İsraildəki siyasi böhran: Azərbaycan üçün nəticələr
İsrail son günlərdə Baş nazir Netanyahunun məhkəmə islahatı planlarına qarşı ictimai etirazlarla sarsılmaqdadır. Ölkədəki çıxışlar İsrailin müstəqilliyindən bəri ən sağçı hökumət kimi xarakterizə oluna biləcək koalisiyanın rəhbəri olaraq vəzifəsinə yenidən qayıdan Netanyahunun məhkəmə sistemini yenidən qurmaq planını elan etməsindən sonra start götürdü. Netanyahunun təklif etdiyi islahatlar İsrailin Ali məhkəməsinin müstəqilliyini effektiv şəkildə aradan qaldırmağı və ölkənin məhkəmə sisteminin gücünü zəiflətməyi nəzərdə tutur. Belə ki, yeni qanun layihəsi hökumətə hakimlər tərəfindən nəzərdən keçirilmədən qanunlar qəbul etməyə imkan verəcək. Nümayişlər keçən həftə ölkənin müdafiə nazirinin Netanyahunun addımını tənqid etdikdən sonra işdən çıxarılması ilə pik həddə çatdı.
Mübahisəli islahat proqramına qarşı keçirilən kütləvi nümayişlərdən sonra Netanyahu qərarın icrasının təxirə salındığını elan etdi. Buna baxmayaraq, yeni qanunun ölkənin müstəqilliyinin 75-ci ildönümü ərəfəsində hazırkı İsrail hökuməti tərəfindən yenidən gündəmin bir parçasına çevriləcəyinə dair gözləntilər var.
Son nümayişlər regionda baş verən hadisələr fonunda İsrailin uzunmüddətli müttəfiqi olan ABŞ-la, eləcə də Rusiya və İranla münasibətlərinin gələcək perspektivləri ilə bağlı suallar ortaya çıxartdı.
İsraildəki cari aksiyalardan əvvəl, Bayden administrasiyası Netanyahunun sağçı hökumətinin atdığı addımlardan narazılığını açıq şəkildə ifadə etməsə belə, Ağ Ev indiki şəraitdə kifayət qədər açıq danışmaqdadır. Son günlərdə baş verənlər yeni hökumətin hakimiyyətə gəlişindən bəri iki ölkə arasında yaşanan ilk gərginlik deyil. Əvvəlki həftələrdə, İsrailin Maliyyə Naziri Betsalel Smotriç (Bezalel Smotrich) İordaniya və İordan çayının qərb sahilinin İsrailin bir parçası olaraq göstərildiyi xəritənin yer aldığı podiumdakı çıxışında Fələstin xalqının “müasir bir ixtira” olduğunu bildirdi. Amerikanın Yaxın Şərq strategiyası üçün vacib bir fiqur olan İordaniya hökumətinin bunu iki ölkə arasında sülh sazişinin pozulması aktı olduğunu bildirərək qınaması ilə yanaşı, həmin bəyanat ABŞ mediası tərəfindən də geniş tənqid edildi. Bundan əlavə, Amerikanın bəzi siyasi elit təbəqələrində ABŞ və İsrail arasında baş verən son hadisələrə dair ABŞ-daki yəhudi icmasının mövqe ortaya qoyması gözlənməyə başlandı.
Digər tərəfdən, yanvar ayının ortalarında Bayden administrasiyasının rus raketləri və İran pilotsuz təyyarələrinə qarşı rəsmi Kiyevin müdafiəsinə kömək etmək üçün İsraildən hərbi arsenalında olan 1950-ci illərə aid Hawk sistemlərini göndərməyi tələb etdiyi bildirilir. Lakin İsrail ABŞ-ın tələbini yerinə yetirməyərək köhnə və istifadə olunmayan texnologiyanı Ukraynaya göndərməkdən imtina etdi.
İki ölkə arasında münasibətlər son proseslərə cavab olaraq hər iki tərəfdən qarşılıqlı bəyanatlar səbəbindən gərginləşməkdədir. Baydenin cari siyasi böhrana həll yolu tapmaq üçün İsrail liderlərini kompromis yol tapmağa çağırması İsrail rəsmiləri tərəfindən elə də müsbət reaksiya görmədi. Bəyanatın ardınca Netanyahu Twitter-də bildirib ki, “İsrail müstəqil dövlətdir və öz vətəndaşlarının iradəsinə əsasən qərarlar verir, xarici təzyiqlərə, o cümlədən ən yaxşı dostlarımıza əsasən yox”. Bundan əlavə, İsrailin Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir ABŞ prezidenti Co Baydenin məhkəmə islahatları ilə bağlı fikirlərini şərh edərkən bildirib ki, “İsrail Amerika bayrağındakı bir ulduz deyil”.
İkitərəfli münasibətlərdə baş verən son hadisələr tərəflərin xarici siyasətlərinə və ümumilikdə isə regionda qüvvələr balansına əhəmiyyətli təsir göstərə bilər. İsrail, İran tərəfindən uranın zənginləşdirilməsindən və bununla da nüvə enerjisi əldə etməsindən olduqca narahatdır. Bununla da, İsrail ABŞ-dan İrana qarşı daha böyük dəstək və qətiyyətli addım gözləsə belə, bu dəstək Amerika mətbuatı tərəfindən iki ölkə arasında bu günə qədər ən əhəmiyyətli hərbi təlimlər kimi təsvir edilən təlimlərlə məhdudlaşıb.
İsrail, eyni zamanda Səudiyyə Ərəbistanı ilə İran arasında Çinin vasitəçiliyi ilə baş verən son yaxınlaşmanı da diqqətlə izləyir. Səudiyyə tərəfi İran iqtisadiyyatına sərmayə qoymağa başlayacağını, qısa müddətdə səfirliklərin yenidən açılacağını və Suriya ilə əlaqələrini düzəldəcəyini bildirib. Regionda baş verən son hadisələrdən özünə qarşı təhdid hiss edən Təl-Əvivin rəsmi Vaşinqtondan daha çox dəstək gözləməsinə baxmayaraq Ağ Ev davam edən Rusiya-Ukrayna müharibəsi fonunda Yaxın Şərqdə tarazlığı qorumağa maraqlıdır. Yaxın müttəfiqlər arasında son fikir ayrılıqlarının əsas səbəblərindən biri də budur və belə görünür ki, İsrail tərəfi regionda təcrid olunmuş vəziyyətdə qalma ehtimalından narahatdır.
ABŞ və İsrail arasındaki çat Təl-Əviv-Moskva münasibətlərinin gələcəyinə potensial təsiri barədə müzakirələri ortaya çıxarır. Netanyahu əvvəlki hakimiyyət dövründə Rusiya prezidenti Vladimir Putinə olduqca yaxın sayılırdı. Putin Benyamin Netanyahunun baş nazir vəzifəsinə qayıdışı ilə təbrik edərək əməkdaşlığı gücləndirməyə hazır olduğunu bildirmişdi. Netanyahu hökumətinin xarici işlər naziri Eli Koenin isə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə danışmazdan əvvəl rusiyalı həmkarı Sergey Lavrovla danışması İsrailin Netanyahunun dövründə Rusiya-Ukrayna müharibəsində mövqeyini dəyişməsinə dair bir işarə idi.
İsrail özünü Qərb dünyasının bir parçası hesab edir və bu səbəbdən də Rusiyanın müharibəsini və iddia edilən hərbi cinayətləri birmənalı şəkildə pisləməsi barədə təzyiqlərə məruz qalmaqdadır. Digər tərəfdən, o, qəti şəkildə aydın mövqe nümayiş etdirməkdən imtina edərək Ukraynaya silah göndərilməsi ilə bağlı bəzi müraciətləri rədd edib. İsrailin hazırkı məsələyə münasibətini izah edə biləcək bir səbəb var ki, İsrail öz coğrafi reallıqlarını və onların yaratdığı şəraiti nəzərə almalıdır. İsrailin Suriyadakı hava hücumlarının Kremllə əlaqələndirilməsi baxımından Təl-Əviv Rusiyanın dəstəyindən asılı vəziyyətdədir. Belə ki, Rusiya İsrail təyyarələrinin Suriyadakı İran və Hizbullah mövqelərini hədəf almasına icazə verən tərəfdir. Buna görə də, Suriyadakı mövcudluğunu saxlamaq və dövlətin təhlükəsizliyini qorumaq üçün İsrail Rusiya ilə Ukrayna arasındakı münasibətləri balanslaşdırmalıdır.
İsraillə ABŞ arasında baş verən son hadisələr Rusiya-İsrail yaxınlaşmasına səbəb ola bilər. İki ölkə arasındakı son gərginliklər Rusiya KİV-lərində olduqca geniş yer tutmaqdadır. Buna baxmayaraq, Rusiya da öz növbəsində Ukrayna müharibəsində özünə açıq şəkildə dəstək verən və bir sıra hərbi avadanlıqlar göndərən yeganə ölkə olan İranla İsrail arasında da balansı qorumaq məcburiyyətindədir.
İranla münasibətlərə gəldikdə isə, görünən odur ki, daxili və geosiyasi hadisələr əzəli düşmənlər arasında yeni gərginliyə gətirib çıxarda bilər. Bir neçə gün əvvəl Azərbaycan və İsrail Təl-Əvivdə Azərbaycan səfirliyini açmağa hazırlaşarkən azərbaycanlı deputat Fazil Mustafa hücuma məruz qalaraq yaralanıb. Bu hücuma dair əsas şübhəli isə bir sıra dairələr tərəfindən İran olaraq görülməkdədir. Əlavə olaraq, İsrailin Suriyadakı son əməliyyatı da İran rəsmiləri tərəfindən qınanılıb.
Yekun olaraq, bu üçbucağın ortasında Netanyahunun növbəti addımları Yaxın Şərqin gələcəyi üçün həlledici ola bilər. Lakin Netanyahu nə qərar versə də, İsraildəki siyasi böhran və xarici siyasət yalnızca İsrailin daxili işi deyil. Cari siyasi böhran Macarıstandan Hindistana, ABŞ-a kimi dünyanın bir çox ölkəsini əhatə edən qlobal demokratiya böhranının bir parçasıdır. Bu, eyni zamanda ABŞ və İsrailin bənzər fundamental dəyərləri paylaşdığını iddia edərək ABŞ-ın yəhudi dövlətinə dəstəyini yaratmaq üçün onilliklər sərf edən Amerikadakı yəhudi icması üçün də keçərlidir.