SSRİ-də ilk etnik təmizləmə: Qafan hadisələri (1987-1988)

SSRİ-də ilk etnik təmizləmə: Qafan hadisələri (1987-1988)

Münaqişə ərəfəsində siyasi vəziyyət

1985-ci ildə Konstantin Çernenkonun ölümündən sonra SSRİ KP MK-nın 1-ci katibi vəzifəsinə Mixail Qorbaçov seçildi. Qorbaçov əvvəlki Sovet liderləri ilə müqayisədə yenilikçi şəxsdi və iqtidara gəldikdən sonra ölkədə reformlar həyata keçirməyə başladı. 1985-ci ildə ölkədə siyasi və iqtisadi dəyişikliklər hiss edilməyə başladı. Yenidənqurma ideyası Yuri Andropovun zamanında formalaşsa da, bu fikirlərə demokratikləşdirmə çaları əlavə edən Qorbaçov ölkədə yeni bir siyasi mühit formalaşdırdı. Bu dövrə qədər SSRİ-də tənqid sadəcə partiya daxilində mümkündü, kütlənin dövlət idarəçiliyinə təsiri məhdud formada qalmışdı. 1986-cı ilin aprelin 26-da Çernobıl AES-də baş verən qəzadan sonra ölkənin siyasətinə yeni bir anlayış – “qlastnost” (aşkarlıq) daxil oldu. Aşkarlıq siyasətinin müəllifi Aleksandr Yakovlev idi. Dövlətin bütün spektrlərində tənqid anlayışının formalaşması ilə 1986-cı ildən etibarən ölkə tamamilə dəyişməyə başladı. Belə bir vəziyyətdə iqtisadi və siyasi tələbləri açıq şəkildə tələb etmək təhlükəsizdi (Cornell, 1999:13).

Bu azad mühitdən ilk olaraq Ermənistandakı millətçilər istifadə etdi. Bu prosesin ilk növbədə Ermənistanda başlamasının tarixi və siyasi səbəbi var idi. Respublika demoqrafiyasının homogen olması qonşu Azərbaycanda olduğu kimi beynəlmiləl ideyaların formalaşmasına imkan verməmişdi. Ermənistanda yaşayan ikinci ən böyük xalq olan azərbaycanlıların Qriqori Arutinovun təklifi ilə 1948-1950-cı illərdə Azərbaycan SSR-ə köçürülməsi, onların yerinə isə dünyanın bir çox ölkələrində yaşayan millətçi ermənilərin gətirilməsi “xalqların qardaşlığı” ideyasının yaranmasına mane olmuşdu. Bundan başqa, Qorbaçovun başlatdığı demokratikləşdirmə siyasəti Ermənistan SSR rəhbərliyinin millətçi diaspora ilə kontaktlarının yaratmasına və ölkə elitasının transformasiyasına güclü təsir göstərdi. Bu cür millətçi qrupların DQMV ərazisindəki ermənilərlə əlaqəsi regiondakı vəziyyəti dəyişdirdi.

İlk dəyişikliklər özünü çox gözlətmədi. DQMV-nin Ermənistana birləşdirilməsi üçün ilk gizli təşkilat 1985-ci ilin noyabrında Hadrutda qurulmuşdu. Bu təşkilatın əsas üzvləri iqtisadçı İqor Muradyan, tarixçi Artur Mkrtçyan, memar Manvel Sarkisyan və rəssam Emil Abramyan idi. Onlar 1985-ci ilin son aylarında Hadrutda yaşayan əhalidən Ermənistan SSR-ə birləşmək üçün imza toplamaq istəsələr də sadəcə 250 nəfərdən özlərinə dəstək tapa bildilər. Bu dövrdə yuxarıda göstərilən səbəblərin olmaması erməni fəalların uğursuzluğu ilə nəticələndi. Bundan başqa, həmin dövrlərdə Heydər Əliyev SSRİ Nazirlər Sovetinin birinci müavini idi. Bu amil erməni fəallara açıq şəkildə mübarizə aparmağa mane olurdu. Cons Hopkins Universitetinin Orta Asiya və Qafqaz İnstitutunun tədqiqat direktoru Svante Kornel bu məsələni öz kitabında qeyd edir: “Qarabağa mütəşəkkil erməni iddiaları 1987-ci ildə Qorbaçovu Heydər Əliyevi istefaya göndərməsindən çox qısa müddət sonra başladı. Çox güman ki, Əliyev Moskvada ciddi nüfuzunu saxladığı bir vaxtda bu iddiaları səsləndirmək çətin olacaqdı. Digər tərəfdən, onun istefası Azərbaycanın Moskvada dayaqlarının aradan qalxması ilə nəticələndi. Həmin dövrdə Qorbaçovun müşavirlərindən birinin Abel Aqanbekyanın olması Ermənistanın təsirinin güclənməsi ilə nəticələnmişdi” (Cornell, 2001:48). Maraqlıdır ki, məhz bu dövrdə erməni hərəkatının lideri, Ermənistan SSR Dövlət Plan Komitəsinin İqtisadiyyat İnstitutunun əməkdaşı İqor MuradyanZare Məlik-Şahnəzərov Heydər Əliyevi “anti-erməni siyasəti”ndə ittiham edərək məhkəməyə vermişdi.[1]

Erməni millətçilərinin ilk açıq mübarizəsi 1987-ci ildə başladı. Martın 3-də Ermənistan SSR EA-nin üzvü, geoloq Suren Ayvazyan DQMV və Naxçıvan MSSR-in Ermənistan SSR-ə birləşdirilməsi tələbi ilə Mixail Qorbaçova məktub yazdı.[2] (Libaridian, 1988:84). Həmin vaxt erməni ziyalılar iddialarını böyük kütlələrə çatdırmaq üçün İrəvan şəhərində “Qarabağ Komitəsi”ni yaratdılar. Hərəkata SSRİ xalq deputatı Zori Balayan və şairə Silva Kaputikyan da daxil olmaqla bir çox erməni ictimai xadim qoşuldu. Bu proses DQMV ərazisində də həyata keçirilirdi. Stepanakert (indiki Xankəndi) şəhərində bu qrupa Arkadi Karapetyan rəhbərlik edirdi. Hadrutda aparılan görüşlərdən sonra ideya taktiki olaraq qəbul edildi. Millətçi ittihamlarından qurtulmaq üçün komitə üzvləri Leninin “xalqların öz müqəddəratını təyinetmə hüququ” prinsipinə istinad etməyi qərarlaşdırmışdı. Yenidənqurma ideyalarını həyata keçirmək üçün istifadə edilən şüar - “Lenin, partiya, Qorbaçov!” məhz bunu göstərirdi. Aşkarlıq siyasətinin gətirdiyi liberal mühitdən istifadə edən komitə üzvləri 1987-ci ilin yay aylarında imza toplamağa başladılar. Ermənistanın ikinci Prezidenti Robert Köçəryan həmin günləri belə xatırlayır: “O vaxt mən ipək kombinatında partiya komitəsinin katibi işləyirdim. Bir gün iki işçimiz yanıma gəldi. Onlar Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı imzaların toplandığını, regionun ən böyük müəssisəsi olan kombinatda eyni prosesi həyata keçirmək istədiklərini bildirdilər. Məndən buna etiraz edib-etmədiyimi soruşdular. Əlbəttə ki, etiraz etmədim. Şəhərdə baş verənləri görürdüm, baxmayaraq ki, buna əhəmiyyət verməmişdim. Bir-iki gündən sonra bildim ki, bizim zavodun demək olar ki, hamısı Mərkəzi Komitəyə müraciəti imzalayıb. Üç ay müddətində Qarabağın demək olar ki, bütün yetkin erməni əhalisi bu prosesə qoşuldu. Təkcə ən yüksək rütbəli partiya işçiləri mövqelərinə görə belə bir addım atmağa cəsarət etmədilər. Lakin onlar da baş verənlərə rəğbətlə baxır, dəstək verirdilər. İmzaların toplanması gizli aparılırdı, ona görə də bu prosesə kimin nəzarət etdiyini söyləmək çətin idi. Liderlər də yox idi, amma bəlkə də bütün fəallar arasında Arkadi Karapetyan fərqlənirdi. Biz əmin idik ki, biz haqlıyıq və antisovet heç bir iş görməmişik. Sadəcə olaraq Sov.İKP MK-ya, Siyasi Büroya, Qorbaçova hüquqi müraciəti imzalamışıq” (Koçaryan, 2019:30).

1987-ci ilin avqustunda DQMV ərazisində 75 min nəfərin imzası toplanıldı və 1-ci katib Mixail Qorbaçova göndərildi. Bu dəfə də məktubun müəllifi Suren Ayvazyan idi. O, DQMV-dən başqa Naxçıvan MSSR-in də Ermənistana birləşdirilməsi barədə iddiasını təkrarladı (Libaridian, 1988:88). Erməni fəallar Ermənistan və DQMV-dən başqa Moskvada da mövqelərini gücləndirmək üçün təşkilatlanmışdı. Zori Balayan xatırlayır: “Demək olar ki, hər gün mən Moskva Dövlət Universitetinin professoru Qriqori Yenikolopovla evdə hazırladığımız ağır qovluqla Sov.İKP MK-nın təlimatçılarının, şöbə müdirlərinin kabinetlərinə daxil olurdum. Mənə “TASS” dövlət agentliyinin jurnalisti Leon Onikov, “Latın Amerikası” jurnalının baş redaktoru Serqo Mikoyan, Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş ikinci katibi Georgi Ter-Qazaryants, Mixail Qorbaçovun köməkçisi Georgi Şahnəzərov kömək edirdi.” (Ostrovski, 2011:52). Bundan başqa, Sovet fiziki Andrey Saxarov erməni iddialarını dəstəkləyirdi (Altstadt, 2013:197). Onun bu mövqeyində erməni əsilli həyat yoldaşı Yelena Bonnerin böyük rolu var idi.

İctimai xadimlər arasında bu birliyə baxmayaraq Ermənistanda adi insanlar arasında dəstək hələ yetərincə deyildi. Ölkədəki etirazların çoxu ekoloji səpkidə idi. Çernobıl qəzası Ermənistandakı Metsamor AES-inin gələcəyi ilə bağlı müəyyən suallar yaratmışdı. 2000-dən çox etirazçı Metsamor atom elektrik stansiyasının bağlanması və ikinci stansiyanın tikintisi planından imtina edilməsi tələbi ilə Sovet hökumətinə müraciət imzalamışdı (Guregian, 1994:175-178).

Ekoloji sahədəki etirazları milli formaya çevirmək üçün bir qığılcım lazım idi. Şamxorda (indiki Şəmkir) baş verən hadisədən komitə üzvləri məharətlə istifadə etdilər. 1987-ci ilin yay aylarında Şamxor rayon komitəsinin birinci katibi Əjdər Əsədov ermənilərin yaşadığı Çardaqlı kənd sakinlərinin sovxozunun direktoru Suren Yegiyanı vəzifəsindən azad edərək onun yerinə azərbaycanlı məmur təyin etdi. Lakin ermənilər yeni sovxoz direktorunu tanımaqdan imtina etdilər. Yerli partiya orqanları kəndlilərə qarşı təzyiqlərə başladı. (Cornell, 1999:13). Çardaqlı əhalisi etiraz əlaməti olaraq 18 nəfərdən ibarət nümayəndə heyətini Moskvaya göndərdi. Kənd sakinləri SSRİ Baş Prokuroru Aleksandr Rekunkovla görüşdə sovxoza lazımsız 20 ton samanı qonşu fermaya satdığına görə Əsədovun Yegiyanı vəzifəsindən kənarlaşdırdığını bildirdilər (Melik-Şaxnazarov, 2009:232) SSRİ rəhbərliyi bu məsələdə tərəfsiz qaldı və Azərbaycanı ehtiyatlı addım atmağa çağırdı.

Lakin Çardaqlıdakı hadisələr Ermənistanda tamamilə başqa formada işıqlandırıldı. Kənd sakinlərinin döyülməsi və yaşadığı yerdən qovulması haqqında xəbərlər minlərlə insanın küçələrə çıxması ilə nəticələndi. Oktyabrın 18-də başlanan ekoloji nümayişlər get-gedə millətçi aksiyalara çevrildi (Cornell, 1999:13). İlk dəfə olaraq həmin gün kütlə tərəfindən DQMV və Naxçıvan MSSR-in Ermənistana birləşdirilməsi tələbi səsləndirildi (Libaridian, 1988:88-89).


Qafan hadisələri

1987-ci ilin oktyabr mitinqindən sonra Ermənistanda vəziyyət tamamilə dəyişdi. Millətçilərin cəmiyyətin bütün sferasında dəstəklənməsi ilə ölkədə yaşayan azərbaycanlılar əsas hədəfə çevrildilər. 1988-ci il noyabrın 4-də İrəvanda keçirilən növbəti mitinqdə “Qarabağ” komitəsinin fəallarından biri Rafael Kazaryan açıq şəkildə azərbaycanlıları ölkədən qovmağa çağırdı: “Əvvəlcədən yaradılmış dəstələrin köməyi ilə emiqrasiyanı təşkil etməliyik. Bu onilliklər ərzində ilk dəfə Ermənistanı türklərdən təmizləmək üçün bizə unikal imkan verildi. Bunu bu on ayda apardığımız mübarizənin ən böyük nailiyyəti hesab edirəm” (Vəliməmmədov, 2019:11).

1987-ci il noyabrın 18-də Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyan Fransanın “Yumanite” (L'Humanite) qəzetində DQMV-nin Ermənistana birləşməsinin zəruriliyi ilə bağlı müsahibəsi yayımlandı: “Dağlıq Qarabağ Ermənistana qaytarılsa şad olaram. Mən bir iqtisadçı kimi hesab edirəm ki, onların Ermənistanla Azərbaycandan qat-qat sıx əlaqələri var” (Qasımlı, 2010:189-190). Azərbaycan əhalisi ermənilərin DQMV ilə bağlı iddialarından ilk dəfə bu müsahibə vasitəsilə xəbər tutdu. Aqanbekyanın Qorbaçovun müşaviri olduğunu nəzərə alan ölkə elitası bu fikirlərin eyni zamanda dövlət başçısının mövqeyi kimi dəyərləndirdilər. Həmin günlərdə ABŞ-a səfər edən Mixail Qorbaçovun “CNN” telekanalına müsahibəsində keçmişdə respublikaların sərhədlərinin müəyyən edilməsində ciddi səhvlərə yol verildiyini bildirməsi şübhələri daha da artırdı (Yunusov, 2005:37). Lakin bir müddətdən sonra Aqanbekyanın bu sözlərinin şəxsi fikirləri olduğu ortaya çıxdı (Uralov, 2016:121). Bununla belə, münaqişənin fitili artıq yandırılmışdı.

Qarabağ münaqişəsi ərəfəsində Ermənistanda təxminən 200 min azərbaycanlı, 20 minə yaxın müsəlman kürd yaşayırdı.[3] Onların çoxu regionlar üzrə səpələnmişdi və 50 il əvvəl olduğu kimi hakim mövqedə deyildilər. Belə ki, azərbaycanlılar 1939-cu il statistikasına əsasən Amasiya, Vedi, Qarabağlar, Basarkeçər və Zəngibasar rayonlarında çoxluq təşkil edirdi. Lakin 1948-1950-ci illərdə deportasiya bu balansı ermənilərin xeyrinə dəyişdirdi. Buna baxmayaraq, Azərbaycanla sərhəd ərazilərdə artım digər ucqar bölgələrə nisbətən təbii formada davam etdi. Bu özünü Qafan rayonunda göstərdi. Qafan rayonunun 1939-cu ildə əhalisinin 22,7 faizi azərbaycanlılar təşkil edirdi. Bu rəqəm 1959-cu ildə 42 faizə, 1979-cu ildə isə 56 faizə yüksəldi (Yamskov, 1998:188). 1987-ci ilin noyabrında ilk siyasi təzyiqə və etnik təmizləməyə məruz qalan Qafan sakinləri oldu. Zərərçəkənlərdən biri olan Ofeliya Cabbarova həmin günü belə xatırlayır: “Qafan rayon partiya komitəsi sədrinin həyat yoldaşı bir gün mənə dedi: 

- Ofeliya, siz hələ getməmisiz?
Nəyə görə soruşursuz ki?
- Siz burdan getmək məcburiyyətindəsiz.

Orada Samvel adlı oğlan var idi. Mən ona elektrik xəttinin kəsməsini xahiş etdim ki, qapını bağlayım və açarı özümlə götürüm. O, mənə baxdı və dedi ki, anacan açar sənin deyil, bizimdir. Telefon və qapıya toxunma, özün isə get. Evdən heç bir şey götürə bilmədim. Bütün əşyalarım orda qaldı.” (Film I: The Road to War, 2013).

Siyasi təzyiqdən qaçan azərbaycanlıların bir hissəsi iki yük vaqonu ilə Bakıya göndərildi. Bu hadisə SSRİ tarixində ilk belə hal olduğu üçün nə İttifaq qəzetlərində, nə də Azərbaycan SSR mətbuatında işıqlandırılmadı. İnformasiya blokadası olduğu üçün ermənilər müasir dövrdə hadisələrin real səbəblərini qeyd etməkdən çəkinirlər. Qafan rayon vilayət komitəsinin ikinci katibi Aramais Babayanın açıqlaması belə idi: “1987-ci ilin sentyabrında yerli azərbaycanlılar arasında Azərbaycanda yeni şəhər salınması və işçi qüvvəsinin lazım olduğu barədə şayiələr yayılmışdı. Bu məlumatlara görə, 1987-ci ilin payızında Sisian, Qafan və Meğri rayonlarından bir neçə ay ərzində 200-ə yaxın azərbaycanlı Abşerona köçdü. Azərbaycan hakimiyyəti həm Azərbaycanda, həm də Ermənistanda yaşayan soydaşlarına müraciət edərək Abşeronda yaradılan sovet və kolxozlarda güzəştli şərtlərlə işləməyi təklif edirdi. Sonra məlum oldu ki, belə bir şəhər layihəsi yoxdur, sonra onların bir qismi yenidən Qafana qayıtdı.” Babayanın bu açıqlaması reallıqla uyğunlaşmırdı. Həmin dövrdə paytaxta gələn Qafan qaçqınlarını görənlərdən biri Bakı ermənisi Sveta Paşayeva[4] idi: “Bizə gəlib dedilər ki, Ermənistandan yarıçılpaq vəziyyətdəki uşaqlarla dolu iki vaqon gəlib. Biz onlara baxmağa getdik. Bunlar Qafandan olan azərbaycanlılar idi. Mən vağzalda idim. İki yük vaqonunu öz gözlərimlə gördüm. Qapılar açıq idi, divarlara isə iki uzun taxta vurulmuşdu ki, qatar gedərkən insanlar vaqonlardan yıxılmasınlar. Bizdən xahiş etdilər ki, qaçqınlara əlimizdən gələn köməyi edək. Mən də və təkcə mən yox, çoxları - köhnə uşaq paltarlarını, cürbəcür əşyaları yığırdıq. Mən onları öz gözlərimlə gördüm. Kənd əhli idi, kişilərin saç və saqqalları uzun idi, çirkli idilər. Qocalar və uşaqlar da var idi.” (De Vaal, 2008:29).

Qafandan azərbaycanlıların çıxarılmasını öz gözü ilə görənlərdən biri Sovet yazıçısı Aleksandr Proxanov idi. O, 2008-ci ildə nəşr edilən “Təpə” adlı romanında hadisələri belə təsvir edib: “Ermənilər tərəfindən qovulmuş azərbaycanlıların Qafanı necə qarlı aşırımla, soyuq küləkdə donaraq çıxdıqlarını gördüm. Onlar arasında körpə uşaqlı qadınlar, dəyənəklərə söykənərək hərəkət edən yaşlı adamlar var idi.” (Proxanov, 2008:300). Proxanov Qafan hadisələrinə bir daha 2013-cü ildə Rusiyanın dövlət kanalında yayımlanan “İmperiya əsgəri” sənədli filminin beşinci hissəsində toxundu: “Mən təbii fəlakətdən xeyli əvvəl Ermənistanda idim. Sovet Qafanı trolleybusları olan gözəl şəhər idi. Bu dövrdə Qafanın özündə və ətrafında azərbaycanlılar yaşayırdılar.1987-ci ilin sonlarında ermənilər azərbaycanlıları torpaqlarını zəbt etməkdə, sularından istifadə etməkdə günahlandırırdılar. Bütün bunlar Qafan azərbaycanlılarının qovulması ilə nəticələndi. Bu faciəli hadisə ilk etnik təmizləmə idi[5].”

 

Qafan azərbaycanlısı. Foto 1988-ci ilin fevralında Bakının “Semaşko” xəstəxanasında çəkilib.

Qafandakı azərbaycanlıların sıxışdırılması ilkin dövrdə 200 nəfərin regionu tərk etməsi ilə nəticələndi. Hadisələr erməni siyasətçilərinin DQMV-yə olan iddiaları çərçivəsində daha da gərginləşdi. Dekabrın 1-də Qarabağ ermənilərindən ibarət nümayəndə heyəti Moskvaya gəldi və onlar öz müraciətləri əsasında toplanmış imzaları Sov.İKP MK-nın qəbulunun müdiri Andrey Kriqinə təhvil verdilər. Robert Koçaryan həmin günləri xatırlayır: “1987-ci il dekabrın 1-də Qarabağ nümayəndə heyəti Moskvaya getdi və imzalanmış müraciəti Sov.İKP MK-nın qəbuluna verdi. Biz orada öz mövqeyimizi izah etdik, Dağlıq Qarabağın tarixi, etnoqrafiyası və mədəniyyəti ilə bağlı sənədlərə istinad etdik. Bir ay sonra, 1988-ci ilin yanvarında başqa bir nümayəndə heyəti Moskvaya getdi. Mərkəzi Komitədə nümayəndələrimizə bildirilib ki, onlar mövcud vəziyyətə anlayışla yanaşırlar, lakin onlar buna yalnız sosial-iqtisadi müstəvidə baxmağa hazırdırlar.” (Koçaryan, 2019:30). Qarabağ məsələsində beynəlxalq dəstək toplamaq üçün SSRİ-dən kənarda aktiv propaqanda işlərinə başlandı. 1988-ci il yanvarın 25-dən fevralın 20-dək Sovet yazıçılarının, alimlərinin, rəssamlarının, kinorejissorlarının böyük bir qrupu ABŞ-da səfərdə idi. Bu qrupa Sülhü Müdafiə Komitəsinin sədri Henrix Borovik rəhbərlik edirdi. Nümayəndə heyətinə erməni ictimai xadimlərlə birlikdə “Qarabağ komitə”sinin həmsədri olmuş Andrey Nuykin daxil idi (Ostrovski, 2011:52).

1988-ci ilin yanvarında Ermənistan vəziyyət daha da gərginləşdi. Azərbaycanlılara qarşı açıq şəkildə təzyiqlərdən sonra ikinci qaçqın dalğası formalaşdı. Onlar yanvarın 25-də avtobuslarla Zəngilandan Bakıya gətirildi. Qaçqınları görənlərdən biri Arif Yunusov idi: “Mən Elmlər Akademiyasına işə gedirdim. Azərbaycan Ali Sovetinin binası qarşısında Qafan qaçqınlarını paytaxta gətirən dörd qırmızı "İkarus" avtobusu dayanmışdı. Onların hamısı dəhşətli vəziyyətdə idilər. Əsasən qadınlar, uşaqlar və qocalar idi. Cavanlar çox az idi. Əksəriyyəti pis döyülmüşdülər” (De Vaal, 2008:29). Ermənistan Prezidenti Levon Ter-Petrosyanın müşaviri olmuş Aşot Manuçaryan hadisələrlə bağlı absurd açıqlama ilə yadda qaldı: “Mənim toplaya bildiyim faktlar göstərir ki, Qafanda İslam adlı qəssab işləyirmiş, o, yerli azərbaycanlılar arasında nüfuz sahibi olub. O, kifayət qədər varlı idi və qohumlarına pul verib onları Azərbaycana getməyə razı salmışdı.” Manuçaryanın açıqlaması reallıqla uyğunlaşmırdı.

1988-ci ilin fevralın əvvəlində Ermənistan qaçqınlarının sayı 500 nəfərə yüksəlmişdi. Azərbaycan hökuməti bu faktı ictimaiyyətdən gizlətdi, gələn qaçqınları Sumqayıt yaxınlığında, əsasən, Fatmayı və Saray kəndlərində yerləşdirməyə çalışdı. Ermənistandan azərbaycanlıların çıxarılması Qarabağdakı proseslərlə əlaqəli idi. Fevralın 11-da Stepanakert şəhərində ermənilərin böyük mitinqi keçirildi, nümayişdə DQMV-nin Ermənistana birləşdirilməsi tələb edildi. 1 gün sonra Azərbaycan KP MK-nın 1-ci katibi Kamran Bağırov, 2-ci katib Vasili Konovalov və DQMV vilayət komitəsinin sədri Boris Kevorkov prosesə mane olmaq istəsələr də buna nail ola bilmədilər. Artıq irredentist hərəkat tam istəyinə çatmışdı. İlk dəfə olaraq fevralın 14-də Qarabağda yaşayan azərbaycanlılara təzyiq edilməsinə başlandı. 4 gün sonra Qafandan Bakıya gedən qaçqın karvanına Stepanakert azərbaycanlıları da qoşuldu. Deputatların tələbi ilə fevralın 20-də DQMV Vilayət şurasının növbədənkənar sessiyası çağırıldı və böyük səs çoxluğu ilə (110 lehinə, 17 əleyhinə, 13 bitərəf) olmaqla DQMV-nin Ermənistana verilməsi üçün hər iki respublikanın Ali Soveti qarşısında vəsatət qaldırıldı (Cornell, 1999:14). Həmin qərar ertəsi gün “Sovetakan Qarabağ” (Sovet Qarabağı) qəzetində dərc edildi. Həmin vaxta qədər neytral qalan SSRİ hökuməti qərarı qınadı və regiona Politbüro üzvlüyünə namizədlər – Georgi RazumovskiPyotr Demiçevi göndərdi. Onların xahişi ilə təcili olaraq rayon partiya komitəsinin plenumu çağırıldı. Bununla belə, plenum (80 səs lehinə, 10 səs əleyhinə) vilayət şurasının qərarını təsdiqlədi. Bu qərar faktiki üsyan demək idi (“Strana i mir” jurnali, 1988:36).

DQMV-nin Ermənistana birləşmək haqqında qərarı Azərbaycanda böyük şok yaratdı. Ağdamda çox sayda insan rayon mərkəzinə yığıldı. Qərara etiraz edən kütlə Ağdamdan Əsgəran istiqamətində hərəkət etdi. Burada baş verən toqquşma zamanı iki azərbaycanlı – 23 yaşlı Əli Hacıyev və 16 yaşlı Bəxtiyar Quliyev öldürüldü (Abytalyvogly, 1991:6).

Bu dövrdə Ermənistanın bütün ərazisində azərbaycanlılara qarşı təzyiqlər artdı. Fevralın 22-dən sonra Ermənistandan Bakıya üçüncü qaçqın dalğası yarandı. Erməni tarixçisi Ambartsum Qaltsyan 1993-1994-cü illərdə yazdığı məqaləsində fevralın 15-dən 25-ə kimi Qafan və Meğridən yüzlərlə insanın Azərbaycana getdiyini etiraf edir. Üçüncü köçkün dalğası zamanı azərbaycanlıların Qafanı tərk etməsini erməni siyasətçilər şayiə və "təxribatla" əlaqələndirir.[6] (De Vaal, 2008:29). Qafan sakini Volodya Martirosyan azərbaycanlıların həmin dövrdə Qafanı tərk etdiyini, lakin yerli hökumət orqanlarının onları geri qaytarmağa cəhd etdiyini iddia edir (Parts of a Circle, Film I: The Road to War, 2013). Eyni fikirləri Qafan rayon komitəsinin ikinci katibi Aramais Babayan səsləndirir: “Bu məsələ ilə bağlı Qafan və Zəngilan rayonlarının partiya rəhbərliyi sərhəddə görüşdük. Biz razılaşdırılmış yerə çatdıq və orada heç kimi tapmadıq. Sonra bizi Zəngilanda gözlədikləri xəbəri gəldi. Zəngilana yola düşdük. Camaatın harada olduğunu soruşanda mənə cavab verdilər ki, təzəcə dağılışıblar. O gün görüşə bildiyim yeganə Qafan azərbaycanlısı keçmiş peşə məktəbinin ustası idi. Həmin gün bir nəfər də olsun azərbaycanlını Qafana qaytarmaq mümkün olmadı.” Babayanın iddiasına görə, fevralda Qafanı 373 nəfər azərbaycanlı tərk etmişdi. Həm Dağlıq Qarabağdan, həm də Ermənistandan Bakıya minlərlə qaçqının gəlməsi Azərbaycan hökumətini çarəsiz vəziyyətə saldı. Qaçqınların paytaxta yerləşməsi iki yüz minə yaxın erməninin yaşadığı şəhərdə vəziyyəti gərginləşdirmişdi. 1988-ci il fevralın 21-də Qafan rayonundan olan 70 nəfər qaçqın Azərbaycan KP MK-nın qəbul otağına toplaşdı. Onlar bundan sonra Ermənistanda yaşamağın qeyri-mümkünlüyünü bildirmişdi (Vəliməmmədov, 2019:12). Həmin dövrdə Bakı Şəhər Partiya Komitəsinin katibi Fuad Musayev həmin hadisələri belə xatırlayır: “O günlərdə məzuniyyətdə idim. Fevralın 12-də DQMV-də mitinqlər başlayanda hamımız çaşqın idik və bu, bizə qeyri-adi və anlaşılmaz bir şey kimi görünürdü, çünki o ana qədər SSRİ heç bir tətil, etiraz aksiyası görməmişdi. Fevralın 19-da Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bütün məsul partiya və dövlət məmurlarının məzuniyyətdən geri çağırılması barədə göstəriş verdi. Mən dərhal Bakıya qayıtdım. Evə belə girmədən birbaşa şəhər komitəsinə getdim. Şəhər komitəsinin əməkdaşları mənə bildirdilər ki, bu yaxınlarda Bakıya Ermənistanın Qafan rayonundan qaçqınları daşıyan bir neçə avtobus gəlib. İnsanlar dəhşətli vəziyyətdə idi, əksəriyyəti döyülmüşdü. Təxribatlara yol verməmək üçün şəhərin girişini bağlamaq qərarına gəldim. Artıq fevralın 21-də səhər saatlarında mən əmr verdim ki, Qafan qaçqınları Bakıdan çıxarılsın. Onlar Mehdiabad kəndində gecələdilər. Təbii ki, Qafandan olan qaçqınlar bu qərarıma qəzəblənsələr də, yenə də avtobuslara minib Abşeron rayonu ərazisinə getdilər” (Niftaliyev, 2014:31).

Lakin onların bir hissəsi daha sonra qohumlarının yaşadığı Sumqayıta yönləndirildi. Yaşayış yeri qıt idi, minlərlə adam şəhərin kənarında karton, qalay və fanerdən ibarət müvəqqəti evlərdə yaşayırdı (Beissinger,2002:298). Sumqayıt şəhəri 1940-cı illərin sonlarında Ermənistandan deportasiya edilmiş əhali tərəfindən tikilmişdi (Altstadt, 2013:197). Bu baxımdan Sumqayıtdakı əhali Ermənistandakı xəbərlərə həssaslıqla yanaşırdı. Qaçqınların Qafandakı hadisələrlə bağlı danışdığı hekayələr şəhərdə vəziyyəti gərginləşdirdi. Fevralın 21-də Sumqayıtın iş yerlərində Qafandan olan azərbaycanlı qaçqınlar tərəfindən nümayiş təşkil olunacağı barədə xəbər yayıldı. Həmin günləri bir Sumqayıt ermənisi belə xatırlayır: “Avtobus dayanacaqlarında, hər yerdə insanlar yalnız Qarabağdan və ermənilərdən danışırdılar.” (Beissinger, 2002:298). Bu vəziyyətdən millətçi qruplar istifadə etdi. Sumqayıtda özünü Qafan qaçqını adlandıran təxribatçılar ortaya çıxmağa başlamışdı (Derluguian, 2017:56). Həmin təxribatçılardan birinin Qafanda ermənilərin azərbaycanlı qızların yataqxanasına girərək onlara təcavüz etdiyi barədə uydurma xəbəri vəziyyəti gərginləşdirdi (Altstadt, 2013:197). SSRİ Baş prokurorunun müavini Aleksandr Katusevin Əsgəranda 2 azərbaycanlının ermənilər tərəfindən öldürülməsi barədə açıqlaması isə Sumqayıt qırğınlarını alovlandıran qığılcım oldu (Beissinger, 2002:297-298).


Nəticə

Qafandan azərbaycanlıların qovulmasından sonra SSRİ hökuməti fevralın 20-də əraziyə general Albert Makaşovu göndərdi (Melik-Şaxnazarov, 2009:236). Sumqayıtda baş verən qırğından sonra Sovet hökuməti həm Azərbaycanda, həm də Ermənistanda etnik qarşıdurmanın qarşısını almaq üçün Qafan azərbaycanlılarını yenidən öz yaşadıqları yerə qaytarmağa çalışdı. Bu dəfə ordu azərbaycanlıların təminatı kimi çıxış edirdi. “Xalqların qardaşlığı” prinsipinin pozulmaması üçün qaçqınlara hadisələrin şayiələr əsasında formalaşması barədə tapşırıq verildi. Bunu 1988-ci il martın 13-də “Moskovskiye novosti” qəzetinə müsahibə verən Qafan sakinləri dəmiryolçu İ.İsmayılov və Q.Mehdiyevanın açıqlamasında görmək mümkündür: “Ermənistan SSR partiya orqanlarının Dağlıq Qarabağ Muxtar Vilayəti məsələsini öyrənmək üçün xüsusi komissiya yaratmaq xahişi ilə Sov.İKP MK-ya müraciət etmək qərarına gəldiyi məlum olanda Qafan rayonunun azərbaycanlılar yaşayan kəndlərində ərazidən getmək haqqında şayiələr yayıldı. Onlar deyirdi ki, əgər getməsək başımıza bəlalar gələcək. Bizi aldatdılar. Heç kim bizə pis söz deməyib.” (Məmmədov, 1988:112). Lakin qısa müddət sonra SSRİ-də baş verən siyasi proseslər nəticəsində Ermənistanda yaşayan bütün azərbaycanlılar ölkəni tərk etmək məcburiyyətində qaldı. 1991-ci ilin avqustun 7-də sonuncu azərbaycanlı kəndi – Nüvədinin əhalisi regionu tərk etdi. 

35 il keçməsinə baxmayaraq Qafan hadisələri istər siyasi, istərsə də hüquqi baxımdan beynəlxalq ictimaiyyət tərəfindən diqqətdən kənarda qalıb.[7] 1988-ci ilin fevralında Sumqayıtda baş verən poqrom geniş formada işıqlandırılsa da həmin qırğının tətikləyici ünsürü olan Qafan hadisələri barədə çox az informasiya verilir. Qafan hadisələri SSRİ tarixində ilk etnik təmizləmənin başlanğıcı oldu. Burdan qaçan insanların Sumqayıta sığınması son nəticədə təxribatçı və cinayətkar ünsürlərin yaratdığı faciəyə səbəb oldu. Sumqayıt hadisələrində Ermənistandan qovulan azərbaycanlıların iştirakını Sov.İKP MK-nın millətlərarası əlaqələr şöbəsinin müdiri Vyaçeslav Mixaylov və SSRİ Baş Prokuroru yanında mühüm işlər üzrə böyük müstəntiq Vladimir Kaliniçenko təsdiqləyir (Vəliməmmədov, 2019:12; Kadırova,2015:20). Bu dövrdə Sumqayıtda yaşayan Lyudmilanın müəyyən etdiyi 31 cinayətkardan dördü Qafan şəhərindən olan azərbaycanlı idi. Sumqayıtda elektrik işləmiş Yuri Musaelyan da eyni formada ifadə vermişdi. Bununla belə, Azərbaycan SSR rəhbərliyi heç vaxt bu hadisələri azərbaycanlıların ermənilərin etdiyinə qarşı reaksiyası kimi dəyərləndirmədi. Sumqayıtdakı iğtişaşlarda iştirak edən onlarla şəxs həbs edildi, onlardan biri edam olundu. Qafan sakinləri isə hələ də ədalət gözləyir.

 

İstifadə edilən ədəbiyyat

Kitablar

Altstadt, A. L. (2013). The Azerbaijani Turks: power and identity under Russian rule. Hoover Press.

Beissinger, M. R. (2002). Nationalist mobilization and the collapse of the Soviet State. Cambridge University Press.

Cornell, S. (2011). Azerbaijan Since Independence—Armonk. NY, ME Sharpe.

Cornell, S. E. (1999). The Nagorno-Karabakh Conflict. Uppsala: Univ.

De Vaal, T. (2008). Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında. İlay MMC.

Libaridian, G. J. (1988). The Karabagh file: Documents and facts on the region of Mountainous Karabagh, 1918-1988. Zoryan Institute for Contemporary Armenian Research & Documentation.

Yunusov, A. (2005). Karabakh: Past and present. Baku: Turan Information Agency.

Велимамедов, М. (2019), Очерки по Карабахской войне. ЛитРес: Самиздат.

Гасымлы, М. Д. (2010). Агрессия Армении против Азербайджана. Дипломатические усилия по решению армяно-азербайджанского нагорно-карабахского конфликта (1987-2009). От Майендорфа до Астаны: принципиальные аспекты армяно-азербайджанского, нагорно-карабахского конфликта. Москва: Издательство МГУ им. М. Ломоносова, 226-229.

Кадырова. С. (2015). О Сумгаитских событиях из первых уст.

Кочарян, Роберт (2019), Жизнь и свобода: Автобиография экс-президента Армении и Карабаха, Москва : Интеллектуальная Литература.

Мамедов. Р. (1988) События в Нагорном Карабахе и вокруг него: по страницам газет: Кн.1

Мелик-Шахназаров, А. (2009). Нагорный Карабах: факты против лжи. Волшеб. фонарь.

Островский, А. В. (2011). Глупость или измена?: расследование гибели СССР. Крымский Мост-9Д.

Проханов, А. (2008). Холм: роман. Вагриус.

 

Məqalələr

Derluguian, G. (2007). Azeri orientalists as mirror of the post Soviet revolution. 21st Century, (2), 34-59.
https://cyberleninka.ru/article/n/azeri-orientalists-as-mirror-of-the-postsoviet-revolution

Gureghian, T. C. (1994). Medzamor: Weighing the Reopening of Armenia's Unstable Nuclear Power Plant and the Duties of the International Community. Vill. Envtl. LJ, 5, 163.
https://digitalcommons.law.villanova.edu/cgi/viewcontent.cgi?referer=&httpsredir=1&article=1251&context=elj

Niftalıyev. İ. (2014). 1988: the final stage of the deportation of Azerbaijanis from Armenia, Article 2, 30-39.
https://irs-az.com/new/pdf/201412/1418892377111029275.pdf

Уралов, А. Б. (2016). Гнилые плоды Карабаха. Часть первая. Вопросы национализма, (3 (27)), 118-139.
https://cyberleninka.ru/article/n/gnilye-plody-karabaha-chast-pervaya

Ямсков, А. Н. (1998). Традиционное землепользование кочевников исторического Карабаха и современный армяно-азербайджанский этнотерриториальный конфликт. Фактор этноконфессиональной самобытности в постсоветском обществе. Ред.: М. Олкотт, А. Малашенко. М.: Московский Центр Карнеги, 168-197.
https://erevangala500.com/upload/kitab/1414186941_5622170.pdf

 

Qəzetlər və jurnallar

“Strana i mir” jurnalı, 1988-ci il.

Abutalybogly, O. (1991). The Azerbaijan question and the saboteurs of glasnost. Index on Censorship, 20(2), 6-7. “Index on Censorship” jurnalı,1991-ci il.
https://journals.sagepub.com/doi/pdf/10.1080/03064229108535022

Юнусов, А. (1998). Армяно-азербайджанский конфликт: демографические и миграционные аспекты. “Mərkəzi Asiya və Qafqaz” jurnalı, 1998-ci il.
https://ca-c.org.ru/journal/1998/16-1998/st_10_junusov.shtml

“Kommersant” qəzeti, 2000-ci il.

 “The Washington Post” qəzeti, 1988-ci il.

 

Sənədli film

Parts of a Circle, Film I: The Road to War, London: Conciliation Resources. 2013

 

[1] Heydər Əliyevin istefaya verməsi ilə proses dayandırıldı.

[2] İxtisasca geoloq olsa da Ayvazyan psevdo-tarixi məqalələri ilə tanınır. O, Eldənizlər dövründə olan sikkəni e.ə XIX əsrə aid Hayasa Azizi dövlətinin heroqlifi kimi tanıtdırmışdı. Bundan başqa, Ayvazyan ingilislərin ermənilərin soyundan gəldiyini iddia etmişdi.

[3] Sonuncu siyahıyaalma 1979-cu ildə həyata keçirilmişdi. Buna əsasən, ölkədə 160.841 nəfər azərbaycanlı, 50.822 nəfər kürd yaşayırdı. Ermənilər müsəlman kürdləri də özlərinin düşməni hesab edirdi. Yalnız yezidi kürdlərinə qarşı münasibət müsbət idi.

[4] Ad və soyad şərtidir. Təhlükəsizlik məqsədi ilə öz adını qeyd etməyib.

[5] Proxanovun bu açıqlaması erməni ictimaiyyəti tərəfindən narazılıqla qarşılandı. “Panorama.am” saytı onu Azərbaycan molokanı adlandırdı. Halbuki Tiflisdə doğulan Proxanovun Azərbaycanla heç bir əlaqəsi yox idi.

[6] Erməni meylli jurnalist Konstantin Voyevodski isə “Pro-Armenia” jurnalında yayımlanan məqaləsində Qafanda bu iddiaları dəstəkləyirdi: “Qafanda cəmi iki qanun pozuntusu qeydə alınıb. Bunlardan biri azərbaycanlı direktorun öz məktəblərini yandırması və İrəvan-Qafan qatarına hücumu qeyd etmək olar.” (Melik-Şaxnazarov, 2009:236). Voyevodski azərbaycanlıların öz məktəbini niyə yandırmasına isə tutarlı arqument gətirə bilmir.

[7] Bu fakt sadəcə olaraq BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatında qeyd edilib.