Gürcüstandakı etirazlarda simvolizm və kreativlik
Foto: Hökumətə etirazını bildirən və erkən parlament seçkisini tələb edən müxalifət tərəfdarları mitinq zamanı parlamentin qapısını zəncirləyirlər. Tiflis, Gürcüstan. 17 noyabr 2019. REUTERS/Irakli Gedenidze
Fevral ayında gürcü müxalifəti bir aylıq Yeni il fasiləsindən sonra etirazlara davam etdi. Əslində, bu fasilənin özü də müxalifət və gənclər hərəkatları tərəfindən təşkil edilən piket və nümayişlərlə zəngindir. Ümumilikdə, keçən il ərzində təşkil edilmiş etiraz aksiyaları maraqlı hadisələrlə yadda qaldı ki, bu məqalədə də daha çox bu aksiyaların yaradıcı və simvolik tərəflərinə toxunulur.
Etirazların tarixi
Bir neçə aydır ki Tiflis və müəyyən səviyyədə də Gürcüstanın digər şəhərləri küçə etirazlarının iki dalğasını yaşamaqdadır. Etirazların başlanğıcı 2019-cu ilin yayına – məşhur Qavrilov hadisəsi dövründə başlayan ilkin yürüşlərə təsadüf edirdi. Etirazçılar xeyli tələblər səsləndirsələr də, əsas tələb kimi 2020-ci il parlament seçkilərində hazırkı hakim partiyanın inzibati resurslarını məhdudlaşdıracağı düşüncəsi ilə proporsional seçki sisteminə keçid vurğulanırdı. Belə kütləvi təzyiq altında ölkənin de-fakto rəhbəri Bidzina İvanişvili tezliklə proporsional sistemə keçidlə razılaşdı. Bu vəd etirazçıları sakitləşdirərək avqust ayının sonuna doğru kütləvi etirazları azaltdı.
Etiraz aksiyalarının ikinci dalğası noyabr ayının ortalarında gözlənilən qanun layihəsinin parlamentdə qəbul edilməməsi ilə start götürdü. İnsanlar yenidən küçələrə çıxaraq parlament və digər dövlət idarələrini mühasirəyə aldı, hakim “Gürcü Arzusu” partiyasına qarşı etiraz etməyə, partiyanın qüdrətli lideri İvanişvilini vədinə əməl etməməkdə və xalqı aldatmaqda günahlandırmağa başladı.
Etiraz aksiyaları Gürcüstan üçün qeyri-adi fenomen olmasa da, 2019-cu ilin kütləvi mitinqləri gənclər hərəkatlarının (əsasən də “Cürət et”, “Dəyiş”, “Utan” kimi qrupların) “birinci skripka rolunu oynaması” baxımından fərqlənir. Başqa sözlə bu rəhbərsiz etiraz dalğalarının aparıcı qüvvəsi gənclər olub, ənənəvi müxalifət onlarla uyğunlaşmağa çalışır. Və ya gürcülərinin özlərinin dediyi kimi: “Əvvəllər xalq siyasətçilərin arxasınca gedirdi, indi isə siyasətçilər xalqın.”
Gürcüstandakı sonu görünməyən etiraz aksiyalarının müxtəlif tədqiqatların obyekti ola biləcəyinə baxmayaraq, bu məqalədə əsas diqqət bu etirazların rəmzlər və trollinqlə necə zəngin olmasıdır. Bu fenomen kütləvi yürüşlərə və etirazlara kreativlik qatan gənclərin üstünlük təşkil etməsi ilə bağlı ola bilər.
Simvolizm və trollinq
Bu mitinqlərdə ən çox istifadə edilən trollinq növləri kilidlər və utanc dəhlizləridir. Kilidləmə müxalif fəalların paytaxtda və ölkə boyunca Msxeta, Zuqdidi, Poti, Telavi və Ozurgeti kimi şəhərlərdə dövlət orqanlarının binalarını zəncirləyərək bağlaması şəklində dəfələrlə tətbiq edilib. Təşkilatçıların sözlərinə görə, “kilid bu orqanların artıq fəaliyyətsiz olduğunu simvolizə edir”. Bəzən bu fəaliyyət etirazçılar üçün əyləncəli bir işə çevrilir: kilid və zəncirlərlə dövlət idarələrinin işini həm simvolik, həm də sözün əsl mənasında pozmağa çalışan aktivistlər polisləri dəmir kəsici alətlərlə onların arxasına düşməyə məcbur edirlər. Hətta bir dəfə təşkilatçılar Parlament binasının qapılarından birini zəncirləyib kilidlədikdən sonra açarları toplaşan etirazçılara ötürərək parlamentin mənbəyinin və açılıb-bağlanmasının xalqın əlində olduğunu nümayiş etdirdilər.
Digər tez-tez istifadə edilən metod isə utanc dəhlizidir. Utanc dəhlizləri adətən qanunverici orqan üzvlərinə, xüsusən də “Gürcü Arzusu” partiyasının seçki sisteminin dəyişməsini nəzərdə tutan qanun layihəsinin əleyhinə səs vermiş üzvlərinə qarşı tətbiq edilmişdir. Belə hallardada bu cür dəhlizdən keçərək Parlamentə daxil olmalı olan şəxslər ətrafdakılar tərəfindən fitə basılır və “kölə” kimi alçaldıcı sözlərə tuş gəlir.
Maraqlıdır ki, etirazçılar hakimiyyət tərəfindən onlara qarşı qurulmuş planlardan öz xeyirlərinə istifadə edəcək qədər də yaradıcıdırlar. 2020-ci ilin yanvarında hökumət qəfildən təmir işləri bəhanəsi ilə parlament ətrafında yaşıl rəngli divar çəkəndə, bu müxalif qüvvələr tərəfindən növbəti etirazların qarşısının alınması cəhdi kimi qəbul edildi. Bununla belə, etirazçılarbu yaşıl hasardan da istifadə etməyə başladılar: onun üzəri tənqid və lağlardan ibarət yazılarla “bəzəndi”. “Bidzinanın (İvanişvili) bostanı”, “Qoyunları hasarlayıblar”, “100 metr aralıdakı bostan” ifadələri bu maneəyə yaradıcı yanaşan gənclərin tapıntılarındandır.
“Yetkin müxalifət” liderləri də vəziyyəti şərh edərək divarın hökumətin xalqdan, yaranmış problemlərdən və Qərb ölkələrinin tənqidindən gizlənməsinin simvolu kimi qiymətləndirdilər.
Siyasi və inzibati fiqurlar da trollinq əsaslı tənqidin hədəflərinə çevrilmişdir. Məsələn, ölkə prezidenti Salome Zurabişvili də bu prosesdən kənarda qalmamış, lobya (gürcü dilində “lobio”) ona yönələn tənqidlərin simvoluna çevrilmişdir. Bu, Zurabişvilinin Tiflisdəki restoranların birində lobya yeyərkən görünməsindən sonra baş vermişdir. Müxaliflər onu etirazların qızğın çağında restoranlara getməkdə günahlandırıb fitə basmışdılar. (Eyni zamanda qeyd etmək lazımdır ki, lobya gürcü mətbəxində ən ucuz yeməklərdən sayılır.)
Başqa bir maraqlı hadisə 2019-cu ilin dekabrında Msxetada təşkil olunmuş etiraz aksiyasında baş vermişdi. Etirazçılar “Gürcü Arzusu”nun qanun layihəsi vədindən dönməsini ən çox müdafiə edən millət vəkili Dmitri Xundadze üçün rəmzi olaraq “41 ədəd gümüş” (gümüş folqa ilə bükülmüş şokolad sikkələr) gətirmişdilər. 41 – hakim partiyanın seçki nömrəsidir, gümüşü sikkələr isə “Gürcü Arzusu”nun tam proporsional parlament sisteminə keçməklə bağlı vədinə etdiyi “xəyanətə” İncildən istinaddı.
Digər epizodda isə “Lelo” hərəkatının qurucusu Mamuka Xazaradze İvanişvili üçün Tiflis-Moskva reysinə təyyarə bileti alması ilə yadda qalmışdır. Bu hərəkət İvanişvilinin Gürcüstanda normal həyat və işə ehtiyacı olan şəxslər üçün Kutaisi aeroportundan 35 avroya bilet alaraq başqa ölkələrə göndərəcəyini və orda iş tapmalarına kömək edəcəyini səsləndirməsindən sonra edilmişdi.
Belə yaradıcı yanaşma Baş Prokuror vəzifəsinə namizəd İrakli Şotadzeyə qarşı da istifadə edilmişdi. Bir neçə il bu vəzifəni tutduqdan sonra onun yenidən təyin edilməsi ehtimalına etiraz edən nümayişçilər Baş Prokurorluq İdarəsinə idman ayaqqabıları atmışdılar. Bu, Şotadzenin sələfi olan və Almaniyada idman ayaqqabıları oğurladığı üçün mühakimə edilmiş Otar Partsxaladzeyə istinadən Gürcüstan prokurorluğunda rüsvayçılığı simvolizə etməli idi.
Trollinq məqsədli hərəkətlər hakim dairələr tərəfindən də nümayiş etdirilir. Məsələn, soyuq fəsillərdə nümayişçilərə qarşı soyuq sudan istifadə ilə bağlı şikayətlərə cavab olaraq Daxili İşlər naziri Vaxtanq Qomelauri növbəti dəfə suyu isidəcəklərinə söz vermişdi.
Gürcüstanda 2019-cu ilin yayında başlayan və payız-qış boyunca davam edən etiraz aksiyaları ilk baxışdan bu kiçik Qafqaz respublikası üçün qeyri-adi sayılmayan əvvəlki nümayişlər və yürüşlər ilə eyni görünə bilər. Lakin bu aksiyalardakı bir çox yeni element Gürcüstanın küçə demokratiyasında yeni dövrün başlamasından xəbər verir: burada gənclər aparıcı qüvvə olub, nümayişlərin məzmununu əlamətdar, rəmzi və yumoristik hərəkətlərlə zənginləşdirirlər.