Gürcüstanda daxili böhran: bir addım irəli, iki addım geri
Cənubi Qafqazın son 3 ili regionun gələcəyinə birbaşa təsir edəcək tektonik dəyişikliklərlə zəngin olmuşdur: 2018-ci ildə Ermənistanda Məxməri inqilab və hakimiyyət dəyişikliyi, 2020-ci ildə Ermənistan və Azərbaycan arasında İyul toqquşmaları və İkinci Qarabağ müharibəsi. Bu hadisələr fonunda Gürcüstanda 2019-cu ildən indiyədək davam edən daxili siyasi böhranın Avropa Birliyi kimi vasitəçilərin səylərinə rəğmən hələ də həll edilməməsi diqqəti cəlb edir.
Hazırki böhranın başlanğıc nöqtəsi kimi 2019-cu ilin iyununda baş vermiş və tarixə “Qavrilov gecəsi kimi” daxil olmuş hadisəni götürmək olar. Gürcüstanın ev sahibliyi etdiyi Pravoslav Parlament Assambleyası çərçivəsində Tiflisə Rusiya nümayəndə heyətinin səfəri də nəzərdə tutulmuşdu. Gürcüstana gəlişindən bir qədər əvvəl Abxaziyanın müstəqilliyinə səs vermiş Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilovun protokol qaydalarına əsasən Gürcüstan Parlamenti sədrinin kürsüsündə əyləşməsi, rus dilindəki nitqində gürcülər və ruslar arasındakı pravoslav qardaşlıq barəsində çıxış etməsi müxalifətin etirazına səbəb oldu. Nəticədə 20-21 iyun tarixlərində paytaxtın mərkəzi küçələrində baş tutmuş yürüşə polisin müdaxiləsi nəticəsində 305 nəfər aksiya iştirakçısı həbs olundu, 240 nəfər müxtəlif xəsarətlər aldı. İki nəfər polis tərəfindən istifadə olunmuş rezin güllələr səbəbindən gözündən zədə aldı. Bu zorakılıq iqtidara qarşı etirazları daha da körüklədi və müxalifətlə vətəndaş cəmiyyəti təşkilatlarının aksiyaları müəyyən fasilələrlə bir ildən çox – 2020-ci ilin payızındakı parlament seçkilərinə qədər davam etdi.
Hazırki böhranın birbaşa səbəbi isə həmin seçkilərin nəticəsi ilə bağlıdır. Belə ki, hakim “Gürcü Arzusu” partiyasının öz qalibiyyətini elan etdi, müxalifət partiyaları isə parlamentin yeni heyətini boykot etməyə və uzun müddət qanunverici məclisə qatılmaqdan imtina etməyə qərar verdilər. 2020-ci ilin payızından 2021-ci ilin yaz ayların qədər davam edən daxili böhranı aradan qaldırmaq və tərəflər arasındakı “pat” vəziyyətini həll etmək məqsədilə vasitəçilik missiyasını Avropa Birliyi öz üzərinə götürdü. Bir neçə həftəlik çətin danışıqlardan sonra 19 aprel tarixində Gürcüstan iqtidarı ilə bir neçə müxalifət partiyası arasında Birliyin Şurasının Prezidenti Şarl Mişelin adı ilə adlandırılmış razılaşma əldə olundu. Bu sənədə əsasən, hakim təyini Venesiya komissiyasının tövsiyələri nəzərə alınana qədər dayandırılmalı, siyasi məhbus hesab olunan bəzi şəxslər həbsdən azad olunmalı idi. Əsas müddəa isə 2020-ci il parlament seçkilərinin nəticəsi ilə razılaşmayıb yeni seçkilər tələb edən müxalifətlə bu seçkilər keçirməkdən imtina edən iqtidar arasındakı kompromis ilə bağlı idi: öhdəliyə görə, 2021-ci ilin payızındakı bələdiyyə seçkilərində “Gürcü Arzusu” 43%-dən az səs toplayarsa, 2022-ci ildə növbədənkənar parlament seçkilərinin təşkilinə razılaşacaq.
Bu razılaşma həm ölkə daxilində, həm də AB səviyyəsində uğur hekayəsi və iqtidarla müxalifət arasında konstruktiv danışıqların müsbət təzahürü kimi, Gürcüstanın demokratiya yolunda əsas müvəffəqiyyətlərindən biri kimi təqdim edildi. “Şarl Mişel razılaşması” həmçinin Qarabağ müharibəsi zamanı və post-müharibə dövründəki proseslərdən kənarda qalmış AB-nin Cənubi Qafqazda nüfuzunu təsbit etməsi baxımından da Brüssel üçün bir nailiyyətdir.
Tərəflər arasında əldə olunan razılaşmaya baxmayaraq, hakim partiya Konsitutisiya Məhkəməsinə öz namizədlərini təyin etməyə davam etdi; bu məsələ həm yerli müxalifət, həm də Gürcüstanın Qərb tərəfdaşları tərəfindən narazılıqla qarşılandı. Lakin ölkədəki böhranın pik nöqtəsi iyul ayına təsadüf etdi.
İyulun əvvəlində LGBT icmasının keçirmək istədiyi “Qürur yürüşü” (Pride March) “Anti-qürur yürüşü”nə (Anti-Pride March) çevrildi. Din xadimlərinin və konservativ təbəqənin fəal şəkildə iştirak etdiyi bu nümayiş zorakılıqla müşayiət olundu. Bir sıra nümayişçilərin LGBT ofisinin eyvanına çıxaraq icmanın göy qurşağı bayrağını yerə tullaması mitinqin əsas görüntülərindən biri kimi yadda qaldı. Hadisələrin gedişatını işıqlandırmağa çalışan bəzi jurnalistlərin polislərin gözü önündə döyülməsi və hüquq-mühafizə orqanlarının bu zorakılığı sadəcə seyr etməsi böyük narazılıqla qarşılandı. Xəsarət almış jurnalistlərdən birinin bir neçə gün sonra vəfat etməsi isə ölkədəki ümumi ab-havanı kəskinləşdirdi və iqtidara qarşı yeni mitinq dalğasına start verdi. Maraqlıdır ki, bu məsələdə “Gürcü Arzusu” çoxsaylı tənqidlərlə üzləşsə də, Gürcüstanda mövcud olan əsas narrativ bu hadisələrin arxasında Rusiyanın olması ilə bağlıdır. Ölkədə həm iqtidar, həm də müxalifət Gürcüstan cəmiyyətinin Qərb dəyərlərinə hörmət etdiyini və prosesin bu həddə qədər gəlib çıxmasında birbaşa Rusiyanın əli olmasını ciddi-cəhdlə sübut etməyə çalışır.
İstənilən halda, Gürcüstan cəmiyyətinin mühafizəkarlığı və Qərbin seksual azlıqlarla bağlı dəyərlərinə müqaviməti Qərb ölkələrini nə qədər məyus etsə də, iyulun sonunda “Gürcü Arzusu”nun 19 apreldə razılaşmasından birtərəfli qaydada çıxması həm AB, həm də ABŞ siyasi dairələrini şoka saldı. Hakim partiyanın bu razılaşmadakı imzasını ləğv etməsi sənədin “öz hüdudlarına çatması” və əsas müxalifət partiyası olan Vahid Milli Hərəkatın (VMH) bu müqaviləyə imza atmaması ilə izah olundu. Maraqlıdır ki, VMH müqaviləyə rəsmi olaraq qoşulmasa da, boykotu dayandırmağı öz öhdəsinə götürmüş və həqiqətən də sonlandırmışdı. Bu addımdan sonra Gürcüstan müxalifəti, vətəndaş cəmiyyəti təşkilatları, Qərb ölkələrindən olan səfirlər və siyasi fiqurlar tərəfindən “Gürcü Arzusu”na olan etiraz ən üst səviyyəyə çıxdı. İqtidarın çox böyük çətinliklər bahasına əldə olunmuş razılaşmadan çıxması Gürcüstanda demokratik dəyərlərə və Qərbə inteqrasiya prosesinə böyük bir zərbə kimi qiymətləndirildi.
Qəribədir ki, bütün bu hadisələr Gürcüstan, Ukrayna və Moldovanın AB və NATO-ya gedən yolda öz xarici siyasət prioritetlərini təsdiq etdiyi, eyni zamanda öz səylərini birləşdirdiklərini elan etdikləri Batumi bəyannaməsindən dərhal sonra baş verdi.
Bütün cərəyan edən hadisələrin fonunda müşahidəçilər Gürcüstanın həm demokratiya, həm də Avropa Birliyi yolundakı səmimiliyinə şübhə edirlər. Eyni zamanda ekspertlər ölkə daxilində illər ərzində demokratiya və idarəçilik sahəsindəki əldə olunmuş nailiyyətlərin getdikcə yoxa çıxdığını və geriləmə baş verdiyini qeyd edərək həyəcan təbili çalmağa başlayıblar.