Rus – Yapon ərazi münaqişələri: Kuril və Saxalin adaları
Yaponların Şimal əraziləri adlandırdıqları və Moskva tabeliyində olan Kuril arxipelaqına aid 4 kiçik ada uğrunda 80 ildir davam edən fasiləsiz mübarizə iki ölkənin diplomatik münasibətlərinə tarix boyu mənfi təsir etmişdir. Yaponiya, ABŞ və Avropa İttifaqı Hokkaydo adasının şimalından başlayaraq Rusiyanın Kamçatka yarımadasına doğru uzanan Kuril adalarının 1945-ci ildə SSRİ tərəfindən işğal edilməsi faktını müdafiə edir. Sözügedən adaların yekun statusuna dair tərəflərin razılığa gələ bilməməsi ucbatından Rusiya ilə Yaponiya arasında İkinci Dünya müharibəsinin bitməsinə dair hər hansı bir rəsmi müqavilə imzalanmayıb. Cari ilin fevral ayından bəri davam edən Rus-Ukrayna müharibəsinə görə rəsmi Tokionun Rusiyaya qarşı iqtisadi sanksiya tətbiq etməsi, eyni zamanda Gündoğar ölkə rəhbərliyinin adalarla bağlı gözlənilmədən sərt ritorika ilə çıxış etməsi, Moskvanı 80 ildir davam edən sülh danışıqları prosesindən uzaqlaşdırmışdır ki, bu da mövcud vəziyyətin daha da xaotik hal almasına səbəb olmuşdur.
Tarixə nəzər salsaq, XIX əsrdə Uzaq Şərqdə ekspansiya siyasəti yürüdən Çar Rusiyasının 250 illik dünyadan təcrid siyasətinə son qoyaraq şimal istiqamətində genişləyən Tokuqava Yaponiyası ilə ilk qarşılaşması məhz Kuril adalarında baş verib. Hər iki imperiyanın Uzaq Şərqdə eyni vaxtda kolonizasiya siyasətinə başlaması bu toqquşmanı qaçınılmaz etmişdir. Dövrün iki imperiyası arasında 1855-ci ildə Şimoda müqaviləsi bağlanmış və dövlətlərarası razılığa görə Kuril arxipelaqının şimalında yerləşən adalar rusların, cənubundakılar isə yaponların himayəsinə keçmişdir. İki dövlət arasında ilk diplomatik sənəd olan 9 maddədən ibarət bu müqaviləyə əsasən, imperiyalar arasında bir digər mübahisə predmeti olan Saxalin adası isə hərbiləşdirilməmiş zona olaraq qəbul edilmiş, lakin adanın yekun statusu ilə bağlı qərar verilməmişdir. Hər iki tərəf Saxalin adasının kolonizasiyasına böyük səylər göstərməyə davam etmişdir. Müştərək ərazi hesab edilən Saxalin adasıyla bağlı məsələnin tam həllini tapması Şimoda müqaviləsindən yalnızca 20 il sonra mümkün olacaqdı. Beləliklə, 1875-ci ildə imzalanmış və ərazi mübadiləsinə dair ikinci rəsmi sənəd olan Sankt-Peterburq müqaviləsində Kuril arxipelaqının tamamilə Yaponiyanın tərkibinə verilməsi, bütün Saxalin adasının isə Rusiyanın suverenliyində qalmasına yekdilliklə qərar verilmişdir. Qeyd edilən adaların hüquqi statusunu təyin etmək baxımından olduqca əhəmiyyətli olan bu müqavilənin də ömrü uzun olmayacaqdı.
Müstəmləkəçilik ambisiyaları günbəgün artan Yaponiya və Rusiya imperiyalarının növbəti toqquşması XX əsrin əvvəllərində olacaqdı. Belə ki, hərbi və kommersiya maraqlarından ötrü Sakit okeanda buz bağlamayan limanlara çıxış əldə etmək istəyən Çar imperiyası cənuba – isti dənizlərə doğru XIX əsrin sonlarından etibarən irəliləməyə başlamışdı. Mancuriya (Çinin şimal-şərq əraziləri) və Koreya yarımadası istiqamətində hərəkətə keçən rus ordusu, Çin imperiyasının Boxay dənizində yerləşən Port-Artur limanını 1898-ci ildə Pavlov razılaşmasına əsasında ələ keçirməyə müvəffəq olur. Çinin Lyaodun yarımadasında yerləşən bu liman hər mövsümdə istifadəyə yararlı olduğundan Peterburq hakimiyyəti üçün kritik əhəmiyyətə sahib idi. Eyni istiqamətdə irəliləməyə çalışan və Koreya yarımadasını uzun illərdən bəri ilhaq etmək istəyən yaponların ruslarla növbəti toqquşması da 1904-cü ildə məhz Port-Artur hərbi dəniz bazasında baş tutacaqdı. (Port-Artur uğrunda baş verən döyüşlərdə Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov və Hüseyn xan Naxçıvanski kimi Azərbaycan əsilli generalların da ön cəbhədə yapon əsgərlərinə qarşı vuruşmaları bu müharibənin Azərbaycan tarixçiliyində də önəmini artıran amillərdəndir. Hətta, General Əliağa Şıxlinski Port-Artur qalasının müdafiəsi zamanı xüsusi şücaət göstərdiyinə görə Çar tərəfindən "Qızıl qılınc"la mükafatlandırılmışdır.)
Mancuriyanın ruslarda qalmasına razılıq verən yaponlar, bunun müqabilində Koreya yarımadasına bütünlüklə hakim olmaq istəyirdi, lakin ruslar bununla razılaşmayaraq yarımadanın iki hissəyə bölünməsinin (39-cu paralel xətti nəzərə alınmaqla Koreya yarımadasının bölüşdürülməsi baş tutmalı idi) və şimal hissəsinin Çarlığa, cənub hissəsinin isə Yaponiyaya birləşməsi təklifi ilə çıxış edirlər. Rusların şərtləri ilə razılaşmayan Tokuqava hökuməti müharibəyə başlayaraq düşmənin Port-Artur limanındakı Sakit okean donanmasına hücum edir. 18 ay davam edən Rus-Yapon müharibəsi (1904-1905) yaponların qəti qələbəsi ilə bitir və tərəflər arasında imzalanan Portsmut müqaviləsinə əsasən, Saxalin adasının cənub hissəsi Gündoğar ölkəyə verilir. Beləcə, Sankt-Peterburq Müqaviləsinə (1875) görə Kuril adalarını əldə etmiş Yaponiya, Portsmouth müqaviləsi (1905) nəticəsində də Saxalin adasının cənub hissəsinə yiyələnmiş olur. Bundan başqa, Port-Arturun yerləşdiyi Çinin Lyaodun yarımadasının da icarə hüququ ruslardan alınaraq yaponlara verilir. Müharibədən dərhal sonra Tokio hakimiyyəti minlərlərlə yapon vətəndaşını da Saxalin adasına köçürərək buradakı dayaqlarını möhkəmləndirməyə çalışır. Beləliklə, İkinci Dünya müharibəsinin sonuna qədər Saxalin adasının cənub hissəsi, o cümlədən Kuril arxipelağı tamamilə Yaponiyanın hegemonluğu altında qalır.
Adalarla bağlı vəziyyətin daha da mürəkkəb hal aldığı dövr İkinci Dünya müharibəsinin son illərinə təsadüf edir. 1941-ci ildə SSRİ ilə Yaponiya arasında bir-birinə hücum etməməyə dair 5 illik neytrallıq (tərəfsizlik) paktı imzalansa da, 1945-ci ildə SSRİ rəhbərliyi Yalta konfransında əldə edilmiş razılığa əsasən, Kuril adalarını geri almaq müqabilində Yaponiyaya qarşı müharibə elan edir. ABŞ prezidenti Franklin Ruzveltin təkidiylə İosif Stalin Sakit okean cəbhəsindəki hərbi əməliyyatlara qoşulmağa razılıq verir. Tərəfsizlik paktının şərtlərini pozaraq İkinci Dünya müharibəsinin son günlərində Yaponiyaya qarşı hücuma keçən Sovet ordusu bütün Saxalin adasını və ardınca Kuril arxipelaqını ələ keçirir. Moskvanın nəzarətinə keçən adaların yapon sakinləri deportasiya edilir və onların yerinə minlərlə rus və ukraynalı ailələr köçürülür. 1951-ci ildə San-Fransiskoda 52 dövlətin iştirakı ilə imzalanmış sülh müqaviləsinə görə də, Yaponiya Kuril və Saxalin adaları daxil bir sıra ərazilərdən imtina etməyə məcbur edilir. Adalara qarşı iddialarından əl çəkdirilməsinə baxmayaraq, rəsmi Tokio Kuril adaları üzərindəki legitimliyini Şimoda (1855) və Sankt-Peterburq (1875) müqavilələrinə bağlayaraq, bu ərazilərin Rusiya imperiyası ilə qarşılıqlı anlaşma yoluyla Yaponiyaya təhvil verildiyi faktını müdafiə etməkdədir.
1956-ci ildə Nikita Xruşşov rəhbərliyindəki Sovet hakimiyyəti yaponların iddia etdiyi 4 adadan ikisini (ən kiçiklərini) - Habomay və Şikotan adalarının Yaponiyaya təhvil verilməsi müqabilində Tokionun yerdə qalan adalardan imtina etməsi və sülh müqaviləsi bağlaması təklifi ilə çıxış etsə də, tərəflər arasında razılığın əldə edilməsi heç vaxt mümkün olmamışdır. SSRİ-nin varisi Rusiya Federasiyası da 70 il öncə sələfinin ortaya atdığı şərtlər çərçivəsində təkliflərini irəli sürməyə davam etmişdir, lakin rəsmi Tokio digər böyük adalara olan iddiasını davam etdirir.
Rusiyanın Ukraynanı işğala başlaması əlbəttə ki, rəsmi Tokionun narahatlığına səbəb olmaya bilməzdi. Moskvanın Şərqi Avropada həyata keçirəcəyi uğurlu hərbi əməliyyatlardan sonra diqqətini Uzaq Şərqə yönəldə biləcəyi, əsasən də, ABŞ müttəfiqləri ilə əhatə olunmuş mübahisəli adaların taleyini birdəfəlik həll edəcəyi ehtimalını artırır (dəniz marşrutlarının təhlükəsizliyini təmin etməkdən ötrü mübahisəli adalar ətrafında bufer zonanın yaradılması və s.). 80 ildir ki, Rusiyanın idarəçiliyində olan Kuril adaları hələ də Gündoğar ölkə rəhbərliyi tərəfindən ölkənin ayrılmaz hissəsi hesab edilir.
Moskva üçün böyük strateji əhəmiyyətə malik Kuril adaları Rusiyanın Vladivostok hərbi dəniz bazasında yerləşən donanmasının Sakit okeana çıxış qapısı hesab edilir. Ələxsus, Kuril arxipelağının ən cənubunda yerləşən 4 adanın ətrafından keçən nəqliyyat dəhlizləri qış aylarında belə donmadığı üçün xüsusi önəm daşıyır. Bu adalara nəzarət əldən çıxacağı halda, Rus donanması ABŞ hərbi bazalarının mövcud olduğu Yapon və Cənubi Koreyaya aid dəniz yollarından istifadə edərək Sakit okeana çıxmalı olacaq. Bundan savayı, mübahisəli adalar qrupunun dünyanın ən böyük neft ehtiyatlarından birinə malik Saxalin adasının yaxınlığında yerləşməsi onların da zəngin təbii resurslara sahib ola biləcəkləri ehtimalını artırır. Dəfələrlə əl dəyişmiş Kuril adalarının son illərdə sürətlə silahlandırılması və yuxarıda sadalanan faktorları nəzərə aldıqda mövcud vəziyyətin aktuallığını uzun perspektivdə qoruyacağını güman etmək olar. Görünən odur ki, geostrateji əhəmiyyətindən və ehtimal edilən karbohidrogen ehtiyatlarından ötrü sözügedən adalar yaxın gələcəkdə də beynəlxalq arenada dövlətlərarası münaqişə mənbəyi olmağa davam edəcək.