Pandemiya, Çin və “Kəmər və Yol” Təşəbbüsünün gələcəyi

Pandemiya, Çin və “Kəmər və Yol” Təşəbbüsünün gələcəyi

Foto: "Kəmər və Yol" Təşəbbüsü marşrutları. 2018 The Sankei Shimbun / Japan Forward

 

Koronavirus epidemiyası 2019-cu il dekabr ayında Çin Xalq Respublikasının Hubey əyalətində yerləşən Uhan şəhərində meydana çıxdı. Virusla bağlı ilk yoluxma hadisəsi dekabr ayının 1-də qeydə alındı, ilk bir həftə ərzində isə Uhan və Hubey əyalətinin digər şəhərlərinə doğru sürətlə yayılmağa başladı. 2020-ci il yanvarın 20-sində Çində artıq 6.174 yoluxma halı qeydə alınmışdı. Virusun yayılmasının qarşısı almaq üçün 23 yanvarda Uhan şəhərinə giriş və çıxış qadağan edildi. Sonradan oxşar qərar Hubey əyalətinin digər 15 şəhərinə də şamil edildi. Yanvarın 26-dan başlayaraq ölkə ərazisində yerləşən məktəblər, universitetlər və muzeylər bağlandı. Virusun qlobal səviyədə yayılması ilə martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən panndemiya olaraq qəbul edildi. Mart ayından etibarən Çində virusun yayılma sürəti zəiflədi; artıq hökumət virusun digər ölkələrdən "idxalı"nın qarşısını almaq üçün ciddi tədbirlər görməyə başladı. Məsələn, Pekin şəhərinə daxil olan bütün beynəlxalq səyahətçilər üçün 14 günlük məcburi karantin tətbiq olundu. 23 martda sadəcə bir yoluxma halı qeydı alındı və martın 24-də artıq pandemiyanın nəzarət altına alındığı elan olundu.

Dekabr ayından başlayaraq virusun Çinin daxilində sürətlə yayılması və onun qarşısının alınması üçün alınan sərt tədbirlər ölkə iqtisadiyyatına dağıdıcı şəkildə təsir etdi. Bunun səbəbi ölkə daxilində insanların və malların hərəkətlərinin məhdudlaşdırılması, virusa görə istehsalatın zəifləməsi və digər ölkələrlə iqtisadi münasibətlərin zəifləməsi oldu. Milli Statistika Bürosundan verilən məlumata görə, yanvar-fevral aylarında pərakəndə satışlar 2019-cu ilin eyni dövrü ilə müqayisədə 20.5%, sənaye məhsulu 13.5%, əsas kapitala qoyulan investisiyalar təxminən 25% azalıb. Ancaq ölkə daxilində yoluxmanın qarşısının erkən alındığı üçün Çinin digər ölkələrlə müqayisədə iqtisadi vəziyyətini daha sürətli şəkildə bərpa edəcəyi gözlənilir. Çinin ixrac sektoru yaxın aylarda qlobal tənəzzülün təsiri ilə zəifləsə də, daxili istehlakın bərpası ölkənin 2020-ci ilin qalan hissəsində iqtisadi dirçəlməyə kömək edəcəyi gözlənilir. Son bir neçə həftədə işləmə nisbətlərinin bərpa edilməsi tədricən daha yüksək səviyyəyə çıxsa da, kənd yerlərində çalışan işçilərin şəhərlərdə iş yerlərinə qayıda bilməmələri və daxili istehlak tələbinin yavaş bərpa olunması kimi əsas problemlər davam edir. Çinin normal vəziyyətə qayıtması halında belə iqtisadiyyat ilə bağlı proqnozlar ürəkaçan deyil. 2019-cu ildə Çinin ÜDM-i 6.1% artdı və 2020-ci ildə ÜDM-si 6% artması gözlənilirdi. Ancaq virus səbəbi ilə bəzi analitiklərə görə iqtisadi artımın 5%, bəzilərinə görə isə sərt stimullaşdırma tədbirlərinin alınması halında belə iqtisadi artımın 2,6%  və ya 3% olacağı proqnozlaşdırılır. Beynəlxalq Valyuta Fondunun apreldəki rəsmi proqnozu isə Çinlə bağlı bu ilə 1%-lik artım gözləyir. 

Böhranın iqtisadiyyata verdiyi zərərlər Çinin “Kəmər və Yol” Təşəbbüsünün (KYT) inkişafi ilə bağlı da suallar ortaya çıxarır. Bu təşəbbüs ilk dəfə 2013-ci ildə Qazaxıstanın Astana (indiki Nur-Sultan) şəhərində Çin Xalq Respublikası Prezidenti Si Tsinpin tərəfindən elan olunmuşdur. Təşəbbüs Çin ilə digər Avrasiya ölkələrini bir-birinə bağlayacaq magistrallar, dəmir yolları, boru kəmərləri, limanlar və digər infrastruktur layihələrindən ibarətdir. Burada əsas məqsəd Mərkəzi Asiya, Cənubi Asiya, Cənub-Şərqi Asiya, Yaxın Şərq, Şərqi Afrika və nəhayət Avropanı birləşdirərək Avrasiya quru hissəsini və həmçinin dəniz yollarını iqtisadi olaraq bir-biri ilə əlaqələndirməkdir. Bu layihə dünya ÜDM-sının 30%-i və dünya əhalisinin 62%-ni özünə cəmləşdirən 71 ölkəni əhatə edir. KYT çərçivəsində həyata keçirilən layihələr əsasən nəqliyyat, enerji, mədən, İT və rabitə sektorundakı infrastrukturun inkişafı ilə əlaqədardır. Eyni zamanda təşəbbüs sənaye parklarını, Xüsusi İqtisadi Zonaları (XİZ), turizm və şəhərsalma sahələrini əhatə edir. Təşəbbüs iki hissəlidir: İpək Yolu İqtisadi Kəməri və Dəniz İpək Yolu. İpək Yolu İqtisadi Kəməri 6 dəhlizdən ibarətdir. KYT vasitəsilə Çin hökuməti ölkəni Avrasiya iqtisadi mərkəzinə çevirməyi, enerji yollarını şaxələndirməyi və ixrac üçün yeni bazarlara çıxış əldə etməyi planlaşdırır. Xüsusilə İpək Yolu İqtisadi Kəməri planının gerçəkləşməsi Çin üçün strateji əhəmiyyat daşıyır; bunun səbəbi Çinin Yaxın Şərq və Afrikadan neft idxalından çox asılı olması və tranzit yollarının Hind okeanı, Malakka boğazı və Cənubi Çin dənizindən keçməsidir. İpək Yolu İqtisadi Kəməri vasitəsi ilə Çin Orta Asiya, Çin-Pakistan İqtisadi Dəhlizi və Çin-Myanma dəhlizi vasitəsilə enerji dəhlizlərini şaxələndirərək enerji təhlükəsizliyini təmin etməyə və Çin mallarını yeni bazarlara ixrac etməyi nəzərdə tutur. Pakistanda Qvadar limanı, Qazaxıstanda Xorqos quru limanı, Afrikada Əddis-Əbəbə - Cibuti dəmiryolu və Mombasa-Nayrobi dəmiryolu, eləcə də Çin-Myanma sürətli dəmir yolu kimi layihələr “Kəmər və Yol” Təşəbbüsü üçün strateji əhəmiyyət daşıyır. Pekinin açıqlamalarına görə KYT həm Çin, həm də üzv-ölkələr üçün fürsətlər yaratmaqda, regional inteqrasiyanı sürətləndirərək iştirakçı ölkələrin iqtisadi inkişafına töhfə verəcəkdir. Buna görə layihə ilə Çin yeni bazarlar və enerji yollarına sahib olaraq iqtisadi inkişafını davam etdirə, həmçinin layihəyə üzv olan ölkələrə yeni investisyalar qoyaraq və kreditlər verərək onların iqtisadi inkişafına töhfə verə biləcək.  

Çinin xarici işlər naziri Vanq Yi fevral ayında virusun KYT-ya heç bir mənfi təsir göstərməyəcəyini söyləsə də, artıq layihələrin inkişafı ilə bağlı problemlər ortaya çıxmağa başlamışdır. Məsələn, Banqladeş nəqliyyat nazirinin bir milyard dollar dəyərində olan körpü layihəsinin təhlükə altında olduğuna dair xəbərdarlıq etməsi və Payra-Koal elektrik stansiyasının inşasının təxirə salındığını açıqlaması, Nigeriyada dəmir yolu layihəsinin dayandırılması və son olaraq Pakistanın Planlaşdırma və İnkişaf nazirinin 62 milyard dollar dəyərindəki  Çin-Pakistan İqtisadi Dəhlizinin gecikmələrlə üzləşdiyini söyləməsi bu problemlərə nümunə olaraq göstərilə bilər. Problemlər sadəcə layihələrin təxirə salınması və gecikmələrin olması ilə bağlı deyil.  Layihələrin inkişafı həm də Çindən gələn materiallar və çinli işçilərə bağlıdır. Layihələr üçün istifadə olunan materialların böyük bir hissəsi Çindən tədarük edilir, lakin fabriklərin, limanların bağlanması, uçuşların ləğv edilməsi və qlobal tədarük zəncirində ortaya çıxan çətinliklər layihələr üçün vacib sayılan materialların ölkələrə çatdırılmasını əngəlləyir. “Kəmər və Yol” Təşəbbüsü ilə bağlı layihələrin əsasən çinli işçilər tərəfindən görülməsi və böhrana görə Çinin digər ölkələrə işçi qüvvəsi göndərə bilməməsi (50-dən çox ölkə Çinli vətəndaşların ölkələrinə daxil olmasına qadağa qoyub) layihələrin gecikməsinə və ya dayandırılmasına səbəb olan digər amildir. Bundan əlavə, layihələr çox zaman Çin banklarının verdiyi kreditlər vasitəsi ilə maliyələşdirilir, ancaq hal-hazırdak iqtisadi vəziyyət gələcəkdə bankların yenə də kredit verib-verməyəcəklərinə dair suallar yaradır.

Çin iqtisadiyyatı ilə bağlı fərqli proqnozların olmasına və KYT çərçivəsində bir sıra layihələrin təxirə salınmasına rəğmən, Çin hökuməti ölkə daxilində virusun qarşısının alınması və iqtisadiyyatını dirçəldilməsi fonunda KYT ilə bağlı layihələri davam etdirə bilər. Xüsusilə dövlət bankı olan Çin İnkişaf Bankının virusdan zərər görən KYT ilə bağlı şirkətlər üçün maliyyə yardım verəcəyini açıqlaması, Pekinin bu layihələrin davamında maraqlı olduğunun göstəricisidir. 

Orta müddətdə Çin kapitalının daxili problemləri canlandırmaq və iqtisadiyyatı stimullaşdırmaq üçün istifadə olunacağı ehtimal olunur. Buna görə də Çin uzaq çevrəsində yerləşən, riskli və iqtisadi gətirisi qeyri-müəyyən olan layihələr əvəzinə özü üçün strateji əhəmiyyat daşıyan regionlarda, özəlliklə yaxın çevrəsində yerləşən Mərkəzi Asiya və Cənubi-Şərqi Asiyada KYT ilə əlaqəli layihələrini davam etdirilməsinə öncəlik verə bilər. Mərkəzi Asiya (təkcə burada regional iqtisadi inkişafın 2,8% azalacağı proqnozlaşdırılır) və Cənubi-Şərqi Asiya ölkələri pandemiyaya (və neft qiymətlərinin kəskin düşüşünə) görə iqtisadi artımları zəiflədikləri üçün yeni sərmayə və kreditlərə ehtiyac duyurlar. Bu isə həm həmin ölkələrin, həm də sərmayə və kreditləri ödəmək iqtidarında olan Çinin KYT ilə əlaqəli layihələri canlandırmasına təkan verə bilər. Xüsusilə Çin höküməti bu regionlarda risksiz investisyalar və kreditlər vasitəsilə KYT-i davam etdirərək siyasi və iqtisadi təsirini artıra, enerji yollarını şaxələndirərək enerji təhlükəsizliyini təmin edə və bunlara əlavə olaraq bu bölgələrdə yerləşən ölkələrlə iqtisadi aktivliyin artması nəticəsində Çinin zəif inkişaf etmiş daxili şəhərlərinin iqtisadi inkişafına töhfə verə bilər.

Bunlara əlavə olaraq, Çin bankları KYT ilə bağlı borc verilmələrini azalda bilər və borc verilən ölkələr ilə borcların ödənilməsi ilə bağlı yeni müzakirələrə başlaya bilər. Burada Afrika ölkələri xüsusi rol oynayır, çünki virusla mübarizə, neft və əmtəə qiymətlərinin düşməsi səbəbi ilə iqtisadi vəziyyətləri gərginləşən dövlətlər, borcların ödənilmə vaxtlarını təxirə salmaq istəyə bilər. Buna nümunə olaraq Nigeriya Maliyyə naziri Zeynəb Əhməd ölkənin Çinə faiz ödəmələrini təxirə salmağa çalışacağını söyləməsi göstərilə bilər.  Çin Afrika ölkələrinin gərgin iqtisadi vəziyyətdən istifadə edərək Çin hökuməti yeni sərmayə qoyuluşu vəya borc verməyi öhdəsinə götürərsə, bir çox Afrika hökumətləri Çin dövlət şirkətlərinə və ya digər firmalara əhəmiyyətli güzəştlər verməyə hazır ola bilərlər. Borc və sərmayə qoyuluşu qarşılığında Çin Afrika ölkələrinə təzyiq edərək KYT üçün strateji əhəmiyyət daşıyan dəmiryolları və limanları əldə edə bilər (məsələn Kenyada Mombasa limanı). Ancaq Çinin borcların ödənilməsində güzəştə gedilməsi və ya təxirə salınması qarşılığında Afrika ölkələrində dəmir yolları, limanlar əldə etmək üçün təzyiq etməsi bu ölkələrin Çin ilə bağlı şübhələrini artıra bilər ki, bu vəziyyət KYT-nin inkişafı ilə bağlı həm regional, həmdə qlobal olaraq yeni problemlər yarada bilər. Bunun əvəzinə Çin bankları yeni kreditlər verərək, ödəməni təxirə salaraq və ya bəzi borcların bir hissəsini bağışlayaraq Afrika ölkələrində öz təsirini artıra və KYT-nın cəlb ediciliyini artıra bilər.

Nəticə olaraq pandemiya Çin iqtisadiyyatına mənfi təsir etsə də, Çin hökuməti KYT layihələrini dəstəkləməyə və maliyələşdirməyə davam edəcək. Üstəlik iqtisadi olaraq dəstəkləməkdən əlavə, Çin böhrandan istifadə edərək müxtəlif ölkələrə yardım edir və KYT-nın bir hissəsi olan Sağlamlıq İpək Yolunu layihəsini yenidən gündəmə gətirərək KYT-nın cəlb ediciliyini artırmağa çalışır. Post virus dövründə də Çin qlobal iddialarının vasitəçisi olan KYT layihəsini həm iqtisadi gücü, həmdə müxtəlif yumşaq güc vasitələri ilə dəstəkləməyə dəvam edəcəkdir.