Yeni geosiyasi zərurət: 5+1+1

Yeni geosiyasi zərurət: 5+1+1

Alternativ ticarət marşrutlarına olan qlobal tələbatın artması, Ukrayna müharibəsindən sonra regional tərəfdaşlıqların yenidən tənzimlənməsi və post-sovet məkana Qərbin marağının yenilənməsi fonunda son illərdə Mərkəzi Asiyanın geosiyasi əhəmiyyəti əhəmiyyətli dərəcədə artır. Hazırda bu region uğrunda baş verən mübarizəni 19-cu əsrin ortalarında ortaya çıxmış termin əsasında Yeni Böyük Oyun (Great Game 2.0) da adlandırmaq olar. Lakin ilk Böyük Oyundan fərqli olaraq, bu dəfə regionda marağı olan aktorların sayı daha çoxdur: Rusiya, Çin, ABŞ, Avropa Birliyi və onun bəzi üzv-dövlətləri, Böyük Britaniya, Hinditsan, hətta müəyyən dərəcədə Türkiyə, İran və Pakistan.

Bununla belə, bu sıx və rəqabətli geosiyasi müstəvidə strateji mövqeyi və artan diplomatik fəallığı daha çox diqqət tələb edən və potensialı yetərincə dəyərləndirilməyən bir aktor da var: Azərbaycan. Avrasiya nəqliyyat əlaqələri, enerji dəhlizləri və regional təhlükəsizlik sahələrində artan iştirakı ilə Azərbaycan artıq sadəcə kənar müşahidəçi deyil; o, həm də Mərkəzi Asiyanın dəyişən geosiyasi mənzərəsinə fəal şəkildə inteqrasiya olunmağa çalışır.

Fərqli 5+1 formatlarının (sonuncusu, Avropa Birliyi-Mərkəzi Asiya dialoqu olmuşdur) artdığı bir dövrdə, Bakının Qərb tərəfdaşlarına mesajı aydın olmalıdır: region artıq 5+1+1 çərçivəsini tələb edir. Azərbaycan sadəcə qonşu və ya tranzit koridor deyil; o, Mərkəzi Asiyanın geosiyasətində ayrılmaz bir hissəyə çevrilmək, ya da ən azı Qərb ilə Mərkəzi Asiya arasında strateji körpü rolunu oynamaq niyyətindədir. Onun bu rolunun çoxtərəfli platformalarda tanınması əməkdaşlığı daha effektiv, qarşılıqlı əlaqələri daha dərin və regional maraqların uzlaşmasını daha mümkün edəcək.

Ənənəvi 5+1 formatı kifayət etmirmi?

Ənənəvi 5+1 formatı Mərkəzi Asiya ilə xarici aktorlar arasında əlaqə qurmaq üçün əlverişli platforma rolunu oynayıb. Lakin bu format Mərkəzi Asiya ilə qonşu regionlar arasında statik ayırımı əsas götürür. Halbuki, bu ölkələrin qarşılaşdığı siyasi, iqtisadi və təhlükəsizlik çağırışları getdikcə bir-biri ilə daha çox əlaqələnir və bu bölgü getdikcə süni təsir bağışlayır.

Azərbaycanın Mərkəzi Asiya ilə artan əlaqələri daha inteqrə olunmuş yanaşmanı tələb edir. Qarabağ münaqişəsinin ədalətli həllindən sonra Azərbaycan Avrasiyada əlaqələrini yeni müstəviyə qaldırır; bu yalnız strateji və iqtisadi baxımdan deyil, həm də ikitərəfli münasibətlərdən çoxtərəfli platformalara keçid strategiyasının bir hissəsi kimi baş verir. Ölkənin ötən il D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına qoşulması da bu tendensiyanın nümunəsidir.

Coğrafi, mədəni və iqtisadi baxımdan Azərbaycan Mərkəzi Asiya ilə çoxsaylı kəsişmə nöqtələrinə malikdir. Xəzər və Qara dəniz arasında təbii quru körpüsü rolunu oynayır və Bakı–Tbilisi–Qars dəmir yolu, Cənub Qaz Dəhlizi kimi həyati infrastruktur layihələrinə ev sahibliyi edir. Bu marşrutlar təkcə Şərq-Qərb əlaqələrini asanlaşdırmır, eyni zamanda Aİ tərəfindən Rusiyadan enerji və nəqliyyat asılılığını azaltmaq baxımından açar elementlər kimi görülür.

Azərbaycanın strateji reoriyentasiyası

1991-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycan uzun illər boyu öz resurslarının böyük hissəsini Qarabağ münaqişəsinin həllinə həsr etmişdir. Artıq bu fəsil bağlandıqdan və ərazi bütövlüyü bərpa olunduqdan sonra Bakının qarşısında “bundan sonra nə?” sualı meydana çıxaraq ölkənin xarici siyasət prioritetlərinin yenidən düşünülməsi və formalaşdırılmasını tələb edir.

Adətən Rusiya mərkəzli Avrasiya strukturları ilə Qərb bloku arasında bərabər məsafə siyasəti yürüdən Azərbaycan, bu güc qütblərindən heç birinə tam yaxınlaşmadan balansı qorumağa çalışıb. Lakin bu balans siyasəti Bakını yeni geosiyasi istiqamət və gələcəyə baxan xarici-iqtisadi gündəm axtarmağa sövq edir. Bu mənada Mərkəzi Asiya Azərbaycanın təbii strateji tərəfdaşına çevrilir və qarşılıqlı faydalı əməkdaşlıq üçün əsas yaradır.

Bu strateji yaxınlaşmanın təməlində ortaq mədəni köklər, etnolinqvistik yaxınlıq və ortaq tarixi irs dayanır. Türk birliyi ideyası məhz 19-cu əsrin sonlarında Azərbaycanda formalaşmağa başladığını da xatırlatmaq lazımdır. 1990-cı illərdən bəri Azərbaycan (Türkiyə ilə birgə) türk birliyinin lokomotivi kimi bir sıra inteqrasiya təşəbbüsləri ilə çıxış edir. Əvvəllər daha çox mədəni yaxınlaşmaya yönəlmiş bu proseslər son illərdə siyasi və iqtisadi inteqrasiya xarakteri almışdır.

Türk Dövlətləri Təşkilatı (TDT), effektiv idarə olunduğu halda, daha strukturlu və güclü dövlətüstü quruma (Avropa Birliyi tərzində) çevrilmək potensialına malikdir. Bu təşkilat Rusiyanın Ukraynaya hücumu fonunda əhəmiyyəti artmış Orta Dəhliz kimi konkret geoiqtisadi layihələr vasitəsilə daha sıx əməkdaşlığa doğru hərəkət edir.

5+1+1 formatının geosiyasi məntiqi

5+1+1 formatı Azərbaycanın sadəcə tranzit ölkə deyil, həm də maraqları AB və Mərkəzi Asiya ilə üst-üstə düşən siyasi aktor və iqtisadi tərəfdaş kimi tanınmasını nəzərdə tutur.

Bu üçtərəfli dialoq platforması aşağıdakı üstünlükləri təmin edə bilər:

  1. Regional dialoqun gücləndirilməsi: Azərbaycanın cəlb olunması formatı daha inklüziv və regional reallıqlara uyğun edər. Azərbaycanın aktiv xarici siyasəti, nəqliyyat-logistika sahəsinə sərmayələri və Mərkəzi Asiya ilə enerji əlaqələri onu təbii tərəfdaşa çevirir.
  2. AB üçün strateji giriş nöqtəsi: Azərbaycan AB-nin Mərkəzi Asiya ilə əməkdaşlığında etibarlı vasitəçi və körpü rolu oynaya bilər. Rusiyanın təsirinə və Çinin iqtisadi çəkisinə dair artan narahatlıqlar fonunda Avropa daha çevik və yerli tərəfdaşlara ehtiyac duyur. Azərbaycan dünyəvi idarəetmə modeli, enerji əməkdaşlığı təcrübəsi və balanslaşdırılmış diplomatiyası ilə bu rola uyğundur.
  3. Çoxtərəfli sinerji: 5+1+1 kimi ortaq platformalar enerji dəhlizləri, rəqəmsal əlaqəlilik və iqlim dayanıqlığı sahəsində paralel təşəbbüsləri daha uyğunlaşdırılmış şəkildə birləşdirə bilər.
  4. Təhlükəsizlik və sabitlik: Ekstremizm, su çatışmazlığı və sərhəd problemləri kimi davamlı regional çağırışlar fonunda geniş əməkdaşlıq formatı daha uyğun cavab mexanizmləri yarada bilər. Azərbaycanın post-münaqişə təcrübəsi və müdafiə modernizasiyası sahəsindəki nailiyyətləri Mərkəzi Asiya ölkələri üçün də maraqlı ola bilər.

5+1+1 formatının sadəcə simvolik təşəbbüs olaraq qalmaması üçün onun praktik əsaslar üzərində qurulması vacibdir. Mütəmadi sammitlər, işçi qruplar və ticarət, enerji, nəqliyyat-kommunikasiya kimi mövzularda tematik forumlar vasitəsilə bu təşəbbüs davamlı və nəticəyönümlü hala gətirilə bilər.

Fürsət pəncərəsi

Dünyada və bölgədə dəyişən geosiyasi kontekst bir fürsət pəncərəsi açır. AB tərəfdaşlıq əlaqələrini şaxələndirdikcə və Mərkəzi Asiya ölkələri xarici siyasətdə daha çox öz sözünü deməyə çalışdıqca, yeni bir əməkdaşlıq modeli zərurətə çevrilir: daha inklüziv, çevik və regional reallıqlara uyğun bir model.

Azərbaycanın artan regional fəallığı və geostrateji mövqeyi onu Avropa ilə Mərkəzi Asiya arasında ideal körpü halına gətirir. Təklif olunan 5+1+1 formatı sadəcə diplomatik yenilik deyil, dəyişən bir region üçün zərurət təşkil edən bir modeldir.