Rusif Hüseynov və Murad Muradov Açıq Dünya Proqramı çərçivəsində ABŞ-a səfər ediblər
Sentyabrın 25-dən oktyabrın 5-dək Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov və direktor müavini Murad Muradov Konqresin Beynəlxalq Liderlik Ofisi tərəfindən maliyyələşdirilən “Açıq Dünya” proqramının iştirakçıları kimi ABŞ-a səfər ediblər.
Onlar əvvəlcə Vaşinqtonda Kapitolini ziyarət edib, sözügedən proqram rəhbərliyi və digər rəsmi şəxslərlə görüşüblər.
Proqramın Kaliforniya ştatının Sakramento şəhərində keçən ikinci hissəsində Rusif Hüseynov və Murad Muradov digər iştirakçılarla birlikdə ştat rəsmiləri, o cümlədən senator Anna Kabalyero (Anna Caballero) ilə görüşmüş, həmçinin Kaliforniyada yerləşən aşağıdakı beyin mərkəzlərinin fəaliyyəti ilə tanış olmuşlar: Kaliforniya İctimai Siyasət İnstitutu (Public Policy Institute of California - PPIC), Staynberq İnstitutu (Steinberg Institute), Qanunvericilik Analitiki Bürosu (Legislative Analyst Office), Senatın Tədqiqatlar Ofisi (Senate Office Research), Sosial Tədqiqatlar İnstitutu (Institute for Social Research) və Kaliforniya Tədqiqatlar Bürosu (California Research Bureau).
Onlar həmçinin Kaliforniya Dövlət Universitetinin Sakramento bölməsinin (the California State University, Sacramento) nümayəndələri ilə də ünsiyyət qurmuş və Rio-Amerikano Liseyinin (Rio Americano High School) tələbələri qarşısında çıxış edərək Azərbaycan və Cənubi Qafqazda regional hadisələr haqqında təqdimatla çıxış etmək şansı əldə etmişlər.