Talibanın hakimiyyəti ələ keçirməsi fonunda Əfqanıstan ordusunun süqutu: ABŞ-ın terrorla müharibəsinin iflası
İyul ayında ABŞ prezidenti Baydenlə müsahibə zamanı müxbir ondan Əfqanistanın Talibanın idarəsi altına keçməsinin qaçınılmaz olub-olmadığını soruşmuşdu. Prezident Bayden bunun belə olmadığını və təxminən 75.000 Taliban əsgərinə qarşı sayı 300.000-ə çatan yaxşı təchiz olunmuş əfqan ordusunun və hərbi hava qüvvələrinin olduğunu iddia etmişdi. 20 illik hərbi səylərdən və hərbi hazırlıq və təchizat üçün sərf olunan 83 milyard dollardan çox vəsaitdən sonra avqustun ortalarında ABŞ-ın dəstəklədiyi Əfqanıstan ordusu çökərək ölkəni Talibana təhvil verdi.
Talibanın hücumu may ayında Prezident Baydenin regionda yerləşən Amerika əsgərlərinin hələ keçmiş Prezident Donald Trump administrasiyası zamanı razılaşdırılmış çıxarılmasını təsdiqləməsindən sonra başladı. Lakin Talibanın əməliyyatları son zamanlar daha da gücləndi və Əfqanıstanın Taliban tərəfindən yenidən fəthinin bu qədər sürətli şəkildə həyata keçməsi çoxlarını təəccübləndirdi. Taliban qüvvələri ölkənin əyalət mərkəzlərini sürətlə bir-birinin ardınca ələ keçirməyə başladılar və avqustun 15-də Kabula, demək olar ki, müqavimət görmədən daxil oldular.
Əfqan ordusunun və polis qüvvələrinin dağılması Talibanın ölkəni tez bir zamanda ələ keçirməsinə imkan verdi. Bir müddət ərzində ordunun səmərəsizliyi məlum olsa da, Qərb hərbi ekspertlərinin əksəriyyəti güman edirdilər ki, silahlı qüvvələr qarşıdan gələn Talibana müqavimət göstərəcəklər. Həqiqətən də, iyun ayında ABŞ kəşfiyyatı Kabulun Taliban təhlükəsi ilə üzləşməsi üçün bir il yarım çəkəcək hərbi toqquşmaların tələb olunduğunu təxmin edirdi. Halbuki, bunun üçün onlara bir aydan da az vaxt kifayət etdi.
Əfqanıstan ordusunun bu qədər tez çökməsinə dair suala qismən cavabı hələ 2019-cu ildə “Vaşinqton Post” qəzetinin üç illik məhkəmədən sonra çap etməyə haqq qazandığı və “İnformasiya Azadlığı haqqında Akt”-la əvvəllər çap olunması qadağan olunmuş iki min səhifəlik sənədlərdə tapıla bilər.
Əfqanıstan Sənədləri kimi tanınan bu sənədlər 2014-cü ildə Əfqanıstanın Bərpası üzrə İdarənin (“SİGAR”) baş inspektorunun müharibədə bilavasitə rol oynamış general və diplomatlardan tutmuş humanitar təşkilatların əməkdaşlarına və əfqan məmurlarına qədər 400-dən artıq insandan alınmış müsahibələr əsasında apardığı daxili araşdırmanın nəticəsidir. Bu sənədlər Pentaqon və Dövlət Departamentinin uzun illər müharibənin gedişi barədə yalan məlumat verdiklərini sübut etdi. Həqiqətən də, Əfqanıstanla bağlı sənədlərdən məlum olub ki, hərbi qulluqçular və vəzifəli şəxslər uzun müddət ərzində qəsdən ictimai rəylə manipulyasiya edərək əməliyyatların gedişi ilə bağlı təhrif olunmuş məlumatları yaymışdılar. Hər bir məlumat vəziyyət haqqındakı mümkün olacaq ən yaxşı təsviri yaratmaq üçün dəyişdirilmişdi. Sorğular, məsələn, tamamilə etibarsız idi, amma biz etdiyimiz hər şeyin doğru olduğunu təsdiq edirdi - deyə ABŞ ordusunun polkovniki Bob Krouli hökumət nümayəndələrinə bildirib. Digər sorğu müxtəlif institutların həqiqəti necə təhrif etdiyini göstərirdi. Məsələn, hücumlar daha da pisləşir? Çünki onlar üçün daha çox atəş hədəfi var, buna görə də hücumların sayının çox olması qeyri-sabitliyin göstəricisi ola bilməz. Bəs üç ay sonra hücumlar hələ də güclənir axı? Bu ona görədir ki, Taliban artıq çarəsiz vəziyyətdədir və bu əslində bizim qalibiyyətimizin göstəricisidir. Bu təhrif təkcə əhaliyə deyil, siyasətçilərə də təqdim edilmişdir. Nəticədə siyasi rəhbərlik illərdir ki, yanlış qərarlar qəbul edib və qeyri-real tərəqqiyə can atıb.
Əfqanıstan sənədlərində ABŞ generalları Əfqanıstan ordusu və milli polis qüvvələrinin təlimi üzərində davamlı irəliləyişlər əldə etdiklərini açıq şəkildə söyləyərkən, hərbi təlimçilər eyni zamanda Əfqanıstan təhlükəsizlik qüvvələrini bacarıqsız, motivasiyasız və fərarilərlə dolu şəklində təsvir edirlər. Üstəlik, Əfqanıstan zabitlərinə orduya mümkün qədər çox adam cəlb etmək əmri verilmişdi və nəticədə, korrupsioner yüksək rütbəli zabitlər əsgərlərə çatacaq ödənişləri mənimsəmək üçün olmayan insanları və ya dezertirləri siyahıya almışdılar. Rəsmi olaraq orduya yazılan 300 mindən çox Əfqanıstan əsgərinin əsl sayının bu rəqəmin təxminən yarısı olduğu təxmin edilir. Bu, qüvvələri 100.000-dən az olan Taliban qarşısında Əfqanıstan ordusunun məğlubiyyətinin necə mümkün olduğunu izah etməyə kömək edir.
Son aylarda müqaviməti təşkil etmək cəhdləri ABŞ ordusunun bəzi strateji qərarları ilə çətinləşdi. Məsələn, Əfqanıstanda millət quruculuğu ilə bağlı səyləri zamanı Birləşmiş Ştatlar demokratik hökuməti öz nümunəsinə uyğun şəkildə yaratmağa çalışırdı. Amma traybalizmə, monarxizmə və İslam hüququna öyrəşən əfqanlar üçün demokratiya yad məhfum idi. Bu mənada Əfqanıstan əhalisinin etnik mozaikasının xüsusiyyətlərini xatırlamaq lazımdır. Əfqanıstan çoxmillətli və qəbilə cəmiyyətidir və millət quruculuğu tədbirləri ilə milli birliyi möhkəmləndirmək cəhdləri hər hansı bir Qərb ölkəsinin əvvəlcədən müəyyən edilmiş modelinə deyil, bu xüsusiyyətlərə əsaslanmalıdır.
Dövlət Departamentinin keçmiş əməkdaşı 2015-ci ildə hökumət üzvləri ilə müsahibəsində belə demişdi: “bizim siyasətimiz güclü mərkəzi hökumətin yaradılması idi, bu isə axmaqlıq idi, çünki Əfqanıstanda tarix boyu güclü mərkəzi hökumət mövcud olmayıb. [...] Güclü mərkəzi hökumət yaratmaq üçün isə 100 il vaxt lazımdır, lakin bizim bu qədər vaxtımız yox idi”.
Eyni şəkildə, Vaşinqton Əfqanıstanın mədəni kontekstində fərqlilikləri nəzərə alınmadan öz mərkəzləşdirilmiş, sərt, iyerarxik hərbi doktrinasını Əfqanıstan ordusuna diktə etməyə çalışırdı. Həqiqətən də, əfqan təhlükəsizlik aparatının yaradılması Obama administrasiyasının strategiyasının əsas hədəflərindən biri idi, çünki o, təhlükəsizliyin təmin olunması məsələlərini əfqan ordusuna təhvil vermək və təxminən on il əvvəl ölkədən Amerika qoşunlarını çıxarmaq istəyirdi. Bu səylər, görünür, Əfqanıstanın reallıqlarına uyğun gəlməyən Amerikan ordusu obrazına uyğun modelləşdirilmiş bir ordunun yaradılmasına gətirib çıxardı. Vaşinqton ümid edirdi ki, bu təqlid ordusu son nəticədə irimiqyaslı yerüstü əməliyyatlar aparmaq üçün lazımi imkanları yaradacaq. ABŞ qoşunlarının çıxarılması artıq mövcud olan bütün problemləri dərinləşdirdi və yenilərini yaratdı və göstərdi ki, ABŞ-ın hərbi və lojistik dəstəyi olmadan Əfqanıstan ordusu Talibana qarşı dura bilmədi.
Əfqanıstan ordusu da xüsusilə son aylarda silah ehtiyatının az olduğu daha periferik rayonlarda zəif təchiz olunmuşdu. Bundan əlavə, əfqan əsgərlərinin həyat şəraiti acınacaqlı idi və onların silahlarının maddi dəyəri bir çox hallarda bir neçə aylıq əmək haqqına bərabər idi. Son aylar ölkənin bəzi rayonlarında hökumət ödənişləri saxlamış və nəinki döyüş sursatlarının, hətta ərzaq paylarının göndərilməsini dayandırmışdı. Bu problemlərin kökünü ilk növbədə bütün əfqan institutlarını, xüsusilə də ordunu öz cənginə almış korrupsiyada axtarmaq lazımdır.
Əfqan ordusunun Amerikan modelində qurulması demək olar ki, bütün əməliyyatlarda aviasiyadan güclü asılılıq mənasına gəlirdi. Havadakı hökmranlığı sayəsində və ölkənin bütün ərazisində nəzarəti əlində saxlamaq üçün Birləşmiş Ştatlar hətta ən ucqar vilayətlərə belə səpələnmiş və yalnız hava vasitələri ilə təchiz və təmin olunan 200-dən çox hərbi hissə və postlar yaratmışdı. Bu səbəbdən Birləşmiş Ştatlar Əfqanıstanda hava logistikası ilə məşğul olmaq və mürəkkəb silah sistemlərini işlətmək üçün 15.000-dən artıq podratçını işə götürmüşdü. Lakin qoşunların çıxarılması ilə podratçılar da ölkəni tərk etdilər və Əfqanıstan hökuməti bacarıq və təcrübənin olmaması səbəbindən onları əvəz edə bilmədi. Bu, uzaq ərazilərdə yerləşən hərbi hissələrlə əlaqənin kəsilməsinə və nəticədə onların Taliban üçün asan hədəf halına gəlməsinə gətirib çıxardı.
Vaşinqtonun Əfqanıstandan qoşunlarını çıxarmaq qərarı yerli orduda əhval ruhiyyəni məhv etdi və onu inandırdı ki, ABŞ-ın dəstəyi olmadan Talibanın qələbəsi qaçılmazdır. Bu proses 2020-ci ildə Tramp administrasiyasının nümayəndələrinin ABŞ qoşunlarının çıxarılması şərtlərini razılaşdırmaq üçün Talibanın nümayəndə heyəti ilə görüşündə imzaladıqları Doha sazişi ilə başlamışdı. Qeyd olunmalıdır ki, Əfqanistanın hökumət nümayəndələrinin bu danışıqlardan kənarda saxlanılması onların legitimliyini kölgə altında qoydu. Prezident Baydenin aprel ayında ABŞ qoşunlarının 2021-ci ilin sentyabr ayına qədər ölkədən çıxarılacağı xəbərini təsdiqləməsi əfqan əsgərləri arasında əhvalı daha da pisləşdirdi. Bir çox rəsmi şəxslərin gözündə Trampın, daha sonra isə Baydenin qərarı o demək idi ki, Birləşmiş Ştatlar Əfqanıstan hökumətini Talibanla mübarizədə yalnız qoyur və siyasi dəstəyini dayandırırdı. Bu anda bir çox əsgər hələ də döyüşməyin bir məna kəsb etdiyini sorğulamağa başlamışdı və onlardan çox azı korrupsiyaya bulaşmış Əfqanıstan hökuməti üçün həyatlarını risk etməyə hazır idi.
Zəif təchiz olunmuş, inamsız, yoxsul ordu ilə qarşılaşan Taliban qeyri-sabit vəziyyətdən istifadə edə bildi. Keçən ildən etibarən onlar hökumətlə pul və amnestisiya müqabilində təslim olması və silahların təhvil verilməsi barədə danışıqlara başladılar. Bu razılaşmalar əvvəlcə ucqar əyalətlərdə əldə olunub daha sonra yerli qəbilə başçılarının vasitəçiliyi ilə əyalət paytaxtları səviyyəsinə qalxmışdı. Bəzi komandirlər Talibanın təkliflərini məhz pul üçün qəbul etsələr də, başqaları bunu ABŞ qoşunların çıxarılmasından sonra Talibanın hakimiyyəti ələ keçirməsinə əmin olduqlarına görə etmişdilər.
Aydındır ki, müharibənin gedişi haqqında informasiya ictimai rəyin manipulyasiyası üçün təhrif olunmasaydı, buraxılan səhvlərin çoxundan qaçmaq olardı. Amerika institutları Əfqanıstan ordusunun ciddi çatışmazlıqları və onları çuğlayan korrupsiya barədə xəbərdar idilər, lakin iflasa uğramağın qarşısını almaq üçün az iş görülmüşdü. Bir tərəfdən geri çəkilmək qaçılmaz olsa da, digər tərəfdən, şərtlər Talibanın hakimiyyəti son dərəcə tez bir zamanda ələ keçirməsinin qarşısını almağa imkan verən və yaranmış vəziyyətdən qaçmaq üçün başqa cür müzakirə edilə və həyata keçirilə bilərdi.
Mənbələr
1. Gibbons-Neff, Abed and Hassan , The Afghan Military Was Built Over 20 Years. How Did It Collapse So Quickly? The New York Times, August 13, 2021, retrieved from https://www.nytimes.com/2021/08/13/world/asia/afghanistan-rapid-military-collapse.html
2. Al-Marashi, The collapse of the Afghan Army: We have seen this movie before, Aljazeera, August 17, 2021, retrieved from https://www.aljazeera.com/opinions/2021/8/17/the-collapse-of-afghan-military-we-have-seen-this-movie-before
3. Whitlock, At War with the Truth, The Washington Post, December 9, 2019, retrieved from https://www.washingtonpost.com/graphics/2019/investigations/afghanistan-papers/afghanistan-war-confidential-documents/
4. Il Post, “Perché l’esercito afghano è collassato così rapidamente”, Aug 16, 2021, retrieved from https://www.ilpost.it/2021/08/16/esercito-afghanistan-arreso/