Ermənistan və Azərbaycan arasında normallaşma: ikitərəfli və Qarabağsız?
Baş nazir Nikol Paşinyanın aprelin ortalarında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı tarixi çıxışını Ermənistan ictimai rəyinin Azərbaycanla sülhə (sülh müqaviləsinə) hazırlanmasının bir hissəsi də adlandırırlar. Əslində bu çıxışı son dövrlərdə baş verən proseslərin məntiqi halqası hesab etmək olar: Azərbaycanın 5 bəndlik sülh planı, Şarl Mişelin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderlərinin Brüssel görüşü və nəhayət, Rusiyanın ATƏT-in Minsk Qrupunun sonu ilə bağlı ritorikası. Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında son 30 ildə ilk dəfə olaraq birbaşa telefon danışığı da normallaşma prosesinin ikitərəfli qaydada davam edə biləcəyinin daha bir göstəricisidir. Bakı və İrəvanın (həmçinin müəyyən dərəcədə Brüsselin) Rusiyanı normallaşma prosesindən kənarlaşdırmaq cəhdlərinə baxmayaraq, Kreml bu prosesdə iştirak etmək istəyini bəyan etdi və hətta Rusiyanın Minsk Qrupundakı keçmiş həmsədri, səfir İqor Xovayevi məsələ ilə əlaqədar xüsusi elçi təyin etdi.
Bəs baş verən hadisələr zəncirində Qarabağ harada dayanır? İkinci Qarabağ müharibəsinin başa çatması və Rusiya qoşunlarının bölgəyə yeridilməsi ilə Ermənistan-Azərbaycan konflikti 2020-ci ilə qədər bir-biri ilə kifayət qədər əlaqəli olan iki ayrı və paralel prosesə çevrildi: Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlər və Qarabağ məsələsi.
2020-ci ilə qədər özünü Qarabağın erməni icmasının qarantı kimi təqdim edən Ermənistan müharibə başa çatdıqdan sonra faktiki olaraq bu məsuliyyəti Rusiyaya ötürüb və indi Azərbaycanla normallaşmaya hazır olduğunu bəyan edir. Bədnam “Qarabağ Ermənistandır” şüarının müəllifi Paşinyan özü isə aprelin 13-də Ermənistan parlamentinə müraciətində Ermənistanın Azərbaycana qarşı ərazi iddiası olmadığını və Qarabağ məsələsinin ərazi yox, hüquq məsələsi olduğunu bildirib.
Ermənistanın Qarabağ oyunundan çıxması ilə Azərbaycan bir əvəzinə artıq iki vizavi əldə edib: Rusiya və Qarabağın erməni icması. Paşinyanın Ermənistanın artıq Rusiyanın Cənubi Qafqazda proksi dövlət olmaq istəməməsi ilə bağlı eyhamı isə Rusiyanın Azərbaycan qarşısında mövqeyini zəiflədə bilər. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi və Qarabağ ermənilərinin dinc yolla Azərbaycanın tərkibinə reinteqrasiyası ilə bağlı konkret proqramı Rusiyanın regionda mövcudluğu üçün ciddi problem yaradar. Bu kontekstdə Qarabağdakı qondarma rejimin Paşinyanın Azərbaycanla sülh perspektivləri ilə bağlı fikirlərinə reaksiyası – heç bir halda Bakıya tabeçiliyi qəbul etməyəcəyi barədə bəyanatı da təəccüblü olmamalıdır.
Göründüyü kimi, Paşinyanın 13 aprel çıxışından sonra top indi Azərbaycanın meydançasındadır və biz Bakının iki paralel prosesi həyata keçirməyə nə qədər hazır olduğuna baxacağıq. Bu isə müəyyən mənada Ermənistanın Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq üçün Rusiyanın əlindən qurtulmaq istəyindən və bacarığından asılı olacaq.