“BRICS”-ə yeni üzvlər: Yaxın Şərqdə nələr baş verir?

“BRICS”-ə yeni üzvlər: Yaxın Şərqdə nələr baş verir?

Bir müddət əvvəl – 22-24 avqust tarixlərində Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində Braziliya, Rusiya, Hindistan, Çin və ev sahibi CAR-ın üzvü olduğu “BRICS” qrupunun 15-ci sammiti baş tutdu. Uzun müddətdir qərbmərkəzli qlobal sistemi dəyişdirmək məqsədi güddüyü və Böyük Yeddilik formatına Qlobal Cənubun alternativi olduğu iddia edilən qrup üçün bu sammit xeyli yaddaqalan oldu. Bunun başlıca səbəbi isə 5 üzvə sahib formatın 6 dövlətə – Argentina, Efiopiya, Misir, Səudiyyə Ərəbistanı, BƏƏ və İrana üzvlük dəvəti önə sürməsidir. Son bir neçə ildə hökm sürən gərginliyədək ABŞ-ın yaxın müttəfiqi hesab olunan Səudiyyənin, bir neçə il öncə ABŞ və İsraillə İbrahim Razılaşmalarına imza ataraq İsraili rəsmi olaraq tanıyan ilk Körfəz ölkəsinə çevrilmiş BƏƏ-nin, habelə dünyanın ən çox sanksiyaya məruz qalmış, İsrailə və Qərb ölkələrinə düşmən münasibət bəsləyən İranın sözügedən qrupa qoşulması Yaxın Şərq regionu üçün kifayət qədər əhəmiyyətli geosiyasi hadisə sayılmalıdır. Bunun niyə belə olduğuna aydınlıq gətirmək üçün ilk növbədə qrupun xarakteristikasına və hər üç ölkənin bu formata üzvlüyünün mahiyyətinə nəzər salmaq gərəkdir.


“BRICS” nədir?

“BRICS” qrupu adı üzv ölkələrin ingiliscə adlarının baş hərflərinin birləşdirilməsindən yaranmış tərəfdaşlıq formatıdır. Bu formatda ilk sammit 2009-cu ilin iyununda, Rusiyanın Yekaterinburq şəhərində, Braziliya, Rusiya, Hindistan və Çin Xarici İşlər nazirləri arasında “BRIC” adı altında keçirilib. CAR isə 2010-cu ildəki sammitdə formata qatılma dəvəti alıb və növbəti ildən etibarən sammitlərdə qrupun üzvü qismində iştirak edib, beləcə, təşkilatın adına CAR-ı simvolizə edən “S” hərfi də əlavə olunub. Qrupa üzv ölkələr dünya əhalisinin 42, ərazisinin 30, ÜDM-nin 23 və qlobal ticarətin 18%-ni özündə ehtiva edir. Bütün üzvlərin İEOÖ (inkişaf etməkdə olan ölkə) hesab olunması və mütərəqqi iqtisadi göstəricilərə sahib Qərb ölkələrilə birmənalı münasibətlərinin olmaması bu qrupa hazırki dünya nizamını yenidən qurmağa çalışan və kollektiv Qərbə alternativ qüvvə imici qazandırıb. Lakin formatın iş prinsipinə nəzər saldıqda, “BRICS”-in, ən azından hələlik, belə ciddi ambisiyaları qarşılayacaq səviyyədə geniş fəaliyyət istiqamətinə sahib olmadığı ortaya çıxır.

“BRICS” əslində bir təşkilat deyil. Onun qərargahı və ya əsaslandığı hansısa müqavilə yoxdur. Qrupa aid edilə biləcək yeganə təşkilat Yeni İnkişaf Bankıdır (YİB). Bu bankda hər 5 üzv ölkə bərabər paya sahibdir. Bankın ümumi dəyəri isə 100 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Qrup fərqli bəyanatlarda özünü forum, platform, mexanizm, tərəfdaşlıq, strateji tərəfdaşlıq kimi təqdim edib. Üzv ölkələrin ortaq mövqedən çıxış etdiyi müxtəlif mövzular (qarşılıqlı iqtisadi inkişaf, NATO və Aİ kimi təşkilatların beynəlxalq legitimliyinə qarşı çoxtərəflilik, beynəlxalq təşkilatlarda islahatlar, suverenlik və ərazi bütövlüyü kimi mövzularda həmrəylik) olsa da, bu beşliyin maraqlarının həmişə üst-üstə düşdüyünü demək çətindir. Çinlə Hindistan arasında, uzun müddətdir, davam edən ərazi münaqişəsi, sərhəd toqquşmaları və siyasi-iqtisadi rəqabət, BMT TŞ-nin daimi üzvləri olan Çin və Rusiyanın Hindistanla Braziliyaya da oxşar imtiyaz verilməsi təklifinə elə də isti yanaşmaması, habelə Beynəlxalq Cinayət Məhkəməsinin Vladimir Putin haqqında çıxardığı həbs qərarı və CAR-ın bu məhkəmənin Roma Əsasnaməsini ratifikasiya etməsi səbəbilə Rusiya Prezidentinin bu ölkəyə səfər etməkdən boyun qaçırması üzvlər arasında ciddi fikir ayrılıqlarının mövcudluğundan xəbər verir. Rusiyanın Ukraynaya hücumundan sonra dünyanın ən çox sanksiyaya uğramış ölkəsinə çevrilsə də, digər üzv ölkələr oxşar tədbirlərlə üzləşməmək üçün Rusiyaya birbaşa hərbi və ya siyasi dəstək verməkdən yayınıblar. Rusiya və Çin avtoritar rejimlərlə idarə olunsalar da, digər 3 ölkədə demokratik nizam hökm sürməkdədir.

Lakin son illərdə “BRICS” formatında aktivləşmə olduğunu da müşahidə etmək mümkündür. Səbəb kimi bu ilki sammitdə 6 yeni üzv dəvəti göndərilməklə qrupun sıralarının 2 dəfədən də çox genişləndirilməsi, həmçinin fevral ayında Rusiya, Çin və CAR arasında keçirilən ortaq hərbi donanma təlimlərini, bundan əlavə, həm Rusiya, həm də Braziliya prezidentlərinin önə sürdüyü “BRICS” ortaq pul vahidi təklifini göstərmək olar. Format mahiyyətcə siyasi sferada ortaq qayğılara – Qərbə qarşı skeptikaya sahib dövlətlərin iqtisadi və siyasi tərəfdaşlığından ibarət olsa da, üzv ölkələrlə Qərb arasında gərginliyin getdikcə artması, ABŞ-ın hegemon olduğu təkqütblü dünya nizamının yerini çoxqütblülüyə verməkdə olması bu qrupa da adi bir tərəfdaşlıq platformundan daha artıq məna və dəyər qazandırır. 3 üzv arasında keçirilmiş ortaq hərbi təlimlər, ABŞ dollarının qlobal hökmranlığını sarsmaq məqsədi güdən ortaq valyuta planı və təşkilatın aktiv şəkildə yeni üzv cəlb etməyə çalışması da “BRICS”-in gələcəkdə daha genişmiqyaslı bir təşəbbüsə, hətta təşkilata çevriləcəyindən xəbər verir. Dəvət göndərilən ölkələrin siyahısı da maraqlı məqamdır. Argentina, İran, Misir və Efiopiyanın düşdüyü çətin iqtisadi vəziyyət, habelə Səudiyyə Ərəbistanı və BƏƏ-nin ABŞ-dan asılılığı azaltmaq naminə yeni müttəfiqlik axtarışına çıxması da “BRICS”-in yeni geosiyasi faktor kimi önə çıxmağa çalışdığını deməyə əsas verir.


İranın üzvlüyü

1979 İslam İnqilabından etibarən dövlət siyasətini ABŞ və İsrailə qarşı düşmənçilik üzərində qurmuş İran İslam Respublikası yekunda bu mövqeyinə görə ağır sanksiyalarla üzləşmiş və dünya ticarətindən ciddi ölçüdə izolyasiya olunmuşdur. İnqilabın ixracı strategiyasını güdərək regionda və bütün dünyadakı qərbmərkəzli nizamı çökdürməyi arzulayan rəsmi Tehran üçün “BRICS” qrupu öz anti-Qərb agendasını daha da gücləndirmək, yeni siyasi blok daxilində müttəfiqliklər qurmaq, habelə iqtisadi sanksiyalardan yayınmaq üçün göydəndüşmə təklifdir. Təsadüfi deyil ki, Yohannesburqda İran tərəfinə üzvlük dəvəti göndərilməsindən bir ay öncə bu ölkə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tamhüquqlu üzvü olmuşdu.

Tehran bu platformdan qlobal de-dollarizasiya prosesində aktiv iştirak etmək, qərbmərkəzli qlobal təşkilatlara qarşı alternativ ağırlıq mərkəzi kəsb etmək, Çin, Rusiya və Hindistan kimi güclü iqtisadi əlaqələrinin olduğu ölkələrlə bu əlaqələri daha da inkişaf etdirmək, hətta YİB-nin təkmilləşməsi və böyüməsi halında bu bankın yardımı ilə ölkədə tüğyan edən iqtisadi problemlərin həlli istiqamətində çalışmaq kimi gözləntilərə sahibdir. Argentina, Efiopiya və Misir kimi digər dəvətli ölkələrdə də maddi çətinliyin hökm sürməsi YİB-ə və ümumən “BRICS”-ə özünü sübut etmək şansı verir. Belə ki, əgər YİB bu ölkələrdəki böhranlı iqtisadi vəziyyətin stabilləşməsinə tövhə verə bilsə, o zaman bu, qərbmərkəzli qlobal nizamdan təcrid edilmiş və/və ya iqtisadi tənəzzül keçirən digər ölkələr üçün də uğurlu nümunə yaratmış olacaq və “BRICS”-in bir blok kimi geosiyasi çəkisini və etibarlılığını ciddi ölçüdə artıracaq.

Çin və Rusiya “BRICS” qrupunu, uzun müddətdir ki, böyütməyi təklif etdiklərindən, İranın üzvlüyü də blokun sıralarının genişlənməsi nöqteyi-nəzərindən bu dövlətlərin maraqlarına cavab verir. Hər iki ölkənin İranla çox yaxın münasibətlərə sahib olması da bunu təsdiqləyir. “BRICS”-in qurucu üzvləri arasında İranın üzvlüyünə etiraz sadəcə Hindistandan gələ bilərdi, buna səbəb isə rəsmi Dehlinin yürütdüyü prinsipial tərəfsizlik siyasətidir. Ukraynadakı müharibənin ardınca Rusiya ilə diplomatik əlaqələrini dayandırmayan, bunun əksinə, iqtisadi əlaqələrini daha da dərinləşdirən, bu ölkə ilə onillərdir davam edən hərbi əməkdaşlığa sahib Hindistan eyni zamanda Qərb ölkələri ilə münasibətlərini də pozmaq istəmir. 4 iyulda Hindistanda reallaşmalı olan və Putinin də iştirak edəcəyi ŞƏT Sammitinin ani qərarla onlayn formata keçirilməsi də Dehlinin beynəlxalq aləmdə Rusiyanın yaxın dostu imici yaratmaqdan çəkindiyinin mücəssəməsidir. Belə olan halda, İran kimi anti-Qərb bir dövlətin “BRICS” formatına daxil olması da Hindistan tərəfini qayğılandıra bilər.

Bundan başqa, Səudiyyə Ərəbistanı və BƏƏ-nin də üzvlüyə dəvət alması xüsusən birinci ilə illərdir gərginlik yaşayan, lakin bu il Çinin vasitəçiliyilə normallaşma prosesi başladan İran üçün Körfəz siyasətində dönüm nöqtələrindən biri ola bilər. Bu ilədək əzəli düşmən sayılan dövlətlərin 2024-cü ildən etibarən eyni blok daxilində yer alması İran üçün regional, vasitəçi rolunu öhdəsinə götürmüş Çin üçün isə qlobal əhəmiyyətli geosiyasi uğur kimi şərh edilə bilər.


Səudiyyə Ərəbistanı və BƏƏ

Səudiyyə Ərəbistanı uzun illər boyu ABŞ-ın ən yaxın müttəfiqlərindən biri hesab olunmuşdur. Lakin Qaşıqçı cinayəti, Bayden administrasiyası ilə Səudiyyə hakimiyyəti arasındakı xoşagəlməz münasibət, ABŞ-ın Ər-Riyada dəstəyini (bura Yəmən müharibəsi də daxildir) azaltması, nəticədə bu ölkənin, habelə BƏƏ-nin istər Husi hücumlarına qarşı daha dişbatan hala gəlməsi, istərsə də İranla yürütdüyü əlaltı savaşlarında daha zəif vəziyyətə düşməsi, bundan başqa, ABŞ tərəfindən Ər-Riyada və digər “OPEC+” üzvlərinə neft hasilatını azaltdıqları üçün təzyiq olunması Vaşinqtonla Ər-Riyad arasındakı münasibətlərin xeyli soyumasına yol açdı. Elə bu səbəbdən də 2022-ci ildə həm Səudiyyə Ərəbistanı, həm də BƏƏ-nin Vladimir Putinə Rusiya günü münasibətilə təbrik ünvanlaması, rəsmi Ər-Riyadın Çinin vasitəçiliyində İranla münasibətləri normallaşdıraraq rəsmi Pekinin qlobal aktor kimi imicini gücləndirməsi, habelə BƏƏ-dən fərqli olaraq Səudiyyə tərəfinin uzunmüddətli danışıqlara baxmayaraq hələ də İsraillə diplomatik münasibətlər qurmaması bu ölkənin  yeni müttəfiqliklər axtarışında olduğunun göstəricisidir. “BRICS”-ə üzvlük isə Ər-Riyadın “geosiyasi palitrasına yeni rənglərin artırılması” baxımından olduqca məqsədəuyğun addımdır.

Hazırda adi bir iqtisadi platformdan daha artığı kimi görünməyən “BRICS”-in gələcəkdə yeni və Qərb üçün daha təhdidkar özəlliklər qazanması ehtimalı isə bu formata üzvlüyü ABŞ müttəfiqləri üçün xeyli riskli hala gətirir. Elə bu səbəbdən də, ölkənin Xarici İşlər naziri Faysal bin Fərhan “BRICS” ölkələrinin göndərdiyi dəvətə münasibət bildirərkən təklif edilmiş üzvlük tarixi olan 1 yanvaradək məsələnin detallarının araşdırılacağı və “uyğun qərar” alınacağını bildirib. BƏƏ rəsmiləri üzvlük dəvətini daha müsbət qarşılasalar belə, Səudiyyə Ərəbistanının üzvlük təklifini qəbul etməyəcəyi halda Əmirliklərin necə bir mövqe sərgiləyəcəyi sual altındadır. Digər maraqlı məqam ondan ibarətdir ki, hər iki ölkə Hindistanla yaxın münasibətlərə sahibdir və bir neçə gün əvvəl Nyu-Dehlidə keçirilmiş Böyük İyirmilik Sammitində ev sahibi ölkənin önə sürdüyü, Hindistanla Avropanı birləşdirən yeni marşrut təklifi üzərində yerləşirlər. Bu isə Ər-Riyadla Əbu-Dabinin platforma üzvlüyünün elə Nyu-Dehli tərəfindən dəstəkləndiyini deməyə əsas verir. Təsadüfi deyil ki, hər üç dövlət digər Rusiya, Çin və İrandan fərqli olaraq Qərblə yaxın münasibətlərə sahibdirlər və sözügedən Körfəz ölkələrinin “BRICS”-ə dəvətini Hindistanın bu platformun tamamilə anti-Qərb olmadığı mesajını vermə cəhdi kimi də qiymətləndirmək mümkündür.


Nəticə

Dəvət olunmuş ölkələrin hamısı üzvlük təklifinə müsbət cavab verdiyi halda, “BRICS+” qrupunda 4 Yaxın Şərq ölkəsi təmsil olunmuş olacaq ki, bu da həmin format daxilində region üçün əhəmiyyət daşıyan məsələlərin daha çox müzakirə olunmasına səbəb olacaq. “BRICS”-in gələcəkdə öz nüfuzunu artıraraq qərbmərkəzli qlobal qurumlara meydan oxuyacaq miqyasa gəldiyi ssenaridə bu, Yaxın Şərq bölgəsinin qlobal nizamda daha həlledici mövqeyə yerləşəcəyini deməyə əsas verir. Yeni başlamış normallaşma prosesinə qədər əzəli rəqiblər sayılan Səudiyyə Ərəbistanı və İran kimi regionun 2 vacib ölkəsinin eyni format daxilində təmsil olunması bu ölkələr arasında dialoq pəncərəsini daha da açaraq yeni eskalasiya ehtimalının azalmasına və Körfəz regionunun daha stabil hal almasına kömək edə bilər. Bununla belə, hazırki gedişat ikiqütblü dünya nizamının formalaşmaqda olduğunu deməyə əsas verir və belə olan halda, 4 böyük Yaxın Şərq ölkəsinin “Cənub” qütbündə toplanması Türkiyə kimi başqa vacib region ölkəsinin NATO üzvü olduğu nəzərə alındıqda region üçün heç də yaxşı şeylər vəd etmir.