Bağla

Ekspert Rəyi

Misirin regional rolunun artması

04-06-2021, 01:54   2080
Misirin regional rolunun artması
May ayında İsrail və Fələstin arasında baş vermiş qaynar toqquşmalardan sonra Misirin tərəflər arasında çox aktiv rol oynamağa başladığına şahidlik edirik. Qahirə həm atəşkəs əldə olunmasında fəal iştirak etdi, həm də münaqişə sonrası Qəzza zolağında yenidənqurma işlərində əhəmiyyətli rol oynayır. Misirin son səyləri ABŞ və İsrail tərəfindən də dəstəklənir. Və bu, təəccüb doğurmamalıdır.
 
Belə ki, Misir Qəzzaya himayəçilik (protektor) rolunu öz üzərinə götürən ənənəvi güc kimi tanınır. 2011-ci ildəki üsyanlardan sonra isə Misir bu rolu ifa edə bilmirdi. Əvvəlki illərdə Türkiyənin, ötən ay baş verən 11 günlük münaqişədə isə İranın Qəzza zolağında populyarlaşması Misirin yoxluğu ilə Qəzzada yaranmış “protektor” vakuumunun İsrail və ABŞ üçün əlverişli olmayan güclər tərəfindən doldurulduğunu nümayiş etdirdi. Bu səbəbdən, Vaşinqton və Tel-Əvivlə yaxşı münasibətləri olan Misirin Qəzzadakı ənənəvi rolunun bərpa edilməsinə ehtiyac var.
 
Yuxarıda adı qeyd olunan ölkələrdən fərqli olaraq, Misir həm ərəb ölkəsidir, həm də Qəzza zolağı ilə sərhədə malikdir. Buna görə də, ABŞ və İsrail üçün Misir Qəzza zolağında digər regional gücləri neytrallaşdıra biləcək ən münasib namizəddir.