Arazın cənubunda yenilik yoxdur?
İran türkləri və ya güney azərbaycanlılar İranın ən çoxsaylı etnik azlığını təşkil etməkdədirlər. Şərqi Azərbaycan, Ərdəbil və Zəncan ostanlarındakı əhalinin, demək olar ki, hamısı, Qərbi Azərbaycan, Həmədan və bəzi mənbələrə görə Qəzvin ostanının böyük çoxluğu türk mənşəlidir. Lakin türklərin yaşama arealları sadəcə bu vilayətlərlə yekunlaşmır. Şiraz, İsfahan, Çahar Mahal və Bəxtiyari ostanlarında qaşqaylar, Şimali Xorasan, Rəzəvi Xorasan, Gülüstan ostanlarında Xorasan türkləri, Tehran ostanı və ətraf sənaye bölgələrində isə maddi səbəblərdən köçən türk əhali məskunlaşmışdır. İran türklərinin sayıyla bağlı bir çox fərqli iddiaya rast gəlinir. Ehtimal olunur ki, İranda 20 milyon civarında Azərbaycan türkü yaşamaqdadır və onlar ölkə əhalisinin 20%-dən çoxunu təşkil edirlər.
1979-cu ildə əsrlərdir davam edən monarxik quruluşa son verən İran İslam İnqilabı Pəhləvi hakimiyyəti dövründə başda Azərbaycan türkləri olmaqla azlıqlara qarşı tətbiq olunan assimilyasiya siyasətinin nisbətən yumşalmasına yol açmışdır. Pəhləvi İranında türk dilində kitab nəşriyyatı qadağan olunmuş, Azərbaycan türklərinin “türk köçləri səbəbilə dilini unutmuş İrani xalq olan azərilər olduğu” istiqamətində dövlət propaqandası yürüdülmüş, Qacar İmperiyası dövründə mövcud olan türkdilli məktəb və mətbu orqanlarının fəaliyyətinə son verilmişdi. İnqilabdan sonra bu qadağa və məhdudiyyətlərdə səngimə müşahidə olunsa da, dövlət aparatının farsmərkəzli İran millətçiliyini əsas alan daxili siyasət kursunun dəyişdiyini idda etmək reallığa uyğun gəlmir. Bu fikri təsdiqləmək üçün İran İslam Respublikasının ən yeni tarixinə nəzər salmaq kifayətdir. Dəfələrlə seçkiqabağı təşviqat prosesi zamanı azərbaycanlılardan səs toplamaq məqsədilə səsləndirilən türkdilli məktəb vədi hələ də icra olunmamışdır və dövlət məktəblərindəki yeganə tədris dili fars dili olaraq qalmaqdadır. Bundan başqa, yerli əhalinin etirazına baxmayaraq, türk çoxluqlu Salmas şəhərində məşhur fars şairi olan Firdovsinin heykəlinin qoyulması da dövlət əliylə fars dili və mədəniyyətinin tərənnümü kimi qələmə verilə bilər. Bunun altında yatan əsas səbəb isə Azərbaycan türkcəsinin dövlət dairələri tərəfindən “milli təhlükəsizliyə təhdid” kimi qəbul olunmasıdır. Bu yanaşmanın nəticəsində hətta adı türk dilində olan iaşə obyekti açmaq, yeni doğulan körpələrə türkcə ad qoymaq bürokratik əngəllərə uğrayır. Azərbaycan və ya Türkiyə bayraqları dalğalandırmağın separatçılıq hesab edilərək qadağan edilməsi bir yana, hətta hansısa əşyanı göy, qırmızı və yaşıl rəngdə boyamaq belə dövlət orqanlarının mənfi mənada diqqətini cəlb etməyə bəs edir. Belə ki, 2021-ci ildə, Təbrizdə qeyd olunan üç rənglə boyanmış bir qayığın üzəri Azərbaycan bayrağını xatırlatdığına görə başqa rənglə boyanmış, parkın əməkdaşları isə hadisə ilə bağlı dindirilmişdilər. Ölkədə məskunlaşan Azərbaycan türklərinin dövlətə yaxın media qurumları tərəfindən tez-tez “azəri”, “azəridilli” kimi təqdim olunur və beləcə, türklərin ayrı bir kimliyə malik etnik qrup yox, fars dili danışmayan sıravi iranlılar olduğu fikri ictimaiyyətə yeridilir. İran mediasının Azərbaycan türklərinə qarşı qərəzi bununla da bitmir. 2015-ci ildə İranın dövlət telekanalı olan “IRIB”-də yayımlanan “Fitilə” adlı uşaq proqramında bir türkün dişini tualet fırçasıyla yuduğu təsvir edilmişdi. Bu alçaldıcı kontent Təbriz, Urmiyə, Ərdəbil, Zəncan kimi şəhərlərdə kütləvi etirazlara səbəb olmuşdu. Nəticədə telekanalın baş direktoru ictimaiyyətdən üzr istəmişdi. Maraqlıdır ki, türk əsilli obrazın natəmiz, dişini tualet fırçasıyla fırçalayan biri kimi göstərildiyi oxşar məzmunlu bir əyləncə proqramı bu yaxınlarda da telekanalların birində yayımlanmışdır.
Azərbaycan Respublikasının 2020-ci ildə 2-ci Qarabağ müharibəsindən qalib ayrılaraq uzun müddətdir işğal altında olan minlərlə kv. km ərazisini geri qaytarması Arazın o tayında da səssiz-sədasız ötüşməmişdi. Rusiyadan göndərilən silahların İran vasitəsilə Ermənistana çatdırılmasına, habelə İranın müharibə boyunca Azərbaycana dəstək göstərməməsinə etiraz edən minlərlə türk meydanlara çıxaraq aksiyalar təşkil etmiş, Ermənistanla olan Norduz sərhəd keçid məntəqəsinə qapamağa çalışmışdılar. Bu etirazlar özüylə təqib və həbsləri də gətirmiş, 2020-ci ildə ən azı 135 türk aktivist həbs edilmişdi. 2022-ci ilin sonlarında, Məhsa Əmininin polis zorakılığı nəticəsində öldürülməsilə baş qaldıran etirazlar da türk çoxluqlu əyalətlərdən yan keçməmiş və azərbaycanlı aksiya iştirakçıları ana dillərində “Azadlıq, Ədalət, Milli Hökumət!” şüarından istifadə etmişlər. Həmin aksiyalar zamanı içində türk əsilli fəalların və aksiya iştirakçılarının da olduğu ən azı 19.200 nəfər saxlanılmış, 537 nəfər isə həyatını itirmişdir.
Azərbaycan türklərinin üzləşdiyi ayrıseçkiliklərə bir digər nümunə kimi isə bu ilin əvvəlində yaşanmış Xoy zəlzələsini göstərmək olar. 200 minə yaxın əhalisi olan Xoy şəhərində baş verən zəlzələ nəticəsində minlərlə insan soyuq qış aylarında evsiz qalmağa vadar olsa da, dövlət orqanları əziyyətçəkənlərdən lazımi diqqət və qayğını əsirgəmiş, onların tibbi ləvazimatlar, çadır, içməli su kimi təməl ehtiyaclarını qarşılamaqda aciz qalmışdır. Bu yarıtmaz siyasətə etiraz olaraq yerli icra hakimiyyəti qarşısında aksiya keçirməyi qərara alan sakinlərə isə su şırnaqları ilə cavab verilmişdir.
Bir başqa vacib problem isə Xəzər dənizi istisna olmaqla ölkənin ən böyük gölü olan Urmiyə gölüylə bağlıdır. Şərqi və Qərbi Azərbaycan ostanları arasında yerləşən bu duzlu göl quraqlıq, göl üzərində avtomagistral tikintisi, yeraltı su ehtiyatlarından hədsiz istifadə və çox sayda su bəndi inşası səbəbilə sürətlə qurumaqdadır. Peyk xəritələrinə nəzər saldıqda belə vəziyyətin nə qədər acınacaqlı olduğu ortaya çıxır. Gölün cənub hissəsində demək olar su ehtiyatı qalmayıb və əvvəllər su ilə örtülü olan ərazilər indi duz səhrasına çevrilib. 2021-ci ildə yayımlanan araşdırmaya görə, 2008-2018-ci illər arasında ətraf ostanlardakı bağ əkinçiliyi fəaliyyəti təqribən 30% azalmış, 1996-2016 aralığında isə Şərqi Azərbaycan ostanındakı kəndlərin 12%-dən çoxu əhalisini itirmiş, ümumilikdə 494 kənd boşalmışdır. Uzun illərdir davam edən və həllini tapmayan bu ekoloji problem ucbatından yaşayış yerini tərk etməyə məcbur olan insanlar isə iqtisadi olaraq daha inkişaf etmiş bölgələrə üz tuturlar. Sənaye mərkəzlərində və iri şəhərlərdə assimilyasiya prosesinin daha sürətli getdiyini nəzərə salsaq, ekoloji və iqtisadi səbəblərlə yaşayış yerini itirən insanların bir müddət sonra milli kimliyini itirmək təhdidilə üzləşdiklərini demək mümkündür.
Bütün bunlar Azərbaycan türklərinin İranda üzləşdikləri çətinlikləri sərgiləməkdədir. Səlcuqların İrana ayaq basdığı 11-ci əsrdən bəri İran ərazisinin hərbi-siyasi elitasını təşkil edən, 1925-dək ölkənin idarəçisi qismində çıxış edən türklər Pəhləvilərin hakimiyyətə gəlişilə birlikdə bu üstün mövqedən – siyasi idarəetmə gücündən məhrum olmuş, siyasi təmsilçilikləri məhdudlaşmış, assimilyasiyaya və bir çox fərqli sahədə ayrıseçkiliyə məruz qalmışlar. Arazın şimalındakı soydaşlarından fərqli olaraq müstəqilliyə və ya hər hansı muxtariyyətə sahib olmayan Azərbaycan türkləri öz milli-mədəni irslərini qorumaq və yeni nəsillərə ötürə bilmək üçün bir sıra milli haqlarının təmin olunmasına ehtiyac duyurlar. Əks halda davam edən assimilyasiya siyasətinə müqavimət göstərmək üçün yetərli imkana sahib olmayan İranın türk icması meynstrim fars mədəniyyəti içində əriməyə və özünəməxsus kimliyini itirməyə məhkum olacaq.