Bağla

TƏHLİL

Beynəlxalq Böhran Qrupunun Dağlıq Qarabağ ilə bağlı yeni hesabatı

11-06-2021, 11:08   1171
Beynəlxalq Böhran Qrupunun Dağlıq Qarabağ ilə bağlı yeni hesabatı

9 iyun 2021-ci il tarixində Brüsseldə yerləşən Beynəlxalq Böhran Qrupu 2-ci Qarabağ Müharibəsindən sonra regionda yaranmış yeni reallıqları və situasiyanı analiz edən hesabatını ictimaiyyətə təqdim etmişdir. Hesabat Beynəlxalq Böhran Qrupunun mütəxəssislərinin Azərbaycan və Ermənistan rəsmiləri ilə yanaşı ABŞ, Avropa, Rusiya və Türkiyə diplomatları ilə qurduğu ünsiyyətlər hesabına yığılmış informasiya hesabına ərsəyə gəlib və Rusiya sülhməramlı kontingentinin fəaliyyət göstərdiyi ərazilərdən də birbaşa informasiyanı özündə əhatə edir. Giriş və nəticə hissəsi daxil olmaqla ümumilikdə dörd bölmədən ibarət olan hesabatda Rusiya sülhməramlı kontingentinin mövcudluğu, humanitar problemlər, post-müharibə dövründə icmaların situasiyası diskussiya olunmuş və xüsusilə humanitar problemlərin həlli üçün konkret təkliflər edilmişdir.

Ümumilikdə müəlliflər insentiv diplomatik kanallardan istifadə edərək Ermənistan və Azərbaycan arasında post-müharibə dövründə əlaqələrin hansı vəziyyətdə olduğunu ictimaiyyətə çatdırmağa müvəffəq olmuşdur. Həmçinin humanitar problemlərin həlli üçün fövqəladə (ad hoc) əlaqələrin yaradılması, Rusiya sülhməramlı kontingentinin mandatının dəqiqləşdirilməsi və beynəlxalq ictimaiyyətin post-müharibə dövründə daha aktiv iştirak etməyə edilən çağırışlar özlüyündə konstruktiv xarakter daşımaqla yanaşı, rəsmi qurumlar, vətəndaş cəmiyyəti institutları və beynəlxalq humanitar təşkilatlar üçün düşündürücü məqamlar ola bilər.

Buna baxmayaraq, hesabatın akademik üslubdan daha çox jurnalistik üslubda yazılması səbəbindən siyasi cəhətdən qeyri-düzgün və qeyri-müəyyən anlayışlar ortaya çıxmışdır. Müəlliflər hesabatda Dağlıq Qarabağı “münaqişəli ərazi” adlandırmış və bununla da hüquqi cəhətdən tamamilə yanlış bir kateqoriyanı istifadə edərək oxucuları səhv yönləndirmişlər. Baxmayaraq ki, müəlliflər bunun əslində regionunun gələcəyi ilə bağlı münaqişə tərəflərinin “münaqişəli” mövqeyi olmasına işarə etmək üçün istifadə etdiklərini əks-arqument gətirə bilərlər, Beynəlxalq Böhran Qrupu kimi münaqişlər ilə illərdir məşğul olan bir təşkilatın bu cür ikili başa düşüləcək terminologiyalardan əlavə izah vermədən istifadə etməsi təşkilatın professional reputasiyasına ziddir. Belə ki, müasir beynəlxalq münasibətlər sistemində “münaqişəli ərazi” anlayışı İkinci Dünya Müharibəsindən sonra hüquqi bağlılığı qeyri-müəyyən olan ərazilər üçün istifadə edilmişdir və bununla da “ərazi uğrunda münaqişə (iki və yaxud daha çox aktorun konkret bir ərazi uğrunda münaqişəsi)” ilə “münaqişəli ərazi (hüquqi statusu qeyri-müəyyən olan ərazi)” anlayışları arasında fərq yaranmışdır. Ermənistan - Azərbaycan münaqişəsinin hüquqi əsasını təşkil edən sənədlərdə isə, o cümlədən 1993-cü il BMT Təhlükəsizlik Şurası qətnamələrində, Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci il “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzərində qərarında və ATƏT başda olmaqla digər beynəlxalq təşkilatların sənədlərində Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasına hüquqi bağlılığı sorğulanmamış və əksinə regionun beynəlxalq hüquqa görə Azərbaycan Respublikasının beynəlxalq ərazisi olması faktı dəfələrlə qeyd edilmişdir. Yəni, beynəlxalq ictimaiyyət Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu üzərində hüquqi sahibliyini tanımış və regiona “münaqişəli ərazi” adını verməkdən imtina etmişdir. Beynəlxalq Böhran Qrupunun “münaqişəli Dağlıq Qarabağ regionu” anlayışı isə münaqişəni post-kolonializm dövrünün münaqişəli əraziləri ilə eyni səviyyəyə qoyaraq oxucularda yanlış fikirlər yaradır və Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasına hüquqi bağlılığı faktını gizlədərək arxa plana atır.

Həmçinin hesabatda müəlliflər “tərəflərin heç birinin Dağlıq Qarabağla bağlı uzunmüddətli planının olmadığının göründüyünü” qeyd edirlər, amma bu cür iddianın formalaşması üçün etdikləri müsahibələrin nə dərəcədə əsaslı olması özlüyündə sual yaradır. Yəni Beynəlxalq Böhran Qrupunun məlumatı həqiqətən də Azərbaycan və Ermənistanın Dağlıq Qarabağla bağlı uzunmüddətli planının olmadığına dəlalət edir? Bəs danışıqların konfidensial xarakteri səbəbindən bu planın ictimaiyyətə açıqlanmaması, əslində isə mövcud olması nə dərəcədə mümkündür? 

Üçüncüsü, hesabat neytrallığı qorumaq naminə bütün bölmələrdə hər iki tərəfə istinad etsə də, bir çox məsələlərdə əhəmiyyətli humanitar problemlər gözardı edilmişdir. İndiyə qədər 100-dən çox azərbaycanlının həyatını itirdiyi və müxtəlif xəsarətlər aldığı minalar məsələsinə hesabatda cəmi bir-iki yerdə ümumi olaraq toxunulmuş, “humanitar böhran” bölməsində isə ümumiyyətlə 700 mindən çox insanın öz evlərinə qayıtmaq, yaşamaq və iqtisadi fəaliyyət aparmaq hüququnu pozan mina probleminə toxunulmamışdır. Böhran Qrupunun hesabatında İkinci Qarabağ Müharibəsi nəticəsində qaçqın düşmüş ermənilərdən danışılsa da, azərbaycanlı məcburi köçkün əhali üçün yaranan yeni reallıqlardan bəhs edilmir, həmçinin azərbaycanlı məcburi köçkünlərin Rusiya sülhməramlı kontingentinin fəaliyyət göstərdiyi ərazilərə qayıtması ilə bağlı qayğılarına toxunulmur.

Ümumilikdə, hesabat diplomatik korrespondensiya hesabına post-müharibə situasiyası haqqında daha detallı məlumata sahib olmaq imkanı yaratsa da, post-müharibə reallıqlarının bir çoxu müəlliflər tərəfindən ya qeyd edilməyib, ya da qeyd edilsə belə deskriptiv formada təsvir olunub və yazının əsas ideyası Dağlıq Qarabağın siyasi statusunun qeyri-müəyyən olaraq qalması ətrafında davam edib. Bu isə özlüyündə Azərbaycan - Ermənistan münasibətlərinin post-müharibə dövrünü tam izah edilməməsi ilə nəticələnib.