Bağla

TƏHLİL

Rusiyanın Qarabağ siyasəti əks istiqamətli amillərin cəm qüvvəsi kimi

28-08-2021, 12:31   1281
Rusiyanın Qarabağ siyasəti əks istiqamətli amillərin cəm qüvvəsi kimi

2021-ci ilin iyul ayının ikinci yarısı ərzində Ermənistan-Azərbaycan sərhədinin bir çox nöqtələrində gərginlik yeni güclə alovlandı. Hazırda isə bu gərginlik, yəqin ki, ötən il noyabrın 10-da Saziş bağlandığı andan etibarən ən yüksək səviyyədədir.

İlk xəbərlər Şuşadan gəldi: Azərbaycan hərbçilərinin verdikləri məlumata görə, Rusiya sülhməramlılarının nəzarətində olan Qarabağ ərazisindən Şuşa istiqamətində atəş açılmışdı.

Lakin bu insidentin davamı olmasa da, tezliklə daha intensiv atışma epizodları Naxçıvan və Tovuz, xüsusilə Kəlbəcər rayonunun sərhəd boyu baş verdi və iyulun 23-də Azərbaycan Silahlı Qüvvələrinin zabiti Fərman Yaqublunun ölümü ilə nəticələndi. Növbəti bir neçə gün ərzində dəfələrlə döyüşlər haqqında narahatçılıq doğuran xəbərlər gəlib. Bununla yanaşı, hər bir tərəf rəqibin “əhəmiyyətli itkiləri” haqqında məlumat verib. Hətta erməni KİV-i düşmən tərəfindən vurulmuş 3 pilotsuz uçan aparatdan da xəbər yayıblar. Digər tərəfdən, avqustun əvvəllərində Ermənistan Daxili İşlər Nazirliyi yol-nəqliyyat hadisələrində iki erməni hərbçisinin həlak olduğunu bildirib.

Qeyd etmək lazımdır ki, bu artan gərginlik Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfərindən dərhal sonra baş verməyə başladı. Onun sözlərinə görə, sözügedən səfər “çox uğurlu keçib” və Bakı ilə Moskvanın əksər əhəmiyyətli məsələlərdə həmrəyliyini, o cümlədən İrəvanın qəti şəkildə rədd etdiyi Zəngəzur dəhlizinin açılmasını qeydə alıb. Bu baxımdan, mümkündür ki, Ermənistan sərhəddə gərginliyin bu cür artmasını ya Zəngəzur yolunun açılması məsələsini uzun müddətə təxirə salmaq, ya da özü üçün Rusiyadan daha çox imtiyazlar almaq məqsədilə edir. Bu hadisələrin Kremldaxili mübarizələrlə əlaqəli olduğunun ehtimalı böyükdür: Nikol Paşinyan bir qayda olaraq, Moskvadakı kuratorlarının paradiqmasında fəaliyyət göstərir. Bu da artıq bir trendə çevrilib ki, Moskvada, müsbət ictimai bəyanatlara baxmayaraq, bütün məsələlərdə razılaşmalar əldə olunmayıb. 

Ermənistanın ekspert mühitində bir sıra nəzərəçarpacaq fiqurların son zamanlar Azərbaycanın Zəngəzurdan qısa bir yol əvəzinə Qazax-İcevan-İrəvan-Naxçıvan marşrutundan istifadə edə biləcəyini dilə gətirmələri simptomatik haldır: guya bu, daha ədalətli olacaq (oxu: Ermənistan üçün daha sərfəlidir), həmçinin onun strateji təhlükəsizliyi ilə bağlı daha az problem yaradacaq. İkinci Qarabağ müharibəsindən bu günə qədər bütün keçmiş dövr ərzində erməni siyasi elitasının əhəmiyyətli bir hissəsi, eləcə də erməni diasporunun bəzi nüfuzlu nümayəndələri İrəvanın ənənəvi olaraq Moskva tərəfindən himayədarlığına kuratorluq etmiş “Kremlin qüllələri”ni ön plana çıxarmaq üçün fəal iş aparırlar. Bu təbəqə Moskvanın hazırkı neytrallığını Paşinyanın Rusiya üçün “bəyənilməz” fiqur olduğu və Azərbaycanda şəxsi marağı olan Rusiya siyasətçilərinin təsirinə görə baş verən qısamüddətli deviasiya kimi qəbul edir. Güman etmək olar ki, onlar Azərbaycanla münasibətlərin normallaşdırılmasından qəti şəkildə imtinna etməyə, Bakı ilə İrəvan arasında son illərdə baş vermiş “ləng müharibə”nin davam edəcəyinə, Rusiyanın Ermənistana müntəzəm silah satışının əhəmiyyətini artıracağına, bununla da Kremldə daha ermənipərəst siyasət tərəfdarlarının mövqeyini möhkəmləndirəcəyinə ümid edirlər.

Ola bilsin ki, Ermənistan hökuməti “Artsax məsələsi”ni beynəlxalq gündəmdə saxlamaq, radikal əhval-ruhiyyəli millətçilər və fürsətçilər tərəfindən “satqınlıq və təlatümlərə” görə qınanmamaq məqsədilə hazırkı gərginliyə son qoymaq istəmir. Belə davranış bir çox məsələlərdə yarımçıq addımlarla kifayətlənməyə və bir neçə tərəfi razı salmaq cəhdlərinə öyrəşmiş Paşinyan hökumətinin tam tərzindədir. Bu narrativə əsasən, hazırkı Ermənistan hökuməti yeni reallığın alternativsizliyini və ən azı iki ölkənin sərhədi boyunca uzunmüddətli dincləşmənin və ciddi sülh danışıqlarının vacibliyini anlayır, lakin millətçilik və revanşizmin erməni ictimai rəyinə güclü təsiri ucbatından bu kursu axıra qədər aparmağa hazır deyil.

Digər tərəfdən, Moskva da normallaşma prosesinə sözdə olan sadiqliyinə baxmayaraq hazırkı şəraitdən dividendlər əldə edə bilər. Tərəflərin gündəlik atışmaları və itkiləri RF-nin hər gün alovlana bilən sərhəd boyunca təhlükəsizlik təminatçısı kimi rolunu getdikcə möhkəmləndirir və ən başlıcası, onun Qarabağda missiyasının beynəlxalq legitimliyini artırır.

Moskva yaxşı bilir ki, hal-hazırda Qərb müəyyən risklərə getməyi və ciddi addımlar atmağı tələb edən qarşıdurma bölgələrində işləməkdə o qədər də maraqlı deyil. Moskva üçün bu yaxınlarda “Şimal Axını-2” saqasının müsbət nəticələnməsi Rusiya rəhbərliyini bir daha inandırdı idi ki, Qərb Ukrayna naminə belə sonadək prinsipial mövqe tutmursa, daha az vacib məsələyə görə Moskva ilə münasibətlərini gərginləşdirməyəcək.

Bundan başqa, Kreml hazırkı vəziyyətdən Bakıya KTMT-yə üzvlüklə dair əlavə təzyiq vasitəsi kimi də istifadə edə bilər (Azərbaycan indiyədək blokun üzvü olan Ermənistanla hazırkı qarşıdurmaya istinad edirək dəfələrlə göndərilmiş “dəvətlərdən” yayınırdı).

Bu səbəblə guya İrəvanın regiona Qərbi (ilk növbədə Fransanı) cəlb etməyə çalışması versiyası, ən azı, ziddiyyətli görünür: əlbəttə, Ermənistanda bunu arzu edən qüvvələr var, amma Fransa səfiri Conatan Lakotun qalmaqallı bəyanatına görə, fransızlar təhlükəsizlik məsələsində dəstəyi yalnız “Ermənistan KTMT-dən çıxdığı halda” (oxu: geosiyasi vektorun dəyişməsində) mümkün olacaq; bunun ehtimalı isə gündən-günə azalır. 

Amma bu söhbətin daha məntiqli yozması də da var: sirr deyil ki, Paşinyan hökuməti Qərbin sülh prosesinə fəal qoşulmasında çox maraqlıdır, Prezident Əliyevin son aylarda Aİ və ABŞ-a ünvanladığı bir çox bəyanatları isə Bakının ən azı normallaşmaya və sülh müqaviləsinin bağlanmasına kömək edən tərəflərin tərkibini diversifikasiya etmək marağından bəhs edib. İstisna etmək olmaz ki, Moskva bu prosesdə öz eksklüziv rolunu irəli sürmək üçün hazırkı eskalasiyadan istifadə etməyə çalışacaq. Həmçinin, son iki ay ərzində İlham Əliyevin Qərblə münasibətlərin ciddi şəkildə yaxşılaşdığını göstərən bir sıra addımlar atdığını və bəyanatlar səsləndirdiyini də yada salmaq lazımdır. Mayın 20-də keçirilən mətbuat konfransında Əliyev Qərb institutlarının sülh prosesində və Qarabağın bərpasında iştirakının əhəmiyyətini dəfələrlə bəyan edib – bu, ATƏT-in və onun Minsk qrupunun, BMT-nin, Fransanın, ABŞ-ın ünvanına bir neçə ay ərzində səsləndirdiyi ciddi tənqidlərlə təzad təşkil etmişdir. İyunda bir sıra erməni məhbuslarının (İrəvanda əsir hesab edilən) müqabilində Ağdam rayonunun mina xəritələrini Azərbaycana təhvil verildildən sonra rəsmi Bakı Qərb tərəfdaşlarına bu məsələdə vasitəçilik etdiklərinə görə təşəkkür edib.

Bu addımlar göstərdi ki, Bakı, bəzi ekspertlərin fikirlərinə rəğmən, xarici siyasət imkanlarını Moskva-Ankara tandemi ilə məhdudlaşdırmaq fikrində deyil. Bundan başqa, ATƏT-in Minsk qrupu həmsədrlərindən və Almaniyadan başqa, demək olar ki, bütün Qərb ölkələrinin səfirləri (hətta keçən il Azərbaycanla münasibətləri olduqca aşağı səviyyəyə düşmüş Yunanıstanın səfiri) bu ilin iyulunda Şuşaya xüsusi təşkil olunmuş səfərlərdə iştirak ediblər. Ola bilsin ki, bu xəbərlər  Bakını artıq potensial anti-Qərb koalisiyanın “zərbə qüvvəsi” rolunda görən Rusiya dairələri ciddi məyus etmiş və Kremlin mövqeyinə müəyyən təsir göstərmişdir. 

Digər tərəfdən, dəfələrlə qeyd etdiyimiz kimi, Rusiya üçün Qarabağda nisbi normallaşma və yeni status-kvoya ciddi təhlükələrin yaranmasına yol verilməməsi Moskva üçün bir növ prestij məsələsinə çevrilib və həmçinin onun proqnozlaşdırıla bilən və effektiv tərəfdaş ola biləcəyini sübut edə bilər. Bundan başqa, Rusiya ağır məğlubiyyətə uğramış, uzun sürən iqtisadi böhranda olan, ardıcıl və düzgün siyasi xətti olmayan Ermənistanın səmərəli müttəfiq ola biləcəyi ilə bağlı xülyalara qapılmır. Buna görə də çox güman ki, fərqli istiqamətli amillərin cəm qüvvəsi kimi Rusiyanın Qarabağa dair siyasəti ortaq bir amilə bənzəyəcək, belə ki: onun daha müsbət bir hala transformasiyası olmadan “pis sülh”ü dəstəkləmək, sərhəd ilə təmas xətti boyunca atışmalar  açan və digər provokativ addımlar atan qüvvələrə bəzən göz yummaq.

Nəhayət, qeyd etmək lazımdır ki, Ermənistanla Azərbaycan arasında toqquşmaların riskini ciddi şəkildə artıran bir amil qalmaqdadır, o da ki rəsmi əlaqələrin olmamağıdır. Bu, tərəfləri hər zaman rəqibin niyyətlərinin bədbin olduğunu fərz etməyə məcbur edir və “məhbus dilemması” üçün səciyyəvi durumu əbədiləşdirir. Və bu problem həll olunmayana qədər zorakılığın spontan eskalasiyası riski həmişə yüksək qalacaq. Məsələn, erməni cəmiyyətində bir çoxları əmindir ki, Azərbaycan münaqişənin Ermənistanın məhvinə qədər davam etdirilməsinə yönəlib, və buna görə də o seqment ən qeyri-rasional və ziddiyyətli addımları dəstəkləməyə hazırdır. Sosial şəbəkələrdə və hətta bəzi meynstrim sayt və “Teleqram” kanallarında “böyük Turan”ın Ermənistan və Zəngəzurda “azərbaycanlıların əmmələri” haqqında qanlı şayiələr yayılır. Avqustun 7-də hətta Gorus meri guya yerli uşaqları oğurlayan “düşmən əsgərləri” haqqında hekayələri yayanlara sərt şəkildə şərh verməyə məcbur olub. Real sülh razılaşması ilə bağlı danışıqlar prosesi möhkəm zəmin tapmayana qədər bu cür psixoloji və irrasional amilləri nəzərə almamaq mümkün deyil.

Məqalənin orijinalı rus dilində burada yayımlanıb.