Rusiyada Priqojin qiyamı və hakimiyyət daxili mübarizə
Son bir neçə gündə dünya ictimaiyyəti üçün gözlənilməz olan Rusiyadakı Priqojin qiyamı, böyük ehtimalla qurama deyil, həqiqi hökumət çevrilişi cəhdi idi. Əks halda, prosesin gedişatını rasional cəhətdən izah etmək çox çətindir. Kreml rəhbəri Vladimir Putinin hadisənin səhəri verdiyi reaksiyanın çox sərt olmağı onun artıq geri çəkilməyəcəyinə və hərbi qüvvələrində normal iyerarxiyanı bərpa edəcəyinə əmin olduğuna işarə edirdi. Bu səbəbdən də axşam onun öz fikrindən dönməsi, qiyamda iştirak etmiş döyüşçülərə qarşı heç bir tədbirin görülməyəcəyinə vəd etməsi və faktiki olaraq Yevgeni Priqojinlə barışması çox gözlənilməz oldu; bu cür gedişat isə Putinin öz sözünün arxasında duran siyasətçi reputasiyasını məhv etmək potensialındadır. Rusiyanın bir sıra siyasi-ictimai fiqurunun bu məsələ ilə bağlı səssiz qalması və yaxud reaksiyalarını çox gec verməsi onların Putinin qeyd-şərtsiz liderliyinə artıq güvənməmələrinə bir işarədir. Görünür ki, Priqojinin arxasında duran ciddi qüvvələr var və məhz onların sayəsində Putinin mövqeyindəki bu sərt geridönüş mümkün oldu. Əks halda, prezidentin buna getməsi üçün heç bir səbəbi yoxdu və əgər həqiqətən də hökumət güc orqanlarının tam dəstəyinə malik olsaydı, Priqojini məhv etmək və beləliklə bütün narazı qruplara siqnal vermək ən rasional addım olardı. Yəqin ki, tərəflər arasında güc müvazinəti nisbətən bərabərdi, mübarizənin davamı onların başına ciddi itkilər gətirər və vətəndaş müharibəsinin başlanğıcı mənasına gələ bilərdi. Bunu anlayaraq, onlar qarşılıqlı güzəştlər hesabına mübarizəni dayandırmağı üstün tutdular. Həmçinin Priqojin çox yaxşı anlayır ki, o, artıq Putinin düşməninə çevrilib və hakimiyyətdaxili müəyyən qruplardan ciddi dəstəyi olmasaydı, prezident ona çətin ki sağ çıxmağa imkan verəcəkdi.
Bütün bunların bir nömrəli nəticəsi odur ki, Putinin artıq Rusiyada qeyd-şərtsiz hakimiyyəti mövcud deyil və hakimiyyətin daxilində müəyyən parçalanma mövcuddur. Böyük ehtimal ki, bu parçalanma Ukrayna müharibəsindəki uğursuzluqlar və onun davamı ilə bağlı fikir ayrılıqlarından, eyni zamanda bəzi qrupların Putinin nüfuzunu itirdiyini hiss etməyindən irəli gəlir. Əgər əvvəl FSB-nin (Federal Təhlükəsizlik Xidməti) Priqojinlə düşmən olduğu ehtimal olunurdusa, hazırda ola bilsin ki, təhlükəsizlik orqanlarında da ona açıq və ya gizli şəkildə dəstək verən ciddi miqdarda yüksək vəzifəli şəxslər var. Həmçinin başa düşmək lazımdır ki, Rostov kimi böyük şəhərə girməklə Priqojin artıq tam olaraq ictimai-siyasi fiqura çevrildi. “Vaqner” dəstələrini küçələrdə sevinclə qarşılayan adamların görüntüsü yaddan çıxmayacaq və hökuməti çox çətin vəziyyətə qoyur: bundan sonra Priqojinə qarşı addımlar atmaq zəiflik və qorxu əlaməti kimi görünəcək.
“Vaqner” qrupunun döyüş mövqelərinə qayıdışı isə o deməkdir ki, Rusiya rəhbərliyinin Ukrayna müharibəsini bitirmək niyyəti hələ də yoxdur. Əgər 24 iyun hadisələri doğrudan da Şoyqu və Gerasimovun istefaları ilə nəticələnsə, hökumətin ordunu canlandırmaq və müharibə gedişatını çevirmək istədiyini güman etmək olar. Eyni zamanda, bu gözləntilərin doğrulmadığı və ordu rəhbərliyinin öz yerində qaldığı halda, alternativ qoşunlara çevrilmiş “Vaqner”çilərlə mütəmadi ordu arasındakı ziddiyyətlər böyüyə bilər. Belə olan halda Rusiya hərbi maşınının Ukraynada yaşadığı koordinasiya və təchizat problemləri daha da kəskinləşərək VSU-nun (Ukrayna Silahlı Qüvvələri) səmərəli hücumlar keçirmək imkanlarını artıracaq. Ehtimal var ki, Priqojinin məqsədi öz qoşunlarını ağır itkilər verdiyi Ukraynadan çıxartmaqdır və onun Rusiya hərbi rəhbərliyinə ünvanladığı sistematik ittihamlar və tənqid bu addım üçün zəmin hazırlayırdı. Qiyamdan sonra “Vaqner”in Afrika işləri ilə məşğul olacağı barədə yayılmış xəbər bəlkə də bu anlama gəlir. Ola bilsin ki, Priqojinin son aylarda Ukraynanın komandanlığını və hərbçilərini yüksək qiymətləndirən bəyanatlar verərək öz dəstələrini qorumaq üçün bu müharibədən uzaqlaşmaq və öz nüfuzunun qalxmasında böyük rol oynamış Afrika əməliyyatlarına fokuslanmaq niyyətindədir.