Strateji, yoxsa ticari tərəfdaş: Rusiya - Ukrayna konfliktində Çinin mövqeyi
Böhranın ilk günlərindən tərəfləri aralarındakı məsələləri diplomatik yolla həll etməyə çağıran rəsmi Pekin yaranmış konfliktə siyasi cəhətdən müdaxilə etmək və ya hər hansı müstəvidə iqtisadi sanksiyalara qoşulmaq əvəzinə, daha çox müşahidəçi kimi çıxış etməkdədir.
Çin tərəfi Moskvanın Ukraynaya hücumunu diplomatik şəkildə pisləməsə də, Kremlin hazırkı işğal siyasətini də dəstəkləməkdən uzaqdır. ÇXR-nin baş naziri Van Yi (Wang Yi) ötən ayın 19-da baş tutan Münhen Təhlükəsizlik konfransındakı çıxışı zamanı hər bir ölkənin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmət edilməli olduğunu qeyd etməklə rəsmi Pekinin mövqeyini ortaya qoymuşdur.
Dünyadakı siyasi böhranların BMT nəzdində verilən qərarlar əsasında nizamlanmasının tərəfdarı olan Çin 70 ilə yaxındır ki, xarici siyasət doktrinasında “Dinc Birgəyaşayışın Beş Prinsipini” (suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət; hərbi təcavüzdən çəkinmək; bir-birinin daxili işlərinə müdaxilə etməmək; qarşılıqlı faydalar verəcək əməkdaşlıqlar qurmaq; dinc, yanaşı yaşamaq) əsas alaraq dövlətlərarası münasibətləri konstruktiv, koordinasiyalı və balanslı şəkildə qurmağa çalışır.
Putinin bir ay bundan əvvəl şəxsən Pekin Qış Olimpiya oyunlarının açılış mərasimində iştirak etməsi (yeri gəlmişkən, Kreml rəhbərliyinin 2008-ci ildə Pekin Yay Olimpiadasında iştirak etdiyi vaxtda da Rus quru qoşunları Gürcüstana girmişdi) və paralel olaraq Çinlə strateji əməkdaşlığın dərinləşdirilməsinə dair qarşılıqlı razılığa gəlinməsi Rusiyanın müharibəyə başlamadan öncə özünü beynəlxalq müstəvidə total təcriddən xilas etmə cəhdi kimi dəyərləndirmək olar. Hadisələrin gedişatına baxdığımızda isə Putin ümid etdiyi siyasi dəstəyi Çindən ala bilmədiyini deyə bilərik. Bəzi çinli siyasi analitiklərin fikrinə görə, Si Cinpin belə Kremlin bu qədər irəliyə gedib genişmiqyaslı müharibəyə girəcəyini gözləmirdi. Qısacası, Çin tərəfi NATO-nun şərqə doğru genişləməsinə qarşı çıxaraq Rusiyanın təhlükəsizliklə bağlı narahatlıqlarına daima haqq qazandırsa da, ölkələrarası münasibətlərin ancaq diplomatik yolla, sülh şəraitində keçən dialoqlarla tənzimlənməsinin tərəfdarı olduğunu da mütəmadi olaraq vurğulayır. Həmçinin, Rusiyanın nümayiş etdirdiyi aqresiyyanın kökündə NATO-nun Şərqi Avropa regionundakı hərbi-strateji fəaliyyətinin də təsiri olduğu fikrindədir.
BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Çin Rusiya ilə bağlı BMT Baş Assambleyasında qəbul edilmiş qərarlarda adətən neytrallığını qoruyaraq bitərəf qalmağa üstünlük verir. Üstəlik, rəsmi Pekin ABŞ liderliyindəki koalisiyanın tətbiq etdiyi sanksiyalar əsasında deyil, BMT-nin Rusiya əleyhinə verəcəyi qərarlar doğrultusunda tədbir görəcəyini bəyan edib. Hətta Çin rəsmiləri Bayden administrasiyasının yeritdiyi provokativ siyasətin və gördüyü sərt tədbirlərin vəziyyəti daha da kritik hala gətirdiyi fikrindədir. İqtisadi sanksiyaların mövcud vəziyyəti müsbətə doğru dəyişməyəciyinə inanan rəsmi Pekin, Si - Putin sammitində gəlinmiş razılıq üzrə Moskva ilə enerji sektorundakı əməkdaşlıqlarını (fevraldakı görüşdə təbii qaz tədarükü ilə bağlı yeni 30 illik müqavilə imzalandı) və ticari əlaqələrini artan xətlə davam etdirir. Mavi yanacağa dair əldə edilmiş razılıqdan başqa, Pekin daha əvvəl müxtəlif bakteriya mənşəli xəstəliklərdən ötrü idxalına məhudiyyətlər qoyduğu Rus taxılının alışına da icazə verib. Qida təhlükəsizliyini son illərdə prioritet halına gətirmiş Çin hökumətinin bu siyasəti müharibədən dolayı qlobal miqyasda meydana gələ biləcək qida qıtlığından ötrü gördüyü preventiv tədbir hesab edilsə də, digər tərəfdən Pekinin bu addımı kritik vəziyyətdə olan Rusiya iqtisadiyyatına kömək cəhdi kimi də xarakterizə edilir (hər ikisi mümkündür).
Başda ABŞ olmaqla, Qərb ölkələri Çinin Rusiya idxalatına gətirə biləcəyi sərt qadağalarla Moskvaya təzyiq göstərə biləcəyini bildirir, lakin hazırkı vəziyyətdə Pekinin Rusiyaya qarşı hər hansı irimiqyaslı iqtisadi sanksiyaya qol qoyacağı inandırıcı görünmür. Belə ki, Si - Putin zirvə görüşündən bir az əvvəl ABŞ Dövlət Departamenti Çinə nüfuzundan istifadə edərək Kremlin aqressiv hərəkətlərinə mane olmağı tövsiyə etmişdi. Bundan əlavə, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel də Çini Ukraynanın suverenliyinin qorunması naminə Putinin işğal siyasətinə qarşı öz təsir mexanizmlərindən istifadə etməyə çağırıb.
Hal-hazırda Çinin özündə bir qrup mütəxəssis Pekinin Rusiya - Ukrayna müharibəsini fürsətə çevirərək Vaşinqtonla konstruktiv təmasları gücləndirməsi, bir qrup isə rusiyayönümlü siyasət yeritməsi tərəfdarıdır. Sözsüz ki, ABŞ-ın bütün diqqətini Rusiyaya yönəltməsi Pekin üçün olduqca əlverişli geostrateji şərait yaradır. Buna qədər Ağ Ev rəhbərliyi Çinin Hind-Sakit okean hövzəsində, xüsusən də Cənubi Çin dənizindəki ekspansiya siyasəti daxil olmaqla, Tayvanla bağlı ziddiyətli məsələlərdə Pekinə ciddi başağrısı yaşadırdı. Qeyd edək ki, Şərqi Asiya ölkələri, xüsusən də Yaponiya Rusiyanın həyata keçirdiyi hərbi əməliyyatından ruhlanan Çinin Tayvanı və o cümlədən regionun digər mübahisəli zonalarını (Sakit okeandakı Senkaku/Diaoyu adaları, habelə Cənubi Çin dənizindəki bir sıra strateji əhəmiyyətli adalar nəzərdə tutulur) ələ keçirməsindən narahatdır. Ölkənin hakim partiyasının başında sərt ritorikası ilə bilinən Si Cinpinin olması, eyni zamanda Tayvan adasının Ana Vətənə (Materik Çininə) birləşdirilməsinin labüdlüyü ilə bağlı müntəzəm olaraq bəyanatlar səsləndirməsi də region dövlətlərinin narahatlığını artıran amillərdir.
Pekin Moskvayla strateji tərəfdaş olsa da, Kiyevlə də olduqca güclü ticari-iqtisadi əlaqələri mövcuddur. Ukrayna Çinin Şərqi Avropada əsas ticari tərəfdaşlarından biri hesab olunmaqla yanaşı, həm də Çinin çoxmilyardlıq “Kəmər və Yol” təşəbbüsündə iştirak edən və Avropa bazarı istiqamətində Pekin üçün mühim körpü rolunu oynaması nəzərdə tutulan kritik nəqliyyat-logistik marşrutlardan biri hesab edilir. Ukrayna həm də ÇKP-nin hərbi-strateji ambisiyalarının həyata keçirilməsində əhəmiyyətli yerə sahib ölkələrdən biridir. Belə ki, Rusiyanın Çinə ixrac etməkdə tərəddüt etdiyi hərbi texnologiya uzun illər boyu Ukraynadan idxal edilib. ÇXR hərbi dəniz donanmasının ən böyük gəmisi hesab edilən SSRİ-dən qalma Kuznetsov sinfinə məxsus Varyaq aviadaşıyıcısının qalıqları üstündə qurulmuş nəhəng “Liaoning” aviadaşıyıcısı ötən əsrin doxsanıncı illərində Ukraynadan alınmışdır. Çin yuxarıda adı qeyd edilən Ukrayna mənşəli aviadaşıyıcı bazasında hərbi dəniz donanmasının texniki çatışmazlıqlarını aradan qaldırmağa müvəffəq olub. Uzun müddəndən bəri davam edən Çin - Ukrayna hərbi-texniki əməkdaşlığı hesabına Çin Qurtuluş Ordusuna məxsus hərbi dəniz donanmasının modernizasiya və yenidənqurma prosesi çərçivəsində bu günədək onlarla hərbi layihə tamamlanmışdır. Onu da qeyd edək ki, 2014-cü ildən etibarən Kiyevdə təsir rıçaqlarını artıran ABŞ-ın təkidi ilə Çin - Ukrayna arasındakı bir sıra hərbi-strateji layihələrin reallaşmasında və Ukrayna mənşəli hərbi texnologiyanın Çinə transferində səngimələr yaşanmışdır.
Nəticə etibarilə, artıq bir həftədən çoxdur ki davam edən Rusiya a- Ukrayna müharibəsi fonunda qlobal miqyasda yaranmış qeyri-müəyyənlik Çin üçün də geopolitik cəhətdən müşkül vəziyyət yaradır. Bütün dünyadan təcrid edilməyə çalışılan Rusiyanın yanında olmaq Çin üçün heç də arzuolunan hal olmaz. Rəsmi Pekinin hələ ki, heç bir tərəfi qıcıqlandırmadan gözləmə mövqeyində qalacağını, gedişata uyğun praqmatik və koordinasiyalı addımlar atacağını güman etmək olar. Dünyada baş verən siyasi qarşıdurmalar, iqtisadi təlatümlər, qlobal birjalardakı dalğalanmalar, tədarük zəncirinin pozulması, böyük dövlətlərin bir-birinə qarşı tətbiq etdikləri embarqolar, qlobal iqtisadiyyatın əsas oyunçular biri və dünyanın ən böyük istehsalçısı/ixracatçısı olan Çin üçün də ciddi problemlər yarada bilir.
Xülasə, Rusiya - Ukrayna qarşıdurması, ÇKP-nin gələcəkdə Tayvanı ilhaq etməsi və regionda dayaqlarının gücləndirilməsi istiqamətində atacağı geosiyasi addımlar zamanı nələrlə qarşılaşa biləcəyini öyrənməsi baxımından da olduqca vacib tarixi hadisə olacaq. Vaşinqtonun müttəfiqləri və regionun dominant ölkələri ilə birgə əsasını qoyduğu QUAD və AUKUS kimi çoxtərəfli hərbi-strateji paktlarla Çinin regiondakı iddialarına qarşı əsaslı müqavimət göstərə bilib-bilməyəcəyini yaxın tarixdə müşahidə edəcəyik. Digər tərəfdən, ABŞ - Çin münasibətlərinin son illərdəki dinamikası da ona dəlalət edir ki, Pekinin regionda artan hərbi qüdrətinə, geosiyasi həmlələrinə, iqtisadi təzyiq və təsir metodlarına qarşı hərbi və siyasi müstəvidə davamlı şəkildə iradə nümayiş etdirə biləcək uzunmüddətli və effektiv hərbi-siyasi koalisiyaların qurulması/mövcud olanların rolunun artırılması prosesi daha da intensiv hal alacaq.