Qurulan ittifaqlar, pozulan sazişlər: AUKUS paktı və təsirləri

Qurulan ittifaqlar, pozulan sazişlər: AUKUS paktı və təsirləri

Son onillikdə qlobal geosiyasətin episentri halına gəlmiş və dünya nəhənglərinin geostrateji qaydalarını diktə etməyə çalışdıqları Sakit və Hind Okeanı hövzələri, yeni sövdələşmələrin imzalanmasına və koalisiyaların qurulmasına şahidlik edir. Bu qəbildən olan və cari ilin ən mühüm hərbi-siyasi razılaşmalarından biri olaraq qəbul edilən AUKUS paktı da regionda siyasi-iqtisadi mənzərənin dəyişməsini sürətləndirəcək hadisələrdən biri hesab edilir.

Dünya siyasi gündəmini zəbt etməyə davam edən hadisələrin başında gələn bu razılaşma dövlətlərarası münasibətlərin yeni mərhələyə girməsindən xəbər verir. Belə ki, üç ayrı qitəni təmsil edən ABŞ, Britaniya və Avstraliya kimi anqlo-sakson dünyasının əzəli müttəfiqləri arasında əldə edilmiş razılaşmaya əsasən, uzun illərdən bəri Okeaniyadakı hərbi-strateji mövqeyini gücləndirməyə can atan rəsmi Kanberra ABŞ-ın olduqca konfidensial şəkildə saxladığı və bu günə qədər təkcə Britaniya hökuməti ilə bölüşdüyü nüvə reaktorları əsasında çalışan sualtı gəmi texnologiyasına sahib olacaq.

Tərəfdaşlar arasında iqtisadi əməkdaşlıqlara və müttəfiqlərarası siyasi münasibətlərə qədər təsir etməsi ilə tanınan AUKUS nüvə sualtı gəmisi və texnologiyası satışına dair sövdələşmə kimi görünsə də, razılaşma eyni zamanda, bu sahədəki bilik və təcrübələrin bölüşdürülməsi, gərəkli infrastrukturanın və təsisatların qurulması, habelə, süni intellekt, robotexnika, kvant texnologiyası və kiber təhlükəsizlik kimi strateji sahələrdə qarşılıqlı əməkdaşlıqları da əhatə edərək regionda birgə hərbi təhlükəsizlik sisteminin yaradılmasını reallaşdıracaq.

Ənənəvi dizel-elektrik mühərriklərinin əksinə, yeni nəsil nüvə reaktorları vasitəsilə hərəkətə gətirilən bu hərbi vasitələrin yalnız mühərrik hissəsinin nüvə əsaslı texnologiyaya malik olacağı, döyüş məqsədli hər hansı nüvə silahı daşımayacağı hər üç hökumət başçısı tərəfindən bəyan edilsə də (mühərrikinin növündən asılı olmayaraq istənilən hərbi sualtı gəmi nüvə başlığı daşıya bilir), saziş Avstraliyanın strateji əhəmiyyətinin ciddi şəkildə artması və bölgədə Çin Azadlıq Ordusunun potensial hərbi aktivliyi zamanı (xüsusən, Tayvana qarşı hər hansı hərbi müdaxiləsinə) bariyer rolunu oynayaraq ilkin müdafiə funksiyasını yerinə yetirəcək hərbi güc olacağı ehtimalını artırır. Bununla da, Avstraliya P5 ölkələri (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü) və Hindistandan sonra bəhsi keçən hərbi texnikaya sahib yeddinci ölkə olma statusunu daşımış olacaq. Qeyd edək ki, Avstraliya nüvə silahlarının və silah texnologiyasının yayılmasının qarşısını almaq məqsədilə qoşulduğu NPT-nin (Nüvə Silahlarının Qarşısının Alınmasına Dair Müqavilə) şərtlərinə əsasən nüvə silahına sahib ola bilməz.

Məlum olduğu kimi, ərazi sularının qorunmasından tutmuş beynəlxalq miqyasda məlumat toplamağa qədər bir çox vəzifələri yerinə yetirən sualtı gəmilər müasir dövrdə böyük dövlətlərin dəniz donanmalarının əvəzolunmaz hissəsi hesab edilir və yüksək texniki parametrlərlə təchiz olunduğundan istehsalı bir çox ölkələr üçün çətin olaraq qalır.

Rəqibləri ilə müqayisədə nüvə sualtı gəmiləri daha çevik və sürətli hərəkət qabiliyyəti, yüksək manevr imkanları, uzun müddət su altında qalma potensialı, düşmən radarlarından daha effektiv yayınma bacarığı kimi üstünlüklərə sahib olsa da, mürəkkəb istehsalat şərtləri, yüksək saxlama və təmir xərcləri bu tip gəmilərin əsas çatışmazlıqları kimi görünür.

Qlobal miqyasda, əsasən, Çin və Fransanı narazı salan bəhsi keçən strateji ittifaq, birincinin hərbi və təhlükəsizlik maraqlarına, ikincinin isə maliyyə-iqtisadi maraqlarına zərbə vurub. Belə ki, AUKUS sazişinin imzalanmasından sonra Avstraliya və Fransa arasındakı 2016-ci ildə dizel-elektrik mühərrikli sualtı gəmilərin sifarişinə dair əldə olunmuş razılığa birtərəfli qaydada xitam verilməsi rəsmi Paris tərəfindən hiddətlə qarşılanıb (Fransanın sifarişləri gecikdirməsi, layihənin əvvəlində ilkin qiymət olarak təklif edilmiş 60 milyard $-ın sonradan 90 milyard $-dək artırılması və eyni zamanda Avstraliya hökumətinin modernizasiya prosesi çərçivəsində yeni nəsil texnologiyaya üstünlük verməsi sövdələşmənin baş tutmama səbəblərindəndir). Digər tərəfdən də ÇXR-nin Xarici İşlər Nazirliyinin Sözçüsü Zhao Lijian illik mətbuat konferansındakı çıxışında ABŞ, Britaniya və Avstraliya arasında üçtərəfli nüvə sualtı gəmi əməkdaşlığının və ABŞ mənşəli nüvə texnologiyasının qonşu ölkələrə ixracının regional sülh və sabitliyi təhlükə altına qoyduğunu, region ölkələri arasında silahlanma yarışını gücləndirdiyini və eyni zamanda nüvə silahının yayılmaması üzrə beynəlxalq protokolun prinsiplərinə zidd olduğunu bildirmiş və davamında Avstraliyanın Rarotonga müqaviləsi olaraq bilinən “Cənubi Sakit Okean Nüvəsiz Sərbəst Bölgəsi Sazişi”nin tərəfi olaraq öz öhdəliklərini yerinə yetirməsinin zəruriliyini vurğulamışdır.

Şübhəsiz, ABŞ, İngiltərə və Avstraliya arasında yeni üçtərəfli təhlükəsizlik tərəfdaşlığının qurulmasına təkan verən amillərin başında Çinin son illər Cənubi Çin dənizindəki ekspansiya siyasəti (süni ada və hərbi istehkamların tikilməsi, mövcud hərbi dəniz qüvvələrinin gücləndirilməsi, sahil ölkələrinin gəmilərinin müsadirə edilməsi, ərazi sularının qorunması üçün sərt qanunların qəbul edilməsi, təbii resursların müəyyən edilməsi və mənimsənilməsi üçün elmi- tədqiqat işlərinin aparılması), Şərqi Çin dənizindəki ərazi iddiaları (Yaponiya və Çin arasında beynəlxalq və regional nəqliyyat dəhlizləri üzərində yerləşən və beynəlxalq hüquqa görə Yaponiyaya məxsus Senkaku adalar qrupuna), Tayvan boğazındakı hərəkətliliyi (ÇXR-ə aid qırıcı təyyarələrin cari il ərzində məqsədli şəkildə dəfələrlə hava sərhəddini pozması), süni intellekt və informasiya-kommunikasiya texnologiyaları sahəsindəki sürətli irəliləyişi (5G naqilsiz şəbəkəsinin inkişafı, robotexnika, yarımkeçirici çip sənayesinə və kvant texnologiyasına investisiya qoyuluşlarının artırılması), Hong Kongda siyasi nəzarəti gücləndirəcək yeni mexanizmlər tətbiq etməsi (şübhəli hesab edilən və ya təqsirləndirilən şəxslərin, eləcə də ittiham olunaraq həbs edilmiş məhkumların Hong Kongdan ÇXR-ə ekstradisiyasını nəzərdə tutan qanunun qüvvəyə minməsi) və ən əsası, son illər Avstraliya ilə həm siyasi, həm də iqtisadi müstəvidə yaşanan böhranlardır (rəsmi Kanberranın Çini casusluq fəaliyyətində ittiham etməsi, Çinin Avstraliyadan idxal edilən məhsullara müxtəlif bəhanələrlə embarqo qoyması və s.).

Çinin regionda artan hərbi qüdrətinə, geosiyasi həmlələrinə və iqtisadi təzyiq və təsir mexanizmlərinə qarşı effektiv müqavimət göstərə biləcək uzunmüddətli funksional kollektiv əməkdaşlıqların qurulması prosesi Baydenın Oval Ofisə gəlməsiylə daha da intensivləşib. Təsadüfi deyil ki, Prezident Bayden ilk çoxtərəfli görüşünü virtual formatda Avstraliyanın da üzv olduğu və daha çox Sakit-Hind okeanları hövzəsində təhlükəsizlik məsələlərini, dolayısıyla Çinin regiondakı fəaliyyətini diqqət mərkəzində saxlayan QUAD təşkilatı (digər üzv ölkələr: Hindistan və Yaponiyadır) ilə keçirmişdi. Bundan başqa, yeni administrasiyanın dövlət katibi Entoni Blinken də ilk xarici səfəri çərçivəsində Tokyo və Seoulda hökumət başçıları ilə keçirdiyi görüşlərdə Çinin bölgədəki aqressiv addımlarını tənqid edərək müttəfiqlərlə davamlı əməkdaşlığın önəmindən danışmışdır.  

Müttəfiqlər demişkən, Koronavirus pandemiyasının törətdiyi iqtisadi fəsadlardan sonra yaranan çip böhranı ilə strateji önəmi daha da artan Tayvanın müdafiəsi rəsmi Vaşinqton üçün prioritet halına gəlmişdir. Tayvanın bir dövlət olaraq mübahisəli statusu, coğrafi baxımdan Çinə yaxın olması, ÇXR-nin sözügedən adanı tərkib hissəsi olaraq görməsi və əsasən də Si Cinpinin (Xi Jingping) hakimiyyətə gəlməsiylə ÇKP-nin daha sərt xarici siyasət kursu seçməsi, həmçinin, prezidentin çıxışlarında “Vahid Çin Siyasəti” prinsiplərinin heç vaxt dəyişmədiyini qeyd etməsi Taybey hökumətinin mövcudluğunun qorunması istiqamətində adekvat tədbirlərin görülməsini labüd etmişdir.

Qeyd edək ki, qlobal mikroçip tədarükü üzrə lider olan 3 istehsalçıdan biri olan Tayvan mənşəli TSMC ABŞ hava qüvvələrinin beşinci nəsil qırıcı təyyarəsi “F35”lərin elektron hissələrinin təchizatçılarından Xilinx (ABŞ) şirkətinə aid çiplərin hazırlanmasından tutmuş, Apple məhsulları daxil bir çox cihaza yarımkeçirici mikroçiplərin təmini ilə məşğuldur. Bundan başqa, dünya üzrə elektron məhsul və komponent istehsalının 50%-dən çoxunu əlində cəmləşdirən FOXCONN şirkətlər qrupu da Tayvana məxsusdur və şirkətə aid istehsal müəssisələri olmasa dünyadakı bir çox cihazın ərsəyə gəlməsi ya mümkünsüz olar, ya da istehsal prosesində uzunmüddətli ləngimələrin yaşanmasına səbəb olar ki, bu da qlobal tədarük zəncirini iflic vəziyyətə gətirər.

Bütün bunları nəzərə alan rəsmi Vaşinqton TSMC və FOXCONN-dan olan asılılığını azaltma təşəbbüsləri ilə yanaşı, Tayvanın suverenliyinin və milli təhlükəsizliyinin müdafiəsi üçün əməli tədbirlərin görülməsini intensivləşdirir. Bu mənada, 1969-cu ildən bəri ABŞ-Yaponiya arasında hökumət başçıları səviyyəsində müzakirə predmeti olmayan Tayvan məsələsinin cari ilin aprel ayında baş tutan Ağ Ev sammitində (Bayden-Suqa zirvə görüşü) diqqətdə saxlanılması və iki liderin yarımkeçirici çip təchizat zəncirinin təkmilləşdirilməsinə, eləcə də yüksək texnologiyanın inkişafına  dair verdikləri birgə bəyanatda görünən odur ki, ABŞ zərurət yaranacağı təqdirdə Şərqi Asiyadakı müttəfiqləriylə birlikdə Tayvanın hərbi müdafiəsini öhdəsinə götürəcək. Bu baxımdan, Avstraliyanın hərbi dəniz donanmasının modernizasiya və yenidənqurma prosesi bütün bu tədbirlərin tərkib hissəsi kimi dəyərləndirilə bilər.

Çin-Avstraliya münasibətlərinin son illərdəki dinamikası da regionda AUKUS və bənzəri koalisiyaların yaranmasına təsir edən faktorlardan biridir. Lakin iki ölkə arasında mövcud güclü iqtisadi əlaqələr konfrontasiyanın dərinləşməsinə və açıq münaqişənin yaşanmasına əngəl olmağa davam edir.  

Belə ki, karbohidrogen ehtiyatları ilə zəngin Avstraliya dünyanın ən böyük enerji istehlakçısı Çinin əsas xammal tədarükçülərindən biridir. Hər il milyonlarla ton daş kömür, mayeləşdirilmiş təbii qaz (LNG), dəmir filizi və s. kimi təbii ehtiyatlar nəhəng Çin sənayesinin ehtiyacını ödəmək üçün Avstraliyadan idxal edilir. Bundan başqa ÇXR, Avstraliya mənşəli qida məhsullarının (dəniz/ət məhsulları, şərab, taxıl və s.) ən böyük istehlak bazarı olaraq qalır. Qeyd edək ki, Çin 2009-cu ildə Yaponiyanı da keçərək Avstraliyanın bir nömrəli ticari tərəfdaşı olmağa müvəffəq olub. Bunlarla yanaşı, iki ölkə arasında 2014-cü ildə imzalanan “Sərbəst Ticarət Sövdələşməsi”ndən sonra ticari əlaqələr yeni inkişaf mərhələsinə daxil olub.

Əlavə olaraq, Çindən Avstraliyaya axın edən minlərlə tələbə (çinlilər Avstraliya universitetlərində təhsil alan bütün xarici tələbələrin təxminən 40%-ni təşkil edir) və turist də böyük həcmdə xarici valyuta kütləsi gətirir.

Lakin son illər, xüsusən də 2017-dən bəri Çin-Avstraliya münasibətlərinin kəskinləşdiyi və böhran içində olduğu bir dövr olaraq xarakterizə edilir. Bu mənada, rəsmi Kanberra 2018-ci ildə milli təhlükəsizliyi əsas gətirərək Çinin telekommunikasiya nəhəngləri Huawei və ZTE şirkətlərinin 5G şəbəkəsinin ölkə ərazisində tətbiqini açıq şəkildə qadağan etmişdir. Həmçinin, Çinin “Kəmər və Yol” layihəsi çərçivəsində həyata keçirməyə cəhd etdiyi bir sıra investisiya qoyuluşlarına da məhdudiyyətlər qoyulmuşdur. Nəhayət, Avstraliya hökumətinin bir neçə dövlətlə birlikdə COVID-19 virusunun mənşəyinin ətraflı araşdırılmasını təkidlə tələb etməsi, əlaqələrin daha da korlanmasını sürətləndirərək Avstraliyanın milyardlarla dollarla ölçülən iqtisadi sanksiyalara məruz qalmasına səbəb olmuştur.

Xülasə, iki ölkə arasında stabilliyin əldə olunması hələlik mümkün olmasa da, kompromisə getmə, konstruktiv yanaşma və ən əsası, qarşılıqlı iqtisadi maraqların təmini ilə gərginliyin öhdəsindən gəlməyin mümkünlüyünü proqnozlaşdırmaq olar.