11 günlük müharibə: qazananlar və itirənlər
10 maydan etibarən 11 gün ərzində davam edən İsrail-Fələstin münaqişəsinin siyasi və geosiyasi baxımdan “qazanan” və itirən”lərini müəyyənləşdirdik. Seçimlər sadəcə siyasi prizmadan aparılıb, humanitar, hərbi və iqtisadi amillər nəzərə alınmayıb.
Qazananlar
İran və mühafizəkarlar
Son münaqişədə İranın Qəzzada ənənəvi şəkildə dəstək olduğu "Fələstin İslami Cihadı" təşkilatı ilə yanaşı, Həmasın da əsas silah tədarükçüsü olduğu məlum oldu. Belə ki, Həmasın İsrailə qarşı istifadə etdiyi raketlərin mütləq əksəriyyəti İran mənşəli idi. İranın Qəzza zolağına bu qədər çox raketi ötürməsi və Həması yüzlərlə raketi eyni anda ata bilmə qabiliyyətinə çatdırması Tramp dövründə İsrail tərəfindən xeyli sıxışdırılan İran haqqında gözləntiləri dəyişdi. İran raketlərinin kütləvi şəkildə İsrail səmalarında peyda olması Fələstin məsələsini prioritet hesab edən İran mühafizəkarları üçün ciddi psixoloji təkan olacaq və bu məsələ 18 iyunda keçiriləcək prezident seçkilərində mühafizəkarlar üçün “seçki yatırımı” hesab oluna bilər.
Netanyahu və mərkəz-sağ cəbhə
Münaqişə 12 ildən sonra ilk dəfədir hökumət qurmaq haqqını əldən buraxan İsrail baş naziri Benyamin Netanyahunun hakimiyyətdə qala bilməsi üçün sözün əsl mənasında “göydəndüşmə” oldu. Həm Həmasın raketləri, həm də ölkə daxilində yəhudi və ərəblər arasında baş verən etnik-dini qarşıdurmalar Netanyahunun iqtidarda qalmasını təhdid edən yəhudi-ərəb partiyaların koalisiya qura bilmə ehtimalını sıfıra endirib. Etnik-dini düşmənçiliyin artması səbəbilə növbəti seçkilərdə Netanyahunun da mənsubu olduğu mərkəz-sağ cəbhəyə ictimai dəstəyin yüksək olması gözlənilir.
Həmas
Məlum olduğu kimi, ölkənin iki ən böyük təşkilatı Həmas və Fəth arasında münaqişə səbəbilə 15 ildən çox idi ki, Fələstində seçkilər keçirilmirdi. Tərəflər arasındakı razılığa əsasən seçkilərin bu il keçirilməsi nəzərdə tutulsa da, hələlik baş tutmayıb və seçki tarixi iki dəfə təxirə salınıb. Qəzza zolağına nəzarət edən Həmas təşkilatının son münaqişədə minlərlə raket atmaqla hərbi imkanlarını xeyli artırdığını nümayiş etdirməsi qarşıdan gələn seçkilərdə Həmasın daha üstün tərəf olacağı ilə bağlı ehtimalları xeyli artırıb.
Misir və Qətər
Tərəflər arasında atəşkəsin əldə olunmasında həm Misir, həm də Qətərin böyük payı olduğu məlumdur. Atəşkəslə yanaşı, münaqişə boyunca hər iki ölkənin intensiv şəkildə diplomatiya yürütdüyü, humanitar yardımlarda yaxından iştirak etdiyi məlumdur. Xüsusilə Misir prezidenti Əbdül Fəttah əl-Sisi 8 illik hakimiyyəti müddətində ilk dəfədir ki, ciddi önəm kəsb edən regional məsələdə effektiv fiqur kimi özünü göstərə bildi.
İtirənlər
Bayden
Məlum olduğu kimi, ABŞ prezidenti Co Baydenin Yaxın Şərqə geosiyasətlə bağlı vəd etdiyi baxış silahlı münaqişələrdə heç bir tərəfin dəstəklənməməsi, gərginliklərin azaldılması və müzakirə proseslərinə önəm verilməsini əhatə edirdi. Belə olan vəziyyətdə, İsrail-Həmas münaqişəsinin ortaya çıxması və Baydenin ictimai müstəvidə birmənalı olaraq İsraili dəstəkləməsi vəd edilən regional baxış çərçivəsi ilə üst-üstə düşmədi.
Onu da qeyd etmək lazımdır ki, Bayden hər nə qədər ictimaiyyət önündə İsrailyönümlü mövqedən çıxış etsə də, arxa planda İsraili atəşkəslə bağlı sıxışdırdığı da məlumdur. Eləcə də, İsrail hərbi-siyasi elitası yüksək səslə son münaqişədə İranın rolunu xüsusi vurğulamağa çalışsa da, Baydenin bu çağırışları qulaq ardına vurduğunu və İranla nüvə danışıqlarına davam etdiyini görürük. Ona görə də, Baydenin publika müstəvisində İsraili dəstəkləməsi heç də İsrailyönümlü kəsimlərdə onun həqiqətən İsrail lehinə mövqe sərgiləməsi kimi qəbul edilmədi. Bir sözlə, Bayden balans yaratmaq istəsə də, “həm Əli aşından oldu, həm Vəli”.
Digər tərəfdən, Bayden Netanyahunu atəşkəsə ancaq 6-cı zəngində razı sala bilib...
Türkiyə
Siyasi baxımdan münaqişənin Türkiyə üçün iki mənfi nəticəsi oldu: birincisi, Fələstinlə bağlı Türkiyədən gözləntilər çox böyük olsa da, Türkiyənin səyləri əsasən diplomatiya və siyasi ritorika çərçivəsində qaldı, praktiki formada isə özünü büruzə vermədi. İkincisi, münaqişənin İsraillə normallaşma prosesi ərəfəsində ortaya çıxması Türkiyənin regionla bağlı geosiyasi gözləntiləri ilə uyğunluq təşkil etmədi.
İsrail-Körfəz barışığı: “İbrahim Sazişi”
Münaqişənin ən çox zərər vurduğu məsələlərdən biri də “İbrahim Sazişi” oldu. Fələstin məsələsini gözardı edərək rəsmi münasibətlər quran İsrail və Körfəz ölkələrinin bundan sonra normallaşma prosesini eyni səpkidə davam etdirməsi çətin olacaq. Xüsusilə İsrailə qarşı istənilən mövqeni ortaya qoymayan Birləşmiş Ərəb Əmirliklərinin bu prosesdən ən zərərli tərəf kimi çıxdığını və İslam dünyasında xeyli marjinallaşmağa başladığını qeyd etmək lazımdır.
BMT Təhlükəsizlik Şurası
Təhlükəsizlik Şurasının (TŞ) atəşkəsə çağırışla bağlı cəhdlərinin ABŞ tərəfindən 3 dəfə veto edilməsi Şuranın kəsərsizliyini bir daha sübut etdi. TŞ-nin münaqişələrə vaxtında və adekvat reaksiya verə bilməməsi, Şuranın funksionallığı və mövcudluq səbəbi ilə bağlı haqlı suallara səbəb olur.