Avropa İttifaqı-Çin geoiqtisadi münasibətləri: Çinin Avropadakı investisiyaları və İttifaqın təhlükəsizliyi

Avropa İttifaqı-Çin geoiqtisadi münasibətləri: Çinin Avropadakı investisiyaları və İttifaqın təhlükəsizliyi

Foto: Avropa Komissiyasının sədri Jan-Klod Yunker, Çin baş naziri Li Ketsyan və Avropa Şurasının prezidenti Brüsseldə Aİ-Çin sammitindən sonra mətbuat konfransında çıxış edirlər. Aprel 2019. John Thys/AFP/Getty Images

İnkişaf etmiş Qərb ölkələrinin Çinə iqtisadi sahədə qapılarını həvəslə açdığı günlər arxada qalıb desək yanılmarıq. Çinin iqtisadi və siyasi sistemi, artan geoiqtisadi və geosiyasi ambisiyaları və bu ambisiyaları reallaşdırmaq üçün mövcud iqtisadi və ticari gücündən istifadəsi ilə bağlı narahatlıq fonunda bu ölkələr daha ehtiyatlı davranmaq, müdafiə mövqeyinə çəkilmək və ya hətta açıq iqtisadi mübarizəyə keçmək yolunu seçirlər. Çinlə ticarət müharibəsi aparan və sanksiyalar tətbiqi yolunu seçən Amerika Birləmiş Ştatları sonuncu qrupa daxil olsa da, digər böyük iqtisadi güc Avropa İttifaqı daha ehtiyatlı davranır və Çinin iqtisadi və siyasi təsirindən müxtəlif alətlərlə müdafiə olunmağa çalışır.       

Avropa İttifaqı artıq Çini tərəfdaşla yanaşı rəqib kimi gördüyünü açıq elan etməkdən çəkinmir. Avropa Komissiyasının 2019-cu il mart tarixli Aİ-Çin münasibətlərinə strateji baxış sənədi Çini “texnoloji liderlik yolunda iqtisadi rəqib” və “alternativ idarəetmə modellərini təbliğ edən sistematik rəqib” kimi təqdim edir. 

Son onillikdə Çinin iqtisadi gücü və siyasi təsirininin artması və qlobal səhnədə aparıcı oyunçu və texnoloji gücə çevrilməsini qəbul edən Avropa İttifaqı bu yeni reallıqda Çinlə münasibətlərdə öz maraqlarının müdafiəsi üçün İttifaq səviyyəsində praqmatik və çevik siyasi alətlərə ehtiyac olduğunu anlayır. Bununla əlaqədar olaraq yuxarıda adı çəkilən strateji sənəd İttifaqın aşağıdakı məqsədlər üçün addımlar atmalı olduğunu lazım bilir: Çinlə ticarət və investisiya əlaqələrini daha balanslaşdırılmış və oxşar şərtlər altında tənzimləmək; Avropa İttifaqında rəqabət mühitini qoruyub saxlamaq; Vacib infrastruktur və texnoloji bazanın təhlükəsizliyini təmin etmək və s.  

Bu yazıda toxunacağım əsas məsələ Çinin Avropa İttifaqına yatırdığı investisiyalar və bu investisiyaların Aİ ərazisindəki infrastruktur və texnologiyaların təhlükəsizliyi, həmçinin Aİ və onun üzvlərinin ümumi təhlükəsizlik və ictimai qaydasına mümkün mənfi təsirlərindən qorunmaq üçün İttifaqın gördüyü tədbirlər barəsindədir.

Çinin Avropada artan investisiyaları 

Avropa İttifaqı üzvləri dünya üzrə ən liberal xarici investisiya rejiminə malik olan ölkələr arasındadır. İttifaq xarici investisiyaların məbləğinə görə həm investisiya yatıran həm də qəbul edən ölkələr sırasında birinci yerdə dayanır. 

Son onilliyin investisiya trendləri Çinin dövlət şirkətləri və bizneslərinin Aİ-nin liberal investisiya rejimindən faydalanmaqla İttifaq ölkələrinə artan həcmdə investisiya yatırdığını göstərir. Çin investorlarının Avropadakı marağı qabaqcıl texnologiyalara və biliyə, həmçinin böyük Avropa bazarına sərbəst çıxış əldə etməkdir. Çinin ölkədən xaricə investisiya axınını təşviq edən qloballaşma strategiyası və “Kəmər və Yol” layihəsi, ölkə iqtisadiyyatının ixracdan, həmçinin Amerika Birləşmiş Ştatları və ABŞ dollarından asılılığı azaltmaq istəyi Çinin Avropadakı investisiyalarının artımı səbəblərindəndir. Sözügedən artım həm də Çin şirkətlərinin 2008-ci il qlobal maliyyə böhranı sonrası Avropada səhm qiymətlərinin düşməsi və Avrozonadakı borc böhranı zamanı dövlət aktivlərinin özəlləşdirilməsindən fəallıqla yararlanmasının nəticəsidir. 

Mənbə: Rhodium Qrup və Çin araşdırmaları üzrə Merkator İnstitutu

Çinin Avropa İttifaqına qoyduğu investisiyaların məbləği 2009-cu ildən başlayaraq yüksəlməyə başlamış və 2016-cı ildə maksimum həddə, 37 milyard Avroya çatmışdır ki, bu da həmin ildə Çinin xaricə yatırdığı ümumi investisiyaların təxminən 23%-ə bərabər olmuşdur.   

2017-ci ildən etibarən Aİ ərazisinə qoyulan investisiyalarda azalma Çindən xaricə investisiya axınlarındakı ümumi azalmanı əks etdirir və ölkədən xaricə kapital axınını nəzarətdə saxlamaq üçün Çin hökumətinin tətbiq etdiyi məhdudiyyətlər (xaricə investisiya yatırmaq üçün maliyyə mənbəyi tapmaq və icazə almağın çətinləşməsi və s.) ilə izah olunur. Azalma trendi daha çox kapital qoyuluşlarında müşahidə olunur. Çin və Avropa biznesləri və universitetləri arasında birgə tədqiqat və inkişaf layihələri isə genişlənməyə davam edir.

Çinin Avropadakı investisiyaları əksərən Almaniya, Fransa, İngiltərə, İtaliya kimi yüksək inkişaf etmiş Aİ üzvlərinə və nəqliyyat, infrastruktur, İKT, qabaqcıl sənaye avadanlıqlarının istehsalı sektorlarına fokuslanmışdır. Lakin, son illərdə coğrafi fokusun Şərqi və Cənubi Avropadan olan, nisbətən daha az inkişaf etmiş üzv dövlətlərə keçməsi və sektorların diversifikasiyası müşahidə olunur. Belə ki, Qərbi və Şimali Avropa ölkələrində Çin investorlarının prioritetləri yüksək texnologiyalar və nou-hau, dayanıqlı inkişaf və bərpaolunan enerji olduğu halda, Mərkəzi, Cənubi və Şərqi Avropada sənaye istehsalı və infrastruktur əsas diqqət mərkəzidir. 

Çin investisiyaların əksəriyyəti sıfırdan yeni bizneslərin yaradılması yox, mövcud yerli bizneslərlə birləşmə və səhmlərin satın alınması şəklindədir. Çinin dövlət şirkətləri investorlar içərisində əsas oyunçular olaraq qalır. Belə ki, Çinin Avropadakı investisiyalarının 60%-nə məhz bu şirkətlər cavabdehdirlər.

Strateji əhəmiyyətli sektorlarda Çin investisiyaları

Çinin Avropadakı investisiyalarının əksər hissəsi nəqliyyat, o cümlədən hava və dəniz limanları, dəmir yolları, enerji, texnologiyalar və digər strateji əhəmiyyətli sektorlara qoyulur. Bu vacib sektorların bir neçəsində Çin investorlarının fəaliyyəti haqqında qısa məlumat təqdim etməyi faydalı hesab edirəm.   

İnformasiya və telekommunikasiyalar. İKT sektoru Çinin Avropadakı investisiyaları üçün ən vacib sektor olaraq qalır. Təkcə 2019-cu ildə Çinin Aİ-dəki investisiyalarının təxminən 20%-ni İKT sektoruna qoyulan investisiyalar təşkil etmişdir. 

İKT sektorundakı yatırımlar robototexnika, süni intellekt, “big data” və s. üzrə ixtisaslaşan Avropanın vacib texnologiya istehsalçılarının və ya onların hissələrinin Çin şirkətləri tərəfindən satın alınması, Çinin “Huavey” (Huawei) və “Lenovo” kimi məşhur brendlərinin Avropada satış mərkəzlərinin açılması və ya törəmə şirkətlərinin yaradılması, birgə tədqiqat və inkişaf layihələrinin maliyyələşdirilməsi və digər formalarda baş tutur.     

İKT sektorunda nəzərə çarpan investisiyalar arasında “Tencent” Holdinqin Fransa, İngiltərə, Almaniya və Finlandiyada kompyuter, mobil və video oyunlar istehsal edən şirkətlərdə səhmlər alması, Çinin süni intellekt üzrə ixtisaslaşan “DeepBlue” şirkətinin Lüksemburq, İtaliya və Yunanıstandakı fəaliyyəti, İngiltərənin “Worldfirst” onlayn xarici valyuta və pul transferi şirkətinin Çin biznesləri tərəfindən alınması, Almaniyanın robot istehsal edən “Kuka” və qabaqcıl texnologiya istehsalçısı “Kraussmaffei” şirkətlərinin alınması və “big data” üzrə ixtisaslaşan Almaniya startapının “Alibaba” şirkətinə birləşdirilməsi, əşyaların interneti (“Internet of Things”) üçün vacib olan mobil (cellular) internet protokolu bazarında lider olan Almaniyanın CommSolid şirkətinin səhmlərinin alınması, “Lenovo” Qrupun Almaniyanın “Medion” şirkətini satın alaraq öz törəmə şirkətinə çevirməsi və s. kimi onlarca misal göstərmək mümkündür. 

Enerji, o cümlədən alternativ enerji. Enerji sektoru Çinli investorların İKT-dən sonra ikinci ən çox investisiya qoyduğu sektordur. Çin şirkətlərinin yatırımları Avropa enerji bazarının ənənəvi enerji insfrastrukturu və elektrik şəbəkələri, nüvə enerjisi və alternativ enerji bölmələrini əhatə edir.  

Çinin elektrik enerjisi infrastrukturuna yatırımları əsasən Cənubi Avropa ölkələrinə fokuslanmışdır. 2011-ci ildə 2.7 milyard avroya Portuqaliyanın milli elektrik enerjisi təchizatçısı “EDP-Energias” şirkətində səhmlərin əldə edilməsi, 2014-cü ildə 2.1 milyard avroya İtaliyanın “CDP Reti” enerji şirkətinin alınması, İtaliyanın neft və qaz şirkəti “Eni” və elektrik enerjisi təchizatçısı “Enel” şirkətlərində 2 milyard avroluq hissələrin alınması, həmçinin Krit adasını Yunanıstanın enerji şəbəkəsi ilə birləşdirəcək sualtı elektrik kabellərinin çəkilməsi ilə bağlı layihədə gözlənilən iştirak Çinin bu regiondakı nəzərəçarpan investisiya fəaliyyətləri olmaqla, onun Aralıq dənizi regionunda enerji sektorunda aktiv oyunçuya çevrilməsinə töhfə verir.  

Son illərdə Çin investorları nüvə enerjisi sektoruna da maraq göstərməyə başlamış və Fransanın “Areva” və “GDF SUEZ” şirkətlərində və İngiltərənin “Hinkley Point C” nüvə enerji stansiyasında səhmlərə yiyələnmişlər.

Bərpa olunan enerji üzrə Çinin Avropadakı əsas yatırımları külək turbinləri və günəş panellərinə qoyulan yatırımlardır. Çinin dövlət şirkətlərinin Yunanıstanda külək turbinləri zonasına 3.49 milyard ABŞ dolları məbləğində yatırımı və gələcəkdə günəş enerjisi layihələrinin reallaşdırılması ilə bağlı razılaşma əldə etməsi, Almaniyada “Meerwind” külək turbinləri zonasına 1.8 milyard ABŞ dolları məbləğində yatırım, İngiltərə və Şotlandiyada dənizdə yaradılan külək enerjisi zonalarına müvafiq olaraq 803 milyon və 260 milyon ABŞ dollar məbləğində yatırımlar, İtaliyada və Portuqaliyada günəş panellərinin istehsalına qoyulan investisiyalar Çin investorlarının Avropada alternativ enerji sahəsində əhəmiyyətli faəliyyətlərindəndir.  

Alternativ enerji mənbələrinə yatırımlar təkcə mənfəət əldə etmək və ya texnologiya transferinə nail olmaq deyil, həm də Çinin Avropa ölkələrindəki imicini yaxşılaşdırmaq və onu ətraf mühitin qorunması və qlobal istiləşməyə qarşı mübarizədə aktiv tərəf kimi təqdim etmək məqsədi daşıyır. Bu sektora xarici investisiyaların artımı eyni zamanda Çinin ölkə daxilində ətraf mühit üçün daha əlverişli sənaye infrastrukturunun qurulması və karbontərkibli yanacaqdan asılılığın azaldılması məqsədləri ilə səsləşir.   

Dəniz limanları. Çinin dövlət şirkəti “COSCO Shipping” hazırda dünyanın ən böyük dənizçilik və konteyner daşımaları şirkətlərindən biri olmaqla Avropanın bir neçə limanında əhəmiyyətli hissələrə sahibdir. Yunanıstanın əsas dəniz limanı və Avropanın 6-cı ən böyük konteyner limanı olan Pirey limanının əsas terminalının 67%-i “COSCO Shipping” şirkətinə məxsusdur. Liman Yunanıstanın Avrozona böhranından sonra yaranmış borclarını ödəmək üçün dövlət hissələrinin satışa çıxarılması zamanı özəlləşdirilmişdir. Çinin Avropaya ixracı üçün əsas qapıya çevrilən Pirey limanını genişləndirmək və inkişaf etdirmək üçün “COSCO” şirkəti limana əlavə yatırımlar etmişdir. “COSCO Shipping” Belçikanın Zeebrügge (Zeebrugge) və Antverpen (Antwerp) limanlarına da sərmayə qoymuş və İspaniyanın Noatum limanının səhmlərinin 51%-ini almışdır. 

 

Pirey limanından görüntü

Mənbə: JOC.com (Journal of Commerce) informasiya portalı

Hava limanları. Çin şirkətləri Almaniyanın Han (Hahn) və Fransanın Tuluza (Toulouse) aeroportlarında səhmlərin əksər hissəsinə, Albaniyanın Tirana və Sloveniyanın Lyublyana hava limanlarında əsas nəzarət səhmlərinə, Britaniyanın Hitrou (Heathrow) aeroportunda 10%-ə yaxın kiçik paya sahibdirlər. Çinli investorlar kiçik miqyaslı hava limanlarına da maraq göstərirlər. 2007-ci ildə Almaniyanın kiçik hava limanlarından Parxim (Parchim) və 2014-cü ildə Lübek (Lübeck) aeroportları Çin investorları tərəfindən bütövlükdə alınsa da, ikinci iflas etmiş və birincini genişləndirmək və logistika mərkəzinə çevirmək cəhdləri isə baş tutmamışdır.    

Digər yüksək gəlirli sektorlar. Yuxarıda haqqında danışılan sektorlardan başqa, Çin şirkətləri avtomobil sektorunda Avropanın məşhur və yüksək profilli şirkətlərinə yatırımlar etmişlər. İngiltərənin lüks avtomobillər istehsalçısı “Aston Martin” şirkətinə 150 milyon funt sterlinq investisiya və Almaniyanın “Daimler” şirkətində 7.3 milyard avroluq səhmlər bu yatırımlar arasındadır. Çin investorları həm də İtaliyanın təkər istehsalçısı məşhur “Pirelli” şirkətinin səhmlərininin böyük hissəsini (45%) almışdır. Prestijli və gəlirli idman sektoru da Çinli investorların diqqətindən yayınmamışdır. İtaliyanın məşhur “Milan” futbol klubunun hissələrinin 99%-nə sahib olan çinli investorlar “Aston Villa”, “Mançester Siti”, “Atletiko Madrid” kimi klublarda da paylara sahibdirlər.   

Çin investisiyaları ilə bağlı Avropa İttifaqının narahatlığı

Strateji əhəmiyyətli sektorlara artan investisiyalar Avropa İttifaqını düşündürməyə bilməzdi. 

Xüsusən, Mərkəzi, Şərqi və Cənubi Avropa ölkələrində Çinin mövqeyinin investisiyalar və iqtisadi əməkdaşlıq hesabına güclənməsi, həmin ölkələrin, o cümlədən Aİ-nin əsas üzvlərindən olan İtaliyanın Çinin “Kəmər və Yol” layihəsində iştirakı Aİ rəsmilərinin narahatlığına səbəb olmuşdur. Brüssel Çinin iqtisadi nüfuzunun İttifaq üzvlərinin siyasi mövqeyini dəyişmək iqtidarında olması, Aİ daxilində fikir ayrılığı yaratması və İttifaqın vahid mövqe nümayiş etdirməsinə mane olmasından narahatdır. 

Reallıq bu narahatlığın boş yerə olmadığını göstərir. Məsələn, 2016-cı ildə Çinin vacib investisiyalarının olduğu Yunanıstan Avropa İttifaqının Çinin Cənubi Çin Dənizindəki hərəkətlərini qınayan bəyanatına qarşı çıxmış və həmçinin BMT-in İnsan Hüquqları Şurasında Çində insan hüquqlarının vəziyyətini pisləyən bəyanatına veto qoymuşdur. Bununla yanaşı, Macarıstanın da Aİ-nin Çində işgəncələr ilə bağlı yayılan xəbərlərdən narahatlıq ifadə edən məktubuna qoşulmaqdan imtina etməsi bu fikir ayrılığının bariz nümunəsi sayıla bilər.  

Çinlə əməkdaşlığın yaratdığı iqtisadi imkanlardan razı qalan Aİ üzvləri (xüsusən, Mərkəzi, Şərqi və Cənubi Avropa ölkələri) hələ ki Çinin artan təsirinin mümkün siyasi və ya təhlükəsizlik aspektləri düşündürmür. Bu ölkələr Çinlə əməkdaşlığı Aİ çərçivəsində deyil, suveren dövlət olaraq ikitərəfli və ya çoxtərəfli şəkildə qurmağa üstünlük verirlər. 

Belə çoxtərəfli əməkdaşlığa ən yaxşı nümunə 2012-ci ildə yaradılmış “16+1” platformasıdır. Çinin “16+1” formatında Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlığı 11 Aİ üzvü və 5 Balkan ölkəsini (Bolqarıstan, Xorvatiya, Çexiya, Estoniya, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, Sloveniya və Albaniya, Bosniya və Herseqovina, Makedoniya, Çernoqoriya və Serbiya) əhatə edir. Bu platforma “Kəmər və Yol” layihəsinin uzantısı hesab edilir və daha çox infrastruktur və İKT sektorlarında əməkdaşlığa fokuslanır. 2012-2019-cu illərdə Çin “16+1” ölkələrinə ümumilikdə 15 milyard avrodan çox məbləğdə investisiya yatırmışdı ki, bu da əsasən enerji, nəqliyyat, İKT, istehsal sənayelərinə qoyulan investisiyalardır. Platforma 2019-cu ildə Yunanıstanın qoşulması ilə “17+1”-ə çevrilmişdir.

Platformaya tənqidi yanaşan Brüssel İttifaq üzvlərinin Çinlə ikitərəfli və çoxtərəfli əlaqələrinin Aİ qurumları ilə əlaqələndirilməsini vacib sayır.  

Digər tərəfdən, Aİ qurumları və İttifaqın qabaqcıl üzvləri Çinin strateji sektorlardakı investisiyalarının mənfi təsirlərindən ehtiyat edirlər. Məsələn, İKT sektorundakı investisiyaların Avropadan Çin şirkətlərinə texnologiya transferinə təkan verəcəyi və Avropa şirkətlərinin həm İttifaq ərazisində həm də qlobal bazarda rəqabətliliyini itirəcəyi riski İttifaqı narahat edir. Çin şirkətlərinin Aİ vətəndaşları və bizneslərinin şəxsi məlumatlarına çıxış əldə etməsi və həmin məlumatların Çin hökumətinə ötürülməsi də mümkün risk olaraq qalır. Bu kontekstdə, xüsusən yeni 5G şəbəkəsi infrastrukturunun təhlükəsizliyi məsələsi İttifaq daxilində debatlara və fikir ayrılıqlarına səbəb olur.  

Brüssel həm də nəqliyyat sektoruna, xüsusən limanlar və dəmiryolları kimi strateji obyektlərə qoyulan investisiyaların Çinə böyük təsir gücü verməsindən eləcə də Çinin enerji sektoruna yatırımlarının gələcəkdə Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinə risk yaratması potensialından narahatdır. 

Bütün bu mümkün risklər fonunda Avropa İttifaqı Çinin Avropadakı investisiyalarına İttifaq səviyyəsində daha güclü nəzarət mexanizmlərinin vacib olduğu fikrinə gəlmişdir.   

Xarici investisiyaların qəbulu rejiminin sərtləşdirilməsi

Beləliklə, artıq 2016-cı ildən Aİ qurumları İttifaqın investisiya rejiminin liberallığını mümkün qədər qoruyub saxlamaqla, onun maraqlarını xarici investisiyaların mənfi təsirlərindən lazımınca müdafiə etmək üçün siyasi/hüquqi alətlərin tətbiqi haqqında düşünməyə başladılar. 

Avropa Kommissiyası İttifaqa daxil olan investisiyaların milli təhlükəsizliyə mümkün ziyan kriteriyasına qarşı yoxlanmasının bu məqsəd üçün müvafiq alət olduğu qənaətinə gəldi. Həmin vaxt Almaniya, Fransa, İtaliya, İspaniya, Niderland da daxil olmaqla İttifaqa üzv olan 14 dövlətdə təhlükəsizlik maraqlarını yeni xarici investisiyaların mənfi təsirlərindən qorumaq üçün milli mexanizmlər mövcud idi. Avropa Komissiyası 2017-ci ildə üzv ölkələrin fraqmentativ vəziyyətdə olan rejimlərini uyğunlaşdırmaq və İttifaq səviyyəsində koordinasiyasını təmin etmək üçün təkliflərini irəli sürdü. Bu təkliflər əsasında Avropa Şurası və Parlamenti 2019-cu ilin martında Aİ və onun üzvlərinin milli təhlükəsizlik və ictimai maraqlarını qorumaq məqsədilə xarici investisiyaların yoxlanmasının İttifaq səviyyəsində koordinasiyası üçün çərçivə yaradılması ilə bağlı qərar qəbul etdi. 2020-ci ilin oktyabrından etibarən tətbiq olunacaq Qərar Avropa İttifaqının təhlükəsizliyi və ictimai qaydasına mənfi təsirləri ola biləcək investisiyalara aşağıdakıları aid edir:

i. Enerji, nəqliyyat, rabitə, məlumatların saxlanması və işlənməsi, şəxsi məlumatlara çıxış və nəzarət, süni intellekt, kibertəhlükəsizlik, nano- və bio-texnologiyalar kimi əsas infrastruktur və texnologiyalara qoyulan investisiyalar;  

ii. Üçüncü ölkə hökuməti tərəfindən birbaşa və ya dolayı yolla nəzarət olunan xarici investorlar və Aİ-yə üzv ölkənin təhlükəsizlik və ictimai qaydasına zərər vuran fəaliyyətlə və ya qeyri-qanuni və ya cinayətkar fəaliyyətlə əlaqəsi olan xarici investorların yatırdıqları investisiyalar; 

iii. İttifaq səviyyəsində əhəmiyyətli sayılan infrastruktur, texnologiya layihələrinə və ya böyük maliyyə vəsaiti ayrılmış digər layihələrə mənfi təsir göstərə biləcək investisiyalar. 

Belə layihələrə Aİ-nin “Galileo” və “EGNOS” peyk naviqasiya sistemləri, 80 milyard vəsait ayrılmış “Horizon 2020” tədqiqat və innovasiya proqramı, Avropanın dəmiryol xətləri və terminalları, yolları, su və hava limanları, dəniz nəqliyyatı marşrutlarını əhatə edən Trans-Avropa Nəqliyyat Şəbəkələri (“TEN-T”) və digərləri aid edilir. 

Çərçivə Qərarı yoxlama tətbiq edən Aİ üzvlərini digər maraqlı üzv dövlətlərin və Avropa Komissiyasının rəylərini nəzərə almağa çağırır. Qərarda xarici investorlara münasibətdə şəffaflıq və ayrı-seçkiliyə yol verilməməsi, yoxlamanın müddəti, yoxlama üçün təqdim olunan məlumatların konfidensiallığının qorunması ilə bağlı müddəalar da yer alır. Qərar xarici investisiyaları yoxlamaq üçün xüsusi rejimə malik olmayan üzv dövlətlərə belə rejimin yaradılması ilə bağlı öhdəlik qoymur. 

Qərarın bəlkə də ən əhəmiyyətli elementi Avropa Komissiyasına istənilən üzv dövlətdəki hər hansı xarici investisiyanın birdən çox üzv dövlətin təhlükəsizlik və ya ictimai qaydasına və ya yuxarıda haqqında danışılan geniş miqyaslı Aİ layihələrinə təhlükə törətmək riski daşıması ilə bağlı rəy dərc etmək səlahiyyəti verməsidir. Bu rəy məcburi xarakter daşımasa da, üzv dövlətlərin Komissiyanın müvafiq rəylərini kifayət qədər əsaslandırma olmadan asanlıqla gözardı edəcəyi real görünmür. Bu isə öz növbəsində Komissiyaya üzv dövlətlərə xarici investisiyaların qəbulu məsələsində kifayət qədər təsir imkanı verir.   

Nəzərə alsaq ki, Qərarda investisiyaların təhlükəsizlik və ictimai qaydaya mümkün mənfi təsirləri gözlənilən sektorlar (nəqliyyat, enerji, texnologiyalar və s.) məhz Çinin ən çox investisiya yatırdığı sektorlardır və digər tərəfdən Çinli investorların əksəriyyəti Qərarda qeyd edildiyi kimi üçüncü dövlət, yəni Çin tərəfindən birbaşa və ya dolayı yolla nəzarət olunan şirkətlərdir, Çin investisiyalarının böyük hissəsinin yeni rejim üzrə yoxlamalara məruz qalacağı aydın görünür. Merkator İnstitutunun hesablamalarına görə əgər investisiyaların yoxlanması rejimi 2018-ci ildə qüvvədə olsaydı, Çinin İttifaqa yatırdığı investisiyaların təxminən 83%-i yoxlamadan keçməli olacaqdı.  

Qərarın tərtibi və “təhlükəli” investisiyaların siyahısı bu Qərarın məhz Çin investisiyaları nəzərə alınaraq hazırlandığını iddia etməyə əsas verir. Üstəlik yeni mexanizmlə Avropa Komissiyası söz haqqına sahib olduğundan və Komissiyanın Çinli investorlara qarşı üzv dövlətlərdən daha sərt olacağı güman edildiyindən Çin “əsilli” investisiyaların ciddi nəzarət altında olacağı şübhə doğurmur. 

2020-ci ilin sonlarına doğru tam qüvvəyə minəcək rejimin necə işləməsi və Avropa Komissiyasının Çinə qarşı nə dərəcədə diqqətli olacağını zaman göstərəcəkdir. 

Covid-19 pandemiyası və xarici investisiyaların mümkün risklərindən qorunma

Covid-19 pandemiyası ilə əlaqədar səhm qiymətlərinin aşağı düşdüyü bir vaxtda Avropa Komissiyası Çin şirkətləri tərəfindən Avropa bizneslərinin kütləvi şəkildə satınalınması və ya onlara nəzarətin ələ keçirilməsinin (2008-ci il maliyyə böhranından sonra müşahidə olunan vəziyyətə bənzər şəkildə) qarşısını almaq üçün yenidən hərəkətə keçdi. 

Komissiya İttifaqın səhiyyə sahəsindəki imkanlarının, tibbi və qoruyucu ləvazimatlar istehsal edən müəssisələrin və ya vaksin yaradılmasında istifadə oluna biləcək qabaqcıl tibbi tədqiqatlar aparan müəssisələrin xarici investisiya vasitəsilə ələ keçirilməsi üzrə artan risklərin olduğunu əsas gətirərək pandemiya dövründə investisiya qoyuluşlarının daha ciddi yoxlanılmalı olduğunu açıqladı. 

Bu məqsədlə, Avropa Komissiyası 2020-ci ilin mart ayında Covid-19 pandemiyası və onunla əlaqəli iqtisadi çətinliklər dövründə təhlükəsizlik və ictimai qaydanın qorunması üçün vacib olan infrastrukturda və xüsusən səhiyyə, tibbi tədqiqatlar və biotexnologiya sahələrində Avropa sənayesinin və aktivlərinin qorunması üçün üzv dövlətlərə təlimatlar verdi. Təlimatlar üzv dövlətləri investisiyaların yoxlanılması mexanizmindən maksimum istifadə etməyə və müəyyən biznes, infrastruktur və ya texnologiyaların xarici investorun sahibliyinə və ya nəzarətinə keçməsinin İttifaqın təhlükəsizliyinə və ictimai qaydaya, səhiyyə sisteminə və kritik malların təchizatına risk yaradacağı halların qarşısını almağa çağırır. 

Bundan əlavə, Avropa İttifaqının İcraçı Vitse-prezidenti və Rəqabət məsələləri üzrə Komissarı Marqrete Vestager Covid-19 səbəbindən maliyyə vəziyyəti çətinləşmiş texnologiya şirkətlərinin Çinli investorlar tərəfindən yüksək texnologiyaları əldə etmək məqsədilə asanlıqla alınması və ya nəzarətə götürülməsi təhlükəsi olduğunu açıqlamış və bu halların qarşısını almaq üçün üzv dövlətlərin həmin şirkətlərin hissələrini almalarını məqbul hesab etdiklərini bildirmişdir.   

Yekun

Göründüyü kimi, Çin son onillik ərzində Avropa ölkələrində vacib əhəmiyyətli sektorlara kifayət qədər investisiya yatırmış və bu investisiyalar, həmçinin daha geniş iqtisadi əməkdaşlıq vasitəsilə özünün köhnə qitədəki mövqeyini xeyli gücləndirmişdir. Çinin bu iqtisadi nüfuzunu siyasi məqsədlər üçün istifadə edəcəyi və nəticədə İttifaqın və ya onun üzvlərinin maraqlarına xələl gətirəcəyi potensialı öz növbəsində Avropa İttifaqını təşvişə salmış və İttifaq bir qədər gec də olsa Çinin bu iqtisadi ekspansiyasından müdafiə olunmaq üçün tədbirlər görməyə başlamışdır.  

Bu yolda atılan addımlardan biri də məhz investisiyaların yoxlanması rejiminin sərtləşdirilməsi olmuşdur. Yoxlama mexanizminin nə qədər effektiv olacağı və İttifaqa qəbul edilən Çin investisiyalarının həcminə necə təsir göstərəcəyi mexanizmin tam işə düşəcəyi vaxtdan etibarən aydın olacaqdır. Eyni zamanda Covid-19 pandemiyası müddətində və sonrasında Avropa İttifaqı və Çinin iqtisadi, o cümlədən investisiya sahəsində münasibətlərinin hansı məcrada davam edəcəyi, daha çox strateji tərəfdaşlıq yoxsa rəqiblik atmosferinin hökm sürəcəyi və ya İttifaqın Çinə münasibətdə daha neytral mövqe tutub-tutmayacağı da böyük maraq doğurur.