-da kəndin qərbi tamamilə Azərbaycan bölmələrinin nəzarətinə keçdi. Onlar cənub-qərb tərəfdəki erməni postları ilə Kirsdəki bölmələrin əlaqəsini kəsdilər. Maddi-texniki təminat kəsildiyi üçün əsas erməni bölmələri kənddən çıxaraq Çaxmaq zirvəsinə (1211,3 metr) doğru geri çəkildilər. Bu zirvədən kəndin şərq hissəsinə tamamilə nəzarət etmək mümkün idi. “DQR” xüsusi təyinatlıları axşam kəndin qərbini ələ keçirmək üçün əks-hücuma başlasa da ağır itki verərək geri oturduruldu. Xüsusilə kəndin girişində şiddətli döyüşlər baş verdi. Oktyabrın 29-da səhərə qədər heç bir mövqe dəyişikliyi baş vermədi. Erməni hərbçilərin əlində gecə videomüşahidə cihazları var idi. Onlar Azərbaycan xüsusi təyinatlılarının əsas hissəsinin gecə ilə Daşaltı istiqamətində yerləşən 1553,3 yüksəkliyinə doğru hərəkətini müşahidə etdilər. Sığnaxda isə az sayda Azərbaycan XTQ-si qalmışdı. Onlarla kəndin şərqindəki erməniləri 60-70 metr məsafə ayırırdı.

Oktyabrın 29-da saat 06:00 radələrində Çaxmaq zirvəsindəki erməni hərbçiləri vəziyyətlə əlaqədar “DQR” lideri Arayik Harutyunyan və Müdafiə Ordusu komandanı Mikael Arzumanyana məlumat verdilər. Yeqişe Qəhrəmanyan xatırlayır: “Vəziyyətlə bağlı məlumat verdik, bizə yardım qüvvələri göndərildi. Qərara alındı ki, zirvədən geri çəkilib uyğun döyüş mövqeyi hazırlansın. Sığnaxın şimalında Şuşakəndə doğru bir təpə seçildi. Burada əvvəlcədən xəndəklər qazılmışdı. Biz Çaxmaqdan çəkilib gəlib həmin təpədə mövqeləndik. Yenicə avtomobildən düşmüşdük ki, üzərimizə “Smerç” kassetli bombaları atıldı. Atəş nəticəsində Varujan Arustamyan , Armen LalayanQriqor Qəhrəmanyan həlak oldu, 13 nəfər yaralandı.” Bu bombalama kadrlarını (1:50-1:58) oktyabrın 29-da axşam saatlarında Azərbaycan MN yayımladı. Həmin gün Sığnaxda dron zərbəsi nəticəsində “DQR” Fövqəladə Hallar Xidmətinin əməkdaşı Harutyun Atacanyan öldürüldü. Beləliklə, hava hakimiyyətini əldə saxlayan Azərbaycan qoşunlarına müqavimətin faydasız olduğunu görən Sığnax bölmələri Şuşakənd istiqamətində geri çəkildi. Geri çəkilən erməni bölmələri silah-sursatla dolu böyük bir bazanın Azərbaycan bölmələrinin əlinə keçməməsi üçün partlatdı.

Azərbaycan xüsusi təyinatlıları oktyabrın 30-da Çaxmaq zirvəsini ələ keçirərək Daşaltı istiqamətində hərəkət edən bölmələrin şərqdən təhlükəsizliyini təmin etdi. Verin Sıznek kəndinə hücum üçün əlverişli şərait yaransa da Sığnaxdakı bölmələr müharibənin sonuna kimi bu yaşayış məntəqəsinə həmlə həyata keçirmədi. Sığnaxın ələ keçirilməsi Şuşanın qapısının açılması demək idi. Ermənistan MN və “DQR” üzvləri mətbuatda yalan məlumatlar versə də Arayik Harutyunyan vəziyyətin kritikliyini nəzərə alaraq xalqa müraciət etmək qərarına gəldi: “Hörmətli həmvətənlər, bacılar və qardaşlar. Qarabağda, Ermənistan Respublikasında və diasporada yaşayan dostlarım. 1992-ci ildə zəfər yürüşümüz Şuşanın azad edilməsi ilə başladığı kimi, bu gün də qələbə yürüşümüz Şuşanın müdafiəsindən asılıdır. Düşmən Şuşadan maksimum beş kilometr məsafədədir. Onların əsas məqsədi Şuşanı tutmaqdır. Necə deyərlər, Şuşanı idarə edən Qarabağı da idarə edir. Mən istəyirəm ki, biz bunu dərk edək və Şuşanın müdafiəsində bilavasitə iştirak edək.” Sonrakı günlər Harutyunyanın müraciətinin müharibənin nəticəsinə heç bir təsirinin olmadığını göstərdi. Azərbaycan Prezidenti İlham Əliyev rəsmi olaraq 9 noyabrda Sığnaxın azad edildiyini elan etdi.

 

İtkilər

Azərbaycan Ordusu Xocalı əməliyyatı zamanı ən zəif müqavimətə Moşxmaat, Dəmirçilər kəndində, ən güclü müqavimətə isə Çanaqçı və Sığnaxda rast gəlmişdi. Daxili qoşunların mayoru Nemət Ağayev xatırlayır: “Sığnax uğrunda döyüşlər çox ağır keçdi. Sığnax strateji ərazi idi və orda hərəkət bizim üçün çox çətin idi. Biz kəndə girdikdən sonra xəritə əlimizə keçdi. Orda bizim hücum edə biləcəyimiz bütün istiqamətlər qeyd olunmuşdu.”

Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində ən yüksək rütbəli həkim itkisinə Çanaqçı kəndində məruz qaldı. Belə ki məhz burada baş vermiş döyüşlərdə tibb xidməti polkovnik-leytenantı Rasim Abdullayev həlak oldu. Oktyabrın 23-də Moşxmaat-Çanaqçı istiqamətindəki sızma əməliyyatı zamanı da atılan minaatan zərbələri nəticəsində Milli Ordunun 2 hərbçisi şəhid olmuş, 10-a yaxın hərbçi yaralanmışdı. Çanaqçı uğrunda gedən döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Əmrah Hüseynli və müddətdən artıq hərbi qulluqçu Ramazan Göydağlı həyatını itirdi. Sığnax uğrunda gedən döyüşlərdə isə 2 nəfər müddətdən artıq hərbi qulluqçu – Həsən CəlilovÜlvi Cəfərov həlak oldu. Xocalı əməliyyatında daxili qoşunların 12318 saylı hərbi hissəsinin elit bölməsi “Yarasa” xüsusi təyinatlıları iştirak etmişdi. Onların regionda itkiləri barədə məlumat yoxdur. Ümumilikdə İkinci Qarabağ müharibəsi zamanı bu dəstənin 9 üzvünün həlak olduğu, 35 nəfərin isə yaralandığı məlumdur (“Əsgər” qəzeti, 15.04.2022:2).

Erməni bölmələrinin Xocalı döyüşlərində minimum 40 nəfər itki verdiyi məlumdur. Azərbaycan xüsusi təyinatlılarının açıq döyüşə girmədən birbaşa döyüş mövqelərinin arxasına həmləsi ümumi əməliyyatlarda hərbi itkilərin sayını azaltdı. Hər kənddəki döyüşlərdə tətbiq edilən bu taktika nəticəsində yarımmühasirəyə düşən erməni bölmələri geri çəkilməklə canlarını qurtardı. Yeganə frontal hücum Çanaqçı-Sığnax arasındakı dərədə baş verdi ki, burada da erməni bölmələri ciddi müqavimət göstərə bildilər. Ümumilikdə ermənilərin ən çox itki verdiyi yaşayış məntəqəsi Sığnax oldu. Müharibədən sonra regionda erməni hərbçilərinin qalıqlarına rast gəlindi. 2021-ci ilin aprelin 1-də aparılan axtarışda Çanaqçı kəndində 1, Sığnax ərazisində isə 11 nəfərin cəsədinə rast gəlinmişdi.[4] 

 

Nəticə

Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsi zamanı Xocalı rayonunun 56,8 kvadrat kilometr ərazisinə nəzarəti ələ keçirdi. Bu, Xocalı rayonunun 6 faizi deməkdi. Müharibədən sonra digər regionlardan fərqli bu ərazidə hər hansı quruculuq işləri görülmədi. Bura hərbçilərin nəzarətində olan bir bölgə kimi nəzərdə tutuldu. Ərazidə 2021-ci ilin iyulunda yeni hərbi hissə açıldı. Xocavənddən fərqli olaraq Xocalı rayonunun strukturları regiona köçürülmədi. Xocalı rayonunun bu sektoru Şuşa istiqamətində yolun çəkilməsi baxımından əhəmiyyətli idi. Əhmədbəyli-Füzuli-Şuşa və Zəfər yolu Xocalının Sığnax ərazisindən keçirdi. Yolun çəkilməsi zamanı, iddialara görə, kənddə erməni qəbristanlığının dağıdılması erməni ictimaiyyəti tərəfindən geniş formada işıqlandırıldı. Sığnaxda tikinti işlərini Türkiyənin “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkəti həyata keçirir. Ərazidə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yanaşı portreti qoyulub.

Erməni tərəfi isə müharibədən sonra Xocalının Daşbulaq kəndi ərazisində Moşxmaat, Mədətkənd, Dəmirçilər, Sığnaxdan olan qaçqınlar üçün 210 evdən ibarət yeni yaşayış kvartalının tikilməsinə başladı. Tikinti işlərini Rusiyaya məxsus “Qrand Alyans” və Arman Hakobcanyanın rəhbərlik etdiyi “Kapavor” şirkəti həyata keçirdi. 2022-ci ildə tikilən yeni yaşayış məntəqəsinin demək olar ki, yarısının tikintisi yekunlaşdı. Çanaqçı əhalisi üçün isə Xocalı rayonunun digər yaşayış məntəqələrində yeni evlər tikildi. Bu kəndin əhalisi müharibədən sonra əsasən Əsgəran şəhərində məskunlaşmışdı. 2021-ci ilin fevralın 19-da Xocalının Azərbaycan nəzarətində qalmış kəndlərin sakinləri ilə görüşən “DQR” lideri Arayik Harutyunyan ərazinin geri qaytarılmasının “hakimiyyətin” siyasi gündəmində qaldığı bildirmişdi. Dağlıq Qarabağ erməniləri de-fakto bu ərazilərə iddiasını davam etdirir.

 

İstifadə edilən ədəbiyyat

Balayan, V. (2020) Glimpses on the history of the Artsakh republic settlements. Zangak.

http://www.historyofarmenia-am.armin.am/images/menus/2767/Balayan1.pdf

Ghahramanyan, H. (2015). Directory of socio-economic characteristics of the administrative territorial units of the Nagorno Karabakh Republic.

https://artsakhlib.am/wp-content/uploads/2018/06/Ghahramanyan-Hakob-NKR-teghekatu.pdf

Восканян, С. С. (2002). Очерк истории армяно-азербайджанских этнополитических отношений. Изд-во ВолГУ

Кочарян, Г. А. (1925). Нагорный Карабах. Общество обследования и изучения Азербайджана. Баку

Улубабян, Б. А. (2006). Беседы об армянской истории.


[1] Aydinyanın söylədiklərinə əsasən bu xüsusi təyinatlıların DİN tərkibindəki “Yarasa” bölüyünə məxsus olduğunu qeyd etmək olar.

[2] Azərbaycan MN həmin məlumatı təkzib etmişdi.

[3] Onlardan biri – Eduard Şahgəldiyan əsirlikdə həyatını itirdi. Digərləri isə 48 gündən sonra Ermənistana təhvil verildi.

[4] Hadrut və Cəbrayılla birlikdə