Polşa: seçkilər və bölünmüş ölkə

12 iyul 2020-ci ildə Polşada prezident seçkilərinin ikinci turunda hazırki prezident Andjey Duda (hakim “Qanun və Ədalət” partiyası ilə bağlıdır) Varşava meri Rafal Tşakovski (2008-2015-ci illərdə hakimiyyətdə olmuş “Vətəndaş Platforması” ilə əlaqəlidir) ilə üz-üzə gəldi. Seçicilərin 68%-nin iştirak etdiyi səsvermənin rəsmi nəticələrinə görə Tşakovskinin 48.8%-lik nəticəsinə qarşı Duda 51.2% səs toplayaraq qələbəsini elan etdi. 

Kəskin şəkildə keçmiş hər iki kampaniya və namizədlərin bir-birinə çox yaxın nəticələri Polşa cəmiyyətinin qütbləşmə səviyyəsini nümayiş etdirir. Namizəd seçimində fərqlər bir çox kateqoriyalarda meydana çıxdı: coğrafi fərq (Tşakovski əsasən, Polşanın qərbində, Duda isə şərqində daha çox səs topladı); nəsillər arası fərq (Tşakovski 18-50 yaş aralığındakı nisbətən gənc, Duda isə yaşı 50-dən çox olan seçicilər arasında qalib oldu), şəhər və kənd arasında fərq (Duda daha çox kənd sakinlərin, Tşakovski isə şəhərlilərin səslərini əldə etdi). 

Dudanın qələbəsi 2000-ci ildən bəri ilk dəfə Polşa prezidentinin ikinci müddət əldə etməsi deməkdir. Bu ikinci müddət ədliyyə sistemi islahatlarını davam etdirmək və ya media sahəsini daha çox nəzarət altına almaq kimi ziddiyyətli siyasət yürütmək niyyətində olan hakim “Qanun və Ədalət” partiyası üçün bir qədər təhlükəsizlik təmin edəcək. Lakin bölünmüş cəmiyyət böyük dəyişikliklər üçün nəzarətçi rolunu oynayacaq və bəzi sosial islahatların sürətinin yavaşlamasına səbəb ola bilər. Buna baxmayaraq, bir şey dəqiqdir: Polşa siyasəti artıq yeni mərhələyə qədəm qoymuşdur. İqtidar partiyası müqavimət görmədən siyasi gündəmi idarə etmək imkanına malikdir. Bu arada müxalifətə daha geniş elektoratla əlaqə yaratmaq və hakim partiyanın bir çox populyar proqramlarına ciddi siyasi alternativlər yaratmaq lazımdır. Bu seçki bunu etmək üçün fürsətlərin olduğuna işarə etsə də, bir tərəfdən də ölkənin zərərli dərəcədə bölündüyünü göstərdi.

Gərgin həftələrdən sonra Dudanın ölkəsini birləşdirməklə bağlı zəfər vədini yerinə yetirib-yetirməyəcəyini zaman göstərəcək.  Təəssüf ki, xüsusən, son həftələr ərzində yaranan emosional vəziyyəti (və tamamilə yoxa çıxmamış pandemiyanı da) nəzərə alaraq bu məsələdə nikbin olmaq çətindir.