Rusiyanın Yaxın Şərq siyasəti: Yenidən balanslaşdırma
Rusiyalı şərqşünas-politoloqlar Kiril Semyonov və Anton Mardasovun "Riddle Russia" saytı üçün hazırladığı Rusiyanın Yaxın Şərq siyasətinin təhlilindən əsas tezisləri diqqətinizə çatdırırıq.
Rusiyanın Yaxın Şərq siyasətinə aktiv qayıdışı 2014-cü il Ukrayna böhranı olmadan çətin ki baş verərdi. Məhz o böhran Rusiya hökümətini “mühasirə olunmuş qala”ya çevrilməmək üçün daha pro-aktiv və iddialı xarici siyasət yürütməyə vadar etdi. Bu siyasətə şərait yaradan amil isə Suriya müharibəsinin uzanması və heç bir qüvvənin üstünlük qazana bilməməsi idi.
Moskva öz yeni Yaxın Şərq siyasəti regiondakı müxtəlif aktorlara təhlükəsizliyin təmin olunması üzrə xidmətlərinin ixracı əsasında qurmuşdur. Bunun mərkəzində, Donbasda sınaqdan keçmiş özəl hərbi dəstələrin yığdığı təcrübə olmuşdur. Belə yanaşma Kremlə çeviklik versə də, onun təsiri qısamüddətli olur və regionda dərin şəkildə kök atmağa imkan vermir.
Rusiyanın siyasəti əsas qərarverənlərin, ilk öncə Prezident Putinin şəxsi yanaşma və mövqelərindən həddən artıq asılıdır. Putinin rolu nəinki ümumi strategiyanın və onu həyata keçirəcək çevrənin seçilməsindən, eyni zamanda “komandaya” birbaşa rəhbərlik edilməsi və hər hansı bir “oyunda” əsas heyətə düşəcək “oyunçuların” müəyyən olunmasından ibarətdir. Şəxsiyyətə bağlı idarəetmə zənciri sistemi mütəmadi stres vəziyyətində saxlayaraq onun effektivliyini azaldır.
2015-ci ildən sonra Moskva Yaxın Şərq regionundakı müxtəlif siyasi qüvvələrə praqmatik münasibət bəsləməyə çalışır. Sözügedən xətt Rusiyaya Astanada Suriya böhranının həlli üçün Türkiyə və İran ilə danışıq formatını işə salmaq və Səudiyyə Ərəbistanı, BƏƏ, Misir kimi ölkələrlə münasibətlərini gücləndirməyə kömək etmişdir.
Eyni zamanda, Rusiyanın İslam dünyası ilə əlaqələrini yeni bir səviyyəyə çıxartmaq cəhdlərinə onun “çeçen sindromu” əhəmiyyətli dərəcədə mane olur. Moskva müxtəlif “islamçı” qüvvələrinə yanaşma qurarkən onlarda Rusiya daxilində potensial müsəlman üsyanının mümkün sponsorlarını görür. Həmçinin, Kreml Yaxın Şərqdə əksər hallarda öz “sekulyarlığını” formal da olsa, bəyan edən siyasi qüvvələrin tərəfini tutur. Bəzən bu, obyektiv maraqlarla üst-üstə gəlmir: məsələn, Liviyada Marşal Həftərə verilmiş dəstək sırf sonuncunun taktiki məqsədlərlə özünü sekulyar elan etməsi ilə bağlı idi. Beləliklə, Moskva özünü adətən Yaxın Şərqdə populyar olan əksər qüvvələrlə qarşı-qarşıya qoyur.
Bir çox Rusiya siyasətçisi və ideoloqlarının rus xalqının xüsusi statusunu qabartmaları və Rusiyanı həm də müsəlman ölkəsi kimi göstərməyə qəti şəkildə qarşı olmaları ona müsəlman ölkələrdə hələ də mövcud olan “yumşaq güc” imkanlarından yararlanmağa imkan vermir. Nəticədə, bir çox hallarda Moskva müsəlman ölkələrin cəmiyyətlərinə birbaşa müraciət etməkdənsə, öz siyasətini elitalarla əməkdaşlıqla məhdudlaşdırır.
Rusiyanın Suriya siyasəti Moskvaya az dayanıqlı dividend qazandırmışdır. Suriya rejimindən həddən artıq yapışmaq və İranla de-fakto hərbi alyans qurmaqla Rusiya bütün regionda öz manevr imkanlarını daraltmışdır. Birbaşa Əsədin tərəfini tutduğu Suriyadan fərqli olaraq, Liviyada Kreml daha incə yanaşma qura bilmişdir. Burada o, münaqişənin bütün əsas tərəfləri ilə işlək əlaqələr qurub və nəticədə regiondakı əsas partnyorları ilə aralarına ziyan vurmamağı, eləcə də Liviyada status-kvonun zəmindarlarından birinə çevrilməyi bacarıb.
Moskvanın Yəmən münaqişəsində əhəmiyyətli rol oynamaqdan çəkinməsi onun sırf vasitəçi olmağa maraq göstərmədiyini sübut edir. Rusiyanın Yaxın Şərqdə aktivliyi daha çox müəyyən tərəfin maraqlarını aktiv şəkildə təşviq edərək bundan müəyyən qədər siyasi və iqtisadi kapital qazanmaq niyyəti ilə əlaqəlidir. Qeyd etmək lazımdır ki, əsas motivlər arasında birinci yeri məhz siyasi nüfuz tutur: Realpolitik hesab olunan yanaşmanın əhəmiyyəti ikinci dərəcəlidir.
Rusiyanın Yaxın Şərq siyasətini SSRİ-nin müvafiq siyasəti ilə müqayisə etsək, oxşarlıqlardan daha çox kəskin fərqlər görə biləcəyik. Soyuq Müharibə dövründən fərqli olaraq, Moskva bir-biri ilə düşmənlik edən qüvvələr - İsrail və İranla, ABŞ və “Hizbullah”la, Türkiyə və kürdlərin “Demokratik Birliyi” ilə intensiv əməkdaşlıq edə bilir. Həmçinin, müasir Rusiya Sovetlərin dövlət ateist ideologiyasının yaratdığı problemlərdən əziyyət çəkmir. Eyni zamanda, Moskvanın hal-hazırda cəlbedici ideoloji təməli, eləcə də regionda loyal qüvvələri və müəyyən sosial proqramları maliyyələşdirməyə imkanları və ya siyasi iradəsi yoxdur- bu da Yaxın Şərqdəki hakimiyyət oyunlarında dominant mövqe tutmağa mane olur.