Misir-Türkiyə qarşıdurması: Quru təhdidlər, yoxsa real müharibə?
Foto: Misir prezidenti Əbdül Fəttah əl-Sisi. Reuters
İyun ayının ortalarından etibarən, Misir ordusu ölkənin Liviya ilə sərhədinə xeyli sayda qoşun toplamağa başlayıb. Buna paralel olaraq, Ərəb Liqasını da təcili yığıncağa çağıran Qahirənin bu gedişi üzv dövlətlər tərəfindən tam dəstəkləndi. Misir hər iki həmləsi ilə Tripoli hökumətinə (GNA) Liviyanın şərqinə doğru irəliləyişini dayandırması üçün mesaj verirdi. Qahirə hökumətinin bu addımları Körfəz müttəfiqlərinin - Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının təzyiqi ilə atdığı bildirilir. İyun ayının 20-də isə prezident Əbdül Fəttah əl-Sisi Liviyanın Sirt və Cufra şəhərlərinin qırmızı xətt olduğunu açıqladı və burada hərbi əməliyyatlar keçiriləcəyi təqdirdə, Misir ordusunun da müdaxilə edəcəyi barədə xəbərdarlıq etdi.
Türkiyənin Sirt və Cufra planı
Məlumdur ki, bu üstüörtülü xəbərdarlıq Liviyada son dövrlərdə mövcud vəziyyəti öz xeyrinə dəyişən Türkiyəyə ünvanlanıb. Qeyd edək ki, Sidra körfəzi sahillərində yerləşən Sirt şəhəri və cənubdakı Cufra regionu Ankara üçün çox böyük iki strateji əhəmiyyət kəsb edir. Birincisi, Cufrada yerləşən zəngin neft ehtiyatlarının Sidra körfəzindəki limanlardan Avropaya daşınması, ikincisi isə Xəlifə Həftərə hamilik edən ölkələrin “B” planı ilə əlaqədardır. Həmin plana əsasən Liviyanın şərqində Həftərin nəzarətində olan, Sirt-Cufra şəhərlərinin də daxil olduğu yeni dövlət yaradılmalıdır. Türkiyənin Aralıq dənizindəki Liviya ilə sərhəd xətti Sidra körfəzindən keçir və əgər burada yeni dövlət yaranarsa, o zaman Türkiyənin Liviya strategiyası, son dövrlər burada qazandığı uğurlar və Tripoli hökuməti ilə imzaladığı Müstəsna İqtisadi Zona (MİZ) müqaviləsinin heç bir faydası olmayacaq. Belə olan halda, Türkiyə, ancaq Liviyanın şərqində yeni yaranacaq dövlətlə dəniz sərhədlərinə malik olacaq və həmin dövlətlə də Ankaranın razılıq əldə etməsi mümkün olmayacaq. Təbii ki, bu da diplomatik səylərdən nəticə əldə olunmayacağı təqdirdə, rəsmi Ankaranı mütləq şəkildə Sirt-Cufra əməliyyatı keçirməyə vadar edəcək. Sisinin dünənki xəbərdarlığı da elə bununla bağlıdır. Əslində, Türkiyə-Liviya arasında imzalanan MİZ müqaviləsinə Misirin də qoşulması Qahirə üçün daha əlverişli hesab olunmalıdır. Çünki, bununla, Qahirə Yunanıstanla imzalamaq istədiyi MİZ müqaviləsində payına düşəcək ərazilərdən 10 min kv. km. daha çox dəniz ərazisi qazana bilər. Lakin, Misirin Liviya münaqişəsindəki maraqları iqtisadi məsələlərdən fərqli olaraq geosiyasi amillərlə bağlıdır.
Misirin regional maraqları
Misir prezidentinin etdiyi xəbərdarlıq Türkiyə ilə yanaşı dolaylı yolla Rusiyaya da yönəlib. Belə ki, Həftər son məğlubiyyətlərdən sonra Rusiyanın təsir dairəsinə düşməyə başlayıb. Misir hökuməti belə hesab edir ki, Rusiya və Türkiyə regionda “yeni Suriya” yaratmağa cəhd edir və Qahirə bu prosesdə tamaşaçı olmaq istəmir. “Ərəb baharı”ndan sonra Misir və digər Şimali Afrika dövlətləri ictimai-siyasi stabilliklərini hələ də təmin edə bilməyib və Liviyadakı münaqişənin daha da şiddətlənməsi regionda domino effektinə səbəb ola bilər. Bununla belə, o da qeyd edilməlidir ki, Sisi hakimiyyətinin kəsərsiz xarici siyasəti nəticəsində ölkə, Körfəz monarxiyalarının maraqlarına təhkim edilib və bu da Qahirənin manevr imkanlarını məhdudlaşdırır. Daha dəqiq ifadə ilə desək, Misir hökuməti regiondakı proseslərlə bağlı müstəqil qərar qəbul etmək gücündə deyil. Bu azmış kimi, Sisi hökumətinin ölkədaxili siyasi durumu da çox kövrəkdir və bu da Sisi rejimini daha ehtiyatlı davranmağa məcbur edir.
Sisi rejiminin daxili problemləri
Bildiyimiz kimi, Sisi hərbi çevriliş vasitəsilə hakimiyyətə gəlib və onun rejimi ABŞ, İsrail və Körfəz ölkələri tərəfindən dəstəklənir. Ancaq o da məlumdur ki, Sisinin ölkə daxilində sosial-ideoloji dayaqları yoxdur və bu boşluğu o, sekulyar ərəb millətçisi imici ilə doldurmağa çalışır. Bununla da, əl-Sisi “Müsəlman Qardaşları” (MQ) təşkilatı başda olmaqla, islamçı qruplarla mübarizə kampaniyasına dəstək yaratmağa çalışır. Sisi hakimiyyətinin MQ-ə qarşı sərt repressiyalar aparmasına baxmayaraq, bu təşkilat Misir cəmiyyətində hələ də böyük rəğbətə malikdir. MQ-nın ən böyük dəstəkçisi olan Türkiyəyə qarşı Liviyada müharibəyə girişmək Misirin daxilində irimiqyaslı etirazlara yol aça bilər ki, bu da Sisi rejiminin gələcəyi üçün təhlükədir.
Bundan əlavə, Sisinin ABŞ və İsraillə isti münasibətlər qurması, Körfəz ölkələrinin istəklərinə uyğun addımlar atması daxildəki digər ideoloji qruplar arasında da ona qarşı inamsızlığı kəskin artırıb. Təkcə bu faktı qeyd etmək yerinə düşər ki, Sisi hakimiyyəti 2017-ci ildə Misirə məxsus Qırmızı dənizdəki Tiran və Sinafir adalarını maliyyə yardımı müqabilində Səudiyyə Ərəbistanına satıb. Burada həmçinin ölkə iqtisadiyyatının tənəzzülü, Sinay yarımadasındakı İŞİD təhlükəsi, Efiopiya ilə Nil çayı anlaşmazlığı kimi daxili problemlərin də Sisi hakimiyyətinə qarşı sosial narazılığı artırdığı vurğulanmalıdır. Xüsusilə, Efiopiyanın Mavi Nil üzərində tikdiyi su anbarı fəaliyyətə başlayarsa, Misirin əsas su mənbəyi olan Nil çayının hövzəsi xeyli daralacaq və bu da 100 milyon əhalisi olan Misir üçün çox böyük quraqlığa, son nəticədə ərzaq probleminə səbəb olacaq. Nəzər alsaq ki, artıq Türkiyə də Efiopiyaya dəstək nümayiş etdirir və iki ölkə arasında diplomatik danışıqlar intensivləşib. Belə olan halda, Sisinin ölkənin əsas problemlərini gözardı edərək Qərb və Körfəz ölkələrinin istəyi ilə Liviyada hərəkət etməsi rejimə qarşı narazılıqları xeyli şiddətləndirəcək.
Onu da qeyd etmək lazımdır ki, Misir cəmiyyətində ordu çox böyük nüfuza malikdir və iqtisadiyyatdan siyasətədək hər bir sektorda əsas söz sahibidir. Ona görə də, vaxtilə ordu rəhbəri olan Sisinin çevriliş etməsini insanlar nikbinliklə qarşılamışdı. Ancaq Sisinin Misirin milli maraqlarından daha çox Qərbin maraqlarına uyğun hərəkət etməsi onun siyasi və hərbi elitadakı nüfuzuna ciddi zərbə vurdu. Yeni bir hərbi çevriliş ehtimalının qarşısını almaq üçün orduda “böyük təmizlik” edən Sisi, sədaqətindən şübhələndiyi generalları neytrallaşdırdı. Buna baxmayaraq, çevrilişlər adətən, sədaqətinə şübhə edilməyən şəxslər tərəfindən edilir və Liviyada sonu məlum olmayan macəraya girişmək Sisiyə qarşı yeni bir hərbi çevriliş cəhdinə səbəb ola bilər.
Nəticə
Bütün bunlar nəzərə alındıqda, Misirin milli maraqları baxımından Sisi hakimiyyəti Liviya prosesində daha təmkinli davranmalıdır. Lakin, Sisinin hər zaman Misirin maraqlarından daha çox, İsrail və Körfəz monarxiyalarının göstərişləri ilə hərəkət etdiyi məlumdur. Hazırkı konyunkturda da Türkiyə Sirt-Cufra xəttində əməliyyatlara başlayarsa, Misir ordusunun müdaxilə edəcəyini düşünürəm. Türkiyə isə müasir silahlarla təmin olunmuş və güclü hava donanması olan Misiri Liviya münaqişəsində birbaşa iştiraka təhrik etmək istəməyəcək.
Bu qarşıdurmada Vaşinqtonun mövqeyinin həlledici olacağını düşünürəm. ABŞ isə hələlik hər iki tərəfə qarşı məsafəli davranır. Aydındır ki, Həftər vasitəsilə Rusiyanın Liviyaya yerləşməsi və Misirin Həftər cəbhəsinə dəstək verməsi ABŞ-ı narahat edir. Eyni zamanda, Türkiyənin regional fəaliyyətlərinin İsrail başda olmaqla, Fransa və Körfəz ölkələrinin maraqlarına zidd olması da Vaşinqtonun istəklərini uyğun deyil. Lakin, eyni zamanda Birləşmiş Ştatlar iki regional müttəfiqi arasında tərəf tutmaq istəmir. Xatırlıyırsızsa, Suriyada ABŞ-ın kürdlərə dəstək verməsi Türkiyənin Rusiyayla yaxınlaşmasına səbəb olmuşdu. ABŞ-ın bu qarşıdurmada tərəf olması iki müttəfiqindən birinin Rusiyayla yaxınlaşmasına yol açacaq. Xüsusilə, Türk hökumətinin bu konteksdə atdığı addımları vurğulamaq yerinə düşər. Belə ki, iyunun 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Donald Trampla telefonla əlaqə saxladıqdan sonra “ABŞ ilə Liviya məsələsində razılıq əldə olunub” açıqlaması diqqəti cəlb edir. Bundan əlavə, ötən həftə Türkiyə və Rusiya arasında keçirilməsi nəzərdə tutulan Liviya ilə bağlı görüşün təxirə salınması Ankaranın Vaşinqtona “mesajı” kimi dəyərləndirilə bilər.
Nəticə olaraq, ABŞ-ın mövqeyi məlum olmadan tərəflərin açıq qarşıdurmaya risk etməyəcəyini söyləmək olar. Misirin Liviyaya müdaxiləsi Sisiyə qarşı daxili sosial etirazlara və ya ordunun çevriliş cəhdinə yol aça bilər və bu səbəbdən müdaxilədən əvvəl Sisi yəqin ki, Vaşinqtondan tam dəstək almağa çalışacaq. Türkiyə hökuməti isə öz növbəsində pandemiya dövründə zəifləyən iqtisadi vəziyyətinin ABŞ və Qərb tərəfindən daha da sıxışdırılmasını istəmir və bu səbəbdən ABŞ-ın ən azından neytral qalması Ankaraya kifayət edəcək. Son dövrlərdə ABŞ daxilində yaranmış sosial və siyasi böhran Tramp Administrasiyanın xarici siyasətdə mühüm addımlar atmasını ləngidir. Yaranmış bu vəziyyət Türkiyə üçün əlavə üstünlük yaradır və Ankara bu üstünlükdən vaxtında istifadə etməyə çalışacaq.