Körfəz koalisiyasının Qətər siyasəti: Geosiyasi reallıq yoxsa qabaqlayıcı tədbir?
5 yanvarda Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Qətər əmiri Təmim əl-Tani arasında keçirilən görüş Qətərə qarşı Körfəz blokadasını rəsmi olaraq sonlandırdı. Həmin gün Səudiyyə, BƏƏ və Bəhreynlə yanaşı Misir də Qətərlə əlaqələrini bərpa etdiyini elan etdi.
Bununla belə, 3 il yarımdır ki, davam edən blokadanın sonlandırılması regiondakı bütün problemlərin həll edildiyini göstərmir. Çünki ötən müddət ərzində Qətərlə digər Körfəz ölkələri arasında münasibətləri kəskinləşdirən geosiyasi məsələlərin heç biri öz həllini tapmayıb. Burada xüsusilə, Qətər-Türkiyə münasibətləri çərçivəsində Türkiyənin hərbi bazasının Qətərə yerləşdirilməsi, Qətər-İran arasında müsbət münasibətlər, eləcə də Qətər rəhbərliyinin “Müsəlman Qardaşları” təşkilatı ilə yaxın əlaqələri Doha və Ər-Riyad arasında ən çox mübahisə doğuran məsələlər idi. Hər üç məsələ də Səudiyyə və müttəfiqlərinin tələblərinə kəskin əks-məcrada inkişaf edib. Belə olduqda, yumşalma prosesinin geosiyasi reallıqlardan daha çox, xarici təsirlərdən qaynaqlandığını iddia etmək olar.
Xarici təsir dedikdə, burada iki həftə sonra Ağ Evdə baş verəcək administrasiya dəyişikliyi nəzərdə tutulur. Bildiyimiz kimi, ABŞ prezidentinin kimliyi Körfəz ölkələrinin həm xarici siyasətinə, həm də biri-biriləri ilə olan münasibətlərinə çox ciddi təsir edir. Buna görə də, yəqin ki, Səudiyyə və müttəfiqləri 2017-ci ildə Donald Tramp dövründə ortaya çıxan daxili gərginliyin yeni seçilən Co Bayden dövrünə ötürülməsini istəmir. Bundan əlavə, Trampdan fərqli olaraq, Bayden, Körfəzdə fikir ayrılıqlarının davam etməsində maraqlı deyil. Buna görə də, 5 yanvardan başlayan yumşalma prosesi Baydenin mümkün təzyiqlərindən yayınmaq üçün Səudiyyə və müttəfiqlərinin qabaqlayıcı addımı kimi qəbul edilə bilər.