Qubadlı, Zəngilan və Laçın uğrunda mübarizə (İkinci hissə)
Qubadlı və Zəngilan uğrunda müharibə ehtimalı
10 noyabr Azərbaycan-Rusiya-Ermənistan liderlərinin birgə bəyanatında Qubadlı və Zəngilanın Ermənistan ordusunun nəzarətindəki hissələri ilə bağlı hansısa müddəa yox idi. Müharibədən sonra Azərbaycan rəhbərliyi Ermənistanın bu ərazini geri qaytaracağına inansa da qarşı tərəfdə başqa düşüncələr hakim idi. Noyabrın 26-da, Laçın rayonu hələ Azərbaycanın nəzarətinə verilmədiyi bir vaxtda Hetq.am sərhədin demarkasiyası və təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə baş nazir Nikol Paşinyana yazılı sorğu göndərir. 7 dekabrda baş nazir administrasiyasının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Armen Xaçatryanın imzası ilə sorğuya cavab alınır. Bu cavab üç nazirlik tərəfindən ümumiləşdirilmiş formada verilmişdi:
- Xəritəyə əsasən, Gorus-Qafan yolunun bir hissəsi Azərbaycanın Qubadlı rayonundan keçir. Bura Eyvazlı kəndidir. Yolun bu hissəsi Azərbaycana veriləcəkmi? Əgər veriləcəksə, Qafanla əlaqə yalnız Tatev vasitəsilə təşkil olunacaq, yoxsa Eyvazlı bölməsi də açıq qalacaq? Eyni zamanda bu yol Şurnux kəndi ərazisində, Şurnux-Karmrakar yolu istiqamətində və Qafan-Şikaox-Meğri isiqamətində də Azərbaycan sərhədinə toxunur, bu kəndlər arasında sərhəd necə müəyyənləşdiriləcək?
- İrəvan-Arazdəyən-Gorus-Meğri dövlətlərarası avtomobil yolunun sərhəd hissələri ilə bağlı məsələlər Ermənistan Silahlı Qüvvələrinin yeni hərbi dayaq məntəqələrinin yerləşdirilməsi, daha sonra isə sərhədin ikitərəfli delimitasiyası və demarkasiyası işləri ilə bağlıdır. Bu istiqamətdə danışıqlar beynəlxalq təcrübə də göstərir ki, illərlə davam edir. [1]
Beləliklə, Ermənistan rəhbərliyi Qubadlı və Zəngilanın öz nəzarətində olduğu hissələrdən çıxmağı düşünmürdü. Lakin dekabrın əvvəllərində vəziyyət dəyişir. Laçının geri verilməsindən sonra Azərbaycan rəhbərliyi Ermənistan bölmələrinin Qubadlı və Zəngilanın onların nəzarətində olduğu hissələrdən çıxmasını tələb edir. Ermənistan rəhbərliyi isə bu ərazidən çıxmaq istəmirdi. Dekabrın 13-ü Təhlükəsizlik Şurasının növbədənkənar iclasında çıxış edən baş nazir Nikol Paşinyan qeyd edirdi: “Hazırda qarşımızda duran növbəti vəzifə Qubadlı və Zəngilan rayonları ətrafındakı vəziyyətlə bağlıdır. Təbii ki, birgə bəyanatda bu ərazilər qeyd olunmur, çünki bəyanat imzalananda bu ərazilər təəssüf ki, əsasən Azərbaycan qüvvələrinin nəzarətində idi, bizdə isə kiçik ərazilər qalmışdı. Bu danışıqlar zamanı belə bir anlayış var idi ki, bu ərazilərdə sərhədlər dəqiqləşdirilməlidir. Hazırda bu istiqamətdə gərginlik var. Burada nüans ondan ibarətdir ki, bu hissədən bizim üçün strateji əhəmiyyət kəsb edən yol keçir. Dünən gecə saatlarına qədər Moskvada müdafiə nazirinin iştirakı ilə müzakirələr aparılıb. Vəziyyətin həlli üçün bir neçə variant var və yaxın gələcəkdə bu variantlardan biri ilə bağlı qərar qəbul etməliyik.”.
Bu iclasdan 1 gün sonra Paşinyan “Feysbuk” səhifəsində canlı çıxışı zamanı bir daha Zəngilan və Qubadlı rayonları ilə bağlı məsələyə toxunur və qarşıdakı həftədə sərhəd xətlərinin tənzimlənəcəyini bildirir. 20 dekabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan arasında Qubadlı və Zəngilan rayonları ilə bağlı razılaşma əldə edilir. Bununla bağlı Ermənistan MN-in açıqlamasında deyilirdi.
- Əldə edilən razılaşmaya əsasən, nəqliyyatın fasiləsiz olması üçün Rusiya sərhəd qoşunları Gorus-Davit Bek[2] yolu hissəsinə yerləşdiriləcək.
- Gorus-Qafan avtomobil yolunun mübahisəli ərazidən keçən 21 km-lik hissəsinin təhlükəsizliyi Rusiya sərhədçilərinin köməyi ilə təmin ediləcək.
- Təmas xəttinin Ermənistan hissəsində Ermənistan, Azərbaycan hissəsində isə Azərbaycan sərhəd qoşunları yerləşdiriləcək. Adı çəkilən yolun təhlükəsizliyini təmin edilməsi məqsədilə kompleks tədbirlər həyata keçiriləcək.
Razılaşma əldə edildikdən sonra Ermənistan ordusu Qubadlı və Zəngilanı tərk edir. Artıq 20 dekabrda Azərbaycan bölmələri Ermənistanla sərhəd ərazilərdə görünür. Paşinyan Ermənistan ordusunun Qubadlı və Zəngilandan çıxarılmasından sonra dekabrın 27-də verdiyi açıqlamada isə “10 noyabr bəyanatı”nda bu məsələ ilə bağlı şifahi razılığın olduğunu qeyd edir. Ermənistan hökumətinin əvvəlcə ərazidən çıxmaq istəməməsi, daha sonra isə çıxması bu ölkədə söz-söhbətə səbəb olur. Bu məsələ ilə bağlı ilk dəfə hadisədən 10 ay sonra baş nazir Paşinyan açıqlama verir: “Əgər Ermənistan hakimiyyəti qoşunları Sovet sərhədlərinə çəkməsəydi bu, fəlakətli səhv olardı. Bu qərar Ermənistanın ərazi bütövlüyü və suverenliyini qorumaq üçün qəbul edilib. Eyni zamanda, qərar müzakirələr, dərin təhlillər əsasında qəbul olunub.”
Erməni ordusunun 9 noyabrdakı mövqelərindən geri çəkilməsinin real səbəbi isə 2021-ci il oktyabrın 27-də Ermənistan parlamentində baş tutan iclas zamanı aşkara çıxır. Müxalif deputat Gegam Manukyan çıxışında qeyd edir: “Paşinyan indicə dedi ki, 2020-ci ilin dekabrından qoşunlarımız Pela dağında[3] yerləşdirilib, lakin maraqlıdır ki, 9 noyabr 2020-ci il tarixli bəyanata əsasən qoşunlar olduqları yerdə dayanmalı idilər. Mən özüm bununla bağlı sualı yazılı olaraq Müdafiə Nazirliyinə göndərmişdim. Dekabrda qoşunların çıxarılması və bu əmri kimin verdiyini barədə sualıma Ermənistan MN bir ay sonra cavab verdi və cavab məktubunda da bu məsələlərin nazirliyin səlahiyyətlərinə aid olmadığını bildirdi.” İclasda iştirak edən Ermənistan müdafiə naziri Arşak Karapetyan tribunaya yaxınlaşaraq bunları deyir: “Sizin bir çox komissiya yaratmaq imkanınız var. Xahiş edirəm, özünüzə bu sualı verin. Müdafiə nazirliyi sizin hər xoşunuza gələn sualınıza cavab verməli olan bir qurum deyil, amma yenə də sualınıza cavab verim. Əgər qoşunları geri çəkməsəydik, yenidən müharibə başlayacaqdı”.
Daha sonra müxalif deputat Anna Qriqoryanın qoşunların Qubadlıdan çıxarılması ilə bağlı təkrar sualına cavab verən baş nazir əmri özü verdiyini etiraf edir: “Mən ordunun bu istiqamətdən geri çəkilməsi haqqında əmr verdim, Vaqarşak Arutyunyan isə bunu icra etdi. Bu qərar müharibədən qaçmaq üçün verildi, çünki mən əmin idim ki, bu qərar verilməsəydi, orada müharibə başlaya bilər və bizim Sünikdə ciddi problemlərimiz olardı. Biz onlarla kilometr irəlidə idik, amma təəssüf ki, bu yerə gəlib çatdıq.” Ermənistan ordusunun Zəngilan və Qubadlıdan çəkilməsi isə müxalifət üzvlərində, xüsusən də “Respublika” partiyası tərəfindən ciddi tənqid edildi. 2021-ci ilin noyabrın 5-dəki çıxışında partiyanın sədr müavini Armen Aşotyan qeyd edir: “O deyir ki, geri çəkilməsəydilər, müharibə başlayacaqdı. Bu zaman sual ortaya çıxır. Niyə 9 noyabr sənədində belə bir tələb yox idi? Bundan başqa, o deyir ki, geri çəkilmək müharibənin qarşısını almaq üçündür. Bəyanat Rusiyanın köməyi ilə bağlanıbsa müharibə ola bilməzdi. Belə çıxır ki, Nikol yalan danışır, qoşunların geri çəkilməsi hərbi əməliyyatlarla bağlı deyil. Əsas məsələ isə odur ki, ordu niyə bu qədər geri çəkildi ki, bizim üçün strateji olan Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi Azərbaycan tərəfdə qaldı?” Beləliklə, Azərbaycanın müharibə hədəsi ilə Ermənistan ordusunun Qubadlı və Zəngilandan çıxarılması Ermənistan üçün Azərbaycan sərhəddində iki ciddi problem yaratdı. Bunlardan biri Şurnux, digəri isə Gorus-Qafan yolu (Ermənistan-İran dövlətlərarası yolu) idi.
Şurnux kəndi problemi
Qubadlının Azərbaycana geri verilməsindən sonra sərhəd ərazilərdə ən ciddi problem Şurnux kəndində yaşandı. Sovet dövründə Gorus rayonuna daxil olan Şurnux kəndində yaşayan əhalinin əksəriyyəti azərbaycanlı idi.[4] Şurnuxda Ermənistan SSR dövründə azərbaycanlıların yaşamasını İrəvan Dövlət Universitetinin Müasir erməni ədəbiyyatı kafedrasının müdiri Seyran Qriqoryan öz “Feysbuk” səhifəsində yazdığı statusda etiraf edir: “1920-ci ildə Zəngəzur qəzasının Şurnux kəndində yalnız Qafqaz tatarları[5] yaşayırdı. 1947-ci il dekabrın 23-də Sovet İttifaqı Nazirlər Soveti 4083 nömrəli qərar qəbul etdi və bu qərara əsasən Ermənistanda yaşayan azərbaycanlılar, o cümlədən Şurnux sakinləri Kür-Araz vadisinə köçürüldü. Stalinin 1953-cü ildə ölümündən sonra Şurnux türkləri kəndə qayıtdılar. Azərbaycan mənbələrinə görə, 1979-cu ildə Gorusun Şurnux kəndində 560 azərbaycanlı yaşayırdı. Onlar 1988-ci ilin noyabrında isə bu ərazidən qovulub”.
Üçtərəfli bəyanata əsasən dekabr 1-də Laçın rayonunun Azərbaycana verilməsi Şurnux kəndindəki əhalidə müəyyən təşviş yaradırdı. Noyabrın 28-i artıq bu istiqamətdə hərəkətlilik müşahidə edilir. Kəndin sakini Norayr Zaxaryan qeyd edirdi: “Bu dərədə Azərbaycanın keçmiş kəndlərindən biri var. Postlarımız artıq oradadır. Qarşısında da bir post var, amma onun müvəqqəti, yoxsa daimi olduğunu bilmirik. Sovet dövründə sərhəd kəndin əsas yolunun düz yanından keçirdi. Yolun altında Azərbaycan ərazisi, yuxarıda isə bizim erməni torpaqları var idi. İndiki halda erməni ordusu noyabrın 9-dakı mövqeləri tərk etsə, Şurnuxda yaşamaq təhlükəli olacaq. Düşünürəm ki, erməni ordusunun mövqelərindən çəkilməsi intihara bərabərdir”.
Dekabr 18-i Azərbaycan bölmələri Şurnux kəndinə 1-1,5 km məsafədə yaxınlaşır. Kəndin ərafında olan könüllülərdən biri deyirdi: “Azərbaycan Silahlı Qüvvələri meşə yolu ilə Şurnuxa yaxınlaşıb. Onları saat 18:15 radələrində lentə aldıq. İndi kənddən Azərbaycan qoşunları görünür. Ermənistan Silahlı Qüvvələri şəxsi heyəti və artilleriya qurğularını əvvəlki mövqelərindən çıxardıqdan sonra könüllülər də geri çəkilməyə məcbur olub.”
Dekabrın 24-də Ermənistan baş naziri Nikol Paşinyan hökumət iclasında Şurnux kəndi ilə bağlı məsələyə toxunur: “Hazırda Sünikdə sərhəd məntəqələrinin yerləşdirilməsi istiqamətində işlər aparılır. Orda iki yaşayış məntəqəsi var ki, onlarla bağlı müəyyən suallar yarana bilər. Söhbət Vorotan[6] və Şurnux yaşayış məntəqələrindən gedir. Orada sərhədlə bağlı bəzi problemlər var, bu problemlər bizim üçün müəyyən mənfi nəticələrə gətirə bilər.”
Dekabrın 20-də Qubadlı və Zəngilanla bağlı məlum bəyanatın imzalanmasından sonra Şurnux kəndində Azərbaycan, Ermənistan və Rusiya hərbçilərinin ortaq iştirakı ilə bu ərazinin delimitasiyası aparılır. Dekabrın 24-də GPS-in köməyi ilə sərhədlər dəqiqləşdiriləndən təxminən bir saat sonra Azərbaycan, Rusiya və Ermənistan hərbçiləri ərazini tərk edir. 3 gün sonra Azərbaycan hərbçiləri Şurnux kəndinin 12 evinin Azərbaycana məxsus olması və bu ərazilərin boşaldılması barədə ultimatum verir. Dekabrın 29-da Rusiya tərəfinin vasitəçiliyi ilə Şurnux kəndində 12 mübahisəli evin sakinlərinin ən azı yanvarın 2-3-nə kimi evlərində qalacağı dəqiqləşir. Ermənistan MTX-sı sakinlərin mütəşəkkil evakuasiya üçün həmin gün əraziyə bölmələrini göndərir.
Azərbaycan əsgərləri 2 yanvar 2021-ci ildə Şurnux kəndinə daxil olur və eyni gündə bu ərazidə post qururlar. 1 gün sonra isə Şurnuxun Azərbaycan hissəsində yaşayanlara son xəbərdarlıq edilir. Şurnuxun kənd icra nümayəndəsi Akop Arşakyan bununla bağlı açıqlamasında deyirdi: “Bizə yanvarın 5-nə qədər vaxt verdilər ki, 12 evi təhvil verək. Onlar dedilər ki, əks halda bu ərazidən keçən bütün mülk və heyvan onlara məxsus olacaq”. Yanvarın 4-də axşam saatlarında Şurnux kənd sakinləri evlərini tərk edir, onların bir qismi isə evlərini yandıraraq ərazidən çıxır. Evsizlərin bir qismi kənddə qalan digər boş evlərdə məskunlaşır, digərləri isə kəndi tərk edərək Gorus və Qafana gedir.
Şurnux kəndinin delimitasiyası zamanı ən maraqlı hadisə kəndin 72 yaşlı sakini Stepan Movsisyanın başına gəlir. Belə ki, onun evi Ermənistan-Azərbaycan sərhəddində kəsişirdi. GPS vasitəsilə aparılan dəqiqləşdirmədən sonra evin yataq və qonaq otağı Ermənistan ərazisində, tövləsi və həyəti isə Azərbaycan ərazisində qalır. Həmin sakinlə REAL TV-nin jurnalisti Mirşahin Ağayev də söhbətləşir və aydın olur ki, bu ev əvvəl Sumqayıt milis rəis müavinin evi olub. Təhlükəsizliyi qorumaq üçün onun həyətində indi də iki erməni sərhədçisi növbə çəkir.
Beləliklə, 5 yanvarda Şurnux kəndinin 12 evi Azərbaycanın nəzarətinə keçir. Bu ərazi isə Qubadlı rayonuna daxil edilərək “Şurnuxu” adlandırılır. Baş nazir Nikol Paşinyan “44 günlük müharibənin nəticələri” haqqında yazdığı məqaləsində Şurnux kəndi ilə bağlı mövqeyini qeyd edir: “Şurnux və Vorotandakı 20 evlə bağlı sərhəd mübahisəsi bütün ssenarilərdə var idi. Amma indi bilirik ki, Şurnuxla sərhədə çatmazdan əvvəl hər qarış torpaq uğrunda vuruşmuşuq. Hazırda Şurnux ərafında müharibə ən azından başa çatıb, baxmayaraq ki, indi bəziləri bu müharibənin alovlanması üçün əlindən gələni edir. Kimsə deyə bilər ki müharibədən əvvəl bizim qalib mövqeyimiz var idi və bundan istifadə edə bilərdik. Bəli, lakin biz danışıqlar prosesinin heç bir mərhələsində heç vaxt bu qalibiyyət mövqeyindən hər hansı konkret nəticəni təmin etmək üçün istifadə etməmişik.”
Şurnux kəndi Ermənistanda növbədənkənar seçkilər zamanı da əsas qaynar nöqtələrdən biri idi. Qubadlı və Zəngilanın Azərbaycana verilməsi sərhədyanı ərazilərdə hökumətə qarşı güclü müxalifət formalaşdırmışdı. Bu səbəbdən Ermənistan baş naziri Nikol Paşinyan bu insanlarla birbaşa təmasdan çəkinirdi. Aprelin 21-də Sünik bölgəsinə səfər edən Paşinyan, onu gözləyən Şurnux sakinlərinin yanından polis kolonu vasitəsilə keçərək Gorusa getmişdi. Paşinyanın əhali ilə görüşməməsi onlarda dərin hiddət yaratmış, hətta qəzəblənən şəxslər onun maşın karvanını yumurta atəşinə məruz qoymuşdu. Təsadüfi deyil ki, 20 iyun 2021-ci ildə keçirilən növbədənkənar seçkilərdə Paşinyanın ən az səs aldığı ərazi Sünik bölgəsi idi.
İranla Azərbaycan əlaqələrinin pisləşməsi
44 günlük müharibədən sonra regional olaraq ikinci plana düşən İran bu mövqeyi ilə barışmaq istəmirdi. Müharibə zamanı Türkiyə və İsrailin Azərbaycanda güclü dəstək toplaması İranın maraqları daxilində deyildi. Bundan başqa, Azərbaycanın işğal edilmiş ərazilərə tam nəzarəti İranın illər boyu Dağlıq Qarabağda apardığı qanunsuz ticarətin də sonu demək idi. İranı ən çox narahat edən isə Azərbaycanın Ermənistana təzyiq vasitəsi ilə Naxçıvanla Zəngilanı birləşdirəcək dəhliz alması ehtimalı idi. İran tərəfi Zəngəzur dəhlizini xarici siyasətinin qırmızı xətti kimi dəyərləndirmiş, Ermənistanla sərhəddi itirmək istəmir və Avropaya Ermənistan və Gürcüstandan keçəcək “Fars körfəzi - Qara dəniz” beynəlxalq nəqliyyat dəhlizi vasitəsi ilə çıxmağı planlaşdırmışdı.
Eyni zamanda İranı Azərbaycan, Türkiyə və Pakistanın sentyabrın 12-də keçirdiyi "Üç qardaş - 2021" beynəlxalq hərbi təlimi də narahat edirdi. Azərbaycan hökuməti Ermənistana Zəngəzur dəhlizi ilə bağlı təzyiqi gücləndirmək, eyni zamanda İranın Dağlıq Qarabağda həyata keçirdiyi qanunsuz ticarətin qarşısını almaq üçün sentyabr ayında Ermənistan-İran dövlətlərarası avtomobil yolunun Azərbaycan ərazisindən keçən hissəsində polis postları və gömrük məntəqələri qurmağa başlayır. İlk olaraq, 2021-ci il sentyabrın 9-da Gorus-Qafan avtomobil yolunun Vorotan məntəqəsi yaxınlığında polis postu quraşdırılır. Ayın 11-dən fəaliyyətə başlayan bu postda İrandan Ermənistana mal gətirən ağır yük maşınları saxlanılır. Təsdiqlənməmiş məlumatlara görə, iranlı sürücülərdən ilk olaraq təxminən 100 dollar rüsum alınırdı. Sentyabrın 12-də Ermənistan MTX-sı Azərbaycan polisinin Eyvazlıda İran nömrəli yük maşınlarını saxladığı barədə açıqlama verir. 1 gün sonra Azərbaycan Dövlət Gömrük Komitəsi Gorus-Qafan yolunda İrana məxsus maşınlarından yol vergisi və digər gömrük ödənişlərinin alınması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirir: “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir. Bu məcəlləyə əsasən avtonəqliyyat vasitələri yol vergisinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir. Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur.”
Gorus-Qafan yolunda İrana məxsus yük maşınlarının saxlanması bu ölkə vətəndaşı olan İran azərbaycanlılarının narazılığı ilə nəticələnir. Azərbaycan gömrükçüləri 14 sentyabrda Dağlıq Qarabağa səfər etmiş 2 İran sürücüsünü Gorus-Qafan yolu istiqamətində saxlayır və həbs edir. Araşdırmalar zamanı, sürücülərin Xankəndiyə qanunsuz girdikləri təsdiqlənir. Ən vacib məqam isə Təbrizdən Xankəndiyə mal aparan bu yük maşınlarının qaimələrində son məntəqə kimi “Stepanakert, Ermənistan” yazılması idi. Bu İranın Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi dəyərləndirilmişdi. Dövlət Gömrük Komitəsi 15 sentyabrda verdiyi açıqlamada İran vətəndaşları Bərzigar Hacı Cəfər Qəzənfər və Novruzi Şahrud Heydərin Azərbaycanın Xankəndi şəhərinə qanunsuz girməsi və qaçaqmalçılıq maddələri ilə saxlandığını açıqlayır. Bu hadisədən sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə görüşsə də, İran tərəfi hər hansı nəticə əldə edə bilmir. Azərbaycan gömrükçülərinin 2 sürücünü həbs etməsi, digərlərindən isə rüsum tələb etməsi nəticəsində Gorus-Qafan yolunda böyük tıxac yaranır.
Gorus merinin müavini Karen Köçəryan 16 sentyabrda verdiyi açıqlamada qeyd edir: “Azərbaycanlılara pul verən sürücülər sakitcə yoldan keçirlər. Pulu olmayanlar isə tələb olunan məbləğ onlara göndərilənə qədər bu qədər gözləyirlər. Avtomobillərin sıxlığı isə məhz bu səbəbdən müşahidə olunur. Hər iki istiqamətdə çoxlu maşın var.” Sentyabrın 16-da jurnalistlərə verdiyi müsahibəsində baş nazirin müavini Suren Papikyan Gorus-Qafan yolu ilə bağlı risklərin Ermənistan hakimiyyəti tərəfindən nəzərə alınmadığını etiraf edir: “Hazırda danışıqlar gedir. Yaxın üç gün ərzində İran vətəndaşlarının azadlığa buraxılacağı gözləyirik. İran İslam Respublikası da diplomatik kanalları ilə prosesdə iştirak edir. Bizim bu yolla bağlı başqa seçim şansımız yox idi.”
İranlı sürücülər isə 21 sentyabrda verdikləri müsahibədə Azərbaycanın “torpaq pulu” almasından sonra Ermənistan səfərlərinin onlara maddi baxımdan yük olmasını, buna görə də bir daha bura gəlmək istəmədiklərini bildirirlər.
İranlı sürücülərin həbsindən 9 gün sonra, sentyabrın 23-də İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Azərbaycanla sərhəd zonasına hərbi texnika daşımağa başlayır. Azərbaycan-İran münasibətlərinin gərginləşməsi ən çox Ermənistan tərəfinin maraqlarına cavab verirdi. Bu dövrdə faktiki olaraq Azərbaycana qarşı Ermənistan-İran alyansı yaranmışdı. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sentyabrın 24-də Nyu-Yorkda İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahiyanla görüşü zamanı Gorus-Qafan yolundakı vəziyyət, alternativ yolun tikintisinin gedişi müzakirə olunur. Görüşün sonunda Mirzoyan İran rəsmisinə Ermənistanın ərazi bütövlüyü ilə bağlı bu ölkənin mövqeyini yüksək qiymətləndirdiyini qeyd edir. 29 sentyabrda Ermənistan baş nazirinin müavini Suren Papikyan ilə İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Zoxuri arasındakı görüşdə də Gorus-Qafan yolu və alternativ Tatev yolu müzakirə edilir. Bu görüşdən 1 gün sonra bu dəfə Ararat Mirzoyan ilə Zoxurinin görüşü baş tutur. Bu dəfəki görüşdə Gorus-Qafan yolu ilə birlikdə, iki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdıracaq razılaşdırılmış konkret proqramlar haqqında müzakirə aparılır.
Azərbaycan rəsmilərindən İranla gərginliklə bağlı əsaslı açıqlama isə Prezident İlham Əliyev tərəfindən verilir. Əliyev 28 sentyabrda Türkiyənin Anadolu Agentliyinə müsahibəsində İranı açıq formada tənqid edir: “Bilirsiniz, İran tırlarının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi birinci dəfə baş vermir. Bu, işğal dövründə də dəfələrlə olan hadisələrdir. Bu tırlar müntəzəm olaraq oraya gedirdi. Bizim məlumatımız var idi. Ancaq dəqiq məlumat, yəni, indiki qədər dəqiq məlumat, əlbəttə ki, yox idi. Bunu nəzərə alaraq, biz müxtəlif kanallarla İran tərəfinə narazılığımızı ifadə edirdik. Ancaq bu proses davam edirdi. Müharibə başa çatandan sonra artıq Laçın dəhlizi gözümüzün önündədir və bizim hərbi mövqelərimizdən Xankəndiyə gedən yola məsafə bəlkə də 5-6 metrdir. Biz Laçın dəhlizi boyunca və o cümlədən Şuşa ətrafında və digər yerlərdə kifayət qədər texniki imkanlara malikik. Kameralar var, peykdən istifadə edirik, dronlardan istifadə edirik. Biz yenə gördük ki, bu tırlar müharibədən sonra da oraya getməyə davam edir. Belə olan halda, mən bizim Prezident Administrasiyasının əməkdaşlarına göstəriş verdim ki, İranın Azərbaycandakı səfiri ilə danışsınlar. Biz bunu rəsmiyyətə salmaq istəmirik, dostcasına danışsınlar və söyləsinlər ki, buna son qoyulmalıdır. Bu, bizə qarşı hörmətsizlikdir. Bu söhbət səhv etmirəmsə, iyul ayında olmuşdur. Ondan sonra təbii ki, biz bunu izləməyə başladıq. Amma nə etdilər ondan sonra? İran tırlarının üzərinə erməni nömrələrini yapışdırmağa çalışdılar. Belə bir saxtakarlığa yol verdilər və bizi aldatmağa çalışdılar. Olduqca səriştəsiz bir addım atıldı - o tırın üstündə fars dilində yazılan sistern, altda da erməni nömrələri. Onu da sizə bildirməliyəm ki, eyni nömrələri bir neçə avtomobilin üstünə də yapışdırdılar. Bu onu göstərir ki, bu işi davam etdirmək, sadəcə olaraq, bunu pərdələmək istədilər. Təbii ki, belə olan halda, bir ay keçəndən sonra biz artıq rəsmi qaydada diplomatik nota verdik. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edildi, ona iradlar bildirildi və xahiş olundu ki, buna son qoyulsun. Bu, avqust ayının ortalarında olan məsələdir. Biz ümid edirdik ki, buna son qoyulacaq. Ancaq buna baxmayaraq, avqustun 11-dən sentyabrın 11-nə qədər yenə də İrandan gələn 60-a yaxın tır qanunsuz olaraq Qarabağa hərəkət etdi. Bunun qabağını almaq üçün biz artıq praktiki addımlara keçdik. Yəni, bizim davranışımız, addımlarımız məsuliyyətlidir, dostluq əlaqələrinə əsaslanandır. Birinci dəfə şifahi xəbərdarlıq, ikinci dəfə rəsmi nota, üçüncü dəfə postlar - gömrük, sərhəd, polis. Beləliklə, biz Azərbaycan ərazisindən keçən yola artıq nəzarət etməyə başladıq və ondan sonra Qarabağa gedən tırların sayı sıfra endi. İndi baxın, buna gətirib çıxarmaq lazım idimi? İndi Qarabağda cəmi 25 min adam yaşayır. Yəni, bu bazar o qədər önəmlidir? O ticarət o qədər önəmlidir ki, dost, qardaş saydığın ölkəyə qarşı belə nümayişkaranə hörmətsizlik edirsən? Əlbəttə, biz beynəlxalq konvensiyalarda, beynəlxalq hüquqda təsbit edilmiş bütün imkanlardan istifadə etdik. Bəziləri deyir ki, indi İran tırlarından rüsum götürülür. Biz xarici ölkəyə gedəndə rüsum ödəyirik? Ödəyirik. Onlar Azərbaycan ərazisindən istifadə edirlər, rüsum ödəməlidirlər? Ödəməlidirlər. Bu, məsələnin bir tərəfi. O ki qaldı, bizim sərhədimizin yaxınlığında keçirilən hərbi təlimlərə, bu, çox təəccüb doğuran bir məsələdir. Çünki 30 illik müstəqillik dönəmində belə hadisələr olmamışdır. İlk növbədə, deməliyəm ki, hər bir ölkə öz ərazisində istənilən hərbi təlimi keçirə bilər. Bu, onun suveren hüququdur, söz ola bilməz. Ancaq, eyni zamanda, bunu bir zaman kəsiyində analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdır. Nə üçün məhz indi? Nə üçün məhz bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan ictimaiyyəti verir. Bu sualları dünya azərbaycanlıları verir. Bir sual da verilir ki, nə üçün işğal dövründə o bölgədə təlim keçirilmirdi? Ermənilərin Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün təlim keçirilmirdi? Nə üçün bu, biz torpaqları azad edəndən sonra, 30 illik əsarətə, işğala son qoyandan sonra keçirilir? Bu suallar legitim suallardır.”
İlham Əliyevin bu açıqlamasına isə İranın reaksiyası sərt olur. İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə 28 sentyabrda verdiyi açıqlamada qeyd edir: “İran öz milli təhlükəsizliyi üçün lazım bildiyi hər hansı addımı atacaq. İranın şimal-qərb bölgələrində keçirilən hərbi təlimlər suveren məsələdir və regionda sülh və sabitliyin təmin edilməsinə yönəlib. Aydındır ki, İran İslam Respublikası sionist rejimin sərhədləri yaxınlığında mövcudluğuna dözməyəcək və öz milli təhlükəsizliyi üçün lazım bildiyi hər hansı addımı atacaq.”
İranın Quru Qoşunlarının komandanı Kəyumərs Heydəri 30 sentyabrda verdiyi açıqlamada “Xeybər[7] fatehləri” adlı hərbi təlimi cümə günü (sabah) ölkənin şimal-qərb hissəsində başlayacağını elan edir. Bu ərəfədə İran ilə Azərbaycan sərhədində zirehli birləşmələr, artilleriya və PUA-lardan ibarət böyük bir ordu yığılır. 3 oktyabrda İranın ritorikası daha da aqressivləşir, bu parlamentin bəyanatında da özünü göstərməyə başlamışdı: “Bölgədə və qonşu dövlətlərin sərhədlərində baş verən hər hansı geosiyasi dəyişikliklər İran İslam Respublikasının qırmızı xəttidir və biz heç bir ölkənin torpağının başqasının torpaqlarına çevrilməsinə dözmədiyimiz kimi, bununla bağlı heç bir xarici hərəkəti də diqqətdən kənarda qoymayacağıq. "Xeybər fatehləri" hərbi təlimi region ölkələrinə sülh və sionist rejimə xəbərdarlıqdır”.
İranın bu ittihamlarına diplomatik cavab verən Azərbaycan hökuməti bu açıqlamadan sonra eyni ritorikadan istifadə etməyə başlayır. Prezident İlham Əliyev İranın ittihamlarına ən sərt cavabı oktyabrın 5-də Cəbrayıl səfəri zamanı verir: “Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq. Biz bu ittihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik. Bilirsiniz, bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uydurmuşdu. Mənə məlumat verildi, mən dedim ki, fikir verməyin. Hansısa əyalət mollasının sözləri ilə biz indi bu fikirlərə əhəmiyyət verəsi deyilik. O kimdir ki?! Amma sonra rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başladılar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Onlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Yoxsa durduğu yerdə Azərbaycanı ittiham etmək ki, Azərbaycan hansısa ölkəni Azərbaycana gətirib. Guya Azərbaycanı Azərbaycan xalqı yox, Azərbaycan dövləti yox, hansısa kənar qüvvə idarə edir. Bu, bizə qarşı hörmətsizlikdir. Biz bunu heç vaxt qəbul edə bilmərik. Hər kəs də bunu bilməlidir.”
Cəbrayıla səfəri zamanı prezidentin “Harop” ilə şəkil çəkdirib, onu sığallaması da İrana mesaj kimi qəbul olundu.[8] Həmin gün eyni zamanda İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyinin nümayəndəsi Ocaq Necatın Bakı ofisi də bağlanır. Rəsmi məlumatda buna səbəb koronavirus göstərilsə də, məsələnin siyasi təmayüllü olması hər kəsə aydın idi. Bu hadisədən 1 gün sonra Rusiyaya səfər edən İran XİN başçısı Hüseyin Əmir Abdollahiyanın Rusiya XİN başçısı Lavrovla görüşündə Azərbaycan müxtəlif ölkələrlə davamlı olaraq altı təlim keçirməsini təxribat adlandırması vəziyyəti daha da gərginləşdirmişdi. Buna baxmayaraq, Abdollahiyan istədiyi dəstəyi Rusiyadan ala bilmədi, görüş zamanı Sergey Lavrov öz növbəsində İranın hərbi təlimlərinin Azərbaycanda narahatlıq yaratmasına, eyni zamanda İranın Xəzər dənizi ilə bağlı konvensiyanı ratifikasiya etməməsinə diqqət çəkdi.
İran XİN başçısının bu səfərindən sonra islam respublikası nümayəndələri Azərbaycana qarşı ritorikanı yumşaltmağa başladı. Azərbaycan isə bu dəfə əksinə, hücum diplomatiyasına keçdi. İlk olaraq, 9 oktyabrda “Caliber” xəbər portalı İranın “Vətən müharibəsi” zamanı Azərbaycan ərazisinə müdaxilə etməsi haqqında sensasion xəbər yayımladı. Xəbərdə deyilirdi: “Keçən ilin oktyabrın 17-də Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Xudafərin kəndini işğaldan azad edərək ən qısa və təhlükəsiz yolla Araz çayı boyu Xudafərin bəndinə doğru irəlilədilər. Amma bəndi dövrə vuraraq Zəngilana tərəf hərəkət edən Azərbaycan bölmələri İran ordusunun bölmələri ilə rastlaşdılar. Cənub qonşumuz beynəlxalq hüququ, Azərbaycanın sərhədlərinin toxunulmazlığını və ərazi bütövlüyünü heçə sayaraq, ölkəmizin suveren ərazisini kobud şəkildə işğal etmişdi. Atıcı silahlarla özlərini qoruyan iranlı hərbçilər Azərbaycan hərbçilərinin yoluna beton sədlər qoyaraq qarşısını kəsir. İran hərbçiləri ilə silahlı toqquşmaya və ikinci cəbhənin açılmasına yol verməmək üçün Azərbaycan ordusunun komandanlığı o zaman ən düzgün qərarı verərək dolama yol ilə Zəngilan əməliyyatına başlayır. Yalnız İranın Azərbaycandakı səfirliyinin hərbi attaşesi Cavad Furutaninin gecə saatlarında Azərbaycan hərbçilərinin müşayiəti ilə Cəbrayıl rayonuna getməsindən 1 gün sonra İran öz ordusunu Azərbaycan ərazisindən çıxardır.” İranın Daxili İşlər Nazirliyi isə bu məlumatı dərhal təkzib etdi: “İran, Azərbaycan Respublikası ilə birlikdə Araz çayı üzərində su anbarının tikintisi ilə bağlı razılığa gəlib. Müqavilədə sərhədin hər iki tərəfindəki anbarın təhlükəsizlik məsuliyyəti İrana həvalə edilmişdi. Müqaviləyə əsasən, Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra bəndin Azərbaycan hissəsindəki ərazinin Bakıya təhvil verilməsi qərara alındı. Azərbaycan hərbçiləri 44 günlük müharibə zamanı əvvəlki razılaşmanı nəzərə almadan, texniki və təhlükəsizlik detallarını aydınlaşdırmadan və yeni şərtləri izah etməkdən imtina edərək bu istiqamətdə olan İran əsgərlərinin su anbarının şimalından çəkilmələrini istədi. Onların bu istəkləri imkan daxilində və məntiqli də deyildi. Bir müddət sonra, Azərbaycan Respublikası DİN-i ilə başqa nazirliklər arasında əldə edilən razılaşmalarla Xudafərin su anbarının şimal hissəsinin təhlükəsizliyi təmin edildi və bu ərazi Azərbaycan qüvvələrinə təhvil verildi”.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının video-konfrans formatında keçirilən iclasında çıxışında isə İranı narkotik alverində və Azərbaycana aid mədəni irsi talamaqda günahlandırdı: “Azərbaycanın işğal edilmiş ərazilərdə evlər və binalar kərpic-kərpic sökülüb, təbiətə də böyük ziyan vurulub. Bütün dağıdılan evlər və kəsilən ağaclar Ermənistana və İrana satılıb. Ermənistan Şuşa şəhərində işğala qədər mövcud olan 17 məscidin 16-sını dağıdıb. Bir məscid “tolerantlıq” nümayiş etdirmək üçün saxlanılıb və İrandan olan qondarma mütəxəssislərin yardımı ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib. Azərbaycan İranla dövlət sərhədinin 130 kilometrlik hissəsində nəzarəti ötən bir ildə bərpa edib və beləliklə, İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya gedən narkotrafik marşrutunu bağlayıb. Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu, o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib. Mən işğal illərində dəfələrlə bəyan etmişdim ki, işğal olunmuş ərazilərdən narkotrafik məqsədilə və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir. Bu gün bu, sübut edilmiş faktdır”. Bu iddia eyni gün həm Ermənistan, həm də İran tərəfindən rədd edilir. İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadənin həmin gün verdiyi açıqlamada deyilir: “Biz bu iddiaları qətiyyətlə rədd edirik. Bu cür ittihamlar yalnız sionist rejimin maraqlarına uyğundur və İran xalqı və Azərbaycan Respublikası arasındakı qardaşlıq münasibətlərinə mənfi formada təsir edir.”
Azərbaycana təzyiq yolu diqtə etməyə çalışan İranın addımları heç bir fayda vermədiyi üçün diplomatik kanallarla gərginliyin azaldılmasına başlanılır. Artıq oktyabrın 20-də iki ölkə arasında münasibətlər yumşalmağa başlayır. Həmin gün İranın Beynəlxalq Daşımalar və Avtomobil Yollarının Tranziti və Nəqliyyat Təşkilatının rəhbəri Məhəmməd Cavad Hidayətinin “İran vətəndaşlarının və sürücülərinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ və Laçın bölgələrinə girməsinin qadağan edilməsi, Azərbaycan ərazisinə rəsmi sərhədləri xaricində hər hansı bir girişin Azərbaycanın ərazi bütövlüyünün pozulması hesab edilməsi haqqında” bəyanatı yayımlanır. Bu qərar İran Xarici İşlər Nazirliyinin 9 oktyabr 2021-ci il tarixli direktivi əsasında verilir. İranın öz vətəndaşlarının və sürücülərinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ və Laçın bölgələrinə Ermənistan ərazisindən keçməklə girməsini qadağan etməsindən bir gün sonra Azərbaycan saxladığı iki iranlı sürücünü ölkəsinə qaytarır. Bununla da, İran və Azərbaycan arasında başlayan və 1 aydan çox davam edən gərginlik sona çatır. Son nəticədən də bəlli olduğu kimi, əslində İranın Azərbaycanı sionist rejimin əlaltısı adlandırması, Azərbaycanın Qarabağda terroristləri saxlaması və digər absurd iddialarla əslində həbs olunan 2 sürücünün azad edilməsinə çalışdığı aydın olur. Azərbaycanın da eyni formada ritorikası ilə İran geri çəkilir və münasibətlərin daha da korlanmasına imkan verməmək üçün diplomatik yollarla bu məsələni həll edir.
Çayzəmi-Eyvazlı yolu və Çakatren blokadası
Qubadlı və Zəngilanla bağlı 20 dekabrdakı razılaşma əsasında Azərbaycan bölmələri irəliləyərək həmin günü Eyvazlı kəndinə daxil olur. Əsgərlərin durduğu ərazidə Gorus-Qafan yolunun keçməsi Ermənistanda isteriya yaradır. Ultra-millətçi fikirləri ilə tanınan Naira Zöhrabyan “Feysbuk” səhifəsində yazırdı: “Suveren Ermənistan Respublikasının Sünik mərzinin Vorotan kəndinin kənarında hazırda Azərbaycan əsgərləri dayanır.”
Dekabrın 28-də Gorus-Qafan yolunun Eyvazlı istiqamətində “Azərbaycana xoş gəlmisiniz” yazılmış lövhə quraşdırılır. 1 gün sonra isə həmin lövhə hücuma məruz qalsa da, növbəti gün yenidən təmir edilir. Azərbaycan hökuməti bu istiqamətdə 2021-ci ilin yaz aylarında hər hansı ciddi yoxlama aparmır və bu yoldan istifadə edən ermənilərlə buradakı əsgərlər arasında hansısa problem yaşanmır. Lakin Ermənistan rəhbərliyinin 10 noyabr bəyanatında qeyd edilən kommunikasiyaları açmamaqda dirənməsi, eyni zamanda delimitasiya və demarkasiya məsələsində istəksiz davranışı səbəbi ilə yayda Azərbaycan tərəfi Ermənistana bu yol vasitəsilə təzyiq etməyə başlayır. Azərbaycanın bu yolla bağlı radikal addımlar atmasında İrana aid yük maşınlarının qanunsuz ticarəti də xüsusi rol oynamışdı.
Avqustun 25-də günorta saatlarında Qafan-Gorus yolunda bir azərbaycanlı sərhədçiyə edilən hücumdan sonra vəziyyət gərginləşir. Azərbaycan Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin həmin gün verdiyi məlumatda deyilirdi: “25 avqust tarixində saat 15:45 radələrində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qalmış, əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət almışdır. Digər sərhəd naryadlarının köməyə gəldiyini görən Ermənistan hərbçiləri ərazinin sıx meşəlik olmasından istifadə edərək geri qaçmışlar. Əsgər R.Şirəliyev təcili olaraq Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına təxliyə edilmişdir, hazırda həyatı üçün təhlükə yoxdur. Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür və bu təxribata adekvat cavab veriləcəkdir.” Ermənistan tərəfi isə bu hadisəni təkzib edir: “Biz rəsmən bəyan edirik ki, bu bıçaqlanma haqqında məlumat həqiqətə uyğun deyil və Azərbaycan tərəfində bunun baş verdiyini əsaslandıran məlumat vardırsa, araşdırmaq üçün bizə təqdim etməyə çağırırıq”.
Avqustun 25-də gecə yarısına yaxın Azərbaycan hərbçiləri Şurnux və Karmrakar kəndlərini birləşdirən yolu, bir gün sonra isə həmin yolun Gorus-Vorotan hissəsini bağlayır. Nəticədə Gorus-Vorotan-Şurnux-Karmrakar yolunda hərəkət dayanır. Yolun şimal istiqamətdən də bağlanması ilə Nor Araçadzor, Bartsravan, Vorotan, Şurnux məntəqələrinin cənubla əlaqəsi tamamilə kəsilir. Avqustun 25-dən bağlanan Gorus-Qafan yolunun Şurnux-Karmrakar, Gorus-Vorotan hissələri Rusiya hərbçiləri ilə Azərbaycan hərbçiləri arasındakı danışıqlardan sonra avqustun 27-də yenidən açılır. Sentyabrın əvvəllərində isə Azərbaycan yolda polis postları və gömrük məntəqəsi qurmağa başlayır. Azərbaycan hərbçiləri Eyvazlıdan sonra Gorus-Qafan avtomobil yolunun Davit Bek-Şurnux yaşayış məntəqələri hissəsində “Siz Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz” yazısı olan yeni lövhə quraşdırır. Yolda gömrük postları və polis məntəqəsinin qurulması hər iki istiqamətdə ciddi sıxlıq yaradır. Ermənistan baş naziri Nikol Paşinyan isə 15 sentyabrda parlamentdə çıxışı zamanı bu məsələ ilə bağlı bunları deyirdi: “2020-ci ilin dekabrında biz Ermənistan Silahlı Qüvvələrinin mövqelərinin Sovet İttifaqından miras qalmış sərhədlərə uyğunlaşdırılması prosesini həyata keçirdik və bu proses yeni hərbi eskalasiyanın qarşısını almaq üçün həyata keçirilib. Ermənistan parlamentinin 2010-cu ildə qəbul etdiyi inzibati-ərazi bölgüsü haqqında qanununda Şurnux və Vorotan kəndlərinin ərazisi Ermənistan-Azərbaycan sərhəddində yerləşdiyi qeyd olunub. Onu da qeyd etməliyəm ki, bu hissə Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasında mövcud olan, sonradan dövlət sərhədinə çevrilmiş inzibati sərhəddir. Belə ki, Gorus-Qafan yolu iki hissədə Sovet Ermənistanının inzibati sərhədindən kənara çıxır, Azərbaycan da öz növbəsində məhz həmin hissələrdə nişanlar və keçid məntəqələri quraşdırıb. Biz Azərbaycanla 2020-ci ilin dekabrın 19-da bu yoldan istifadə edən Ermənistan Respublikasına məxsus nəqliyyat vasitələrinin və yük tranzitinin sərbəst şəkildə istifadəsi haqqında razılıq əldə etmişik. Məhz həmin 21 km-lik hissədə isə təhlükəsizlik Rusiya sərhədçiləri tərəfindən həyata keçirilir. Mən güman edirəm ki, bu müqavilədə xarici yüklərin daşınması variantı olmadığına görə, hazırda Azərbaycan rəhbərliyi burdan hərəkət edən İrana aid yük maşınlarını saxlayır.”
Paşinyan 15 sentyabrdakı çıxışında eyni zamanda “Çayzəmi” və “Eyvazlı” toponominlərini niyə istifadə etdiyinə dair də açıqlama verib: “Bu o səbəbdən edilib ki, Ermənistanda bu kəndlərin erməni kəndi olması barədə yalnış təsəvvür oyatmasın. Bu ərazilər də Şurnux və Vorotan kəndlərinin bir hissəsi kimi 2010-cu ildə qəbul edilən inzibati-bölgüyə əsasən de-yure Azərbaycan ərazisi kimi tanınıb”.
Sentyabrın ortalarından etibarən Azərbaycan gömrükçüləri Gorus-Qafan yolunda Ermənistan nömrəli maşınları da yoxlamağa başlayır. 17 sentyabrda Gorus-Qafan yolunun Azərbaycan hissəsində “Lernayin Artsax” (“Dağlıq Qarabağ”) uşaq və gənclər futbol komandasının avtobusu saxlanılır. Gömrükçülər avtobusun üzərində “DQR” bayrağı yapışdırılmış stikeri bıçaq ilə silir və uşaqlara “Dağlıq Qarabağ Azərbaycandır, anladınız?” sözləri ilə reaksiya verir.
Bu dövrdə polis postları və gömrük məntəqəsinin qurulması ərazidəki nəqliyyatı iflic etmişdi. Ermənistanın İranla nəqliyyat marşrutu burdan keçdiyi üçün Ermənistan rəhbərliyi bu yola alternativ olan 43 kilometrlik Tatev-Ağvan yolunun təmirinə başlayır. Sentyabr ayında Ermənistan hökuməti bu yolun təmiri üçün 11 milyon ABŞ dolları ayırır. Lakin noyabrın 2-də Ermənistanın infrastruktur naziri Qnel Sanosyan bu yolun da İran sürücüləri üçün problemli olduğunu da qəbul edir: “İran rəsmiləri ilə vaxtaşırı görüşlər başlayıb və onlar bu məsələdə Ermənistan hakimiyyətinə kömək etməyə hazır olduqlarını bildiriblər. Amma bu alternativ yol İran sürücüləri üçün də problemlər yaradır. Yolun Tatev hissəsi serpantin yol olduğu üçün faktiki keçilməzdir. Tat dərəsində iri yük maşınlarının çətinliklə döndüyü üç döngə var. İstənilən halda burdan keçmək mümkündür. Əsas asfaltlama işləri isə 2022-ci ilə qədər qalacaq.”
Azərbaycan 10 noyabr 2021-ci il tarixində rəsmi olaraq Ermənistana müraciət edərək 11 noyabr tarixindən Gorus-Qafan yolunun Azərbaycan hissəsində sərhəd-keçid məntəqələrinin yaradılacağı barədə məlumat verir. 1 gün sonra Ermənistan TŞ-nin katibi Armen Qriqoryan keçirdiyi brifinqdə bu məntəqələrin yaradılması ilə heç bir kəndin blokadada qalmayacağına əmin olduğunu qeyd edirdi: “Şurnux, Vorotan və Çakatrenə gedən kəndlər arası yolların təmiri davam edir. Əlbəttə, yolların keyfiyyəti o qədər də yüksək deyil, lakin son vaxtlar ən azı asfaltsız yolların abadlaşdırılması üçün irimiqyaslı işlər görülüb.” Lakin reallıq başqa idi, sərhəd-keçid məntəqələrinin qurulması ilə Bardzravan, Vorotan və Şurnux kəndlərinə cənubdan giriş mümkün olmur və əhali dağ yolları ilə əlaqə qurmağa məcbur olur. Noyabrın 11-də Gorus-Qafan-Çakatren yolunda sərhəd-keçid məntəqələrinin qurulması ən çox Çakatren və Şikaox kəndlərinə ciddi təsir edir. Belə ki, Zəngilanla sərhəddə olan bu kəndlərin əhalisi Qafana məhz bu yolla gedirdi. Noyabrın 14-də jurnalistlərə verdiyi müsahibədə Çakatren kənd administrasiyasının rəhbəri Ara Arutyunyan qeyd edirdi: “Azərbaycanlılar Çakatren kəndi yaxınlığında post qurublar, lakin yol açıqdır. Səhər maşınla keçdim, hər şey yaxşıdır. Kənddə təşviş yoxdur, amma insanlar narahatdır. İndiyə qədər belə bir şey müşahidə olunmamışdı. Mən iki azərbaycanlı gördüm, onun biri silahlı, digəri isə silahsız idi. Lakin insanlar yolun bağlanacağından narahatdırlar. Hələki bizim alternativ yolumuz yoxdur, qalan yollar keçilməzdir. Əgər azərbaycanlılar əsas yolu bağlasalar bizim Qafana getmək üçün yolumuz 140 km uzanacaq.”
Noyabrın 16-da isə yol bağlanır. Kəndləri digər ərazilərlə bağlayan alternativ yol bərbad olduğu üçün regionda ciddi narazılıq yaranır. Noyabr 19-da region əhalisi arasında aparılan sorğuda bəlli olur ki, insanlar Qafana getmək üçün[9] əvvəlcə Meğriyə, daha sonra isə ordan şimal istiqamətində təxminən 150 km məsafədə hərəkət etməyə məcbur olur. Noyabrın sonunda uzunluğu 43 kilometr olan Tatev-Ağvan yolunun birinci hissəsi hazır olur. Ermənistan hökuməti Çakatren kəndini blokadadan çıxarmaq üçün Geğanuş kəndindən həmin əraziyə gedən meşə yolunu təmir etməyə söz versə də, 7-8 km olan bu yolda hələki heç bir iş aparılmır və indiki halda buradan istifadə praktiki olaraq mümkün deyil. Sərhəd-keçid məntəqələrinin yaradılması şimal istiqamətində olan kəndlərin də Gorusla əlaqəsində ciddi problem yaradır.
Noyabrın 12-də Qubadlı ilə sərhəd məntəqələrdən biri olan Bartsravan kəndi administrasiyasının rəhbəri Onik Avakyan qeyd edir: “Noyabrın 11-nə keçən gecə Azərbaycan tərəfi Gorus-Qafan yolunda gömrük-keçid məntəqələri yaradıb və bu səbəbdən həmin yolda hərəkət faktiki olaraq dayandırılıb. Bartsravan kəndinə aparan iki alternativ yolda hərəkət çətindir, bu yollar dəhşətli vəziyyətdədir. Məsələn, Gorus şəhərinin icra müavini Karen Köçəryan Bartsravana çox çətinliklə gəlib. Yol bağlanandan bəri yerli sakinlərdən heç kim kəndi tərk etməyib. Köçəryan isə özü ilə kənd sakinlərinə çörək aparmaq üçün Bartsravana gedib. Artıq ikinci gündür ki, çörəyin çatdırılması Gorus administrasiyasının avtomobillərindən istifadə etməklə həyata keçirilir. Əgər alternativ yollar qaydaya salınmasa bizim məntəqənin ətraf aləmlə əlaqəsi tamamilə kəsiləcək. İndiki vəziyyətdə bir çox təşkilati problemlər ortaya çıxır. Məsələn, kənd məktəbində müəllimlərin bir hissəsi qonşu kəndlərdə yaşadığı üçün dərs keçmək mümkün deyil. İndi çörəyin çatdırılmasında, müəllimlərin gediş-gəlişində problemlər var. Sabah təcili yardıma ehtiyac ola bilər. İndiki şəraitdə təcili yardım maşınları kəndə çata bilmir. Bütün ümid Qafan briqadasınadır, onlar da Bartsravana necə gəlib çatacaqlar, Allah bilir. Hazırda Bartsravana gedən yollardan birində iki texnika işləyir, gələcəkdə çınqıl və asfalt səpmək üçün 10 kilometrlik yolu genişləndirirlər. Amma aramsız yağış yağdığı üçün işlər çox ləng gedir. İlin sonuna qədər onların torpaq yolu düzəldəcəklərinə əmin deyiləm.”
Noyabrın ortalarında ABŞ-ın Ermənistandakı səfirliyi öz vətəndaşlarına Gorus-Qafan yolunun təhlükəli olması barədə xəbərdarlıq yayımlayır: “M-2 və M-17 yollarında Azərbaycan gömrük-keçid məntəqələrinin gücləndirilməsi barədə məlumatlar var. ABŞ-ın İrəvandakı səfirliyi ABŞ vətəndaşlarına tövsiyə edir ki, M-2 şossesinin Qaraxunc və Davit Bek kəndləri arasında və M-17 şossesində Kapan və Çakaten arasında vacib olmayan səyahətlərdən çəkinsinlər. ABŞ vətəndaşları Ermənistan və Azərbaycan arasındakı bütün beynəlxalq sərhədlər yaxınlığında ehtiyatlı davranmağa davam etməli və Dağlıq Qarabağ münaqişəsi zonası və təmas xəttinə yaxın səyahətlərdən çəkinməlidirlər.” Noyabrın 21-də Gorus-Qafan yoluna alternativ olan Tatev-Ağvan avtomobil yolu artıq hazır olur. Buna baxmayaraq, bu yoldan kəndlərə gedən torpaq yollar meşəlik ərazidən keçdiyi üçün praktiki olaraq istifadəyə yararsızdır və indi də əhali faktiki blokada vəziyyətində yaşayır. Azərbaycanın sərhəd-keçid məntəqələri qurmasından sonra dekabrın 1-də Ermənistan yolun öz hissəsindən keçən istiqamətlərində gömrük məntəqələri qurmağa başlayır. Hazırda Gorus-Qafan yolunun taleyi müəmmalı olaraq qalmaqdadır. Azərbaycan rəhbərliyi 2021-ci ildə bu yol vasitəsilə, eyni zamanda noyabrın 16-da Laçın istiqamətində hərbi uğurların yaratdığı təzyiqdən sonra Ermənistandan istədiyi bir sıra öhdəlikləri ala bilir. Belə ki, noyabrın 26-da imzalanan Soçi bəyanatında sərhədlərin delimitasiya və demarkasiyası, eyni zamanda kommunikasiyaların açılması məsələsi həll olunur. Bununla belə, Ermənistan hökuməti (Qnel Sanosyan) indi də Gorus-Qafan yoluna iddiadan əl çəkmir: “Alternativ yolun çəkilməsi o demək deyil ki, biz bu yoldan imtina edəcəyik. Biz bu yoldan əl çəkməyəcəyik, mübahisəli olan iki hissəni çıxmaq şərti ilə bu yol bizim yolumuzdur. Delimitasiya və demarkasiya işləri ilə buna aydınlıq gələcək.” Bu səbəbdən, Gorus-Qafan yolu Ermənistan-Azərbaycan arasında münasibətlərdə prioritet rolunu qoruyur və bu yolun taleyinə gələcəkdə iki tərəfin də bir-biri ilə əlaqəsindən asılı olaraq aydınlıq gələcək.
[1] Təxminən eyni açıqlama 27 noyabrda Ermənistan XİN-i tərəfindən verilir.
[2] Kəndi azərbaycanlılar Zeyvə adlandırır.
[3] Qafan ətrafında yüksəklik. Azərbaycan dilində Ağdağ adlanır.
[4] “Deutsche Welle” telekanalında da bu fakt qeyd edilir.
[5] Azərbaycanlılar Çar Rusiyası zamanı belə adlandırılırdı.
[6] Azərbaycanlılar bu məntəqəni Şahverdilər adlandırır.
[7] Səudiyyə Ərəbistanında şəhər. VI-VII əsrlərdə bu ərazidə Qüdsdən qovulan Səfarad yəhudiləri yaşayıblar. İslam tarixində qala sakini olan yəhudilər Məhəmməd Peyğəmbərə qarşı çıxdıqları üçün xüsusi yer tutub. 628-ci ildə Məhəmməd peyğəmbərin rəhbərlik etdiyi qüvvələr Xeybərə daxil olaraq bu koalisiyanı məğlub edib. İranın son təlimlərə bu adın verməsinə səbəb Azərbaycanı 21-ci əsrin Xeybər qalası kimi görməsi idi.
[8] ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç bu hərəkəti “arı yuvasına çomaq soxmaq” kimi dəyərləndirir.
[9] Çakatren Qafandan əsas yolla 8 km uzaqlıqdadır.