Koronavirus və qlobal dəyişikliklər: Tələbatda müəyyən tendensiyaların əks istiqamət alması

Koronavirus pandemiyası və ölkələrin virusun yayılmasına qarşı reaksiyaları dünyanı elə bir nöqtəyə gətirdi ki, artıq keçmiş dünyaya geri dönüş mümkün deyil. Böhranın ortasında olmağımız bəzi mövzular şişirtsə də, hökumətlərin müdaxiləsinin miqyası baş verən bəzi dəyişikliklərin geridönülməz olacağını göstərir. Uzunmüddətli təsirlərə malik bəzi tendensiyalara nəzər yetirərək onları dəyərləndirək.

Son vaxtlar, cavan (“millenial”) nəslin maddi sərvətlə müqayisədə təəssürat və şəxsi inkişafa daha böyük dəyər verdiyinə istinad edən bir çox şərhçilər insanların ev, maşın və digər bahalı məhsullara şəxsi mülkiyyətdə artıq maraqlı olmayacağı “bölüşdürmə iqtisadiyyatı” modelinin hökm sürəcəyini proqnozlaşdırırdı. Lakin, indiki pandemiya bir çox insanları, xüsusilə də karantinin uzanacağı təqdirdə, öz dəyərləri üzərində yenidən düşünməyə vadar edə bilər. Balaca mənzillərdə vaxt keçirməyə məcbur olmuş insanlar fövqəladə hallarda özlərini fiziki və psixoloji baxımdan daha rahat hiss edə biləcək şəxsi evlər almağa üstünlük verə bilərlər. İctimai nəqliyyatın ya qadağan olunduğu, ya da məsləhət görülmədiyi vaxtımızda şəxsi avtomobilin dəyəri də qat-qat artdı. Uzaq səyahətlərin bahalaşacağı və onlayn iş tərzinin artıq yeni normaya çevriləcəyi yeni dünyada “bumer nəslinə” daha yaxın həyat tərzinə qayıdış perspektivi cəlbedici ola bilər. İronikdir ki, bu, carçısı Qreta Tunberq (Greta Thunberg) olduğu yaşıl trendin əksinə gedə bilər: sözügedən ssenaridə yanacağa olan tələbat təzədən artacaq və “modern” dəyərlər, “postmodern” dəyərlərlə müqayisədə, yenidən üstünlük qazancaq.