“DQR”-in su və enerji siyasətində keçmiş DQMV ətrafı rayonların rolu

“DQR”-in su və enerji siyasətində keçmiş DQMV ətrafı rayonların rolu

1994-cü ildə Qarabağda müharibə bitdikdən sonra həm Azərbaycan, həm də Ermənistan ağır iqtisadi böhranda idi. Bu böhran Dağlıq Qarabağda xüsusilə ağır hiss edilirdi. Qarabağdakı erməni rəhbərliyi ərazinin risk zonası olduğunu başa düşürdü, bu səbəblə investorları bura cəlb etmək üçün gəlir vergisi 7 faizdən 5 faizə, ƏDV-ni 20 faizdən 14 faizə, mənfəət vergisinin 10 faizdən 5 faizə endirilməsini tədbirlər paketi hazırlamışdı. 2000-ci ildə “DQR” iqtisadiyyatına qoyulan investisiya 5 milyon dollara yaxın idi və bu investorların demək olar ki, hamısını ABŞ və İsveçrədən olan ermənilər təşkil edirdi. Həmin il “DQR” elektrik enerjisinin 60 faizini Ermənistandan idxal etmişdi. Bu dövrə qədər “DQR” faktiki olaraq xarici ianələr hesabına yaşayırdı. 2000-2002-ci illərdə ABŞ Konqresi “DQR”-ə 10 milyon dollar ayırmışdı ki, bu da ikincinin büdcəsinin az qala yarısını təşkil edirdi. Bu dövrə qədər ərazidəki ən böyük infrastruktur layihəsi erməni diasporunun maliyyəsi ilə 1998-ci ildə tikilmiş 15 milyon dollarlıq Gorus-Laçın-Xankəndi yolu idi.

Qarabağ ermənilərinin, eləcə də Ermənistanın 2000-ci ilə qədər intensiv danışıqlar aparıldığı üçün ətraf rayonlarla bağlı hansısa planları yoxdu. Ancaq danışıqların erməni tərəfi üçün istənilən effekti verməməsi ilə ətraf rayonlara baxış bucağı dəyişdi.  Bu dövrdən etibarən, “DQR” rəhbərliyi xüsusilə Kəlbəcərdəki su resurslarından istifadə edərək öz enerji ehtiyatını artırmağa başladı. Təsadüfi deyil ki, 2000-ci ildə “DQR”-in iqtisadiyyat naziri Arnold Abrahamyan Azərbaycana gələcəkdə su satacaqlarını qeyd edirdi.[1] Su resurslarından enerji və siyasi təzyiq formasında istifadə üçün əsas ərazi Kəlbəcər və Laçının şimalı seçildi. 2009-2017-ci illərdə Dağlıq Qarabağ ətrafı ərazilərdə ümumi gücü 56,4 MVt olan 15 kiçik su elektrik stansiyası (KSES) tikilir. Kəlbəcər rayonundakı ən böyük su elektrik stansiyası İstisu qəsəbəsində yerləşən və gücü  10,3 MVt olan Cermacur SES idi. Bu stansiya Ermənistanın keçmiş baş naziri Karen Karapetyanın qardaşı oğlu Vram Karapetyanın “Vizavt” şirkətinə məxsus idi və bu şirkətə stansiyanın istismarı üçün 2027-ci ilə qədər lisenziya verilmişdi. 2017-ci ildə tamamlanan stansiyanın açılışında “DQR” lideri Bako Saakyan da iştirak etmişdi. Kəlbəcərdəki bir digər stansiya isə Çəpni kəndi yaxınlığında tikilən, 7,5 MVt gücü olan “NK-1” KSES idi. Bu stansiya “Artsax SES” şirkəti tərəfindən tikilmişdi.[2] Şirkət bu stansiyadan başqa, Kəlbəcərdə daha 7 KSES-in sahibi idi. Bu şirkətin səhmdarları 17,2 % payı olan “Multicontinental Distribution Limited” və 37,6 %  həcmində payı olan “Energoinvest MMC” şirkəti idi. Hər iki şirkət dolayı yolla erməni əsilli isveçrəli biznesmen Vartan Sirmakesə məxsus idi.  Bundan başqa, Kəlbəcərin Qamışlı və Nadirxanlı kəndində gücü 4,1 MVt olan “NK-2” KSES-i tikilirdi. Bu stansiyanın səhmdarı isə “Tərtər Enerji MMC” idi.

Kəlbəcərdə çox kiçik KSES-lər də mövcuddu. Bunlara Kəlbəcərin Zar kəndində Qaraağac çayı üzərində olan və “River Energy” şirkətinə məxsus KSES-i, Kəlbəcərin Qamışlı kəndində yerləşən Meydançay üzərində olan və “Megaton” şirkətinə məxsus KSES-i, Kəlbəcərin Nadirxanlı kəndində yerləşən və “Limeston” şirkətinə məxsus KSES-i misal göstərmək olar. Müharibə ərəfəsində isə Zar kəndi ətrafında gücü 4,9 MVt olan, Nadirxanlı və Qılınclı kəndləri arasında gücü 4,6 MVt (Getaşen SES) olan, Qamışlı kəndində isə gücü 2,4 Mvt (Mrav SES) olan yeni KSES tikilirdi.  Laçındakı ən böyük su elektrik stansiyası isə Ağoğlan çayı üzərində tikilən və gücü 11,2 MVt olan Kaytsağbyur-2 SES-i idi. Ən çox KSES Həkəri çayının qolu Ağoğlan çayında tikilmişdi. Burda 9 stansiya fəaliyyət göstərirdi, 2 stansiya isə tikilməkdə idi.[3] Bundan başqa, 2017-ci ildə Laçının Bozlu və Hüsülü kəndlərində gücü 4,7 MVt olan kiçik su elektrik stansiyaları kaskadının layihəsi təsdiqlənmişdi. Ümumilikdə, “DQR”-in 2020-ci ilin sentyabr ayına qədər mövcud olan 31 su elektrik stansiyasından 16-sı Qubadlı, Laçın və Zəngilanda, 14-ü isə Kəlbəcər rayonunda yerləşirdi. Onlardan 16-sı müharibə ərəfəsində tikilməkdə idi.

Kəlbəcərdə çox sayda SES-in tikilməsi bu rayondakı ekoloji vəziyyətə də ciddi mənfi təsir göstərirdi. Vəziyyət elə bir həddə çatmışdı ki, Kəlbəcər sakini Aleksandr Kananyan stansiyaların tikintisinə etiraz olaraq aclıq aksiyası keçirmişdi. Kananyan vəziyyəti belə təsvir edir: “Son dörd ildir ki, mən bütün platformalardan daim problem haqqında danışıram, lakin vəziyyət daim pisləşir. Hakimiyyətdə olan kriminal oliqarxiya bütün Qarabağa, bütün Ermənistana, daha da az məskunlaşan Kəlbəcərə bir növ xammal kimi baxır. Qubadlı və Laçında dəhşətli vəziyyət yaranıb. Laçındakı üç əsas çaydan ikisi artıq yoxdur. İnsanlar bağlarından məhrum olub, inəklər SES-lər olan hissələrdən keçib otlağa gedə bilmir, arılar həmişə olduğundan 5 dəfə az bal verməyə başlayıb. SES-lərin fəaliyyəti orada hər hansı bir inkişafın qarşısını almaq üçün əlindən gələni edir. Cinayətkar oliqarxiya tənəzzülə uğramış siyasət yürüdür, onların nə kənd təsərrüfatı, nə də məskunlaşma haqqında ümumiyyətlə təsəvvürləri yoxdur.” Kananyana daha sonra Kəlbəcərdəki erməni məktəbliləri dərsə girməyərək dəstək verir. Aclıq aksiyasına Xankəndi ermənisi Mqer Poğosyan da qoşulur. “DQR” rəhbərliyinin “kiçik su elektrik stansiyalarının ətraf mühitə təsirinin öyrənilməsi üzrə komissiya yaratmasından sonra Kananyan aclıq aksiyasını bitirir.

Kəlbəcərdə olduğu kimi Laçın, Qubadlı ərazisində də bu formada kiçik stansiyalar tikilirdi.  “Kontinent” (Continent) şirkəti Laçınının Hoçaz kəndində “Hoçants-2” KSES, “Hakari ” şirkəti Həkəri çayı üzərində “Hagari-2” KSES, “Izotop Delta” şirkəti Laçının Zabux kəndində gücü 2,55 MVt olan “Sünik-1” DRES, “Proton” şirkəti Laçın rayonunda “Sünik-2” KSES, “Alfamag” şirkəti Laçın rayonunda “Sünik-3” KSES, “Netrino” şirkəti Laçın rayonunda “Sünik-4” KSES , “Vikinq” şirkəti Bərgüşadçay üzərində gücü 1,7 MVt olan “Vikinq-1” KSES, “Himnakar” şirkəti Ağoğlan çayında “Berdik” DRES, “Tzovinar Alek” şirkəti isə “Akunk” KSES layihəsini maliyyələşdirmişdi. Ümumilikdə, bu ərazilərdə su resurslarının tam istifadəsi üçün müxtəlif layihələr hazırlanırdı. 2015-ci ildə isə Vartan Sirmakesin maliyyə və “DQR”-in dövlət dəstəyi ilə Həkəri və Ağoğlan çayının birləşdiyi ərazidə böyük su anbarının tikilməsi planlaşdırılır. Bu ərazidə eyni zamanda 2 su elektrik stansiyasının tikilməsi nəzərdə tutulmuşdu. Su anbarının əsas məqsədi DQMV ətrafında məskunlaşma siyasətinin davamı olaraq burada kənd təsərrüfatı sahələrinin genişləndirilməsi üçün münbit şərait yaratmaqdan ibarət idi. 2018-ci ilə qədər “DQR” elektrik enerjisi ilə özünü tam təmin edirdi və hətta həmin dövrdən etibarən əldə edilən enerjinin bir hissəsini Ermənistana ixrac etməyə başlamışdı.

Su elektrik stansiyalarının tikilməsi həm də erməni tərəfinin bu ərazilər üzərində nəzarəti möhkəmləndirmək niyyətini nümayiş etdirirdi. 2012-ci ildə “Daşnaksütyun” partiyasının nümayəndəsi Kiro Manoyan Laçın rayonunda “Sünik-2” KSES-in açılışında verdiyi bəyanatda qeyd edirdi: “Bu stansiyalar siyasi məsələdir. Bu layihələr buradakı insanlara diasporanın, dövlətin onların arxasında durmasının göstəricisidir. Yəni, Qarabağ hakimiyyəti zəmanət verir ki, bu ərazilər bizimdir və belə də qalacaq. İnsanlar burada yaşayırlar və yaşayacaqlar.” “DQR” rəhbərliyi eyni zamanda Araz çayı üzərində İran və Azərbaycanın ortaq olaraq tikdiyi “Qız qalası” və “Xudafərin” su elektrik stansiyalarına da iddia edirdi. Azərbaycan sektoru işğal edildiyi üçün burdakı tikintiləri İran rəhbərliyi aparırdı və müqaviləyə görə 2024-cü ildə bitəcək layihədən istehsal olunan enerji yarıya bölünəcəkdi. Ermənilər su məsələsinin Azərbaycan üçün də əhəmiyyətli olduğunu hesab edirdi. Belə ki, müharibə gedən ərəfədə erməni hərbi analitik “Komsomolskaya Pravda” qəzetinə verdiyi müsahibəsində müharibənin başlanma səbəbinin su olduğuna iddia edirdi: “Ən şiddətli döyüşlərin harada getdiyinə diqqət yetirin. Şimalda Əliyev Talış və Madagiz məntəqələrinin tutulduğunu elan edib. Sərsəng su anbarı da bu ərazidədir. Eyni zamanda cənub istiqamətində də döyüşlər su resursları olan yerdə gedir. Beləliklə, hazırkı münaqişənin məqsədlərindən biri su ehtiyatlarına nəzarətdir. Bir Kür çayı 10 milyonluq Azərbaycanın ehtiyacına bəs etmir.”

Su resursları məsələsi müharibədən sonra da erməni ictimaiyyətində geniş müzakirə edildi. “DQR”-in iqtisadiyyat və kənd təsərrüfatı naziri Armen Tovmasyan qeyd edir: “Müharibədən əvvəl nəzarətimizdə olan 36 su elektrik stansiyasından indi yalnız altısına[4] nəzarət edirik , su elektrik stansiyalarının gücü isə 191 meqavatdan 79 meqavata düşüb. Həqiqətən də onlar iqtisadi üstünlük əldə etdilər, biz isə onu itirdik. Hazırda biz müharibədən əvvəl olduğu kimi özümüzü elektrik enerjisi ilə təmin edə bilmirik. Kəsr Ermənistandan elektrik enerjisi idxalı hesabına ödənilir”. “DQR”-in XİN başçısı David Babayan müharibədən sonrakı çıxışında bunları deyir: “Biz müharibədən sonra Tərtər və Xaçınçayın mənbələri üzərində nəzarəti itirmişik. Müharibədən əvvəl bu çaylar rayonun suya olan tələbatının 80%-ni, hazırda isə 98%-ni təmin edir. Biz təkcə Qarabağda yox, Ermənistanda da su təhlükəsizliyimizi itirmişik. Kəlbəcər rayonunun sərhədində Arpa və Bazarçayın mənbəyinin başladığı ərazilərə hazırda Azərbaycan nəzarət edir. Bu hissəni heç bir halda onlara verməməliydik”.[5]  

Su problemi 2021-ci ildə mərkəz Xankəndi şəhərində hiss olunurdu. Avqust ayında su problemi xüsusilə kritik vəziyyətə çatır. Həmin günlərdə Xankəndi şəhərinin mer müavini Ruben Abramyan verdiyi müsahibəsində qeyd edirdi: “Sentyabrın ortalarına kimi şəhər sakinləri hələ də su çatışmazlığı səbəbindən müəyyən narahatlıq yaşayacaqlar. Bu gün şəhərin yalnız 70%-i gecə-gündüz içməli su ilə təmin olunur ki, bu da əsasən dərin artezian quyularının hesabınadır. Bəzi ərazilərdə isə 10 günə yaxındır ki, kranlardan bir damcı belə su axmır. Bu problemin isə azərbaycanlılarla əlaqəsi yoxdur. Paytaxtın su təchizatı həmişə üç çay vasitəsi ilə təmin edilib və onlar quruduğu üçün indi belə problem yaşayırıq.” Su problemi təkcə Xankəndidə yox, Xocavənd rayonunun Tağaverd və Qırmızı Bazar məntəqələrində də hiss edilirdi. Ərazidə su probleminin kritik vəziyyətdə olması səbəbi ilə Rusiya sülhməramlıları təkcə avqustun 18-i və 19-da 200-ə yaxın ailəyə 15 ton su çatdırmışdı. Müharibədən sonra böyük su problemi yaşayan Qarabağ erməniləri keçmiş Əsgəran rayonuna daxil olan Badara kəndində 30 milyon dollarlıq su anbarı layihəsinin tikintisinə başlayıblar. Hazırda bu layihə davam edir. Bu layihələrə baxmayaraq, gələcəkdə  Kəlbəcərdə əhalinin məskunlaşması ilə Tərtər çayı hövzəsinin istifadəsi xüsusən də Qarabağ ermənilərinin yaşadığı ərazidə su problemini dərinləşdirə bilər. Su hövzələrinin itirilməsi eyni zamanda Qarabağda ciddi enerji böhranını formalaşdırdı. Hazırda “DQR”-in nəzarətində olan ərazilərdə əsas enerji mənbəyi kimi 50 MVt gücü olan “Sərsəng SES” qalıb. Lakin bu SES hazırda bütün Qarabağı enerji ilə təmin edə bilmir. “DQR-in ombudsmanı Geğam Stepanyan jurnalistlərlə görüşəndə elektrik enerjisi ilə bağlı fasilələri belə izah edir: “Elektrik enerjisinin tez-tez kəsilməsi əsasən onunla əlaqədardır ki, bu gün biz əsasən Sərsəng su anbarının yaxınlığında tikilmiş su elektrik stansiyasından elektrik enerjisi ilə təmin olunuruq, onun gücü bütün ərazini elektrik enerjisi ilə təmin etmək üçün kifayət etməyəcək. Buna görə də vaxtaşırı fasilələr yaranır. Əgər enerji təhlükəsizliyinin təmin olunması üçün aydın addımlar atılmasa, qarşıdan gələn payızda biz çox ciddi problemlərlə üzləşəcəyik”. Hazırda Qarabağdakı erməni icması Aterk (Həsənriz) kəndində 1 MVt gücü olan günəş elektrik stansiyası tikir. Bundan başqa, Tərtər çayının keçmiş Ağdərə rayonuna daxil olan Getavan (Qozlukörpü) kəndindən keçən hissəsində 25 milyon dollarlıq layihə ilə yeni bir SES tikilməsinə başlanılıb.

Beləliklə, müharibədən əvvəl “DQR” enerji potensialını tamamilə DQMV ətrafı rayonlar ərazisində inkişaf etdirməyi planlayırdı. Bu ərazidə tikilən 30-a yaxın SES bu ərazilərin 5+2 formatı ilə Azərbaycana geri verilmə imkanlarını tamamilə qeyri-mümkün edirdi. Sülhə olan inamın itirilməsi sonda müharibəni də labüd formaya saldı.

 


[1] Bu səbəbdən bəzi analitiklər 2020-ci il müharibəsini “su müharibəsi” adlandırır.

[2] Hazırda erməni nəzarətində qalan Sərsəng SES-i də bu şirkətə məxsusdur.

[3] Stansiyalardan 4-ü “Daşnaksütyün” partiyasına məxsus idi.

[4] De-fakto 7 SES hazırda erməni nəzarətində qalıb. Onlardan 2-si Laçın dəhlizi üzərində yerləşən Zabux kəndi və ətrafındadır.

[5] “DQR” XİN 7 may 2021-ci ildə ATƏT-in Minsk Qrupuna məktub yazaraq erməni əhalisinin su hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün Kəlbəcərdə beynəlxalq monitorinq mexanizmi qurulmasını tələb edib.