Xocalı əməliyyatı (Moşxmaat - Qarabulaq – Dəmirçilər cəbhəsi) (1-ci hissə)

Xocalı əməliyyatı (Moşxmaat - Qarabulaq – Dəmirçilər cəbhəsi) (1-ci hissə)

Hazırki Xocalı rayonunun yaşayış məntəqələri 1923-cü ildə Muxtar Vilayət Dağlıq Qarabağın (MVDQ) tərkibindəki Xaçın rayonunun tabeliyində idi. Həmin dövrdə Stepanakert rayon tabeliyində olduğu üçün mərkəz bura seçilmişdi. Bu səbəbdən bir müddət sonra rayonun adı dəyişdirildi və Stepanakert adlandırıldı. Lakin 1978-ci ildə Stepanakertin respublika tabeli şəhər elan edilməsindən sonra mərkəz Əsgərana köçürüldü. Əsgəran rayonunda 1978-ci ildə 20.094 nəfər əhali yaşayırdı ki, onların 73,5%-ni ermənilər, 26,0%-ni azərbaycanlılar təşkil edirdi. Sovet dövründə azərbaycanlılar rayonun Kosalar, Lesnoy, Xocalı, Cəmilli kəndlərində yaşayırdı. Əsrin əvvəllərində erməni kəndi olan Cəmilli Sovet dövründə türkləşmişdi. Daşbulaq kəndinin isə əksəriyyəti erməni, kiçik qismi azərbaycanlılardan ibarət idi (Alıyev, 2011:14). Bu kəndə azərbaycanlıların köçürülməsi Heydər Əliyevin dövründə başlamışdı (Balayan, 2020:44). 1961-ci ilə kimi Kərkicahan kəndi də bu rayona daxil idi. Lakin həmin il bu yaşayış məntəqəsinə şəhər tipli qəsəbə statusu verilərək Stepanakert şəhərinin tərkibinə daxil edildi. Rayon mərkəzi Əsgəranda az sayda azərbaycanlı yaşayırdı. 1920-ci ildə əsası qoyulan Əsgəran şəhərinə Ağdamdan 6 ailə köçmüşdü (Balayan, 2020:31).

SSRİ-nin dağılması ərəfəsində şəhərdə nə qədər azərbaycanlının yaşadığı bəlli deyildi. Rayonun əsas iqtisadi və nəqliyyat mərkəzi Xocalı olduğu üçün bu kənddə əhalinin sayı sürətlə artdı. Xocalının əhalisi əsrin əvvəllərində azərbaycanlılardan və ruslardan təşkil edilmişdi. 1918-1920-ci illərdə regionda baş verən müharibələrdən sonra ruslar regionu tərk etdi. Kənd Sovet dövründə sürətlə böyüdü: əhalinin sayı 1988-ci ildə 2135-ə çatdı. Sakinlərinin sayına görə Xocalı Şuşadan sonra Dağlıq Qarabağın ikinci ən böyük azərbaycanlı yaşayış məntəqəsi idi. Xocalının mərkəz Stepanakertə yaxınlığı və ərazinin düzən olması kəndin strateji əhəmiyyətini müəyyənləşdirən başlıca amillərdəndi. Bu amil özünü DQMV-nin Ermənistana birləşdirilməsi uğrunda başlanan Miatsum hərəkatından sonra daha açıq formada göstərdi. 1978-ci ildə tikilən və uzunluğu 26 km olan Stepanakert-Əsgəran-Ağdam dəmir yolunun Xocalıdan keçməsi buranın əhəmiyyətini artırırdı. Bundan başqa, Dağlıq Qarabağın yeganə hava limanı da burada yerləşirdi. DQMV-nin Ermənistan SSR-ə birləşmə qərarından sonra Azərbaycan SSR rəhbərliyi Xocalıya böyük maliyyə ayırdı. Ərazidə qısa müddət ərzində hündürmərtəbəli binalar tikildi, regiona köç təşviq olundu. 1989-cu ildə Özbəkistanda baş verən Fərqanə poqromundan sonra Azərbaycana gələn 300 nəfər Axısqa türkü Xocalıya yerləşdirildi. 1990-cı ilin aprelin 4-də Azərbaycan SSR Xocalıya şəhər statusu verdi. Beləliklə, əhalinin sayı SSRİ-nin dağılması ərəfəsində 2135-dən 6300-ə yüksəldi.


Birinci Qarabağ müharibəsi zamanı Xocalı rayonu

Əsgəran rayonunun erməni bölmələri tərəfindən işğalı 1989-cu ildə başladı. Təzyiqlərə məruz qalan Daşbulaq sakinləri öz yaşadıqları ərazidən köçməyə başladı. 1989-cu ilin noyabrın 17-də sonuncu azərbaycanlı sakin ərazini tərk etdi (Alıyev, 2011:24). Daşbulaq camaatının əksəriyyəti yaxın olduğu Xocalıya köçdü. Bura köçənlərdən biri daha sonra jurnalist Çingiz Mustafayevin kadrları ilə məşhurlaşacaq 9 yaşlı Ləfxanım idi.[1] 1990-1991-ci ilin əvvəllərində DQMV-də zorakılığın artmasından sonra Azərbaycan rəhbərliyi SSRİ qoşunları ilə birlikdə regionda hərbi əməliyyat keçirdi. 1991-ci ilin may ayında Əsgəran rayonuna ordu yeridildi. Burada ermənilərin əsas dəstəsi Kötük, Daşbulaq və Badara kəndində idi. Pasport rejimi tətbiq edilərək aparılan əməliyyatlardan sonra DQMV rəhbərliyi Azərbaycan tərkibində qalmağa razı oldu. Lakin avqustda Moskvada baş verən hərbi çevrilişdən sonra aktivləşən erməni dəstələri yenidən təşkilatlandı. RSFSR və Qazaxıstan SSR-in vasitəçiliyi ilə başlanan missiya nəticəsində Jeleznovodsk kommünikesinin imzalanması ilə regionda müvəqqəti sülh yarandı. Lakin oktyabrın sonunda və noyabrın əvvəllərindəki hərbi əməliyyatlardan sonra vəziyyət yenidən gərginləşdi. 1991-ci ilin noyabrın 20-də Azərbaycan dövlət xadimlərinin olduğu hərbi helikopterin Qarakənd ərazisində vurulmasından 6 gün sonra DQMV ləğv edildi. Əsgəran rayonunun adı Xocalı olaraq dəyişdirildi, rayonun mərkəzi Əsgərandan Xocalıya köçürüldü. SSRİ DİN Daxili qoşunlarının tamamilə neytrallığı nəticəsində regionda açıq şəkildə qarşıdurma başlandı. 1991-ci il dekabrın 14-dən 15-nə keçən gecə erməni silahlı dəstələri Xocalı rayonunun Cəmilli kəndini kütləvi atəşə tutmağa başladı. Kəndi yerli özünümüdafiə və Ağcabədi rayonundan olan milis dəstəsi müdafiə edirdi. Bir neçə saat davam edən kütləvi atəşdən sonra ermənilər Cəmilliyə basqın etdilər. Cəmilli dekabrın 15-də tutuldu və tamamilə yandırıldı.[2] (Vəliməmmədov, 2021:271-272). Yerli sakinlər və özünümüdafiə dəstəsinin döyüşçüləri Kosalar kəndinə sığındılar.

Erməni ordusunun növbəti hədəfi isə Xocalı rayonunun bir digər kəndi Lesnoy (Meşəli) oldu. Bu kənd Xocalı rayonunun qərbində yerləşirdi. Buranın müdafiəsinin təşkili yaşayış məntəqəsinin azərbaycanlılar yaşayan digər kəndlərdən uzaq olması səbəbi ilə çətin idi. 1991-ci il dekabrın 23-dən 24-nə keçən gecə erməni silahlı birləşmələri Meşəli kəndinə silahlı basqın etdlər. Hücum Böyük Tiqran və David Sasunlu adlı iki dəstə tərəfindən həyata keçirildi. Qarabağ münaqişəsində ilk dəfə kütləvi qətl bu kənddə törədildi. Hücum zamanı ağır hərbi texnikadan istifadə edən ermənilər 20 nəfəri qətlə yetirdi (“TASS” agentliyi, 24.12.1991). Kəndin dinc əhalisinə qarşı törədilən cinayət “Memorial” insan hüquqları təşkilatının hesabatında yer alıb. Meşəlinin işğalından sonra Azərbaycanın Xocalı rayonunda nəzarət etdiyi 2 yaşayış məntəqəsi – Xocalı şəhəri və Kosalar kəndi qalmışdı. Strateji əhəmiyyətli olduğu üçün ermənilər 1992-ci ilin fevralında Xocalıya hücum başlatdılar. Xocalı əməliyyatını planlaşdıran erməni general Arkadi Ter-Tadevosyan şəhərə hücumu 2 səbəblə əsaslandırırdı.

- Xocalıda Azərbaycan ordusuna aid “BM-21” (Qrad) vasitəsi ilə mütəmadi olaraq Stepanakertin atəş altında tutulması.

- Döyüş əməliyyatlarının intensivliyinin artması ilə əlaqədar olaraq helikopterlərin yanacaq ilə bağlı artan tələbin öhdəsindən gələ bilməməsi. Təyyarələrin istifadəsi üçün Xocalıdakı hava limanı çox vacib idi (Ter-Tadevosyan, 2007:568).

Xocalı əməliyyatında ümumi 487 erməni əsgəri iştirak etdi. Bu qrupa MDB Silahlı Qüvvələrinə məxsus 366-cı motoatıcı alayın 2-ci taborunun komandiri Seyran Ohanyan köməklik göstərdi. Hücumun əsas istiqaməti Xocalı aeroportu ərazisinə yönəldiyi üçün ən şiddətli vuruşmalar burada başladı. Hava limanının ərazisini qoruyan Əlif Hacıyevin komandiri olduğu dəstə üstün düşmən qüvvələri ilə bir neçə saat döyüşdü. Demək olar ki, bütün heyət qeyri-bərabər döyüşdə həlak oldu. Tadevosyan Xocalı döyüşü ilə bağlı bunları yazır: “Hücum saat 22:00-da başladı və döyüş əməliyyatları təxminən yarım gün davam etdi. Düşmən ən inadlı müqaviməti doqquzmərtəbəli bina ərazisində göstərdi. Müqaviməti yatırmaq üçün Xocalının özündə ələ keçirilmiş iki “Alazan” raket qurğusu və əvvəllər yaxınlıqdakı yüksəkliklərdə quraşdırılmış iki iri çaplı pulemyotdan istifadə etməyə məcbur qaldıq. Xocalı əməliyyatında 8 nəfər hərbi itki verdik, azərbaycanlıların isə 23 nəfər hərbi itkisi vardı” (Ter-Tadevosyan, 2007: 569). Sağ qalan döyüşçülər ermənilərin əlinə keçməməsi üçün hava limanının nəzarət qülləsini partlatmağa müvəffəq oldular. Əlif Hacıyev özü sağ qalan əsgərlərlə birlikdə Xocalı sakinlərinin Ağdam istiqamətinə doğru getməsinə kömək etdi (Denber&Goldman, 1992:21). Lakin burada həlak oldu.

Şəhəri işğal edən ermənilər Qarabağ münaqişəsinin ən böyük qətliamını törətdilər. Ümumilikdə öldürülən mülki şəxslərin sayı 476 nəfər idi, 700 nəfər əsir alınmışdı.

Xocalının işğalı və burdakı qətliam ölkə daxilində ciddi dəyişikliyə gətirib çıxardı. Müxalifətin təzyiqindən sonra Ayaz Mütəllibov istefa verdi. Prezident səlahiyyətini Ali Məclisin sədri Yaqub Məmmədov icra etdi.

Xocalı rayonunun Azərbaycan nəzarətində qalan sonuncu kəndi Kosalar Şuşaya yaxın olduğu üçün buradan ciddi kömək ala bilirdi. Erməni bölmələri ərazinin kəşfiyyatını apardıqdan sonra may ayında Şuşa əməliyyatının icrasına başladı. Xocalıda olduğu kimi burda da əməliyyata komandanlığı general Arkadi Ter-Tadevosyan həyata keçirirdi. O, əməliyyatı belə xarakterizə edirdi: “Şuşaya hücum 4 istiqamətdə aparıldı. Kosalar kəndinə hücum imitasiya xarakterli idi. Hücumdan 1 gün əvvəl Kosalara böyük bir dəstəsinin köçürülməsi bizə kömək etdi və bu, şəhərin müdafiəsini zəiflətdi” (Ter-Tadevosyan, 2007: 570-571). Şuşanın müdafiəsini təşkil edən Elbrus Orucov mayın 7-də Kosalara həyata keçirilən manevredici zərbəyə aldandı. Kəndə kömək üçün göndərilən dəstənin ardından ermənilər böyük qüvvə ilə Şuşaya hücum etdilər (Vəliməmmədov, 2021:331). Hücumu saxlaya bilməyən müdafiə bölmələri Şuşadan Turşsu istiqamətində geri çəkildi. Şuşadan alınan köməkdən məhrum olan Fazil Əşrəfin rəhbərliyindəki batalyon əlverişsiz vəziyyətdə qaldığı üçün Kosaları döyüşsüz tərk etdi. Şuşanın işğalında Kosalar kəndinə manevredici hücumun səbəb olmasını polkovnik-leytenant Məhərrəm Cahangirovun “ANS” telekanalına verdiyi müsahibədə (4:30-5:20) görmək mümkündür. Kosaların alınması ilə Azərbaycan Xocalı rayonuna olan nəzarəti tamamilə itirdi.


Moşxmaat və Mədətkənd döyüşləri

Xocalı rayonunun ən cənubda yerləşən kəndi Moşxmaatdır. 17-ci əsrdə əsası qoyulan kəndin adı ermənicə böyürtkən anlamını verir (Azərbaycan SSR EA, 1969:93). 1997-2007-ci illərdə Dağlıq Qarabağ ermənilərinin lideri olmuş Arkadi Qukasyan bu kənddən idi (Balayan, 2020:115). 1992-ci ilin dekabrın 29-da Azərbaycan Ali Sovetinin qərarı ilə kəndin köhnə adı olan Quşçubaba (orijinal Quşi-baba olub) geri verildi. Bununla belə, Azərbaycan mənbələri 2020-ci ilə kimi Moşxmaat adını geniş formada işlətdi. Kiçik kənd olan Moşxmaatın sahəsi 325,84 hektardan ibarətdir. Bunun 146,83 hektarını kənd təsərrüfatı, 153,34 hektarını meşə torpaqları təşkil edir. Burada müharibə ərəfəsində 25 təsərrüfatda 64 nəfər əhali yaşayırdı (Ghahramanyan,2015:70).

Xocalı rayonunun cənubunda yerləşən digər kiçik kəndlərdən biri də Mədətkənddir. Onun əsası 1710-cu ildə Çanaqçıdan köçmüş ermənilər tərəfindən qoyulub (Balayan, 2020:110). Kəndin ilkin adı Kamants Qomer olsa da, daha sonra dəyişdirildi. Tarixçilərə ərazinin adlandırılmasını iki şəxslə əlaqələndirir. Erməni tarixçi Balayan kəndin 19-cu əsrdə yaşamış aşıq Petros Mədətyanın (azərbaycanlılar arasında Səyyad Şamaxetsi kimi tanınıb) şərəfinə belə adlandırıldığını güman edir (Balayan, 2020:111). Digər qaynaqlarda isə əraziyə verilən adın erməni general Valerian Mədətovla əlaqəli olduğu qeyd olunur. Xankəndidən 24 km məsafədə yerləşən kəndin ümumi sahəsi 506,4 hektar təşkil edir. Bu ərazinin 225,06 hektarı kənd təsərrüfatı, 262,85 hektarı meşə torpaqlarıdır. Burada müharibə ərəfəsində 30 təsərrüfatda 104 nəfər yaşayırdı (Ghahramanyan, 2015:68).

27 sentyabrda başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocalı rayonu cəbhədən xeyli aralıda yerləşirdi. Azərbaycan Ordusu bu əraziyə Hadrutdakı müdafiə xəttini dağıtdıqdan sonra gəlib çıxdı. 12 oktyabrda Xocalının cənub kəndlərinin təcili evakuasiyasına başlanıldı. Böyük Tağların şimal-qərbi istiqamətində meşələrlə irəliləyən Azərbaycan xüsusi təyinatlıları oktyabrın 21-də Moşxmaata gəlib çatdı. Yolda xüsusi təyinatlı qüvvələr iki hissəyə bölündü. Kiçik qüvvələr Zərdanaşenə, əsas qüvvələr isə Moşxmaata yönəldi.

Kəndin müdafiəsini icma rəhbəri olan Mher Voskanyan təşkil etdi. Ərazidə vahid komandanlıq yaratmaq üçün Mədətkənd müdafiə qüvvələri də onlara qatıldı. Çanaqçı və Dəmirçilərdən gələn dəstələrlə birlikdə perimetr boyunca müdafiə xətti formalaşdırıldı.

Moşxmaatın ətrafındakı əsas döyüş mövqeyi kəndin cənub-qərbində yerləşən 1391,0 yüksəkliyidir. Burda mövqelənən erməni bölmələri ilk olaraq minaatan və aviasiya zərbələrinə məruz qaldı. Daha sonra pilotsuz uçuş aparatları vasitəsilə ərazinin kəşfiyyatını aparan Azərbaycan xüsusi təyinatlıları oktyabrın 22-də gecə ilə erməni mövqelərindən yan keçərək Çanaqçı kəndinin qarşısında duran 1265,0 yüksəkliyini azad etdilər. Bu yüksəkliyin tutulması ilə müdafiə xətti çökdü. Moşxmaat-Zərdanaşen sektorunda mövqelənən Dəmirçilər kəndinin dəstəsi Azərbaycan XTQ-nin qarşısını almaq üçün Moşxmaat-Mədətkənd ətrafına geri çəkilməyə məcbur oldu. Buna baxmayaraq, oktyabrın 23-də Azərbaycan xüsusi təyinatlıları qərb istiqamətdən Moşxmaat kəndinə girdilər. Mədətkənd icra nümayəndəsi Eduard Hayrapetyan xatırlayır: “Oktyabrın 23-də gecə bir qrup muzdlu artıq Moşxmaatda idi, biz işıqları gördük, lakin düşməni tapa bilmədik.” Kəndə daxil olan xüsusi təyinatlılar daha sonra yenə meşələrdə gözdən itdi. Əsas mövqe əldən verildiyi üçün kənddəki erməni dəstəsi ərazidən çıxmaq qərarına gəldi. Oktyabrın 23-də Mədətkənddən Moşxmaata doğru təxminən 1,3 km aralıda Vardan Baqdasaryanın rəhbərlik etdiyi 13 nəfərlik dəstə yerləşdirildi. Həmin gün Moşxmaatdakı bütün erməni silahlıları Mədətkənd istiqamətinə geri çəkildi. Çanaqçı istiqamətinə təzyiqin qarşısını almaq üçün Moşxmaata imitasiya xarakterli əks-hücum planlaşdırıldı. Hazırda “DQR” MTX rəis müavini vəzifəsində çalışan Ararat Melkumyan əraziyə 1 tank və 1 PDM göndərdi. Lakin ərazi şəraiti tank üçün əlverişli deyildi. Kəndin döngəsinə çatan zaman tank heyəti idarəetməni itirdi, zirehli texnika aşaraq dərəyə yuvarlandı. Hadisədən 1 gün sonra tank xüsusi texnika vasitəsilə ərazidən çıxarıldı. Azərbaycan XTQ-si oktyabrın 23-dən etibarən boş olan Moşxmaat kəndində ermənilərin qaldığını düşünürdü. 1 günlük fasilədən sonra, oktyabrın 25-də Azərbaycan hərbçiləri Moşxmaatı bombalamağa başladı. Həmin gün kəndin şimal-şərqindəki Tuxnakal yüksəkliyi (1283,3 metr) tutulandan sonra mühasirə tamamlandı. Xüsusi təyinatlılar oktyabrın 25-də boş olan kəndə girdi. Beləliklə, aşağı intensivlikdə davam edən Moşxmaat uğrunda gedən döyüşlər Azərbaycan XTQ-nin qələbəsi ilə nəticələndi.

Moşxmaat kəndindən sonra Azərbaycan XTQ-si hücumu Mədətkənd istiqamətində davam etdirdi. Buranın müdafiəsi xüsusilə çətin idi. Moşxmaatdakı bütün hündür mövqelər Azərbaycan xüsusi təyinatlılarının nəzarətində olduğu üçün dağətəyi kənd olan Mədətkənddə ermənilər demək olar ki, müqavimət göstərmədi. Ərazini 10-15 nəfər kənd sakini müdafiə edirdi. Qarabulaq kəndi istiqamətindən verilən hərbi dəstəklə 1 gün müqavimət göstərən ərazidəki dəstə oktyabrın 27-də Qarabulağa, ordan da Xaçmaç kəndinə doğru geri çəkildi. Azərbaycan bölmələri həmin gün axşam Mədətkəndə daxil oldu. Kəndin işğaldan azad edilməsi prosesində ərazini tərk etməyən sakinlərdən biri – 69 yaşlı Georgi Petrosyan oktyabrın 28-də zərərsizləşdirildi. Beləliklə, Azərbaycan xüsusi təyinatlıları yaşayış məntəqəsini itki vermədən ələ keçirdi. Azərbaycan Prezidenti İlham Əliyev Moşxmaatın azad edilməsini noyabrın 7-də, Mədətkəndi isə noyabrın 9-da elan etdi. Erməni tərəfinin iddiasına görə, Moşxmaat kəndində 5 avtomobil, 400 ev quşu, 40 arı pətəyi, 7 inək, 24 donuz, Mədətkənddə isə 15 kənd təsərrüfatı texnikası, 6 minik avtomobili, 950 ton arpa, fıstıq, buğda və kartof Azərbaycan tərəfinin əlinə keçib. Moşxmaat kəndinin adı müharibə bitdikdən 10 gün sonra Azərbaycan Milli Məclisinin qərarı ilə ikinci dəfə dəyişdirilərək Baharlı adlandırıldı. 2021-ci ilin fevralın 2-də Baharlı kəndinin ələ keçirilməsi ilə bağlı Ermənistanda cinayət işi açıldı. İttiham olunanlar arasında kənd icmasının rəhbəri Mher Voskanyan var idi.


Qarabulaq və Dəmirçilər döyüşləri

Qarabulaq kəndinin əsası 18-ci əsrin ikinci yarısında qoyulub (Balayan, 2020:37). Xankəndidən 30 km aralıda olan kəndin ərazisi 1138,7 hektardır. Bu ərazinin 857,6 hektarını kənd təsərrüfatı təyinatlı sahə, 203,48 hektarını isə meşə torpaqları təşkil edir. Qarabulaq kəndi Xocalı rayonunun ən iri kəndlərindən biri idi. Kəndin əhalisi Birinci Qarabağ müharibəsində aktiv iştirak edib. 1991-ci ildə Arşavir Kərəmyanın rəhbərliyi altında Qarabulaq kəndində “Arşo” adlı batalyon formalaşdırılmışdı. Bu batalyon Şuşanın, eləcə də Divanalılar kəndinin işğalında iştirak etmişdi. Müharibədən sonra toponimlərin erməniləşdirilməsi siyasəti nəticəsində Qarabulağın adı dəyişdirilərək Aknağbyur adlandırıldı (Balayan, 2020:39). Qarabulaq kəndinin atəşkəs dövründə əhalisi sürətlə artdı. Müharibədən əvvəl Tsakuridən Qarabulağa yol layihəsi nəzərdə tutulurdu. İkinci Qarabağ müharibəsi ərəfəsində burada 612 nəfər yaşayırdı (Ghahramanyan, 2015:30).

Dəmirçilər kəndi isə 19-cu əsrdə Çanaqçıdan bura köçən 3 qardaş tərəfindən salınmışdır. Onlardan biri dəmirçi olduğu üçün kənd belə adlandırılıb (Balayan, 2020:127). Yaşayış məntəqəsinin ümümi sahəsi 455,14 hektardır. Bunun 288,55 hektarını kənd təsərrüfatı, 150,32 hektarını isə meşə torpaqları təşkil edir. Rəngli televiziyanın yaradıcısılarından biri hesab edilən Hovannes Adamyanın əsli bu kənddən idi (Balayan, 2020:128). Kiçik kənd olan Dəmirçilərdə müharibə ərəfəsində 42 təsərrüfatda 132 nəfər yaşayırdı (Ghahramanyan, 2015:80).

İkinci Qarabağ müharibəsinin başlanmasından dərhal sonra Qarabulaq və Dəmirçilər kəndlərində səfərbərlik başladı. Qarabulaqdan 22 nəfər, Dəmirçilərdən isə 12 nəfər hərbi xidmətə çağırıldı. Hadrut əməliyyatından sonra Azərbaycan bölmələrinin sürətlə şimala doğru irəliləməsindən sonra regionda müdafiə xətti formalaşdırıldı. Oktyabrın 19-da Əsgərandan Dəmirçilərə gələn Vrej Bağdasaryan bölgədəki silahlı dəstələrə komandan təyin olundu. Əsgəranın digər kəndlərindən gətirilən əlavə qüvvələrdən sonra 140 nəfərlik tabor yaradıldı. Onlar 70 nəfərlik iki qrupa bölünərək ərazini müdafiə xəttini formalaşdırdılar. Buradakı erməni bölmələri digər ərazilərlə müqayisədə kifayət qədər yaxşı silahlanmışdılar. Sığnaq kəndindən olan biznesmen Arman Hakobcanyan Qarabulaqdakı milis dəstəsinə 2 gecə görmə cihazı vermişdi. Azərbaycan bölmələri oktyabrın 25-də Moşxmaat və Mədətkəndi ələ keçirdikdən sonra Çanaqçı və Qarabulaq istiqamətində hücumlara başladı. Xüsusi təyinatlıların əsas hissəsi Çanaqçıya, kiçik hissəsi Qarabulağa yönəldi. Əsas döyüşlər Çanaqçı ilə Qarabulaq arasındakı ərazidə başladı. “Tskor” adlanan ərazidə baş verən toqquşmada Azərbaycan xüsusi təyinatlıları erməni bölmələrini iki hissəyə ayırdı. Döyüş zamanı Qarabulaq sakini Mher Bağdasaryan öldürüldü. Burdakı döyüşdən sonra həm Çanaqçı, həm də Qarabulaq istiqamətindəki milis qüvvələrində panika başladı.

Oktyabrın 26-da Qarabulaq kəndinə “DQR” Təhlükəsizlik Şurasının sabiq katibi Vitali Balasanyan gəldi. Onun əmri ilə Füzuli istiqamətindən qayıdan 30 nəfər hava hücumundan müdafiə qüvvələri də Qarabulaqdakı dəstəyə qoşuldu. Bundan sonra 70 nəfərlik Dəmirçilər qrupu Qarabulaq qrupu ilə əvəzləndi. Həmin gün Azərbaycan XTQ-si Moşxmaat kəndindəki taktikanı Qarabulaq-Çanaqçı istiqamətində də həyata keçirdi. Sıx meşə vasitəsilə həmlə edən xüsusi təyinatlı bölmələr ərazini qoruyan Qarabulaq qrupunun arxasına keçərək Çanaqçını şərq istiqamətdən əhatəyə almağa başladı. Dəmirçilər kəndinin icra nümayəndəsi Arsen Hayrapetov həmin günü belə xatırlayır: “Oktyabrın 27-də səhər saat 7-də gəlib yatdım. Bir müddətdən sonra məni təcili oyatdılar. Xəbər verildi ki, azərbaycanlılar Çanaqçının şimal-şərqində manevr edir. Artıq döyüşlər Dəmirçilərdən 2 km aralıda gedir. İnanmadım və hərbçiyə həmin ərazidən gecə gəldiyimizi bildirdim. Hərbçi məni çölə çağırdı. Blindajdan çıxdım və düz qarşımızda döyüşün getdiyini gördüm. Tez Çanaqçı kənd icra nümayəndəsi Sevak Bağdasaryanla əlaqə saxladım. O, mənə gecə saat 4-də Çanaqçıdakı bölmələrin Sığnax istiqamətində geri çəkildiyini bildirdi. Bu vəziyyətdə müdafiə xəttində boşluq yaranmışdı və arxa zonanı bağlayacaq heç bir imkanımız yox idi.”

Qeyd edilən boşluq istiqamətində Azərbaycan xüsusi təyinatlılarının görüntüsü daha sonra erməni dronu ilə müşahidə edildi. Bu hadisə Qarabulaq və Dəmirçilərin müdafiəsini təşkil edən komandirlərdə böyük panika formalaşdırdı. Mədətkənd istiqamətindən hücuma keçən xüsusi təyinatlılar oktyabrın 27-də Qarabulağın şimal-şərqindəki 956,0 yüksəkliyini tutdular. Qarabulaq dövrəyə alındığı üçün kənddəki milis dəstəsi və qərargah həmin gün ərazidən çıxarıldı. Dəmirçilərə doğru geri çəkilən milis dəstəsinin bəziləri fərarilik edərək Xankəndiyə qaçdı. Ərazidə kiçik sayda kəndlilərdən ibarət dəstə qaldı. Oktyabrın 28-də kəndə şərq tərəfdən həmlə edən xüsusi təyinatlılar Qarabulağa daxil oldular. Buradakı atışma zamanı evlər yandırıldı. Müqavimətin faydasız olduğunu görən kənddəki dəstə Dəmirçilərə, ordan da Daşaltı istiqamətinə geri çəkildi. Geri çəkilən zaman Azərbaycan hərbçiləri snayperlə Qarabulaq sakini Mavrik Qriqoryanı vurdular. Müqavimətin intihar olacağını yəqin edən Dəmirçilər kənd icra nümayəndəsi Arsen Hayrapetov rəhbərliyindəki kiçik dəstənin kənddən çıxmasını əmr etdi.

Xüsusi təyinatlılar oktyabrın 29-da Dəmirçilər kəndinə daxil oldu. Bununla da Azərbaycan bölmələrinin Qarabulaq və Dəmirçilər kəndləri uğrunda orta intensivlikdə davam edən mübarizəsi uğurla yekunlaşdı. Kəndlərin alınması barədə məlumat nə erməni, nə də Azərbaycan mətbuatında qeyd edilmədi. Oktyabrın 30-da erməni tərəfinin Qarabulağın atəşə tutulması barədə məlumatı Azərbaycan MN tərəfindən təkzib edilmişdi. Yalnız müharibənin sonunda bu yaşayış məntəqələri ilə bağlı məlumat verildi. Azərbaycan Prezidenti İlham Əliyev Qarabulağın azad edilməsini noyabrın 7-də, Dəmirçiləri isə noyabrın 9-da elan etmişdi. 

 

 

İstifadə edilən ədəbiyyat

Alıyev V. (2011) Xocalı Göyərçinləri (Faciə haqqında yarımçıq kitab). Elefant Polygraphy.

http://www.anl.az/el/a/264816.pdf

Azərbaycan SSR EA (1969) Известия : Серия наук о Земле.

Balayan, V. (2020) Glimpses on the history of the Artsakh republic settlements. Zangak.

http://www.historyofarmenia-am.armin.am/images/menus/2767/Balayan1.pdf

Denber, R., & Goldman, R. K. (1992). Bloodshed in the Caucasus: escalation of the armed conflict in Nagorno Karabakh (Vol. 1245). Human Rights Watch.

Ghahramanyan, H. (2015). Directory of socio-economic characteristics of the administrative territorial units of the Nagorno Karabakh Republic.

https://artsakhlib.am/wp-content/uploads/2018/06/Ghahramanyan-Hakob-NKR-teghekatu.pdf

Тер-Тадевосян, А. (2007) “Анализ боевых действий в Арцахе (в период с июля 1991 по июль 1992 гг.)”, Вопросы стратегии и безопасности (Армен Айвазян), книга II.

Велимамедов М. (2021) Карабахская война 1991-1994. Москва :Эдитус.

 


 

[1] Adını daha sonra dəyişərək Nərgiz edib.

[2] Sevindik Kərimova görə, Cəmilli kəndi 1992-ci ilin yanvarında tamamilə ermənilərin nəzarətinə keçib (Denber&Goldman, 1992:27).