Omikronun dünya iqtisadiyyatına təsirləri
Azərbaycanda bir qədər gec aşkarlansa da, COVİD-19 virusunun yeni ştamı olan Omikron artıq dünya iqtisadiyyatına öz mənfi təsirlərini göstərməyə başlayıb. Son iki il məlum infeksiyanın dünyanı ağuşuna alması fonunda qlobal miqyasda istehsalatın zəifləməsi, beynəlxalq ticarət və logistika sisteminin çökməsi, əmtəə çatışmazlığı, investisiya qoyuluşlarının kəskin azalması, əmək bazarında işçi qıtlığının yaşanması, maliyyə sabitliyinin pozulması, qlobal birjalarda dalğalanmalar, istehlak bazarlarının kiçilməsi, tədarük zəncirinin optimallaşdırılmasının qeyri-mümkünlüyü, milli valyutaların dəyər itirməsi, işsizlik və inflasiyanın artması kimi genişmiqyaslı sosial-iqtisadi çətinliklərin yaşanması kimi hallarla müşahidə edilmişdir.
Hökumətlər uzunmüddətli karantin ərəfəsində zərbə almış milli iqtisadiyyatlarını bərpa etmək – istehsal həcminin artırılması, yeni iş yerlərinin yaradılması, ixracatın stimullaşdırılması, maliyyə sabitliyinin gücləndirilməsi, xarici investisiyanın cəlb edilməsi və daxili istehlak bazarının dirçəldilməsi üçün müxtəlif strateji tədbirlər görsələr də, qlobal artımın cari ildə ötən illə (5,5%) müqayisədə ciddi şəkildə azalaraq 4,1% səviyyəsində qərarlaşacağı ehtimal edilir. Qeyd edək ki, tendensiya bu şəkildə davam edərsə, 2023-cü il üçün ümumdünya artım tempinin səviyyəsi 3.8%-ə qədər geriləyə bilər. Ümumiyyətlə, qlobal iqtisadiyyatın iki əsas lokomotivi, ABŞ və Çin iqtisadiyyatlarının kiçilməsi yuxarıda göstərilən rəqəmlərin formalaşmasına birbaşa təsir edən nüanslardır.
Koronavirus əleyhinə hazırlanmış peyvəndlərin kütləvi istifadəyə verilməsiylə virusun yayılmasının qarşısının alınacağına, karantin qaydalarının yumşalacağına və ya tamamilə ləğv olunacağına ümid edilsə də, görünən odur ki, məsələnin köklü həllinə nail olmaq qısa zaman kəsiyində mümkün olmayacaq. Bir çox ölkələrdə vaksinasiya prosesinin gözləniləndən yavaş getməsi, səhiyyə sisteminin kövrəkliyi, vaksinlərin dünya ölkələri arasında qeyri-bərabər bölüşdürülməsi, ortaya çıxan yeni növ mutasiyaların cəmiyyətdə qorxu və qeyri-müəyyənlik yaratması, virusa yoluxanların sayında sürətli artım, sərt pul-kredit və fiskal siyasətinin yürüdülməsi kimi faktorlar makro və mikroiqtisadi müstəvidə sabitliyin təmin edilməsini ləngidir. Belə ki, bir müddət öncəki statistikada 2024-cü ilə qədər pandemiyanın fəsadlarından ötrü qlobal iqtisadiyyatda meydana gələ biləcək iqtisadi itki 12,5 trilyon ABŞ dolları olaraq hesablanmış olsa da, hal-hazırda bu rəqəmin daha da artaraq 13.8 trilyon ABŞ dolları ətrafında olacağı proqnozlaşdırılır.
Bir çox iqtisadçının verdiyi bədbin proqnoza görə pandemiyanın ilk ilində (2020) dünyanın böyük iqtisadiyyatları arasında iqtisadi böyüməyə və ən çox birbaşa xarici investisiya (163 milyard ABŞ dolları həcmində) cəlbinə nail olmuş Çində belə artım tempi zəifləməyə doğru gedəcək. Sözsüz ki, ölkənin daşınmaz əmlak sektorunda yaşanan uzunmüddətli maliyyə böhranı, zaman-zaman müxtəlif bölgələrdə, xüsusən də, sərhəd və tranzit zonalarda yoluxma hallarının yenidən aşkar edilməsi, emal sənayesinin cəmləşdiyi bir sıra iqtisadi regionlarda baş verən təbii fəlakətlər, ölkəboyu yaşanan enerji defisiti, ənənəvi iqtisadi tərəfdaşlarla davam edən geosiyasi ziddiyyətlər, o cümlədən, qlobal bazarların pandemiyadan əvvəlki vəziyyətinə qayıda bilməməsi iqtisadiyyatı böyük ölçüdə emaldan və ixracatdan asılı olan Çinə təsir edən əsas amillərdir.
Öz növbəsində, ABŞ da ötən ilin payız mövsümündə ölkəni vuran Delta variantının fəsadlarını aradan qaldırmağa macal tapmamış, Omikron variantı ilə mübarizəyə başlamağa məcbur olub. Birləşmiş Ştatlarda tədarük zəncirinin idarə olunmasında davam edən problemlər, yeni virus dalğasıyla yoluxanların sayının kəskin artması, əmək bazarında işçi qıtlığı və s. sosial-iqtisadi faktorlar ölkə iqtisadiyyatını silkələməyə davam edir.
Bir sözlə, “il ildən pis gəlir” məsəlini yaşadığımız bu ərəfələrdə, koronavirus infeksiyasının yeni variantlarının ortaya çıxışı pandemiyanın hələ bir müddət uzanacağına, preventiv tədbirlərin artırılacağına, qismi qapanmalara gediləcəyinə və dolayısıyla bir çox ölkədə, ələxüsus da yeni sənaye və inkişaf etməkdə olan dövlətlərdə iqtisadi təlatümlərin yaşanacağına/davam edəcəyinə və dünya iqtisadiyyatının bir çox sahələrində qeyri-stabilliyin hökm sürəcəyinə dəlalət edir.