Ukraynanın Aİ-yə üzvlüyü: gediləsi uzun bir yol
17 iyunda Avropa Komissiyası Ukrayna və Moldovaya Avropa İttifaqına üzvlüyə namizəd statusu verilməsini məsləhət görən qərar qəbul etdi. Bu qərar Ukraynanın Aİ-yə üzvlük yolunda qazandığı ilk vacib uğur sayıla bilər, lakin tam üzvlüyə gedən yolda aşılmalı əngəllər hələ çoxdur. Ukraynanın namizədlik statusu alması hələ onun üzv olacağı mənasına gəlmir. Türkiyə (1999), Serbiya (2012), Albaniya (2014), Şimali Makedoniya (2005) və Monteneqro (2010) uzun müddətdir namizədlik statusuna sahib olduqları halda, hələ də ittifaqa üzv kimi qəbul edilməyib. Avropa İttifaqına üzv ölkələrin hamısının Ukraynanın ittifaqa qəbul edilməsinə tam müsbət yanaşdığını isə iddia etmək olmaz. Ukraynanın ittifaqa üzvlüklə bağlı gələcək perspektivlərini əngəlləmə ehtimalı olan başlıca ölkələr isə Macarıstan, Almaniya, Avstriya, Niderland, Fransa, Danimarka, İsveç və Portuqaliyadır. Təsadüfi deyil ki, adı çəkilən ölkələrin çoxu Rusiyaya qarşı müharibə ilə əlaqədar Ukraynaya dəstək mövzusunda daha ehtiyatlı davranıblar. Ukraynaya qarşı bu ambivalent münasibət iqtisadi, siyasi və strateji olmaqla bir çox faktorlardan qaynaqlanır.
İqtisadi problemlərin başında Rusiyanın Ukraynaya hücumu dayanır. Beynəlxalq Valyuta Fondunun hələ mart ayına olan təxminlərinə görə, Ukrayna ÜDM-si 2022-ci ildə 35% kiçiləcək. Onsuz da qitənin ən kasıb ölkələrindən biri olan Ukrayna səfərbərlik elanı ilə orduya cəlb olunan minlərlə gəncin döyüşlərdə həyatını itirməsi, eləcə də milyonlarla insanın ölkəni tərk edərək qaçqın düşməsi ilə işçi qüvvəsində ciddi çatışmazlıqla üz-üzədir.
Geniş yayılmış korrupsiya və oliqarxların ölkə siyasətində təsir imkanları da digər mühüm narahatedici məqamlardandır. Ukrayna Avropa İttifaqına üzv olarsa, digər üzv ölkələr müharibə nəticəsində dağılmış ölkənin yenidən çiçəklənməsi üçün məsuliyyət daşımalı olacaqlar. Bu isə külli miqdarda vəsait və resurs tələb edir. Portuqaliya başda olmaqla Cənubi Avropa ölkələrini Ukraynanın üzvlüyündən çəkindirən başlıca məsələ belə bir ehtimalda öz ölkələrinin onsuz da ürəkaçan olmayan iqtisadiyyatına əlavə yük düşəcəyidir. Korrupsiya və oliqarxlar məsələsi isə Qərbi Avropa ölkələri başda olmaqla bütün ittifaq üzvlərini narahat edir. Üstəlik, Avropa İttifaqı qanunvericiliyinin namizəd ölkələrə iqtisadi yardımla bağlı üzv ölkələr üçün nəzərdə tutulan hər hansı bir öhdəliyi yoxdur.
Ukraynaya qarşı ehtiyatlı münasibətin digər bir səbəbi siyasi faktorlardır. Bir çox Aİ ölkəsinin Rusiya ilə yaxın münasibətinin olması və ümumilikdə Rusiyanın xüsusilə də kiçik Avropa dövlətlərinin siyasətindəki təsir gücü bu kontekstdə maneə kimi ortaya çıxır. Uzun illərdir Avropa siyasətinə kök salmış Rusiyanın təsir gücünü bir neçə alt-başlığa bölmək olar:
1) Müxtəlif siyasi partiyalar vasitəsilə ölkə siyasətinə və ictimai fikrinə müdaxilə
Avropada fəaliyyət göstərən rusiyapərəst partiyalara misal kimi Fransada Le Pen rəhbərliyindəki Milli Birliyi, Zemmur rəhbərliyindəki Yenidən Fəthi, Pekres rəhbərliyindəki Respublikaçıları, Almaniyada ifrat sağçı AfD-ni və ifrat solçu Sol Partiyanı, Avstriyada İbiza skandalında rus oliqarxlarla əlaqələri ortaya çıxan ifrat sağçı FPÖ-nü və bir çox digər siyasi qurumları göstərmək olar. İtaliyada böyük partiyalar Rusiyanın Ukraynanı işğalını açıq şəkildə qınasalar belə, deputatların sırasında bir çox rusiyapərəst ada rast gəlmək mümkündür. Göründüyü kimi, Rusiyanın təsir dairəsinə daxil olan Avropa partiyaları ən sağ və ən sol siyasi küncləri birləşdirərək çoxrəngli palitra əmələ gətirir. Bu partiyaların heç biri hazırda iqtidarda yer almasalar belə, ictimai rəyi dəyişməyə müəyyən dərəcədə qadirdirlər. Təsadüfi deyil ki, may ayının əvvəllərində Almaniyada keçirilmiş sorğuya görə, əhalinin 57%-i Ukraynaya göstərilən hərbi yardımın münaqişənin digər ölkələrə sirayət etməsinə səbəb olacağından ehtiyatlandığını ifadə edib.
2) İqtisadi vasitələrdən, xüsusən də enerji resurslarından siyasi silah kimi istifadə
Qoca Qitədəki bir çox ölkə enerji təhlükəsizliyi mövzusunda Rusiyadan idxal olunan resurslardan asılı vəziyyətdədir. 2016-cı ilə aid verilənlərə görə, Avropa İttifaqının idxal etdiyi neftin 34,6%-i, təbii qazın 39,9%-i, bərk yanacağın isə 30,2%-i Rusiya mənşəlidir. Rusiyadan ən çox enerji idxal edən ölkə isə Almaniyadır. Təsadüfi deyil ki, Almaniya rəhbərliyi ABŞ-ın qoyduğu sanksiyalara baxmayaraq, “Şimal Axını-2” kəmərinin tikintisini davam etdirmiş və ancaq Rusiya Ukraynaya hücum etdikdən sonra beynəlxalq təzyiqdən çəkinərək bu proyekti ləğv etmişdir. Sözügedən kəmər həm Rusiyadan olan qaz idxalını əhəmiyyətli dərəcədə artıraraq qitəni Moskvadan daha asılı hala salacaq, həm də Ukraynanın ərazisindən keçən boru kəmərlərini - hansı ki, ölkənin Rusiyaya qarşı azsaylı təsir rıçaqlarından biridir - əhəmiyyətsizləşdirərək Ukraynanı strateji olaraq daha da çətin vəziyyətə salacaqdı. Başlatdığı işğalçı müharibə səbəbilə hazırda dünyanın ən çox sanksiya olunmuş ölkəsi titulunu daşıyan Rusiyanın əsas gəlir mənbəyini də Avropaya enerji idxalından gələn gəlirlər təşkil edir. Belə ki, müharibənin ilk 100 günü boyunca Rusiya bu ticarətdən 93 milyard dollar məbləğində qazanc əldə edib. Rusiyanın məruz qaldığı sanksiyalar sayca daha çox olsa da, İran və Şimali Koreyadan fərqli olaraq rəsmi Moskva hələ də “SWIFT” tranzaksiya sistemindən tam kənarlaşdırılmayıb. Bunu etməyə cəhd olunsa belə, bir avropalı diplomatın dediklərinə görə, Rusiyanın “SWIFT”-dən çıxarılmasına Almaniya, Avstriya, İtaliya, Macarıstan və Kipr qarşı çıxıb. Aİ-nin Rusiyaya qarşı altıncı sanksiya paketində neft embarqosu tətbiqində boru kəmərlərinin istisna olunması da Macarıstanın Rusiya neftindən asılılığı nəzərə alındığı üçündür.
3) Bir sıra ölkələrin siyasi elitalarına və dövlət aparatlarına sirayət
Bu ölkələrə isə ilk növbədə Almaniya, Macarıstan, Bolqarıstan və Avstriya misal göstərilə bilər. Hərçənd, sadalanan dövlətlərin hamısının Rusiyadan enerji sektorunda əhəmiyyətli ölçüdə asılılığı var, Ukrayna-Rusiya münaqişəsində bu ölkələrin digər Avropa ölkələrinə nəzərən göstərdiyi daha ehtiyatlı münasibət bunun sadəcə enerji asılılığından qaynaqlanan fenomen olması ehtimalını azaldır. Belə ki, Rusiyadan iqtisadi asılılığı kifayət qədər böyük olan və coğrafi mövqeyindən dolayı Rusiyaya qarşı nisbətən müdafiəsiz qalan Baltikyanı ölkələrdən fərqli olaraq, Almaniya əvvəlcə Ukraynaya hücum silahı göndərməməyi qərara almış, daha sonra isə bir neçə dəfə ağır silah göndərmə vədi versə də, “Oryx” müstəqil araşdırma qrupunun 30 may tarixli verilənlərinə görə, Almaniyadan Ukraynaya heç bir ağır silah göndərilməyib. Hətta Almaniya hökuməti bir neçə dəfə digər Avropa ölkələrinin Ukraynaya göstərmək istədiyi silah yardımını aralarında Almaniya istehsalı silah-sursat və texnika yer aldığından bloklamışdır. NATO üzvü olmayan Avstriya isə Ukraynaya heç bir silah yollamayıb. Təsadüfi deyil ki, Almaniyanın keçmiş kansleri Gerhard Şröder “Rosneft”in təftiş şurasında təmsil olunur, Avstriyanın keçmiş kansleri Alfred Quzenbauer isə rusiyayönümlü beyin mərkəzində çalışıb. Hər iki ölkənin siyasi arenasında Rusiya hakimiyyəti ilə yaxınlığı olan onlarla siyasətçi tapmaq mümkündür. Putinin Macarıstan baş naziri Viktor Orbanın yenidən seçilməsini təbrik etməsi də təsadüfi deyil, çünki Orban Qoca Qitədə Rusiyanın ən yaxın müttəfiqi hesab olunur. Bu səbəbdən də Macarıstan Rusiyaya qarşı sanksiyalara dayandırmağa çalışır, Ukraynaya heç bir silah göndərmir və Macarıstan ərazisindən Ukraynaya silah yollanmasına icazə vermir. Daha əvvəl Macarıstanı münaqişədə kimin tərəfində olduğunu dəqiqləşdirməyə çağıran Ukrayna dövlət başçısı Zelenskinin Orbanla telefon danışığı və Macarıstana ukraynalı qaçqınlara göstərdikləri yardımdan dolayı təşəkkür etməsi də Ukrayna rəhbərliyinin Aİ Şurası Zirvə toplantısından öncə macar həmkarlarının könlünü almağa çalışmağa bir cəhd kimi qiymətləndirilə bilər. Bolqarıstan prezidenti isə öz növbəsində keçən ilin sonlarında Krımı “rus torpağı” adlandırmış, bu da öz növbəsində həm Ukrayna, həm də Qərb ölkələrində qəzəbə səbəb olmuşdu. Bu yaxınlarda isə Bolqarıstan baş naziri ölkəsinin Ukraynaya ağır silah göndərməyəcəyini bildirdi.
Avropa ölkələrinin Ukrayna və Moldovanın Avropa İttifaqına üzvlüyü mövzusunda çəkingən davranmasının digər bir səbəbi isə hər iki ölkənin həll olunmamış ərazi münaqişələrindən əziyyət çəkməsidir. Belə ki, bu problem Ukrayna üçün 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından, Moldova üçün isə 1992-ci ildə separatçı Dnestryanı Respublikasının müstəqillik elan etməsindən bəri xüsusi izlənilir. Bu ölkələrin Avropa İttifaqına üzvlüyü Aİ-nin də Rusiya ilə ərazi münaqişəsinə sahib olacağı mənasına gəlir ki, bu da ittifaq ölkələrinin məşğul olmaq istəmədiyi bir məsələdir.
Ukraynanın Avropa İttifaqına üzvlük yolunda qarşılaşa biləcəyi digər vacib əngəl isə ikincinin strateji məqsədinə zidd olan bir neçə məsələdən qaynaqlanır. Belə ki, başda Fransa və Almaniya olmaq üzrə, bir çox Avropa ölkəsi vahid Avropa ordusunun qurulmasına və beləcə Avropa İttifaqının hərbi güc qazanaraq yeni qütb kimi dünya siyasi arenasında çıxış etməsinə can atır. Bənzər yanaşmanı çox güman ki, isveçli yazıçı və jurnalist Lotta Lundberqin “Almaniyanın qardaş ölkəsi” adlandırdığı İsveç və Niderland da bölüşür. Lakin heç də bütün ittifaq üzvlərinin bu strateji hədəflə razılaşdığını demək olmaz. Böyük Britaniya baş naziri Boris Conson Aİ-nin üzvlük yolunda yaratdığı əngəllərdən istifadə edərək ölkəsiylə yanaşı Polşa, Baltikyanı ölkələr, Ukrayna və ehtimalən daha sonra Türkiyənin də yer alacağı alternativ ittifaq qurmağı təklif edib. Polşa və Baltikyanı ölkələrin Ukraynaya dəstək mövzusunda Qərbi Avropa ölkələrindən seçilməsi də ittifaqın iki cinahı arasında fikir ayrılıqlarının ciddiləşməsindən və fərqli strateji hədəflərin mövcudluğundan xəbər verir. Ukraynanın Avropa İttifaqına daxil olacağı halda Baltikyanı ölkələr və Polşada yaşanan proseslərin təkrarlanacağı, buna əlavə olaraq, Ukraynada yüksələn sağçı siyasi partiyaların Aİ-nin siyasi işləyişinə mənfi təsir göstərəcəyi və ümumilikdə qitədə ifrat sağın yüksəlişini gücləndirəcəyi qorxusu da Qərbi Avropa ölkələrinin Ukraynaya üzvlük vəd etməkdən boyun qaçırmasına səbəb ola bilər. Makronun Ukraynanın Aİ-yə üzv kimi qəbulunun onilliklər çəkə biləcəyini bildirərək rəsmi Kiyevə detallarını açıqlamadığı üzvlüyə alternativ əməkdaşlıq formalarını təqdim etməsi, bənzər alternativ təkliflərinin məşhur alman beyin mərkəzində də səsləndirilməsi Avropanın lokomotivi sayılan iki ölkənin də Ukraynanın Aİ-yə daxil olmasına hələlik o qədər də isti yanaşmadıqlarının göstəricisidir.
Ukrayna xalqının avrointeqrasiya yolunda əzmli şəkildə irəliləməsi və Rusiya işğalına boyun əyməyərək müqavimət göstərməyə davam etməsi ölkənin öz gələcək yerini digər Avropa ölkələri ilə eyni sırada görməsinə dəlalət edir. Lakin bu gələcəyin nə qədər yaxın olduğu, Ukraynanın hansı ittifaqlarda varlığını göstərəcəyi hələlik naməlumdur. Aİ daxilində və xaricində baş verən vacib hadisələr “dövr dəyişikliyinin” yaşandığının sübutudur və bu yeni dövrdə heç də bütün Aİ ölkələri Ukraynanı öz aralarına almağa tələsmir.