Dəyişən geosiyasi reallıqlar və Fransanın Yaxın Şərq siyasəti

Dəyişən geosiyasi reallıqlar və Fransanın Yaxın Şərq siyasəti

Son illərdə Amerika Birləşmiş Ştatları (ABŞ) hegemoniyasındakı təkqütblü dünya nizamının dəyişməsi fonunda dövlətlərin yeni qlobal konfiqurasiyaya hazırlaşdığı və uyğunlaşmağa çalışdığı bir keçid dövrü yaşanır. ABŞ-ın diqqət mərkəzinin yüksələn güc kimi xarakterizə olunan Çinin yerləşdiyi Şərqi Asiyaya doğru sürüşməsi, on illərdir Vaşinqtonun izlədiyi geosiyasətin episentri olan Yaxın Şərqdə bir sıra boşluqlar yaratmağa başlayıb. Təbii ki, bu da yeni geosiyasi konfiqurasiyada regiondan daha çox pay almaq istəyən qüvvələrin daha da fəallaşmasına zəmin yaradır. Bu qüvvələrdən biri də Fransadır.

Təsadüfi deyil ki, son iki ildə Fransa prezidenti Emmanuel Makron regiona intensiv şəkildə səfərlər edir. Bu çərçivədə Qətər, BƏƏ, Səudiyyə Ərəbistanının yer aldığı son Körfəz turu ilə yanaşı, İraq (2 səfər), Livan (2 səfər), İsrail və Fələstinə səfərlər edilib. Səfər üçün seçilən bu ölkələrin önəmli regional oyunçular və bölgənin düyüm nöqtələri olan münaqişə ocaqları olması diqqət çəkir.

Fransanın Yaxın Şərqdə aktivləşməsini iki fərqli müstəvidə izah etmək mümkündür: daxili və xarici faktorlar.
 

Daxili faktorlar

Məlum olduğu kimi, Makron bu ilin aprel ayında keçirilməsi nəzərdə tutulan prezident seçkilərində yenidən namizəd olmaq niyyətindədir. Xarici siyasət addımlarını daxil proseslərə proyeksiya etməyin seçki marafonunun klassik siyasi taktikası olduğunu nəzərə alsaq, Makronun Yaxın Şərqdə baş verənlərdən daxildə siyasi dividend qazanmaq istəyəcəyi anlaşılandır. Analoji örnək kimi Makronun Ermənistan siyasətində daxildəki erməni auditoriyasının dəstəyini qazanmaq məqsədini göstərmək mümkündür. Ancaq Fransadakı seçici kütləsinin 3%-ni təşkil edən ərəb və müsəlman əhalinin etnik və dini motivasiyalı elektorat olduğunu və Makronun regional siyasətinin bütünlüklə həmin faktor ətrafında formalaşdığını iddia etmək çətindir. Söz yox ki, İslam Fransa seçkilərinin ən qaynar mövzulardan biridir. Bununla belə, ərəb monarxları ilə əlaqələrin Fransa müsəlmanlarının seçici davranışlarına təsir edib-etməyəcəyi ciddi sual doğurur. Yaxın Şərq regionundan Makronun əldə edə biləcəyi daxili siyasi mənfəətlər daha fərqli çərçivədədir. Fransanın sabiq müstəmləkələrinin yerləşdiyi Levant bölgəsində yenidən möhkəmlənmək cəhdləri Makronun daxildəki liderlik imicinə müsbət təsir göstərə bilər. Məsələnin ən önəmli tərəfi isə yəqin ki, iqtisadi müstəvidədir. Dekabrın əvvəllərində Körfəz turuna çıxan Makron müdafiə sənayesindən tutmuş enerji sahəsinədək bir çox sferada müqavilələr qoparmağı bacarmışdı. Təbii ki, burada ən çox diqqət çəkən Birləşmiş Ərəb Əmirliklərinə 80 Rafale qırıcısı və digər hərbi texnoloji məhsulların satılmasını nəzərdə tutan 19 milyard dollarlıq nəhəng saziş idi. Adətən, bu tipli sazişlər ölkəyə xarici sərmayə daxil olmasını təmin etməklə yanaşı, əmək bazarına da birbaşa təsir göstərir. Məsələn, təkcə Əmirliklərin qırıcı sifarişinin tamamlanması üçün Fransada 7000-ə yaxın yeni iş yeri yaradılması gözlənilir. Bu tipli iqtisadi amillər də Makronun seçki kampaniyasına müsbət təsir etmək potensialı daşıyır.
 

Xarici faktorlar

Makronun hakimiyyətdə olduğu 5 ildə bir neçə istiqamət üzrə müdaxiləçi və proaktiv xarici siyasət yürütməsi heç kimə sirr deyil. Hətta, xarici siyasətdəki ambisiyası səbəbilə o, bir çox hallarda rişxəndlə Napoleon Bonaparta bənzədilir. Makron xarici siyasətinin ən önəmli prinsiplərindən biri ABŞ və onun Avropadakı təhlükəsizlik maraqlarının uzantısı olan NATO-dan “strateji muxtariyyət” əldə etməkdir. Bu aspektlərdən Makronun De Qol-Mitterran doktrinası izlədiyini iddia etmək mümkündür. Eyni zamanda, sözügedən “strateji muxtariyyət” prinsipi  Makronun pan-avropaçı qrupların lideri olmaq ambisiyasını da qidalandırır. Bu səbəbdən, Makronun Yaxın Şərq siyasətini ABŞ-ın regiondakı dominantlığının zəifləməsinin yaratdığı boşluqları həm Fransa, həm də “Avropa lideri” timsalında istifadə etmək çərçivəsində dəyərləndirmək mümkündür. Fransanın milli maraqları isə başlıca olaraq son dövrlərdə regionda nəzərə çarpacaq qədər aktivləşən Çin, Rusiya, Britaniya və Türkiyə kimi ölkələrlə rəqabətdə iştirak etməkdir.

Rəsmi Paris bu hədəflərini bir neçə istiqamətli strategiya ilə həyata keçirməyə çalışır. Birincisi, regional problemlərin həllində Fransanın vasitəçi rolunu qazanmaq səyləridir. Livan daxili böhranı, Livan-Körfəz gərginliyi Fransanın aktiv şəkildə vasitəçilik etməyə çalışdığı əsas proseslərdir. İkincisi, Makron regiondakı şəxsi əlaqələrindən istifadə edərək Parisin maraqlarını dərinləşdirməyə çalışır. Nəzərə almaq lazımdır ki, Yaxın Şərq regionunda şəxsi münasibətlər əksər hallarda dövlətlərarası institusional münasibətlərdən daha effektiv nəticələr verir. Bu çərçivədə, Makron regionun mərkəzi oyunçusu hesab olunan Əbu-Dabi vəliəhdi Məhəmməd bin Zayedlə olan şəxsi münasibətlərindən yararlanaraq həm geosiyasi, həm də iqtisadi-ticari mənfəətlər əldə etmək məqsədi güdür. Üçüncüsü, Paris yeni regional əməkdaşlıq platformalarında yaxından iştirak etməyə çalışır. Elə bu kontekstdə, Fransanın ötən il avqustun sonlarında Bağdadda keçirilən Yaxın Şərq ölkələrinin yüksək səviyyəli sammitində iştirak edən yeganə qeyri-region ölkəsi olması diqqət çəkir. Türkiyə, Səudiyyə, İran kimi regionun başlıca gücləri Bağdad sammitində xarici işlər nazirləri səviyyəsində təmsil olunsa da, Makron şəxsən iştirak etmişdi. Dördüncüsü, Makron regiondakı aktorlar arasında mövcud olan əməkdaşlıqlarla yanaşı, düşmənçilik münasibətlərindən də faydalanaraq manevr imkanlarını artırmağa çalışır. Makronun həm İran və Hizbullahla olan dialoq kanallarını istifadə etməsi, həm də qarşı cəbhədəki İsrail və Körfəz monarxları ilə əlaqələrini gücləndirməsi onun ikibaşlı oyununa örnəkdir. Digər tərəfdən, Fransa başlıca rəqibi olan Türkiyəyə qarşı “kürd kartı”ndan istifadə etməyə cəhd edir. Türkiyənin terror təşkilatı kimi gördüyü Suriya kürdlərindən olan PYD/YPG nümayəndələri ilə öz iqamətgahında görüşlər keçirən Makron, son illərdə İraqa etdiyi hər iki səfərində Türkiyə ilə yaxın münasibətləri olan İraq Kürd Muxtariyyətini də ziyarət edib. İsrail-Fələstin məsələsi də Fransa prezidentinin ikitərəfli yararlanmağa çalışdığı münaqişələrdən biridir. Parisin İsrailə qarşı birmənalı olmayan ənənəvi siyasətini davam etdirən Makron Fələstin nümayəndələri ilə əlaqələrini inkişaf etdirməklə yanaşı, müxtəlif istiqamətlərdə Təl-Əviv ilə dialoq imkanlarını genişləndirir. Beşincisi, Makron Yaxın Şərqdə əldə etdiyi üstünlükləri digər regionlardakı maraqlarına da proyeksiya etməyə çalışır. Xüsusilə, Parisin açıq-aşkar tərəf olduğu Şərqi Aralıq məsələsində ərəb ölkələrini Türkiyəyə qarşı Yunanıstan cəbhəsi ətrafına toplamaq strategiyasını həyata keçirməsi diqqəti cəlb edir.


Nəticə yerinə

Son rəy sorğuları Makronun seçkilərin əsas favoriti olduğunu göstərir. Daxili siyasətdə istədiyini əldə etmək ehtimalı yüksək olsa da, bənzər fikirləri xarici siyasət barədə söyləmək çətindir. Ambisiyaları xarici siyasət qabiliyyətindən daha öndə gedən Makronun Yaxın Şərqdə etibarlı reputasiya qazandığını demək çətindir. 2020-ci ilin avqustunda Beyrut limanındakı partlayışdan sonra illərdir davam edən siyasi-iqtisadi böhranı daha da dərinləşən Fransanın keçmiş müstəmləkəsində “protektor ölkə” imicini əldə etməyə çalışan Makron, iki dəfə Livana səfər etsə də, ciddi irəliləyiş əldə edə bilməyib. Bundan əlavə, Fransız liderin maraq toqquşmalarının son dərəcə kəskin olduğu və tərəflərin biri-birinə qarşı xeyli skeptik yanaşdığı Yaxın Şərq regionunda müxtəlif qüvvələrlə eyni vaxtda “rəqs etməyə” çalışmasının effektiv nəticələr verə biləcəyini demək çətindir. Digər tərəfdən, Avstraliya ilə 50 milyard dollarlıq sualtı qayıq sazişi ilə birlikdə Hind-Sakit Okeanı hövzəsində ABŞ və Britaniya arasındakı anqlo-sakson ittifaq tərəfindən sulara qərq edilən Fransanın limitli imkanlara malik və lazım gəldikdə kənarda saxlanılan bir aktor olduğu məlum oldu. Şübhəsiz ki, bu da Körfəzdə özünə meydan açmağa çalışan Makrona qarşı lokal aktorların daha ehtiyatlı yanaşmasını şərtləndirəcək.