2024-cü il Böyük Britaniyada seçkiləri: Leyboristlər hakimiyyətə gəlir?

2024-cü il Böyük Britaniyada seçkiləri: Leyboristlər hakimiyyətə gəlir?

Seçki öncəsi durum

2024-cü il Böyük Britaniyanın daxili siyasətində ümumi seçkilərin gözləndiyi üçün həlledici il ola bilər. Hazırkı parlamentin 5 illik səlahiyyət müddətinə çatması ilə Baş nazirə 2024-cü il dekabrın 17-nə qədər seçki çağırmaq səlahiyyəti verilir. Potensial ssenarilərə 2024-cü ilin mayında, 2024-cü ilin payızında (ən uyğun vaxt yəqin ki bu olacaq) və ya da daha gec – 2025-ci ilin yanvarında seçkilərin keçirilməsi daxildir.

Torilərin (mühafizəkarların) 2025-ci ilə qədər hakimiyyətdə qalmağı hədəfləyən fərziyyələrin əksinə olaraq, Baş nazir Rişi Sunak son müsahibəsində seçkilərin həqiqətən də bu il baş tutacağını təsdiqləyib. Bununla belə, hakimiyyətə kimin gələcəyi ilə bağlı sual qeyri-müəyyən olaraq qalır. Seçki nəticələri ilə bağlı müəyyən bir proqnoz vermək hələ tez olsa da, ölkədəki mövcud əhval-ruhiyyə, yaşayış xərcinin artması, ictimai narazılığın yüksəlməsi və iqtidar partiyasının bir sıra skandallarla xarakterizə olması, Böyük Britaniyada 14 il sonra hökumətin dəyişdirilməsi ehtimalını gücləndirir.

2023-cü ilin noyabr ayına olan məlumata görə, Leyboristlər, müxtəlif tanınmış sorğularda əks olunduğu kimi, hakim Mühafizəkarlar partiyası üzərində 20 ballıq güclü üstünlüyə malikdir. Bununla belə, mütləq çoxluğu təmin etmək üçün Leyboristlər ən azı 124 yer qazanmalıdır. Hazırkı sorğular Leyboristlər Partiyasının mühafizəkarlar üzərində 190 yer çoxluq və ümumilikdə 420 mandat qazanacağını proqnozlaşdırır. Dekabrın 7-sinə aid ən son “Ipsos” rəy sorğusu göstərir ki, sözügedən müddətdə Leyboristlər Partiyasına 46% dəstək var və bu oktyabr ayına nisbətən 2% artımı göstərir. Mühafizəkarlar partiyasına olan dəstək isə bir əvvəlki aydan yalnız 1 bal daha çox olaraq, 25% səviyyəsindədir. Bundan əlavə, əsas siyasi xadimlərin reytinqləri də maraqlı icmal təqdim edir. Baş nazir Sunak 24% müsbət, 52% mənfi reytinq aldığı halda, müxalifət lideri Kir Starmer (Keir Starmer) 30% müsbət və 42% mənfi reytinq toplayıb. Qeyd edək ki, “Politico”-nun sorğusu da bu əhval-ruhiyyəni əks etdirir və Leyboristlərə olan dəstəyin 44% aralığında olduğunu göstərir. Bu rəqəmlər Sunakın bəzi seçicilərini geri qaytarmaq üçün çoxsaylı cəhdlərinə baxmayaraq, Leyboristlərin səs payının sabit qaldığını nümayiş etdirir.

Bundan əlavə, parlamentdə vakant qalan yerlər üçün oktyabrın sonlarında keçirilən və ənənəvi olaraq mühafizəkarların dəstəkləndiyi seçki dairələrində leyboristlərin qələbəsi onların ölkədaxili ümummilli seçkilərdəki potensialını vurğulayır. Qeyd edək ki, Leyboristlərin Liverpuldakı son konfransı da partiyanın iş dünyasındakı reytinqini nümayiş etdirmişdir. Belə ki, konfransa lobbiçilər və şirkət rəhbərləri tərəfindən axın olması məhz iş dünyasındakı şəxslərin də partiyanın kampaniyasını dəstəklədiklərini və qalib namizədin yanında olduqlarını bildirdikləri mesajını ötürməyi hədəfləmişdir. Ümumilikdə, hazırkı sorğular və rəylər leyboristlərin xeyrinədir. Bununla belə, partiya bu mərhələdə qələbə ilə bağlı həddən artıq arxayınlaşmamalıdır.

Torilərin şansı qalır?

Qarşıdan gələn seçkilərdə elektoratla bağlı mənzərəni bir neçə kritik məsələ formalaşdıracaq. Hazırda Böyük Britaniya seçicilərinin əsas narahatlıqlarına iqtisadiyyat, inflyasiya/yaşayış xərcləri, NHS-in (milli səhiyyə xidməti) vəziyyəti və immiqrasiya kimi məsələlər aiddir. Leyboristlərin səsvermədə üstünlüyünə baxmayaraq, Torilər bu əsas narahatlıqları mükəmməl başa düşürlər və onların ətrafında manevr etmək üçün hər fürsətdən istifadə edəcəklər. Bununla belə, son liderlik qalmaqalları və keçmiş baş nazir Liz Trassın uğursuz mini-büdcə planından qaynaqlanan iqtisadi qarışıqlıq və yaşayış böhranının yaratdığı davamlı problemlər nəzərə alındıqda, hazırkı mənzərə Torilər  üçün ürəkaçan görünmür.

Buna baxmayaraq, vəzifəyə gəldikdə Baş Nazir Sunak əhaliyə inflyasiyanı yarıya endirmək, iqtisadi artımı dəstəkləmək, ÜDM-in faiz nisbətində borcları endirmək, NHS-in gözləmə siyahılarını azaltmaq və La-Manş kanalında kiçik qayıq keçidlərini məhdudlaşdırmaq kimi beş əsas vəd vermişdir. Hazırda o, verdiyi 5 vəddən yalnız inflyasiyanın azaldılması istiqamətində irəliləyiş əldə edə bilib və bu səbəblə də onun digər vədlərinin ümumi trayektoriyası hələ də qeyri-müəyyən olaraq qalır. Bununla yanaşı, İqtisadiyyat və maliyyə naziri Ceremi Hantın (Jeremy Hunt) vergi yükünün yüngülləşdirilməsi, milli sığorta dərəcələrinin aşağı salınması və biznes üçün vergi güzəştlərinin təmin edilməsi planlarını açıqlayan Payız Büdcə Bəyanatında Torilərin vədlərini yerinə yetirmək təşəbbüsünü göstərməyə çalışsa da, bunun orta seçiciyə təsirinin məhdud olduğu görünür. Əksinə, rəsmi miqrasiya rəqəmlərinin açıqlanması immiqrasiya siyasətləri ilə bağlı ictimai qəzəb doğurmuş və Torilərin Ruanda siyasətindəki uğursuzluqları da  elektoratın tələblərini təmin edə bilməmişdir.

Bu fonda keçmiş baş nazir Devid Kameronun (David Cameron) gözlənilmədən xarici işlər naziri təyin edilməsi,əslində Sunakın ənənəvi Tori seçicilərini sakitləşdirməyə çalışması və hökumətin qeyri-qanuni miqrasiyaya son qoymaq vədlərinə rəhbərlik etmək üçün tanış bir simanı yenidən işə cəlb etməsi cəhdi kimi şərh edilə bilər. Sunakın Kameron kimi daha sağ-mərkəzçi, institusionalist Torizmi simvolizə edən şəxsi öz hökümətinə qatması eyni zamanda onun  seçki strategiyasında dəyişiklik- edərək müdafiə xarakterli partiyanın mandatlarını qorumaq cəhdi kimi qiymətləndirilə bilər.

Bütün çətinliklərə baxmayaraq, Sunak hal-hazırda Baş Nazir olaraq ölkədə seçkini çağırmaq səlahiyyətinə sahibdir və bu üstünlüyünü də şübhəsiz ki, partiyasının seçkidəki uğuruna ən faydalı olacaq şəkildə istifadə edecəkdir. Belə ki, uzunmüddətli perspektivdə daha əlverişli iqtisadi və siyasi zamanlamanı seçərək o, partiyasının üstünlük əldə edə biləcəyi şəraiti optimallaşdıra bilər.  Bununla belə, indiki vəziyyətə görə, Leyboristlər Partiyası Mühafizəkarlar üzərində əsaslı üstünlüyünü qoruyur və bu, 8-9 ballıq fərqə qədər azalmazsa, liderlik dəyişikliyi qaçılmaz görünür. Fərq azalsa belə, əhəmiyyətli nəticələrə səbəb ola biləcək dəyişikliklər etmək üçün Torilər tərəfindən güclü səy tələb olunacaq. Belə bir ssenaridə belə, asılı parlamentin yaranması Sunakın çoxluğu təmin etmək üçün digər partiyalarla bəzi ittifaqlar qurmaq şansını artıra bilər.

Leyboristlər partiyasının çətinlikləri

Həqiqətən də, Leyboristlər, Tori siyasətini əhatə edən daxili mübarizələrdən və mübahisələrdən faydalanaraq, mövcud əlverişli şəraitdən istifadə edir. Bununla belə, Leyboristlərin aşkar seçki üstünlüyünə baxmayaraq, partiya daxili mübarizələr tərəfdarlarının birliyi üçün potensial təhlükə yarada bilər.

Son aylarda, xüsusilə də Qəzzadakı münaqişə ilə bağlı partiyadaxili fikir ayrılıqları Starmerin nüfuzunu sarsıldıb. Starmerin münaqişənin dondurulmasının qarşısını almaq üçün atəşkəsə qarşı çıxması və İsrailin Qəzzada əsas resurslara nəzarət etmək hüququna malik olması kimi bəzi bəyanatları, tərəfdarlar və sol-mərkəzçi seçicilər arasında narazılıq yaradıb. Starmer daha sonra Fələstin dövlətçiliyini dəstəklədiyini iddia etsə də, ümumilikdə o, Bayden tərəfindən atəşkəsdən çox "humanitar fasilə"yə çağıran mövqe tutmuşdur. Yalnız bu yaxınlarda, dekabrın 18-də ABŞ-ın dəyişən siyasi ritorikası ilə Starmer həmkarı Sunak kimi Qəzzada davamlı atəşkəsə çağırış etmişdir.

Seçicilərdən başqa, bu ziddiyyət də partiya daxilində ciddi ixtilaflara səbəb olub. Artıq Leyboristlərin 30-dan çox üzvü partiyanın Fələstinlə bağlı mövqeyinə görə istefa verib. Həqiqətən də, noyabrın 15-də keçirilən səsvermədə təxminən 10 leyborist cəbhəçisinin dərhal atəşkəsi dəstəkləməsi partiyanın birliyinə və Starmerin İsrail-Həmas müharibəsində Böyük Britaniyanın birliyini qorumaq səylərinə böyük zərbə oldu. Düzəlişləri dəstəkləyənlər arasında Yasəmən Qureyşi (Yasmin Qureshi), Paula Barker və xüsusilə Cess Filipsi (Jess Philipps) (Məişət Zorakılığı və Mühafizə üzrə Kölgə Nazir) qeyd etmək olar. Sözügedən  səs vermə sonrası bu şəxslər partiyadan istefa vermişdirlər.

Ümumilikdə, görünür ki, davam edən müharibə Starmerin qorumağa çalışdığı partiya birliyini pozmaq təhlükəsi yaradır. Belə ki, Fələstinpərəst etirazların davam etməsilə Starmerin partiyadaxili bölünmələri necə idarə edəcəyi və sadiq solçu seçicilərini qoruyub saxlamağa çalışacağı müşahidə edilməli olan kritik məqam olaraq qalır. İstənilən yanlış hərəkət və ya bəyanatlar partiyadaxili anlaşmazlıqlara və böyük seçici kütləsinin itirilməsinə gətirib çıxara bilər.

Starmerin komandası: hakimiyyətə kimlərin gəlməsi gözlənilir?

Leyboristlərin hakimiyyətə gəlmə səyləri fonunda ictimaiyyət üçün Starmerin kampaniya komandasının, yaxın çevrəsinin və onun kölgə kabinetindəki əsas fiqurların effektivliyi həlledici olacaq. Bir neçə görkəmli xadim Leyboristlərin idarəetməsini təmin etmək səylərində mühüm rol oynamağa hazırdırlar: Starmerin Qərargah rəisi Su Qrey (Sue Grey), Siyasət Direktoru Lük Sullivan (Luke Sullivan), Kölgə maliyyə naziri Reyçel Rivz (Rachel Reeves) və keçmiş biznes naziri və “Global Counsel” təşkilatının sədri Piter Mandelson (Peter Mandelson).

Kölgə Kabinetinə gəldikdə, Starmer son illərdə öz komandasında dəyişikliklər həyata keçirmişdir. Belə ki, bu minvalda o, 2023-cü ilin sentyabrında çoxdan gözlənilən kabinet dəyişikliyini açıqlamışdır. Bu dəyişikliyin strateji vaxtının, Leyboristlər Partiyasının Konfransı ərəfəsi və ümumi seçkilər öncəsi olması, bunun Starmerin komandasında etdiyi son əsas restukturizasiya olduğuna işarə edir. Sözügedən dəyişikliklər xüsusilə də bir neçə Bleyrpərəstin yüksək vəzifələrə gəlməsi ilə daha da diqqət çəkmişdir.

Leyboristlərin xarici siyasət məqsədləri

Ümumilikdə baxdıqda, Leyboristlərin xarici siyasət məqsədləri Ukraynaya dəstək və Şimali İrlandiyada problemlərin həlli səyləri kimi fundamental məsələlərdə hakim Mühafizəkarlar partiyası ilə eynidir. Arayış yazıldığı vaxtda, hələ də hər iki tərəf daxili mübarizələrə baxmayaraq, Həması pisləməklə və beynəlxalq hüquq çərçivəsində İsrailin özünümüdafiə hüququnu dəstəkləməklə, İsrail-Fələstin münaqişəsinə dair oxşar mövqeyini qorumaqdadır.

Bununla belə, Leyboristlərin xüsusilə Avropa ilə bağlı siyasətinin hal-hazırkı hakim partiyadan daha fərqli olduğu nəzərə çarpır. Belə ki, Leyboristlər fəal şəkildə Aİ ilə güclü ittifaqlar yaratmaq və mövcud münasibətləri dərindən inkişaf etdirmək niyyətində olduqlarını bildiriblər. Əsas diqqət burda Aİ ölkələri ilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı artırmaq və müdafiə paktı əldə etmək cəhdini (keçmiş baş nazir Conson tərəfindən rədd edilmiş təşəbbüsdür) gücləndirməkdir. Bundan əlavə, Leyboristlər Partiyasının Aİ ilə müdafiə-təhlükəsizlik sahəsində prioritetləri genişləndirilməsinə kibertəhlükəsizlik əməkdaşlığı, Balkan və ya Somali kimi regionlarda Aİ-nin rəhbərlik etdiyi sülhməramlı missiyalara dəstək və daha geniş miqyasda strateji dialoqun genişləndirilməsi kimi mühim məsələlər aiddir.

Buna baxmayaraq, qeyd etmək lazımdır ki, Kölgə Müdafiə Naziri Con Hili (John Healey) müsahibələrinin birində Leyboristlərin Avropa Müdafiə Fonduna və ya hər hansı birgə təchizat təşəbbüslərinə qoşulmağı nəzərdə tutmadığını qeyd etdi. Təhlükəsizlik sahəsində partiya xüsusilə Almaniya və Fransa ilə əlaqələrin daha da genişləndirilmək istəyini vurğulayır. Leyboristlər hakimiyyəti təhvil aldıqdan sonra altı ay ərzində Almaniya ilə yeni müdafiə və təhlükəsizlik ikitərəfli sazişi imzalamaq və Fransa ilə 2010-cu ildə Lankaster-Haus sazişini bərpa etmək öhdəliyini öz üzərinə götürüb. Leyboristlərin müdafiə və təhlükəsizliyə bu yeni yanaşması,əslində partiyanın müdafiə sahəsində qarşısına qoyduğu planlarla seçicilərə inam aşılamaq istəməsi və eyni zamanda partiyanın keçmiş lideri Ceremi Korbinin (Jeremy Corbyn) NATO-nun dağılmalı olduğu ideyalarından uzaqlaşdırmaq istəməsi məqsədi daşıyır. Bununla belə, diqqət yetirmək vacib olan şey, Leyboristlərin sözügedən güclü tərəfdaşlıq və ittifaqlar yaratmaq vurğusunun mütəffiqi olduğu ABŞ, Fransa kimi ölkələrdə hakimiyyətə sağçı liderlər gəldiyi təqdirdə necə dəyişəcəyidir.  

Təhlükəsizlik sahəsində əməkdaşlığa əlavə olaraq, Leyboristlər strukturlaşdırılmış dialoq vasitəsilə Böyük Britaniyanın Avropa ilə əlaqələrini yenidən qurmaq məqsədini vurğulayır və xüsusilə 2025-ci il Böyük Britaniya-Aİ Ticarət və Əməkdaşlıq Sazişi çərçivəsində ticarət əməkdaşlığının gücləndirilməsinə xüsusi diqqət yetirəcəklərini bildiriblər. Starmer qeyd edib ki, seçildikləri təqdirdə o Brekzit sazişinin ticarət aspektlərini yenidən müzakirə etməyə fəal şəkildə çalışacaqdır. Buna baxmayaraq, Leyboristlərin sözügedən təklif etdikləri yeni şərtlərə Aİ-ni necə reaksiya verəcəyi isə sual altındadır.

Leyboristlərin xarici siyasətinin digər diqqətəlayiq cəhəti onun İran və ya Rusiyadan qaynaqlanan təhdidlərə həll yollarıdır. Leyboristlər, kəşfiyyat və təhlükəsizlik agentliklərini bir araya gətirmək üçün nəzərdə tutulmuş birgə “FCDO-Home Office State Threats Cell” yaratmağı planlaşdırır. Bu birgə səy dövlət təhdidlərini qiymətləndirmək, onların qarşısını almaq, dayanıqlığı artırmaq və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı inkişaf etdirmək, o cümlədən demokratiyaları dezinformasiyadan qorumaq üçün yeni çərçivələrin yaradılması məqsədi daşıyır.

Leyboristlər həmçinin London Landromatını (çirkli pulların yuyulmasını) həm daxildə, həm də xaricdə təmizləmək məqsədi ilə çirkli pullar, kleptokratiya və korrupsiya ilə mübarizə aparacağını bəyan edib. “5 Göz” (5 Eyes) alyansının digər üzvləri ilə əməkdaşlıq edən Leyboristlər Transatlantik Korrupsiyaya Qarşı Mübarizə Şurasının yaradılması ideyasını da irəli sürüblər. Bu təşəbbüs Leyboristləri Torilərdən fərqləndirərək, ölkədəki oliqarx aktivlərin dondurulması və ələ keçirilməsi ilə bağlı qaydaları sərtləşdirmək istəməsi məqsədi daşıyır.

Qeyd etmək vacibdir ki, Leyboristlər çoxtərəfli əməkdaşlıq mövzusunda, xüsusən də Rusiya-Ukrayna müharibəsindən sonra BMT Təhlükəsizlik Şurasında islahat başlatmağı da qarşılarına məqsəd qoyublar. Belə ki, bu düşünülən islahat kütləvi qətliamlar hallarında BMT-nin daimi üzvlərinin veto hüququnun dayandırılmalı olduğu fikrini müdafiə edir. Leyboristlərin xarici siyasət gündəmində ola biləcək digər əsas mövzu onların Böyük Britaniyanın xalis sıfır hədəfinə (net zero target) və təmiz enerjiyə vurğusudur ki, bu da Leyboristlərin davamlı iqlim siyasətini göstərir.

Leyboristlərin Cənubi Qafqaz və qonşu regionlarla bağlı siyasətindən nə gözləmək olar?

Leyboristlərin Cənubi Qafqaz da daxil olmaqla əksər regionlar üzrə mövqeyi bir qədər qeyri-müəyyən olaraq qalır, çünki partiya hazırda öz vizyonunu və məqsədlərini müəyyənləşdirmək prosesindədir. Bununla belə, bir neçə perspektivi və ya gözlənilən istiqamətləri vurğulamaq vacibdir.

Rusiyaya münasibətdə Starmer özünü partiyanın keçmiş lideri Ceremi Korbin və onun Britaniyanın Rusiya-Ukrayna müharibəsindəki rolunu tənqid edən baxışlarından çox uzaqlaşıdırb. Buna misal olaraq, dekabrın 21-də Starmer Estoniyada yerləşən Böyük Britaniya əsgərlərinə baş çəkən Starmer partiyasının NATO-ya sadiqliyini vurğulayaraq, Ukraynaya yardıml dəstəkləməyə hazır olduğunu bildirib. Ümumilikdə, Leyboristlərin Tori hökumətinə gələcək hərbi yardım planlarını açıqlamaq üçün əhəmiyyətli təzyiq göstərdiyi məlumdur.Nəticə etibarı ilə, əgər Leyboristlər hakimiyyəti ələ keçirsə, Ukraynaya möhkəm bağlılıq gözlənilir. Lakin yeni hökumətin ÜDM-in 2,5%-ni müdafiəyə ayırmağı öhdəsinə götürməsi qeyri-müəyyən olaraq qalır. Bundan əlavə, Leyboristlərin Rusiya aktivlərinin dondurulması və ələ keçirilməsi planı üzrə güclü öhdəliyi onların Rusiyaya qarşı siyasətinin başqa bir məqamıdır. Bu onu deməyə əsas verir ki, daha sərt tədbirlər həyata keçirilə, xüsusən də Rusiya oliqarxlarının ölkədəki aktivləri hədəfə alına bilər.

İrana gəlincə, Leyboristlər son bir il ərzində ardıcıl olaraq hökuməti İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımağa çağırıb. Bundan əlavə, partiya milli təhlükəsizlik qanun layihəsinə düzəliş etməklə ədavətli dövlət aktorlarını qadağan etmək üçün yeni mexanizm təklif etmiş, lakin bu təklif Tori hökumətindən dəstək almamışdır. Nəticə etibarı ilə, Leyboristlər öz vədlərinə və mövqeyinə sadiq olsalar, partiya hakimiyyəti ələ alanda İrana qarşı daha sərt mövqe gözləmək olar.

Leyboristlər partiyasının hakimiyyətə gəldikdən sonra Cənubi Qafqaz ölkələri və Türkiyə ilə bağlı ilkin olaraq daxili siyasətə və Avropa ilə münasibətlərin canlandırılmasına üstünlük verəcəyi gözləntiləri olsa da, bu onların gündəmində hələ də dəqiq ifadə etdilməmişdir. Bununla belə, Kölgə Nazirlər Kabinetinin bəzi üzvlərinin və onların Ermənistanla yaxın əlaqələri gedişatı izləməyin vacibliyini göstərir. Qeyd edək ki, Uels üzrə Kölgə Nazir və Starmerin Parlament üzrə Şəxsi Katibi Cessika Morden Britaniya parlamentində aylar öncə Laçın dəhlizi ilə bağlı çıxış edərkən Azərbaycan əleyhinə fikirlər səsləndirib. Eynilə, Xarici İşlər və Birlik (Commonwealth) İşləri və Beynəlxalq İnkişaf üzrə Kölgə Naziri Stiven Doti (Stephen Doughty) də bu minvalda bəzi açıqlamalar vermişdi. Bu hallar Leyborist Kölgəsi hökumətinin bəzi üzvlərində bir qədər narahatlıq doğuran ermənipərəstlik meylini vurğulayır.

Nəticə

Leyboristlər birlik nümayiş etdirərək və güclü seçki strategiyası həyata keçirərək daxili problemləri effektiv şəkildə idarə edərsə, 2024-cü ilin sonuna kimi hakimiyyətə gəlmə ehtimalı yüksəkdir. Bununla belə, əsas iqtisadi, immiqrasiya və səhiyyə siyasətlərinin trayektoriyası, Rusiya-Ukrayna və İsrail-Fələstin münaqişələrinin nəticələri və aparıcı partiyaların bu münaqişələrə müvafiq reaksiyaları seçkilərdə qələbənin və parlament yerlərinin bölüşdürülməsinin miqyasını müəyyən etmək üçün həlledici amillər olacaq.

Starmerin prioritetləri, o cümlədən AB ilə gücləndirilmiş təhlükəsizlik və müdafiə əməkdaşlığının qurulması, ticarət danışıqlarına yenidən baxılması, daha güclü qlobal ittifaqların qurulması və korrupsiya, kleptokratiya və ətraf mühitə qarşı daha sərt mövqe tutması onun hakimiyyətdə olduğu ilk ilini formalaşdıracaq məsələlərdir. Buna baxmayaraq, Cənubi Qafqaz regionu ilə bağlı formalaşmış siyasətinin olmaması da diqqət cəlb edir və seçki dövründə Leyboristlər Partiyasının daxili çevrəsinin əsas fiqurları ilə əlaqələrin yaradılmasınə zəruri edir.