Makedoniya: identiklik və tarix uğrunda mübahisə

Makedoniya: identiklik və tarix uğrunda mübahisə

Osmanlı imperiyasının parçalanma dövründə baş verən 1912-1913 Balkan müharibələrindən sonra Makedoniya adlanan coğrafi ərazi 3 Balkan dövləti - Yunanıstan, Serbiya və Bolqarıstan arasında bölündü. 

1946-cı ildə Makedoniya Respublikası keçmiş Yuqoslaviya Sosialist Federal Respublikasının tərkibinə daxil oldu, 1991-ci ildə isə bu ittifaqdan ayrılaraq müstəqilliyini elan etdi. Məhz bundan sonra "Makedoniya Respublikası" adının qəbul edilməsiylə bağlı mübahisələr ortaya çıxdı. 

Yunan hesab etdikləri toponimin bir slavyan ölkəsi üçün istifadəsinə qarşı çıxan Yunanıstan yeni müstəqillik qazanmış qonşusunun adı barədə öz etirazını bildirdi. Məhz Afinanın təzyiqi ilə bir müddət bəzi beynəlxalq platformalarda “Makedoniya Keçmiş Yuqoslaviya Respublikası” adından istifadə olundu, həmçinin Makedoniyanın Avropa Birliyi və NATO üzvlüyünə qəbul edilməsi prosesində əngəllər yarandı. 

Bundan əlavə, yunanlar müstəqil Makedoniya Respublikasının, üzərində “Vergina günəşi” simvollu bayrağını, həmin rəmzin yunanlara aid olması iddiası ilə, 1995-ci ildə dəyişdirməyə məcbur etdi. Makedoniyalı İsgəndərin də hansı ölkənin tarixinə aid olması barədə mübahisələr də ümumi ziddiyyətin bir diskursunu təşkil edirdi. 

Təxminən 30 illik qarşıdurmadan sonra 2018-ci ildə Yunanıstan və Makedoniya baş nazirləri Aleksis Tsipras və Zoran Zaevin təşəbbüsü ilə "Makedoniya Respublikası" adının "Severna Makedoniya" (Şimali Makedoniya) olaraq dəyişdirilməsini nəzərdə tutan Prespa razılaşmasına nail oldular. İdentiklik və tarix uğrundakı mübahisəyə son qoymalı olan Prespa anlaşması “Makedoniya” və “makedoniyalı” terminlərinin müxtəlif tarixi kontekstlərə və mədəni miraslara aidliyini, o cümlədən Şimali Makedoniyanın Respublikasının ellin sivilizasiya ilə heç bir əlaqəsinin olmadığını qəbul etdi.

Tarixi əhəmiyyətə malik olan bu razılaşma hər iki tərəfdə cəmiyyətin müəyyən qismində narazılıq və tənqidlərə səbəb oldu.