Topçubaşov Mərkəzi Ələt Limanına səfər edib
Oktyabrın 6-da Topçubaşov mərkəzinin tədqiqatçıları Ələt Limanını ziyarət edib və limanın nümayəndələri ilə görüş keçiriblər. Ələt limanı Çini Mərkəzi Asiya, Xəzər Dənizi, Cənubi Qafqaz və Qara Dənizdən keçərək Avropa bazarları ilə birləşdirən Orta Dəhlizin əsas halqalarından biri hesab olunur. Rusiyanın Ukraynanı işğalı nəticəsində Şimal Dəhlizinin önəminin azalmasından sonra Orta Dəhliz qitələrarası dəmiryolu ticarətində əsas marşrutlardan birinə çevrilib və ötən il tranzit əməliyyatlarında 70% artım müşahidə olunub. Hazırda limanın yük qəbuletmə qabiliyyəti ildə 15 milyon ton və ya 100,000 TEU konteynerdir. Bu rəqəmin limanın tikintisinin ikinci mərhələsi başa çatdıqdan sonra 500,000 TEU-ya çatdırılacağı gözlənilir.
Liman rəsmiləri ilə görüşdə tətqiqatçılarımız limanda həyata keçirilən son dəyişikliklər və liman idarə edilməsi və logistikasının müxtəlif aspektləri barədə məlumatlandırılıb. Tərəflər infrastruktur yatırımları, ətraf mühit baxımından dayanıqlı layihələr (Ələt limanı Xəzər hövzəsində ilk eko limandır), Avropa İttifaqı və digər tərəfdaşlarla birgə həyata keçirilməsi planlaşdırılan digitallaşma proqramları və limanın Azərbaycanın iqtisadi siyasətinin şaxələndirilməsində oynadığı önəmli rol kimi müxtəlif mövzularda fikir mübadiləsi aparıblar. Liman nümayəndələri qitələrarası dəmiryolu ticarətinin dinamizmi kontekstində üzləşdikləri çətinliklər və yeni nizamın təqdim etdiyi imkanlar barədə öz təcrübələrinə əsaslanan biliklərini tədqiqatçılarımızla bölüşüblər.
Tədqiqatçılarımız həmçinin liman ərazisində yerləşən müxtəlif obyektləri, əsas karqo terminalını ziyarət edib limanda həyata keçirilən əməliyyatları birbaşa müşahidə ediblər. Ümumən, bu səfər dəmiryolu və dəniz ticarətinin az bilinən müxtəlif cəhətlərinin öyrənilməsi baxımından zəngin informativ təcrübə idi. Səfər bu mövzuda gələcək tədqiqatlarımıza və siyasi rəylərimizin hazırlanmasına çox böyük töhfə verəcək. Buna görə də bütün Ələt limanı kollektivinə bu faydalı səfər üçün öz təşəkkürümüzü bildiririk.